Azərbaycanın müstəqilliyinin 20 ili: xarici siyasətin formalaşması (1991-2003)

 

 (Ardı. Əvvəli 11, 18, 25 iyun, 2, 9, 16, 23, 30 iyul, 6, 13, 20, 27 avqust sayımızda)

 

Bu zaman Ermənistan daha bir kobud müdaxiləyə əl atdı. Ermənistan KP MK Sov.İKP MK-ya müraciət edərək Sumqayıt hadisəsi ilə əlaqədar olaraq həbs edilmiş şəxslərin məhkəməsinin Azərbaycandan alınaraq SSRİ Ali Məhkəməsinin icraatına verilməsini xahiş etdi. Sov.İKP MK katibliyi 1988-ci il iyunun 11-də həmin müraciət barədə mülahizələrini bildirmək üçün SSRİ Ali Məhkəməsinin sədri V.İ.Terebilova, SSRİ baş prokuroru A.Y.Suxarevə və SSRİ ədliyyə naziri B.V.Kravçevə məktub göndərdi. Həmin şəxslər iyunun 17-də məsələ barədə mülahizələrini yazdılar. Cavab məktubunda hadisə ilə bağlı olaraq 84 nəfərin həbs edildiyi, onlardan 82 nəfərinin azərbaycanlı olduğu yazılırdı. Amma niyə görəsə məktub müəllifləri digər iki nəfərin hansı millətə mənsub olduğunu qeyd etmirdilər. Həmin şəxslərdən biri artıq qeyd edildiyi kimi, hadisələrin təşkilatçısı və başlıca icraçısı, 1959-cu ildə anadan olmuş, 1979, 1981 və 1982-ci illərdə bütövlükdə 9 il 2 ay 13 gün həbsdə yatmış Eduard Robertoviç Qriqoryan idi. Məktubda həmin işlərin istintaqının SSRİ prokurorluğu tərəfindən aparıldığı qeyd edildirdi. Bütün istintaq işləri qanunun tələblərinə uyğun aparılmış, üç iş başa çatdırılmış və Azərbaycan SSR Ali Məhkəməsinin icraatına verilmişdi. 26 nəfər barədə 12 iş yaxınlarda məhkəməyə göndəriləcəkdi. Terebilov, Suxarev və Kravçevin fikrincə, Azərbaycanda və Ermənistanda geniş ictimai əks-səda doğurmuş işləri RSFSR-in vilayət məhkəmələrinə, xüsusən Volqoqrad, Voronej və Kuybışev vilayət məhkəmələrinin icraatına vermək olardı. Onlar həmin işlərin SSRİ Ali Məhkəməsinin icraatına verilməsinə ehtiyac duymadılar.

Bununla kifayətlənməyən MK katibi Y.Liqaçovun göstərişinə əsasən digər şəxslərin də rəyləri soruşuldu. Y.Liqaçov 1988-ci il iyunun 17-də A.İ.Lukyanovdan fikirlərini bildirməsini xahiş etdi. İyunun 18-də həmin sorğuya cavab verən A.Lukyanov "təklif tamamilə qanunauyğundur" kimi cavab yazdı. Eyni zamanda bildirdi ki, məsələ MK-nın şöbələrində əvvəlcədən işlənilmiş və məqsədəuyğun sayılmışdır. Onlarla razılaşmaq olar.

Bu zaman Ermənistandan qovulan azərbaycanlılar kortəbii mitinqlər keçirərək DQMV-də qayda-qanun yaradılmasını, Ermənistanda yaşayan azərbaycanlıların təhlükəsizliyinin təmin olunmasını, həyat və əmək fəaliyyətləri üçün normal şəraitin yaradılmasını tələb edirdilər. Azərbaycan hakimiyyəti həmin haqlı tələbləri yerinə yetirə bilmirdi. Moskva isə zəif, xalqdan ayrı düşmüş respublika rəhbərliyini dinləmək istəmirdi. Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulmalarına cavab olaraq qaçqınlar da Azərbaycandakı ermənilərin işdən çıxarılmasını tələb edirdilər. Azərbaycan SSR DTK-nın 1988-ci il 28 iyun tarixli məxfi məlumatından aydın olur ki, bu zaman Ermənistandan qovulan azərbaycanlıların sayı 16 min nəfəri ötüb keçmişdi. Bir müddət sonra onların sayı 18 min 500 nəfər oldu.

Belə bir şəraitdə Ermənistandan qovulmuş azərbaycanlıların, Azərbaycandan çıxıb getmiş ermənilərin geri qaytarılması məsələsi gündəliyə gəldi. İyunun 27-30-da Azərbaycana gəlmiş Ermənistan SSR Nazirlər Sovetinin sədr müavini Y.E.Xoçanberyana Azərbaycan televiziyası və mətbuatında qovulan azərbaycanlıların geri qayıtması ilə bağlı çıxış etmək təklif olundu. Lakin o, Ermənistanda mənfi reaksiya doğuracağını bəhanə gətirərək belə bir çıxışdan imtina etdi. Y.Xoçanberyanın Azərbaycana gəlişi qaçqınların Ermənistana qayıtmasına və təhlükəsiz yaşamasına təminat vermirdi. Bundan fərqli olaraq bir çox erməni Azərbaycan rəhbərliyinin çağırışı ilə geri qayıtdı. Lakin bu da Ermənistanı sakitləşdirmədi.

İyulun əvvəllərindən etibarən Yerevanda və Ermənistanın digər şəhərlərində kütləvi mitinqlər keçirildi. 1988-ci il iyulun 12-də DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair qərar qəbul etdi. Buna cavab olaraq iyulun 13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ və Azərbaycan SSR konstitusiyalarına, eləcə də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qanununa əsaslanaraq DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair DQMV Xalq Deputatları Sovetinin 12 iyul tarixli qərarının qanunsuz və heç bir hüquqi qüvvəsi olmadığına dair qərar qəbul etdi.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1988-ci il iyulun 18-də Ermənistan SSR və Azərbaycan SSR Ali Sovetlərinin Dağlıq Qarabağ haqqında məsələ üzrə qərarları barədə qərar qəbul etdi. Qərarda Ermənistan ilə Azərbaycan arasında konstitusiya əsasında müəyyənləşdirilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməzliyi bildirildi. Göstərilirdi ki, SSRİ konstitusiyasının 78-ci maddəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin ali orqanlarının təsdiqi nəticəsində mümkün ola bilərdi. Həmin müddəa Ermənistan SSR və Azərbaycan SSR konstitusiyalarında da əksini tapmışdı.

Beləliklə, Ermənistan SSR-in Dağlıq Qarabağ bölgəsini Azərbaycan SSR-dən qopararaq tərkibinə qatmaq məqsədilə başladığı açıq müdaxilə SSRİ konstitusiyasının kobud şəkildə pozulması ilə müşayiət olunduğundan hüquqi nəticə doğurmadı. SSRİ Ali Soveti Rəyasət Heyəti həmin iddiaları rədd etdi.

Buna baxmayaraq, DQMV-də müəssisələr işləmirdi. Az sonra vilayətdə milli zəmində toqquşmalar baş verdi. Qanlı toqquşmaların qarşısını almaq üçün 1988-ci il iyulun 28-də Azərbaycanın Dağlıq Qarabağ regionunda fövqəladə vəziyyət elan edildi.

Ermənistanda isə azərbaycanlıların hüquqlarının pozulması və onların qovulması daha da şiddətlənirdi. Azərbaycan hakimiyyəti Ermənistandakı azərbaycanlıların hüquqlarını qorumaq iqtidarında deyildi. Respublika böyük bir fəlakətlə üz-üzə qalmışdı. 1988-ci il avqustun 1-nə olan məlumata görə, Ermənistandan qovulan 15 min 165 nəfər qaçqın Azərbaycanın 45 şəhər və rayonuna toplanmışdı. Onların bəziləri zorla Ermənistana qaytarıldı. Lakin həmin qayıdış elə də ciddi bir nəticə vermədi.

Bu zaman, 1988-ci il avqust ayının 11-də vəzifəsindən azad edilən Azərbaycan SSR DTK sədri Ziya Yusifzadənin yerinə təyin edilən İvan Qorelovskinin Azərbaycan KP MK-ya yazdığı məxfi məktubdan aydın olur ki, 1988-ci ilin oktyabr ayının əvvəllərinə olan məlumata görə, Ermənistandan Azərbaycana 28 min 225 nəfər və ya 6 min 516 ailə qovulmuşdu. Azərbaycanlılar DQMV-dən də zorla qovulurdular. Azərbaycan SSR DTK-nın məlumatında Stepanakertdən, Əsgəran, Martuni və Hadrut rayonlarından Şuşa, Ağdam və başqa rayonlara 3 min 69 nəfər və ya 569 azərbaycanlı məcburi köçkün ailəsinin gəldiyi vurğulanırdı. Onların konstitusiya hüquqları öz respublikalarında pozulmuşdu. Hakimiyyət həmin hüquqları qorumaqda gücsüz idi. Mərkəzi hökumət isə azərbaycanlıları qaçqına çevirən və digər müttəfiq respublikaya qarşı əsassız iddialar irəli sürən Ermənistanı cəzalandırmırdı.

Yaranmış vəziyyət Azərbaycanda daim yaxşı yaşamış ermənilərə də mənfi təsir göstərirdi. Onlar da Azərbaycanı tərk edirdilər. Dağlıq Qarabağ regionuna köçməyə icazə verilməsə də, erməni ailələri kütləvi şəkildə muxtar vilayətin ərazisində məskunlaşırdılar. Belə bir fakt diqqəti cəlb edir ki, əgər 70-ci illərdə Dağlıq Qarabağda ermənilərin çəkisi təqribən 75%, azərbaycanlıların xüsusi çəkisi 25% idisə, 80-ci illərin sonlarında ermənilər artaraq 80%, azərbaycanlılar isə azalaraq 20% oldu. Bunda əsas məqsəd vilayətdəki ermənilərin ümumi çəkisini artırıb Ermənistana birləşdirmək idi. Azərbaycan SSR DTK-nın məxfi məlumatına görə, 1988-ci il dekabrın 1-dək Azərbaycanı 50 mindən çox və ya 13 min 131 nəfər erməni ailəsi, dekabrın 7-nə olan məlumata görə isə 78 min 728 nəfər erməni tərk etmişdi. Ermənistandan qovularaq qaçqına çevrilən azərbaycanlıların sayı isə 110 min nəfərə çatmışdı. Lakin onların Dağlıq Qarabağ regionunda yerləşdirilməsinə icazə verilmədi. Ermənistanda ev-eşiklərini itirmiş, vilayətə yerləşmiş azərbaycanlı qaçqınlar mərkəzi və Azərbaycan hakimiyyəti tərəfindən zorla oradan çıxarıldılar.

Bu zaman 1988-ci il dekabrın 7-də Ermənistanda 25 min adamın ölümünə və 500 min adamın evsiz-eşiksiz qalmasına səbəb olan zəlzələ baş verdi. Əsassız ərazi iddiaları irəli sürməsinə və tarixi torpaqlarında yaşayan azərbaycanlıları zorla qovaraq qaçqına çevirməsinə baxmayaraq, Azərbaycanda Ermənistan üçün humanitar yardım toplandı. Qəribə idi. Humanitar yardım toplayanların arasında Ermənistanda tarixi torpaqlarından qovulan azərbaycanlılar da var idi. Dekabrın 12-də Ermənistana Azərbaycan humanitar yardımla dolu İL-76 təyyarəsində 77 xilasedici göndərdi. Lakin təyyarə Ermənistan səmasında vuruldu. Bir nəfərdən başqa bütün xilasedicilər həlak oldu. Ermənistan rəhbərliyi və kütləvi informasiya vasitələri həmin hadisəyə reaksiya vermədilər. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün çalışan xarici ölkə xilasedicilərinin rastlaşdığı fakt təyyarə qəzasından da daha dəhşətli idi. Onlar ermənilər tərəfindən diri-diri doldurularaq qaynaqlanmış qaz borularından 30 nəfərədək azərbaycanlı uşağın meyitini tapdılar. Bu, Ermənistanda azərbaycanlılara qarşı düşmənçilik və nifrət hisslərinin həddinin olmadığını göstərirdi. Təbii fəlakət Ermənistanın işinə yaradı. Zəlzələdən ziyan çəkən əhaliyə yardım adı altında Ermənistana xarici ölkələrdəki erməni diasporu çoxlu silah və sursat göndərdi.

Bu zaman sovet rəhbərliyi Azərbaycanın hüquqlarını kobudcasına pozan bir addım atdı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan konstitusiyasına zidd olaraq 10025 saylı qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində "Xüsusi İdarə Komitəsi" yaratdı. Komitənin tərkibinə 8 nəfər daxil edildi. Onların 5 nəfəri Sov.İKP MK, mərkəzi nazirlik və idarələrin nümayəndələri idilər. Komitənin tərkibindəki SSRİ DTK-nın iki əməkdaşı çalışırdı. Sov.İKP MK Siyasi Bürosunun 13 yanvar tarixli P146/41 saylı qərarı ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsi yaradılmasına dair qərar qəbul olundu. Komitənin sədri Arkadi Volski təyin edildi. Komitənin əməkdaşlarının Dağlıq Qarabağ regionuna səfər edərkən ezamiyyə xərcləri onlara kifayət etmirdi. Ona görə də MK-nın məsul işçiləri N.Kruçina və E.Razumov 1989-cu il fevralın 3-də MK-ya məktub yazaraq səfər edənlərin maddi təminatının yaxşılaşdırılması məsələsini qaldırdılar. Müraciətə uyğun olaraq Sov.İKP MK katibliyi fevralın 9-da müvafiq qərar qəbul etdi. Qərara əsasən Moskvadan Azərbaycanın Dağlıq Qarabağ regionuna ezam olunan şəxslərə ezamiyyə xərcləri deyil, vəzifə maaşlarının yarısı həcmində əlavə vəsait verilirdi. SSRİ DTK və DİN əməkdaşlarına, Xüsusi İdarə Komitəsində işləyən şəxslərə isə aylıq maaşlarının yarısı verilirdi.

Belə bir komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmasında əsas rol oynadı. Ermənilər Xüsusi İdarə Komitəsinin fəaliyyətini sabotaj edərək Azərbaycan dəmiryolları və avtomobil yollarına qarşı təxribatlar törətməyə, Dağlıq Qarabağ regionunda kütləvi talanlar etməyə, təbii sərvətləri dağıtmağa və meşələri qırmağa başladılar.

Bunlara cavab olaraq avqustun 12-də Bakıda kütləvi mitinqlər başladı. Əhali Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasının və təcavüzünün dayandırılmasını tələb edirdi.

Lakin Ermənistanın müdaxilələri dayanmırdı. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin səlahiyyətli nümayəndələrinin "konqresi" 1989-cu il avqustun 16-da keçirilən iclasında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtariyyətini tanımaqdan imtina etdiyini bildirdi. Konqres" eyni zamanda DQMV-ni Azərbaycan SSR konstitusiyası və respublikanın digər qanunlarının işləmədiyi "müstəqil ittifaq ərazisi" elan etdi, DQMV-də müstəsna xalq hakimiyyətini bəyan edən "milli şura" yaratdı. Bütün bunlar Xüsusi İdarə Komitəsinin fəaliyyət göstərdiyi müddətdə baş verdi. Konstitusiyaya zidd olan həmin hərəkətə cavab reaksiyası gecikmədi. Avqustun 26-da Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti "Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin səlahiyyətli nümayəndələrinin konqresi"nin qərarını qanunsuz elan etdi.

1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında Azərbaycan SSR-in konstitusiya qanununu qəbul etdi. Qanunun 5-ci maddəsində yazılırdı: "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər".

Azərbaycan tərəfi Xüsusi İdarə Komitəsinin fəaliyyətinə narazılığını bildirdi. Noyabrın 28-də sovet rəhbərliyi Xüsusi İdarə Komitəsini ləğv etdi. Onun əvəzində SSRİ Ali Soveti Xüsusi Komissiyasının nəzarəti altında Dağlıq Qarabağ üzrə Azərbaycan SSR-in Təşkilat Komitəsini yaratdı. Ermənistan rəhbərliyi SSRİ Ali Sovetinin həmin qərarını qəbul etmədi. Ermənistanda Erməni Milli Hərəkatı quruldu. Onun rəhbərliyinə şərqşünas alim Levon Ter-Petrosyan gətirildi. Hərəkatın əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistana birləşdirmək idi. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar qəbul etdi. Xankəndində Ermənistan SSR bayrağı qaldırıldı. Heç şübhəsiz, Ermənistan parlamentinin bir müttəfiq respublikanın ərazisinin müəyyən hissəsinin digərinin xeyrinə birtərəfli qaydada ələ keçirilməsini qanuniləşdirməyə və digər dövlətin ərazisində konstitusiyaya zidd qurumun yaradılmasına yönəldilmiş bu və bir çox digər qərarları beynəlxalq hüquqa zidd idi. Ona görə Azərbaycan tərəfi dekabrın 2-də həmin qərarın hüquqi əsası olmadığını bəyan etdi.

Azərbaycanda isə Xalq Cəbhəsi quruldu. Onun rəhbəri şərqşünas alim Əbülfəz Əliyev (Elçibəy) oldu.

Bu hadisələrlə paralel olaraq Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması davam edirdi. Kütləvi qovulma ölüm və zorakılıq halları ilə müşayiət olunurdu. Məsələn, Azərbaycan SSR prokurorluğunun məlumatına əsasən, 1988-1989-cu illərdə münaqişə zəminində 216 azərbaycanlı öldürülmüşdü. Onların əksəriyyəti uşaqlar, qadınlar və yaşlı adamlar idi. Kütləvi zorakılıq və talanlar dövründə erməni hərbiləşdirilmiş qruplaşmaları xüsusi qəddarlığı ilə seçilirdi. Münaqişənin gedişində azərbaycanlılar yaşadıqları 172 kənddən qovuldular. Bütövlükdə münaqişənin gedişində Ermənistan ərazisindən 185 min 519 nəfər və ya 40 897 azərbaycanlı ailə qovuldu. Onların hamısı əmlaksız və evsiz-eşiksiz qaldı. Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi yer adları dəyişdirilərək erməniləşdirildi. Sonralar, 1991-ci il aprelin 9-da Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin qəbul etdiyi qərar ilə azərbaycanlılara məxsus 94 kəndin də adı dəyişdirildi. Ermənistanda azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələri, məzarlar və məscidlər tamamilə dağıdıldı, yerlə yeksan edildi. Bu vəziyyəti SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov da Yerevandakı çıxışında etiraf edirdi.

Vilayətdə də azərbaycanlılara qarşı zorakılıq davam edirdi. Ermənistan SSR Ali Soveti Azərbaycanın daxili işlərinə müdaxiləni davam etdirərək yanvarın 9-da Dağlıq Qarabağı 1990-cı il iqtisadi planına daxil etdi. Bu isə Azərbaycan ilə Ermənistan arasında münasibətləri daha da pisləşdirdi. Azərbaycanda ictimai-siyasi vəziyyət daha da kəskinləşdi. 1990-cı il yanvarın 10-da SSRİ Ali Soveti Rəyasət Heyəti "Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ konstitusiyasına uyğun olmaması haqqında" qərar qəbul etdi. Qərarda Azərbaycan SSR-in razılığı olmadan Ermənistan SSR ilə Dağlıq Qarabağın yenidən birləşdirilməsinin qanunsuz olduğu bildirilirdi. Buna cavab olaraq Ermənistan SSR Ali Soveti Ermənistanda yalnız Ermənistan qanunlarının qüvvədə olduğunu bildirdi.

SSRİ və Azərbaycan SSR orqanlarının qərarlarına baxmayaraq, Ermənistan Azərbaycan ərazilərinə qeyri-qanuni silahlı dəstələr göndərməyi, hakimiyyət orqanlarına qarşı silah tətbiq etməyi, Azərbaycanın daxili işlərinə kobud surətdə müdaxilələri və təcavüzü davam etdirirdi.

Mərkəzi hökumətin azərbaycanlıların etirazlarına məhəl qoymaması və hüquqlarını qorumaması nəticəsində Azərbaycanda vəziyyət daha da gərginləşdi. Uğursuzluqlar daxili siyasi sabitsizliyə gətirib çıxardı. Bakıda mitinqlər ara vermirdi. Əhali Ermənistanın müdaxiləsini dayandırmağı, Dağlıq Qarabağ regionunda vəziyyəti normallaşdırmağı, Ermənistandan qovulan adamların problemlərinin həllini tələb edirdi. Xalqdan ayrı düşmüş Azərbaycan hakimiyyəti isə həmin bunları yerinə yetirməyə qadir deyildi. Hakimiyyət orqanları fəaliyyətsiz hala düşmüşdü. Respublikanın paytaxtında vəziyyət nəzarətdən çıxırdı. Azərbaycanın bölgələrində də vəziyyət gərginləşmişdi. Bu zaman bir neçə rayonda Azərbaycan Xalq Cəbhəsinin fəalları hakimiyyət orqanlarını ələ keçirdilər. Yanvarın 11-12-də Lənkəranda mitinqçilər Azərbaycan KP şəhər partiya komitəsinin və yerli radiostansiyanın binalarını tutdular. Bir neçə rayonda da həmin hal təkrar olundu. Yanvarın 17-dən etibarən Azərbaycana əlavə sovet hərbi hissələri gətirilməyə başlandı. Yanvarın 19-da Azərbaycana yeridilən sovet əsgərlərinin sayı artıq 24 min nəfərə çatmışdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı. Əhali heç bir informasiya ala bilmədi. M.Qorbaçov Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə dekret imzaladı. Elə həmin gecə əsasən Rostov, Krasnodar və Stavropoldan gətirilmiş ehtiyat əsgər və zabitlərdən komplektləşdirilmiş ordu hissələrinə M.Qorbaçov başda olmaqla sovet rəhbərliyi etirazları yatırmaq üçün Bakıda dinc əhaliyə qarşı silah işlətmək əmrini verdi. Ordunun Bakıda və Azərbaycanın digər ərazilərində görünməmiş vəhşiliklə həyata keçirdiyi hərəkətlər nəticəsində dəhşətli qətliam baş verdi. 130 nəfərdən çox dinc azərbaycanlı güllələndi, 700 nəfər yaralandı, 12 nəfər itkin düşdü.

20 yanvar hadisəsi nəticəsində Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Yanvarın 25-də Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə Ayaz Mütəllibov gətirildi.

Bu zaman sərt nəzarət altında olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib bəyanat verərək sovet rəhbərliyinin hərəkətlərini ittiham etdi, baş verən hadisəni hüquqa zidd, demokratiyaya yad, humanizm prinsiplərinin əleyhinə olan kimi qiymətləndirdi.

20 yanvar hadisəsi sovet hakimiyyətinin vətəndaşlarına qarşı törətdiyi ağır cinayət idi. Həmin hadisənin mahiyyətini təhlil edən akademik Ramiz Mehdiyev yazır: "Totalitar kommunist rejimin XX əsrdə həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan bu təcavüz Azərbaycan xalqına qarşı, bəşəriyyətə və humanizmə qarşı dəhşətli cinayətdir".

20 Yanvar hadisəsi SSRİ-nin mövcudluğuna son qoyan amillərdən biri oldu. Bu, SSRİ siyasi sisteminin böhranını və M.Qorbaçovun yenidənqurma siyasətinin iflasını göstərdi. Azərbaycan xalqı ilə hakimiyyət arasında uçurumu daha da dərinləşdirdi. Həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycanda fabrik və zavodlar 40 gün işləmədi. 20 Yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir siyasi dönüş mərhələsi oldu. Xalq mərkəz ilə yolunun bir olmayacağını, keçmişə qayıdışın mümkünsüzlüyünü dərk etdi, yerli hakimiyyətə də etimad bəsləmədi. Müstəqillik və milli-azadlıq mərhələsi başladı. Xalq nicat yolunu yalnız müstəqillikdə gördü.

Hakimiyyətə gələn Ayaz Mütəllibov da xalqı birləşdirə və Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasının qarşısını ala bilmədi. Belə şəraitdə təkcə Azərbaycanda deyil, bütün SSRİ-də böhranın dərinləşdiyi bir zamanda M.Qorbaçov 1990-cı ildə prezident kreslosuna yiyələndi. Lakin münaqişənin dayandırılması istiqamətində təsirli tədbirlər görə bilmədi. Ermənistanın Azərbaycana təcavüzü dayandırılmadı. Ermənistan təkcə Dağlıq Qarabağ regionunda deyil, Azərbaycan ilə sərhəd rayonlarda da azərbaycanlı əhaliyə qarşı silahlı hücumları genişləndirdi. Belə ki, təkcə 1990-cı il martın 23-24-də Azərbaycanın Qazax rayonunun sərhəd kəndlərinə hücum edən erməni silahlı dəstələri 9 nəfəri öldürdülər. Həmin gün Bağanıs Ayrım kəndində 7 nəfər dinc sakin diri-diri yandırılmaqla və doğranmaqla vəhşicəsinə qətlə yetirildi, 1 nəfər yaralandı, əmlakları talan edilməklə 13 yaşayış evi yandırıldı. Bu, dəhşətli bir cinayət idi.

 

(Ardı var)..

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru,

professor

 

Ayna.- 2011.- 3 sentyabr.- S.19.