Qədim alətlər, at çapmaq, Kərkük mahnıları...

 

Nuriyyə Hüseynova üçün hər işin öz texnologiyası var

 

Bu yaxınlarda filarmoniyada konsert proqramı ilə çıxış edən Qədim Xalq Çalğı Alətləri Ansamblının solisti, əməkdar artist Nuriyyə Hüseynova bu layihəyə 3 il öncədən hazırlaşdığını deyir. Çalışdığı Bülbül adına orta ixtisas musiqi məktəbinin kollektivinə, məktəbin direktoruna bu uğura görə minnətdarlıq bildirən xanəndə deyir:

- Müəyyən müğənnilərin ifasında kamera Orkestri ilə milli alətlərin konserti çox olub. Burada məqsəd o idi ki, 7 əsas klassik muğamını bir araya gətirək. Muğamların birindən digərinə keçid və bu keçidlərin arasında təsniflər, xalq mahnıları, korifey bəstəkarların simfonik əsərləri, milli ruhda yazılan əsərlərdən ibarət kompozisiya hazırlamışdıq. Mənim üçün tamaşaçı fikri əsasdırsa, musiqiçilərin, nəzəriyyəçilərin fikri daha önəmli idi. Və orda bizim musiqişünasların fikri bu oldu ki, Azərbaycanda çox konsert olub, çox çıxış olub, amma bu səpkidə ilk dəfədir. Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbələri də bunun öhdəsindən çox yaxşı gəldilər. Mən oxumaqdan yox, həyəcandan yoruldum o konsertdə. Çünki tələbələrim azyaşlı idi, çaşa bilərdilər, ritmi tuta bilməzdilər. Orda mənim iki, Əlibaba Məmmədov, Arif Babayev, Qəzənfər Abbasov, Firuz Səxavət və Sahib İbrahimovun hər birinin bir tələbəsi çıxış etdi.

- Yetirmələrinizi səhnəyə çıxarmaqla onları səhnəyə hazırlayırsınız?

- Yaxşı musiqiçi olmaq, yüksək səviyyədə, dünya arenasına çıxacaq musiqiçi yetişdirmək üçün səslə bərabər, mədəniyyət, həyata baxış, ətraf mühitə münasibət çox böyük şərtdir. Bülbül adına musiqi məktəbində məqsəd bu şagirdləri məhz sivil formada yetişdirməkdir. Mən onları ilk dəfə olaraq səhnəyə çıxardım, onların yaşı çox azdır. Mən hətta konsertdə Arif Babayevə dedim ki, əgər bunların bir qüsuru olsa, yaşlarını nəzərə alın. Yəni 3-4-5-6-cı sinif şagirdləri ilə dəsgah muğamlar işləmək, ayrı-ayrı şöbələri izah etmək çətindir.

- Qədim Musiqi Alətləri Ansamblında, adından da göründüyü kimi, musiqilər yalnız qədim alətlərdə ifa edilir. Bunda özünəməxsusluq nədir?

- İfamla, yaradıcılığımla yaxından tanış olanlar deyir ki, məni tanımaq olmur. Birdən-birə dönüb bir başqa oluram. Hərdən türk mahnısı oxuyuram tamam başqa bir ifa, başqa bir səslə, qədim alətlərdə mahnılar ifa edirəm səs dəyişir, olur tamam başqa, ya da orkestrlə ifa zamanı yenə səsdə tamam başqa bir avaz olur. Mən qədimlik, köhnəlik, milliliyi sevən bir insanam. Çünki vətənimə, torpağıma bağlıyam. Və ən böyük müasirlik odur ki, insan köhnəliyi bərpa edir və köhnəliyi yeniləşdirir, onu qoruyub saxlaya bilir. Həmişə buna çalışmışam. Qədim alətlər ansamblı tamam başqa bir aləmdir. Orda əsrlərdən gələn səslər var, bu səslər uzun illərdən bəri unudulan alətlərin ifasında səslənir.

- Həm xanəndə, həm də pedaqoq... Bu iki sahədə paralel addımlamaq çətin deyil ki?

- Yaşıdlarım içərisində ən birinci pedaqoji fəaliyyətə başlayan olmuşam. Sənət dostlarımın xətrinə dəyməsin, bir növ xanəndənin müəllimlik etməsini mən dəbə salmışam. Çünki 1992-ci ildə Dövlət Konservatoriyasını bitirən kimi Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllimlik fəaliyyətinə başladım. O vaxt mənim 21-22 yaşım var idi. Hətta yaşlı nəsildən müəllimlir vardı, deyirdilər ki, uşaqdır, bu nə anlayır muğam nədir?! Amma mən çox istəyirdim və deyirdim "bilmirəm, sizdən öyrənəcəm".

Təcrübə əsas şərtdir. İnsan işləyə-işləyə, görə-görə götürür, öyrənir. Mən 1995-ci ildə Asəf Zeynallıdan Bülbül adına orta ixtisas musiqi məktəbinə müəllim gəldim, o vaxt Əlibaba Məmmədov orada işləyirdi və fikirlərini söyləyirdi, imtahanlarda irad tuturdu. Bu mənim üçün çox sağlam bir tənqid idi. Yəni sağlam tənqiddən nəticə çıxardım. Amma deyə bilmərəm əsasən müəllim kimi məşhuram, yoxsa xanəndə kimi. Bunların ikisi da paralel yürüyür. Müəllimliyim bir xanəndə kimi səhnədə formalaşmağıma çox kömək edib. Çünki müəllimlik oxuduğun şeirləri təkrarlamaq, bilgi əldə etmək, yeniləmək, yeni bir şeylər öyrənməkdir.

- "Cavad xan" filmində xanın həyat yoldaşı Şüküfə xanım rolunda çəkilmisiniz. Peşəkar aktrisanın oynayacağı filmdə necə oldu siz çəkildiniz?

- Aktrisa olmaq, rola girmək, dəyişib başqa cür olmaq bir az xarakterimə uymayan bir şeydir. Rövşən müəllimdən oynamaq təklifi alanda tərəddüd etdim. Görüntüm obraza uysa da, oynaya biləcəyimi zənn etmirdim. Rejissor söylədi ki, elə onlara rola girmək yox, sadəcə özüm olmaq, öz ailəmdə, öz uşaqlarımla, həyat yoldaşımla necə davranıramsa, elə də filmdə özümü göstərməliyəm.

"Cavad xan" filminə görünməmiş bir sima, aktrisa kimi tanınmamış bir insan lazım idi.

- Yəqin peşəkar heyətlə çalışmaq həyəcanlı idi?

- Əlbəttə, mənim üçün çox çətin idi. Böyüyə-kiçiyə, insanların sənətinə, peşəsinə həmişə hörmət etmişəm. Amma özümü heç vaxt zəif bilməmişəm, heç vaxt da çəkinməmişəm ki, filankəs burada oturubsa, mən oxumayım, ayıb olar. Bu baxımdan onlarla iş birliyim çox rahat oldu.

- Filmdə çoxlu döyüş - at çapmaq, qılınc oynatmaq kimi səhnələr var. Uzun illər xanəndə kimi səhnə alan biri kimi bu səhnələrə alışmaq çətin olmadı?

- Həyatda nəyi bilmirsənsə, ondan qorxursan. Mən həmişə at çapmaqdan qorxurdum, hətta atın yanından keçəndə belə içim titrəyirdi. Bu filmdə elə bir məqam gəldi ki, qorxu, həyacan öldü. Hər bir səhnəyə özümü hazırladım. Təbii ki, məşqlərin sayəsində özümü mükəmməlləşdirə bildim. Elə məharətlə at çapırdım ki, məşqçi heyran qalmışdı. Film başa çatandan sonra həyat yoldaşımdan Cıdır meydanına gedib at sürməyi xahiş edirdim. Qılınc oynatmağa gəlincə, hər işin öz texnoloji yolu var. O yolu biləndə insan üçün hər şey sadə aydın olur.

- Amma filmdə ifanıza ehtiyac olmayıb deyəsən.

- Əvvəlcə düşünülmüşdü, amma ssenari dəyişməsin deyə ehtiyac olmadı.

- Özünüzü başqa filmlərdə yenidən sınamaq fikriniz varmı?

- Niyə olmasın. Əgər bu məndə mükəmməl alınırsa, çəkilmək istərəm.

- Kərkük mahnılarından ibarət albomunuz çıxdı. Niyə məhz Kərkük mahnıları?

- Bir neçə il əvvəl Quzey Kiprdə bir tədbirdə olduq. orada bir neçə musiqi ifa etdik. Şəmistan Əlizamanlı ilə orada bir Kərkük mahnısı ifa etdik. Sonra mənə məsləhət bildi ki, səsimə bu mahnılar çox yaxındır və bunu albom şəklində hazırlayım. Sınadım və bu, yaradıcılığımda xüsusi yer aldı. Qeyd edim ki, albomda Şəmistan müəllimlə birlikdə duetlərimiz də var. Albom hazır olandan qısa zaman sonra çoxlu dinləyici yarandı. Yeri gəlmişkən, hazırda 4-cü albomu hazırlayırıq. Artıq bir neçə mahnı yazılıb, digərlərinə hazırlıq gedir..

 

 

Şəms 

 

Ayna.- 2011.- 3 sentyabr.- S.21.