Uşaqlara yaxşını pisdən
seçməyi valideyn öyrətməlidir
Bu işi tək
televizorun öhdəsinə buraxmaq doğru deyil
Bu gün
informasiya-kommunikasiya
texnologiyalarının sürətlə inkişaf
etdiyi zəmanədə
yaşayırıq və uşaqları bu
prosesdən kənarda saxlamaq asan məsələ deyil.
Amma uşaqlar dünyada ən qiymətli varlıqlardır. Buna görə də onlara
diqqəti daha da
artırmaq məcburiyyətindəyik. Müasir
ailəni, evi televizorsuz
təsəvvür etmək çətindir. Televizoru
da rəfdə gizlətmək mümkün deyil. Lakin onu bütün
günü işlətmək, televizora yaxşı köməkçi
gözüylə baxmaq da
yersizdir.
Aparılan
tədqiqatlardan müəyyən olub ki, məktəbəqədər
uşaqlar televizorla o qədər də maraqlanmır, ancaq
ibtidai məktəb şagirdləri gün ərzində 3-4
saat "mavi ekran" qarşısında əyləşirlər.
Televizorun uşağın inkişafına ancaq mənfi təsir
etdiyini deməklə yanlışlığa yol vermiş
olarıq. Təbii ki, uşaqlar televizorla müəyyən
dozada təmas etməlidir. Ancaq uşaq üçün hərəki
aktivlik valideynlərlə, ətraf aləmlə canlı
ünsiyyətdir. Uşaq valideynləri, yaşıdları ilə
canlı ünsiyyət quraraq insan kimi formalaşır, sosial
münasibətləri, əlaqələri qurmağı
öyrənir. Həmçinin onun xasiyyəti
formalaşır.
Bir tərəfdən
uşaq televiziya proqramlarından maraqlı informasiyalar ala bilər.
Bununla o, dünyagörüşünü artırmaqla
yanaşı, müəyyən davranış
qaydalarını da öyrənir. Bir də ki,
yaşıdlarıyla dil tapa bilməyən uşaqlar
üçün televizor əvəzedilməz
"yoldaşdır". Ancaq etiraf etmək lazım gəlir
ki, televizora aludə olan uşaq reallıqdan uzaq
düşür. Ona görə ki, televizora sərf olunan
müddət ərzində uşaq maraqlı oyun oynaya,
yaşıdlarıyla təmas qura bilər.
Bir sıra
sosioloji tədqiqatların nəticələrinə görə,
müasir uşaqlar valideynlərindən daha çox televizorla
təmasda olurlar.
Unutmaq
lazım deyil ki, televizorla "ünsiyyət" birtərəflidir,
bu prosesdə uşaq həqiqi həmsöhbət qismində
çıxış etmir.
Maraqlıdır
ki, televizor qarşısında çox vaxt keçirən
uşaqlar yaxşı oxuya və fikirlərini aydın ifadə
edə bilmirlər. Bundan başqa, bəlli olmuşdur ki,
uşaqlar daha çox əyləncəli verilişlərə
baxırlar. Bu həm də onunla əlaqədardır ki,
valideynlər hansı proqramlara baxmağı uşaqlarına
məsləhət görmürlər. Amma inkişafa kömək
edən proqrama baxmağı məsləhət görməklə,
valideynlər uşaqlarında yaxşı zövq
formalaşdıra bilərlər. Təəssüf ki, valideynlərin
əksəriyyəti baxılmış proqramları
uşaqlarıyla müzakirə etmir, onlara elə gəlir ki,
diktor və ya verilişin aparıcısı hər şeyi
yaxşı başa saldı. Lakin böyüklər unudur ki,
maarifləndirici verilişlər uşaqlardan diqqəti cəmləşdirməyi
və fikirləşmək qabiliyyətini gücləndirməyi
tələb etmir. Belə gərginliyi isə uşaqlar sevmir və
buna görə də onlar daha çox əyləncəli
proqramlara baxmağa üstünlük verirlər. Sonunda
uşaqlar qiymətli vaxtlarını boş yerə sərf
edirlər.
Bəzilərini
televizor yorur və nəticədə uşaqlar əzgin və
əsəbi olurlar. Həssas uşaqlar isə döyüş
filmlərinə baxdıqdan sonra çox hallarda əsəbiləşirlər.
"Dəhşət" filmləri daha mənfi təsir
göstərir. Belə filmlər uşaqlarda mövcud qorxu
hissini gücləndirməklə yanaşı, yeni
qorxuların da yaranmasına şərait yarada bilər. Bundan
başqa, döyüş və dəhşət səhnələri
uşaqların psixikasını da pozur. Zorakılıq və
dəhşət filmlərini seyr edən uşaq real həyatda
aqressiv olmağa hazır olur. Aqressiv olmayan uşaqlar isə
reallıqdan qorxaraq həyatdan daim fəlakətlər gözləyirlər.
Buna görə də valideyn uşaqlarını "sehrli
qutu"nun qarşısında oturdarkən
yaxşı-yaxşı fikirləşməlidir.
Uşağın
emosional inkişafı üçün canlı ünsiyyət
lazımdır və bu şəraiti uşaq üçün
yaratmaq lazımdır. Psixoloq Mehriban Rzayevanın fikrincə,
uşaqları texnikadan uzaqlaşdırmağın yolu ona alternativ
yaratmaqdır. Uşağa canlı həyatla ünsiyyəti
qurmaq lazımdır. Əgər uşaq aktivdirsə, sosial
uşaqdırsa, problemi olmayacaq. O özünə qapanırsa,
televizor və kompüterə meyillidirsə, cəmiyyətdən
qaçmağa çalışacaq və televizor və
internet onun yuvası olacaq. Belə uşaqların ətrafında
canlı komanda qurmaq
lazımdır.
Deməli,
valideynlər uşaqlarının hərtərəfli -
intellektual, mənəvi və fiziki inkişafını təmin
etmək üçün şərait yaratmalıdırlar.
Uşağın fiziki inkişafı, hərəkəti, bədənin
böyüməsi çox vacibdir. İnsanın fundamenti
uşaqlıqda qoyulur. Burada söhbət həm fiziki
sağlamlıqdan, xasiyyətinin formalaşmasından,
intellektdən və dünyagörüşündən gedir.
Psixoloqun qənaətincə, belə mərhələdə
valideynlər övladlarının inkişafına və tərbiyəsinə
həssas yanaşmalıdırlar. Mehriban Rzayeva:
"Müasir
valideyn bu dünyada mürəkkəb proseslərin və kəskin
rəqabətin getdiyini, dinamikanı yaddan
çıxarmamalıdır. Odur ki, böyük məsuliyyətlə
övladlarının tərbiyəsinə
yanaşmalıdır. Hər bir valideyn istəyir ki,
övladı xoşbəxt və sağlam olsun. Onda bəs
sağlam və xoşbəxt uşağa hansı keyfiyyətlər
aşılanmalıdır? Ən əsası televizorun bu
prosesdə rolu və təsiri əhəmiyyətlidir. Axı
hər bir məsələdə olduğu kimi, televizorun da
ancaq mənfi xüsusiyyətini vurğulamaq düzgün
olmazdı".
Pediatrlar
televizora çox baxan uşaqlarda diqqət
dağınıqlığı, ünsiyyətə girməyə
marağının az olması kimi hallar müşahidə
ediblər. M.Rzayeva deyir:
"Televizor
əyləncə növlərinin arasında ən passividir.
Televizora baxanlar heç nəyin məsuliyyətini
daşımır, qərar qəbul etmir. O, passiv
seyrçidir. Müəyyən çərçivədə
bunun yetkin insan üçün təhlükəsi yoxdursa,
inkişafda olan uşaq beyni üçün təhlükəlidir.
Çünki passiv mövqe, münasibət uşağın
vərdişinə çevrilə bilər. Çünki
uşaq televizoru seyr edərkən hərəkətsiz, məsuliyyətsiz,
heç bir qərar qəbul etmədən, bəzən
heç düşünmədən saatlarla mavi ekrana zilləyir.
Əlbəttə, bu zaman diqqət konsentrasiyası yoxdur,
intellekt bilavasitə işləmir. İradi olaraq müəyyən
konsentrasiya yaratmaq lazım gəlmir".
Psixoloq
"televizor uşağın inkişafını ləngidir"
fikrinə də aydınlıq gətirdi. Demə, televizoru
seyr edən uşaqlarda televizora görə deyil, sadəcə,
digər məşğuliyyətlərin aparılmasına
vaxtın az qalması sayəsində ortaya problem
çıxır. Uşaq inkişaf etməlidir, diqqəti
toplamaq vərdişləri yaranmalıdır. Bunun
üçün uşaq aktiv oyunlarda iştirak etməli,
yaşıdları ilə oynamalıdır.
Domino,
şahmat, şaşki kimi oyunlar oynamalıdır ki,
düşünsün, qərar qəbul etsin. Uzun müddət
televizoru seyr edən uşaqlar diqqəti toplamaqda çətinlik
çəkir.
Uşaq
sosiallaşmaq üçün ünsiyyətdə
olmalıdır. Uşaq sosial əlaqələri
yaratmağı öyrənməlidir. Uşaq evdə valideynləri,
bacı, qardaşı, həyətdə yaşıdları,
bağçada uşaqlarla ünsiyyət yaradaraq öyrənməlidir.
Sosial əlaqələr insanın sosial varlıq kimi
formalaşmasına, sosial davranış qaydalarını mənimsəməsinə
kömək edir. Amma bəzən valideynlər
uşaqlarını həyətə qoymur, bunu onlar
üçün təhlükəli sayır, tərbiyələrinin
pozulmasından narahat olurlar. Uşağı tək buraxmaq
valideyn üçün qorxulu görünür.
Çıxış yolunu psixoloq təklif edir:
"Əgər
həyət, küçə təhlükəli hesab edilirsə,
valideynlər uşağın mikrososial qrupunu özləri
yarada bilərlər. Övladının layiq bildiyi, tərbiyəli
ailənin uşaqları ilə ünsiyyətini təşkil
etsinlər. Özləri uşaqları ilə çox vaxt
keçirsinlər, birgə istirahət etsinlər, gəzintiyə
çıxsınlar".
Maraqlıdır,
psixoloqlar neçə yaşdan uşaqların televizora
baxmasını tövsiyə edir. Mehriban Rzayeva söyləyir
ki, 3 yaşdan aşağı uşağın televizora
çox baxması onun gözlərinə ziyandır. Əvvəla,
uşaq televizora baxıb onu qavramır. Ona görə də valideynlə
birgə baxmalıdır ki, qorxmasın, gördüyündən
yanlış nəticə çıxarmasın. Uşağa
gördüklərini izah etməyə ehtiyacı var. 3
yaşa qədər uşaqlar cizgi filmlərinə, digər
verilişlərə gün ərzində 15-30 dəqiqə
baxa bilərlər.
3 yaşdan
6 yaşa qədər uşaqlarda yamsılama
davranışları güclü olur və 3 yaşdan sonra
özünü dərketmə başlayır. Uşaq
özünü dərk edərək özünü kiməsə
oxşatmağa, yamsılamağa başlayır. Seyr etdiyi
filmlərdəki qəhrəmanlarla özünü eyniləşdirir.
Özünü onun yerinə qoyur, onu təqlid etməyə
başlayır, davranış formalarını özünə
seçir, onun emosiyaları ilə yaşayır. Filmdəki
uşaq tək qalırsa, uşaq da valideynlərini itirməkdən
qorxur. Çünki bu yaşdakı uşaq tək qalmaqdan, əzizlərini
itirməkdən çox qorxur. Bu yaş arasındakı filmlər
uşağın inkişafına uyğun olmalı, məzmunca
diqqətlə seçilməli və ona emosional zərbə
yaratmamalıdır.
Uşaqlar
uşaq verilişlərini, cizgi filmlərini seyr etməlidirlər.
Zorakılıq olan filmlər
uşaqlara pis təsir edir. Uşaq anlaya bildiyi
qədər anlayır.
Bəzən uşaq filmə
baxır, qəhrəman
yaralanır, ölür.
Uşaqda suallar yaranır.
Uşağın başa düşəcəyi
səviyyədən kənara çıxan məqamlarda
valideynin uşağa kömək etməsi, onun suallarına
cavab verməsi vacibdir. Uşağa olduğu kimi sadə dildə
demək lazımdır. Filmdirsə, onun aktyor olduğunu, əslində
həyatda ölmədiyini söyləmək lazımdır
ki, emosional zərbə almasın. Uşaq erkən
yaşlarından filmin və cizgi filminin nə olduğunu
anlamalıdır. 3 yaşa qədər uşağın filmlərdən
emosional zərbə alması mümkündür. Hətta
valideyn baş verənləri izah etsə də, 3 yaşdan
sonra uşaqlar cizginin və filmin nə olduğunu
anlayırlar.
Müsahibim
deyir ki, kiçik yaşlı uşaqların tamamilə
televizordan məhrum edilməsi düzgün deyil. Hər halda
indi zaman 15-20 il əvvəlki deyil. Belə məhrumiyyətlərə
ehtiyac yoxdur. Çünki uşağı zövq yaradan məqamlardan
məhrum etmək düzgün deyildir. Əksinə, öyrədici,
maarifləndirici, dünyagörüşü artıran,
zövqü yaxşılaşdıran məqamlarından
istifadə etmək lazımdır. Uşaqlara klassikaya, gözəlliyə
zövq yaratmaq lazımdır. Uşağın intellektinin,
biliyinin, artması üçün maraqlı proqramlar var.
Psixoloq deyir ki, uşaq seyr etdikcə ona düzgün məlumat
verilərsə, televizordan faydalanmaq olar. Sadəcə, vaxt məhdudiyyəti
olmalıdır. Çünki uşaq təmiz havada olmalı,
qaçmalı, oynamalı, yaşıdları ilə
ünsiyyət qurmağı bacarmalıdır. Valideynlə
ünsiyyətdə olmalıdır ki, onu narahat edən
sualları ona versin.
Erkən
yaşda uşaqlar seçimsiz, dalbadal müxtəlif
verilişlərə, şou- proqramlara baxırsa, onların tərbiyəsində
televiziyanın rolu valideyn rolundan yüksək olacaq.
Uşağın zövqü korlanır. Böyüklər
üçün nəzərdə tutulmuş proqramlara
uşaqlar həvəslə baxır. Bu, uşağın
zövqünün formalaşmasına, mənəvi dəyərlərinə
təsir edir. Bəzən uşaqlar valideynləri ilə bərabər
seriallara baxırlar. Mehriban Rzayeva deyir:
"Bizə yad mənəvi
dəyərləri olan
seriallardır. Pis demirik, bizim
mənəvi dəyərlərlə
üst-üstə düşmür.
Bu, mənəviyyata təsir etməyə bilərmi? Ailə insanın formalaşmasında
mühüm rol oynayır. Uşaq doğulduğu, böyüdüyü
ailəni norma
kimi qəbul edir. Ailədə hər şey
normaldırsa, heç
bir film, kənar qüvvə təsir edə bilməz. Əgər ailədə valideynlər
arasında münaqişə
varsa və uşaq bunu görürsə, televizorla
ailə arasında seçim edir. Uşaqlara
yaxşını pisdən seçməyi valideynlər
öyrətməlidir"..
Ayna.- 2011.- 10 sentyabr.- S.16.