"Oynadığım bütün obrazları taxtadan yonmuşam"

 

Ayşad Məmmədov: "Bütün sevgilərin önündə teatra olan sevgim durur"

 

Onu tanıtmağa o qədər də ehtiyac yoxdur. Bircə rolunun adını çəkmək kifayətdir - "Bəxt üzüyü" filmində "alkoqolik Hüseyn". Məhz bu rol Ayşad Məmmədovu sevdirdi. Baxmayaraq ki, bu filmdən öncə səhnədə 100-dən çox obraz yaratmışdı. Hüseyn rolu sanki onun sənətdə "vizit kartı"na çevrildi. Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ayşad Məmmədov sənət yolunun başlanğıcından danışdı:

- Belə demək olar ki, mən atamın yarımçıq qalan sənətini davam etdirdim. Biz Mərdəkan kəndindənik. Atam Tofiq Kazımovla qrup yoldaşı olub. Aktyor olmaq istəyib. Amma o vaxtlar aktyor peşəsinə yaxşı baxmayanlar varmış. Anam atamın qarşısında şərt qoyub ki, əgər aktyorluq etsə, ona ərə getməyəcək. Atam anamı çox sevirmiş, odur ki, sənəti sevgisinə qurban verib. Amma teatra bağlı olub hər zaman. Mərdəkanda "Nizami" klubunun rəhbəri olub, kinoprokatda işləyib. Tofiq Kazımovla da yaxın dost idi. Azdramanın o vaxtkı aktyorları tez-tez bizə qonaq gəlirdilər. O vaxt Tofiq Kazımov Azdramanın baş rejissoru idi. Atamı teatrın bütün premyeralarına dəvət edərdi. Bəzən bir avtobus yığışıb teatra gedirdik. Ordakı əksər tamaşaları izləmişdim. Yadımdadı, bir dəfə Möhsün Sənaninin qrim otağına getmişdim. Hələ uşaq idim. Gördüklərim o səhnə yaddaşıma əbədi yazıldı. Yəni mənim uşaqlığım belə bir ortamda keçdi - sənət, teatr, tamaşalar haqda söhbətləri eşidə-eşidə böyüdüm. Və təbii şəkildə həyatımı teatrla bağlamaq qərarına gəldim. Özü teatrı sevdiyinə görə mən bu sənəti seçəndə atam etiraz etmədi.

Atam hər uğurumu görüb sevinirdi. "Bəxt üzüyü"nün premyerası idi. Atam da gəlmişdi. Hamı əsasən onu təbrik edirdi. Onda necə qürur hissi keçirirdi. Ancaq təəssüf ki, əməkdar artist adı almağımı görmədi. Çox istərdim bunu görsün. Bu onun üçün böyük qürur olardı. Hələ Akademik Dram Teatrında işlədiyimi bilsəydi, mənimlə daha çox fəxr edərdi. Çünki ora onun üçün müqəddəs bir ocaq idi.

- Şəki teatrı sənət bioqrafiyanızda?..

- O vaxtlar Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Şəki Dövlət Dram Teatrı tək Azərbaycanda yox, kənarda da tanınırdı. Biz onda tələbə idik. Dramaturq Rəhman Əlizadənin bir neçə əsəri bu teatrda oynanılırdı. Dəfələrlə onunla Şəkiyə gedib tamaşalara baxmışdım. Elə onda seçim etmiş, qərarımı Hüseynağa müəllimin özünə demişdim. İnstitutu bitirəndə sözümün üstündə durdum Şəkiyə getdim. Baxmayaraq ki, mənə institutda müəllim kimi qalıb işləmək təklif olunmuşdu, mən Hüseynağa müəllimin teatrında işləməyi üstün tutdum. Beləliklə, yaxın dostum, mərhum aktyor Ələkbər Hüseynov və bir neçə qrup yoldaşımla sözü bir yerə qoyub, Şəki teatrına getdik.

- Deməli, Gənclər Teatrında işləməyiniz də Hüseynağa Atakişiyevlə bağlıdır.

- Mənim ən yaxşı rollarım Şəki teatrında olub. Müsbət resenziyalar yazılırdı. Şəki teatrında 9 il ərzində 60-dan çox obraz yaratdım. Sonra Hüseynağa müəllim Bakıya gəldi. 1989-cu ildə Gənclər Teatrını yaradanda bir də orada işə başladıq. Sonrasını da bilirsiniz. Gənclər Teatrı Gənc Tamaşaçılar Teatrına birləşdirildi. O vaxtdan orada işlədim. Ta bu ilin əvvəlinə qədər. Azdramada "Lənkəran xanının vəziri" hazırlananda mən orda şair rolunu ifa etdim. Ondan sonra bu teatrda işə dəvət etdilər. Mən də qəbul etdim.

- Hər halda, Gənc Tamaşaçılar Teatrında aktyor kimi vəziyyətiniz yaxşı olsaydı, ordan çıxmazdınız. Çünki 3 ayrı teatrın kollektivi birləşəndən sonra orada aktyorlar arasında ayrı-seçkilik olduğu deyilirdi.

- Yox, şərt onda deyil. Hüseynağa Atakişiyevdən sonra hansı teatrda işləməyin mənim üçün fərqi yox idi. Hüseynağa müəllimin teatrında çalışsaydım, əlbəttə, ordan ayrılıb Azdramaya getməzdim. Amma o olmayandan sonra fərq etməz.

O ki qaldı ayrı-seçkilik məsələsinə, mən buna ayrı-seçkilik deməzdim. Əgər ora Cənnət Səlimova gəlibsə, öz aktyorlarını irəli çəkəcək də, bu, təbiidir. Əgər Hüseynağa Atakişiyev gəlsəydi, bizi irəli çəkərdi. Mən bunu qanunauyğunluq hesab edirəm. Bunu pis qəbul etmək lazım deyil.

- Amma hər halda, elə olmasaydı, siz ordan ayrılmazdınız.

- Yox, qətiyyən. Məni sevdiyim bir teatra dəvət etdilər, təbii ki, məmnuniyyətlə razılaşdım. Özü də tək məni yox, Qurban İsmayılovu da dəvət etdilər, amma nəyə görəsə o razı olmadı.

- Kinoda ilk işiniz "Bəxt üzüyü"ndə Hüseyn olub. Ondan sonra bir neçə filmə çəkilmisiniz. Amma bu rol sanki sizin "vizit kartı"nıza çevrildi. Sonrakı rollarınız bunun qədər məşhurlaşmadı.

- Hər aktyorun həyatında gözəgəlimli bir rol olur. Yəqin ki, Hüseyn mənim kino həyatımda ən gözəgəlimli rollardan biridir. Halbuki mən ona qədər teatrda 200-ə qədər rol oynamışam. Şəki teatrından ta bu günə qədər. Mənə elə gəlir ki, teatrda ondan da uğurlu rollarım olub. Sadəcə kino göz qabağında olan bir sənət növü olduğu üçün adamı daha çox reklam edir. Tamaşaçını deyə bilmərəm, amma teatrda mənim özümün ürəyimcə olan rollarım olub.

- Bəs məşhurlaşan obrazınız ürəyinizcə idi?

- Əlbəttə. Bu rol mənim kinoda ilk işimdir. Özü Vaqif Səmədoğlu o pyesi birinci dəfə Şəki teatrına gətirib. Mən orda Rasim rolunda oynayırdım. Ondan sonra Sumqayıt teatrında qoyuldu. 1991-ci ildə isə Ramiz Əzizbəyli o pyes əsasında film çəkdi. Məndən başqa o rolun sınaq çəkilişlərində 3-4 nəfər iştirak etmişdi. Amma rejissor məni seçdi. Pyes mənim üçün ovcumun içi qədər aydın idi. Ordakı rollar da eləcə. Hüseyn rolunu da elə əvvəldən sevirdim. Çəkilişlərə gələndə mən daxilən bu rola hazır idim.

- Hüseynlə Ayşad Məmmədovun həyatı arasında hansısa oxşarlıq varmı?

- Oxşarlıq... (düşünür). Aktyor hansısa obrazı yaradanda onu özünə yaxınlaşdırmaq istəyir. İçindəkiləri ora qoymaq istəyir. Yəqin ona görə çoxları elə bilir ki, mənimlə bu rol arasında oxşarlıq var. Şükür Allaha, mənim ailəmdə hər şey yaxşıdı. Təzə vaxtlar çətinliklərim, sıxıntılarım, ev problemim olub. Amma indi qaydasına düşüb. Yoldaşım İlqarə Gənc Tamaşaçılar Teatrında çalışır. Biz hələ Gənclər Teatrından bir yerdə işləyirdik. O vaxtdan bir-birimizi tanıyıb, ailə qurmuşuq. Çətinliklərimiz əvvəl daha çox idi. Son üç ildə prezident təqaüdü alırdım, köməyimə çatırdı. Amma kəsdilər.

- qədər maaş alırsız?

- Akademik teatrda bir az çoxdur, 270 manat. Yoldaşım isə 170 manat alır. İndi "Qaynana" serialına çəkilirəm. Ordan da müəyyən məbləğ alıram. Düzdür, o da azdır, buna baxmayaraq, işimi vicdanla görməyə çalışıram.

- Normal əməkhaqqınız olsaydı, seriala çəkilərdiniz?

- Yox, çəkilməzdim. Maddi çətinliyim olmasaydı, məsələn, indi prezident mükafatı alsaydım, heç vaxt seriala çəkilməzdim. Serial adamın fikrini parçalayır. Bölünürsən sanki. Yəni fikrin yalnız teatrda, tamaşalarında olmur.

- Sizin rejissor kimi bir neçə işiniz olub. Bundan sonra yenidən rejissor kimi davamiyyəti düşünürsünüz?

- Yox hələ ki. Bu saat Azdramada o qədər işim var ki... Bir neçə rol üzərində çalışıram. Ona görə rejissorluğa vaxt yoxdu. Həm bu, mənim hobbim idi. Axı mən rejissor deyiləm. Amma sənət dostlarım həmişə məni bu ampluada da görmək istəyirlər. Mənə arxa dururlar. Onda Gənclər Teatrı vardı, Rafael, Coşqun vardı. Ortaya bir ideya atan kimi dəstək verirdilər. Amma indi onlar başqa sahədədir. Mənim isə rejissorluğa vaxtım yoxdur. Həm adam yaşa dolduqca həvəsdən düşür elə bil.

- Deyirlər sizin bir hobbiniz var - taxtadan heykəllər düzəltmək...

- Hə. Mən oynadığım obrazları taxtadan da yonmuşam. Bir heykəlim sınmışdı. Bu məzuniyyətdə vaxt tapıb bərpa etdim. Heyif ki, artıq bu işlə məşğul olmağa vaxt yoxdu. Son işimi hardasa 7-8 il əvvəl düzəltmişəm. Heykəltəraşlığı sevirəm. Amma bütün sevgilərin önündə teatra olan sevgim durur. Teatrı kinodan da çox sevirəm..

 

 

Şəms  

 

Ayna.- 2011.- 3 sentyabr.- S.20.