Büdcə
planlaşdırmasına gender
yanaşması yoxdur
Ekspert
Azər Mehtiyev: "Qanunvericiliyə büdcə işində
gender yanaşmasının tətbiqi ilə bağlı
müddəalar əlavə etmək olar"
Gələn ilin dövlət büdcəsində
artımın ən azı 30 faiz olacağı gözlənilir.
Lakin araşdırmalar göstərir ki, büdcədən
qadın və kişilərin faydalanmasında ikincilərin
xeyrinə fərq var. Zaman büdcədən maliyyələşən
tədbir və proqramlara gender perspektivindən yanaşma tələb
edir. Təəssüflər olsun ki, büdcə
artımının fonunda hökumət hələlik bu
yanaşmaya nail ola bilmir.
İqtisadi Təşəbbüslərə
Yardım İctimai Birliyinin rəhbəri, Milli Büdcə
Qrupu İdarə Heyətinin üzvü Azər Mehtiyev Azərbaycanda
gender siyasətini qiymətləndirərkən gender büdcəsinin
tətbiqi, dünyada bu prosesin həyata keçirilmə təcrübəsindən
danışdı. Eyni zamanda, ölkədə həyata
keçirilən gender siyasətinin beynəlxalq səviyyədə
qiymətləndirilməsinin nəticələrini
açıqladı.
- Əvvəla qeyd etmək
lazımdır ki, dövlət büdcəsinin vəsaiti
ictimai xarakter daşıyır və bütün cəmiyyətin
ondan faydalanma haqqı var. Faydalanma müxtəlif formalarda -
birbaşa və dolayısı ilə baş verir. Əsas məsələ
cins fərqi qoyulmadan qadın və kişilər
üçün bu vəsaitlərdən faydalanmağa bərabər
imkanların təmin edilməsidir. Xarici ölkələrdə
aparılmış xüsusi tədqiqatlardan
bəlli olub ki, ötən
zamanlarda müxtəlif səbəblərdən
kişilərin bu vəsaitlərdən
istifadə imkanları qadınlarla müqayisədə daha çox olub. Bu isə cəmiyyətdə
qadınlara münasibətdə ədalətsizliyin və gender bərabərsizliyinin göstəricisidir.
Bu ədalətsizliyin və bərabərsizliyin
aradan qaldırılma vasitəsi və aləti
olaraq "gender
büdcəsi" yanaşmasını tətbiqetmə zərurəti
yaranıb. Gender büdcəsi - dövlətin sosial
siyasətində qadın və kişilərin
maraqlarını nəzərə almağa,
hökumətin iqtisadi qərarlarının
sosial nəticələrini irəlicədən
görməyə imkan verən yeni bir sosial
texnologiyadır. Onun vəzifəsi
dövlətin, habelə bələdiyyələrin və digər
ictimai idarəetmə qurumları
resurslarından müxtəlif yaş və
sosial qruplar üzrə
qadın və kişilərin bərabər faydalanma
imkanlarını təmin etməkdən ibarətdir. Dünya bu məsələyə
çox böyük
diqqət yetirir. BMT-nin 1995-ci ildə Pekində
keçirilən 4-cü Beynəlxalq Qadın Konfransında qəbul
edilmiş Fəaliyyət Platformasında qeyd olunur ki,
"qadınların iqtisadi potensialı və
iqtisadi müstəqilliyi məsələsinə
baxılan zaman hökumətlər və prosesin digər iştirakçıları
özlərinin bütün strategiya və proqramlarında
gender problemini nəzərə
almağa yönəlik elə fəal və
real siyasətin işlənilməsinə
nail olmalıdırlar ki,
qərarlar qəbul edilənədək həm qadınlar, həm
də kişilər üçün
onların nəticələrini qiymətləndirməyə imkan versin" (bənd
164).
Platformanın 345 və 346-cı maddələri
birbaşa olaraq gender büdcəsi ilə bağlıdır.
345-ci maddə dövlət proqramları və siyasətləri
üzrə büdcə qərarlarında gender perspektivinin
inteqrasiyasını, eyni zamanda gender bərabərliyinin təmin
edilməsi üçün hökumətlərdən adekvat
maliyyələşmə tələb edir.
346-cı maddə isə hökumətlərin
qadınların büdcə xərclərindən necə
faydalandığının sistematik şəkildə
monitorinqini aparmasını, habelə büdcənin dövlət
xərclərinə bərabər çıxışa imkan
verən şəkildə tərtibini nəzərdə tutur.
Vurğulamaq istərdim ki, gender büdcəsi
bəzən "qadın büdcəsi" kimi də işlədilir.
Lakin heç də ayrıca qadınlar üçün bir
büdcə deyildir. Bu, gender istiqamətli ayırmaların, məsələn,
qadınlar üçün xüsusi proqramlar təhlilini,
bütün sahələr və xidmətlər üzrə
büdcənin əsas xərclərinin qadın və
kişilərə ayrılıqda təsirinin qiymətləndirilməsini,
dövlət xidmətləri sferasında qadın və
kişilərə yaradılan imkanların bərabərliyini
(müqayisəsini) əks etdirən sənədlər və
ya alətlər toplusudur. Belə büdcələmə hər
bir ölkədə qadın və kişilərin dövlət
(yaxud bələdiyyə və s.) vəsaitlərindən real
faydalanma dərəcəsini ortaya qoyur. Beləliklə, gender
büdcəsi - milli və yerli səviyyələrdə gender
yanaşması əsas götürülməklə, büdcə
işinin təşkilini təmin edən, habelə
bütün səviyyələrdə istifadə olunan ictimai vəsaitlərin
müxtəlif qadın və kişi qruplarına təsirini
qiymətləndirməyə imkan verən proses və alətlərin
məcmusudur. Sadə şəkildə desək, gender büdcəsi
- dövlətin həyata keçirdiyi sosial siyasətin vacib
bir aləti kimi çıxış edir.
Gender büdcələməsinin tətbiqi
qadınların ictimai resurslara
çıxışının artırılmasına,
dövlət büdcəsinin gender perspektivi baxımından
effektivliyinin artırılmasına, vətəndaş cəmiyyəti
təşkilatlarının, həmçinin qadın
qeyri-hökümət təşkilatlarının büdcə
qərarlarının qəbulu prosesindəki rolunun fəallaşmasına
gətirib çıxarır.
-
Bizim dövlət büdcəsi və ümumiyyətlə
büdcə işi bu tələblərə nə dərəcədə
cavab verir?
- Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda
dövlət büdcəsinə xüsusi gender
yanaşması hələ ki tətbiq olunmur. Məsələn,
hazırda 2012-ci ilin dövlət büdcəsi zərfi Milli Məclisin
müzakirəsindədir. Bu zərf böyük bir (5-6 kitabdan
ibarət) topludur. Lakin bu topluda büdcənin gender təhlili
ilə bağlı hər hansı bir sənədə rast gəlməzsiniz.
Yəni büdcə planlaşdırmasına gender
yanaşması yoxdur. Əslində, mövcud qanunvericilikdə
belə bir tələb də müəyyən edilməyib.
Büdcə sistemi haqqında qanunun 12-ci maddəsində
növbəti büdcə ili üzrə dövlət büdcəsi
ilə bağlı hökumət tərəfindən
hazırlanaraq Milli Məclisə təqdim edilməli olan sənədlərin
siyahısı verilib. Siyahıda büdcənin gender təhlilini
və ya qiymətləndirilməsini əks etdirən hər
hansı sənəd göstərilmir.
- Belə
çıxır ki, ölkədə gender büdcəsini tənzimləyən
sənədlər yoxdur?
- Bəli,
ölkədə gender büdcəsinin və ya büdcə
işində gender yanaşmasının tətbiqini birbaşa
nəzərdə tutan və bu prosesi tənzimləyən hər
hansı normativ-hüquqi sənəd hələ ki yoxdur. Lakin
qeyd etməliyik ki, Azərbaycanda gender məsələlərini,
qadın və kişilərə bərabər fəaliyyət
imkanları yaradılmasını nəzərdə tutan
normativ hüquqi sənədlər mövcuddur.
Məsələn, Azərbaycan Pekin
Deklarasiyasını və Fəaliyyət Platformasını qəbul
edib. Bundan başqa, Azərbaycan 1995-ci ildə BMT-nin
"Qadınlara qarşı ayrı-seçkiliyin
bütün formalarının ləğv edilməsi
haqqında" Konvensiyasını (Konvensiya BMT-nin Baş Məclisi
tərəfindən 1979-cu ilin dekabrında qəbul edilib)
imzalayıb, 2001-ci ildə isə bu Konvensiyanın Əlavə
Protokolunu ratifikasiya edib.
Bundan başqa, 1998-ci ildə Azərbaycan
prezidentinin ölkədə qadınların rolunun
artırılmasına dair tədbirlərlə bağlı
xüsusi fərmanı olub. Həmin fərmanın tələblərinə
uyğun olaraq ölkədə qadın məsələləri
ilə məşğul olacaq xüsusi Qadın Problemləri
üzrə Dövlət Komitəsi yaradılıb. Sonradan bu
qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinə çevrilib. 2000-ci ildə
ölkə prezidenti tərəfindən Azərbaycanda dövlət
qadın siyasətinin həyata keçirilməsi ilə
bağlı fərman imzalanıb. Nazirlər Kabineti tərəfindən
2000-2005-ci illər üzrə qadın problemləri üzrə
milli fəaliyyət planı təsdiq edilib.
2006-cı ilin oktyabrında "Gender
(kişi və qadınların) bərabərliyinin təminatları
haqqında" qanun imzalanıb və həmin ilin
dekabrında qüvvəyə mindirilib.
Bu qanunun 5-ci maddəsində gender bərabərliyinin
təmini ilə bağlı dövlət siyasətinin əsas
istiqamətləri göstərilib. Orada gender bərabərliyinin
təmini üçün normativ-hüquqi bazanın
formalaşdırılması, təkmilləşdirilməsi və
inkişafı, normativ hüquqi aktların gender
ekspertizasından keçirilməsi, habelə gender bərabərliyinin
təmini üçün dövlət proqramlarının
hazırlanması və həyata keçirilməsi kimi məsələlər
əksini tapıb. Göründüyü kimi, bu qanun ölkədə
qəbul edilən bütün normativ hüquqi aktların,
dövlət büdcəsi haqqında qanunun gender ekspertizasını
nəzərdə tutur. Təəssüf ki, hələ buna əməl
edilmir.
Buna görə də ölkədə
büdcə işində gender yanaşmasının tətbiqi
ilə bağlı xüsusi normativ-hüquqi sənədlərin
qəbulunu zəruri hesab edirik. Məsələn, büdcə
qanunvericiliyində müvafiq dəyişiklik aparılmaqla
büdcə işində gender yanaşmasının tətbiqi
ilə bağlı müddəalar əlavə etmək olar.
Birinci addım kimi hər ilin büdcəsi (həm büdcə
layihəsi, həm də icra büdcəsinin hesabatı) ilə
bağlı hökumət tərəfindən hazırlanaraq
Milli Məclisə təqdim edilən sənədlərin siyahısına
"Büdcənin gender ekspertizası"nı əlavə
etmək olar. Belə ekspertiza dövlət büdcəsi gəlirlərinin
həm formalaşmasında, həm də istifadəsində
qadın və kişilərin iştirak dərəcəsini,
büdcə vəsaitlərindən qadınların birbaşa
və dolayı yollarla faydalanma imkanlarını üzə
çıxara bilər.
Yeri gəlmişkən, büdcənin
gender ekspertizasını aparmaq hazırda hökumət
üçün ciddi bir çətinlik yaratmaz. Ona görə
ki, bunun üçün beynəlxalq təcrübədə
geniş yayılmış üsul və alətlər
mövcuddur. Həm də Dövlət Statistika Komitəsi
artıq bütün sahələr üzrə gender
statistikasını təqdim edir.
- Ölkəmizdə dövlət
büdcəsindən qadınların faydalanma
imkanlarını necə qiymətləndirirsiniz?
- Belə qiymətləndirmə
xüsusi araşdırmalar tələb edir. Bizim hələlik
bu suala tam cavab verəcək bir araşdırmamız yoxdur.
Lakin beynəlxalq təcrübədə istifadə olunan
indikatorlar (göstəricilər) sistemi və alətlərin
köməyi ilə müəyyən fikir söyləmək
olar.
Beynəlxalq büdcə işi təcrübəsində
qadınların büdcə vəsaitlərindən faydalanma
imkanları baxımından bütün büdcə xərcləri
3 qrupa ayrılır:
* birbaşa qadınlara yönələn
xərclər;
* birbaşa qadınlara ünvanlanmayan,
lakin real benefisiarlarının qadınlar olduğu xərclər;
* ümumi sosial yönümlü xərclər;
Azərbaycanda dövlət büdcəsində
birbaşa qadınlara (və ya qadın təşkilatlarına)
yönələn xərc istiqamətləri və ya maddələri
yox dərəcəsindədir. Hazırda buna yalnız Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin saxlanılma xərclərini aid etmək olar.
Çünki bu Komitə bilavasitə qadın problemləri ilə
məşğul olur. 2011-ci ilin dövlət büdcəsində
bu Komitənin saxlanmasına 1 milyon manat vəsait nəzərdə
tutulub. Əgər ölkəmizdə məişət
zorakılığına məruz qalan qadınlar
üçün sığınacaqlar olsaydı və
bunların saxlanmasına dövlət büdcəsindən vəsait
ayrılsaydı, bunu da qadınların birbaşa faydalandığı
xərc maddəsi hesab etmək olardı.
Birbaşa qadınlara ünvanlanmasa da,
real benefisiarlarının qadınlar olduğu xərclər
kimi "Ana və uşaqların
sağlamlığının qorunması üzrə Tədbirlər
Proqramı"nın maliyyələşdirilməsi üzrə
xərcləri qeyd etmək olar. Hər il bu proqramın maliyyələşdirilməsinə
dövlət büdcəsindən 1.5 - 2 milyon manat vəsait
ayrılır. Bu vəsaitlər bilavasitə qadınlara verilməsə
də, hamilə və doğuş keçirən
qadınların, habelə körpə uşaqların
sağlamlığının qorunması üçün
görülən tədbirlərə sərf olunur. Yəni bu
xərcləmələrin benefisiarları əsasən
qadınlar hesab olunur.
(Ardı
gələn sayımızda)
Aynurə
Ayna.-
2011.- 29 oktyabr.- S.15.