Azərbaycanın
müstəqilliyinin 20 ili: xarici
siyasətin formalaşması (1991-2003)
(Ardı. Əvvəli
11, 18, 25 iyun, 2, 9, 16, 23, 30 iyul, 6, 13, 20, 27 avqust, 3 sentyabr
sayımızda)
Bu hadisələrlə
paralel olaraq Ermənistandan azərbaycanlıların vəhşicəsinə
qovulması davam edirdi. Kütləvi qovulma ölüm və
zorakılıq halları ilə müşayiət olunurdu. Məsələn,
Azərbaycan SSR prokurorluğunun məlumatına əsasən,
1988-1989-cu illərdə münaqişə zəminində 216
azərbaycanlı öldürülmüşdü. Onların
əksəriyyəti uşaqlar, qadınlar və yaşlı
adamlar idi. Kütləvi zorakılıq və talanlar
dövründə erməni hərbiləşdirilmiş
qruplaşmaları xüsusi qəddarlığı ilə
seçilirdi. Münaqişənin gedişində azərbaycanlılar
yaşadıqları 172 kənddən qovuldular.
Bütövlükdə münaqişənin gedişində
Ermənistan ərazisindən 185 min 519 nəfər və ya 40
897 azərbaycanlı ailə qovuldu. Onların hamısı əmlaksız
və evsiz-eşiksiz qaldı. Ermənistanda azərbaycanlılara
məxsus bütün tarixi yer adları dəyişdirilərək
erməniləşdirildi. Sonralar, 1991-ci il aprelin 9-da Ermənistan
Respublikası Ali Soveti Rəyasət Heyətinin qəbul etdiyi
qərar ilə azərbaycanlılara məxsus 94 kəndin də
adı dəyişdirildi. Ermənistanda azərbaycanlılara məxsus
tarix və mədəniyyət abidələri, məzarlar və
məscidlər tamamilə dağıdıldı, yerlə
yeksan edildi. Bu vəziyyəti SSRİ Nazirlər Sovetinin sədri
Nikolay Rıjkov da Yerevandakı çıxışında
etiraf edirdi.
Vilayətdə
də azərbaycanlılara qarşı zorakılıq davam
edirdi. Ermənistan SSR Ali Soveti Azərbaycanın daxili işlərinə
müdaxiləni davam etdirərək yanvarın 9-da
Dağlıq Qarabağı 1990-cı il iqtisadi planına daxil
etdi. Bu isə Azərbaycan ilə Ermənistan arasında
münasibətləri daha da pisləşdirdi.
Azərbaycanda
ictimai-siyasi vəziyyət daha da kəskinləşdi.
1990-cı il yanvarın 10-da SSRİ Ali Soveti Rəyasət Heyəti
"Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali
Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il
yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ
konstitusiyasına uyğun olmaması haqqında" qərar qəbul
etdi. Qərarda Azərbaycan SSR-in razılığı olmadan
Ermənistan SSR ilə Dağlıq Qarabağın yenidən birləşdirilməsinin
qanunsuz olduğu bildirilirdi. Buna cavab olaraq Ermənistan SSR Ali
Soveti Ermənistanda yalnız Ermənistan qanunlarının
qüvvədə olduğunu bildirdi.
SSRİ və
Azərbaycan SSR orqanlarının qərarlarına baxmayaraq,
Ermənistan Azərbaycan ərazilərinə qeyri-qanuni
silahlı dəstələr göndərməyi, hakimiyyət
orqanlarına qarşı silah tətbiq etməyi, Azərbaycanın
daxili işlərinə kobud surətdə müdaxilələri
və təcavüzü davam etdirirdi.
Mərkəzi
hökumətin azərbaycanlıların etirazlarına məhəl
qoymaması və hüquqlarını qorumaması nəticəsində
Azərbaycanda vəziyyət daha da gərginləşdi.
Uğursuzluqlar daxili siyasi sabitsizliyə gətirib
çıxardı. Bakıda mitinqlər ara vermirdi. Əhali
Ermənistanın müdaxiləsini dayandırmağı,
Dağlıq Qarabağ regionunda vəziyyəti
normallaşdırmağı, Ermənistandan qovulan adamların
problemlərinin həllini tələb edirdi. Xalqdan ayrı
düşmüş Azərbaycan hakimiyyəti isə həmin
bunları yerinə yetirməyə qadir deyildi. Hakimiyyət
orqanları fəaliyyətsiz hala düşmüşdü.
Respublikanın paytaxtında vəziyyət nəzarətdən
çıxırdı. Azərbaycanın bölgələrində
də vəziyyət gərginləşmişdi. Bu zaman bir
neçə rayonda Azərbaycan Xalq Cəbhəsinin fəalları
hakimiyyət orqanlarını ələ keçirdilər.
Yanvarın 11-12-də Lənkəranda mitinqçilər Azərbaycan
KP şəhər partiya komitəsinin və yerli
radiostansiyanın binalarını tutdular. Bir neçə
rayonda da həmin hal təkrar olundu. Yanvarın 17-dən etibarən
Azərbaycana əlavə sovet hərbi hissələri gətirilməyə
başlandı. Yanvarın 19-da Azərbaycana yeridilən sovet əsgərlərinin
sayı artıq 24 min nəfərə çatmışdı.
1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan
televiziyasının enerji bloku partladıldı. Əhali
heç bir informasiya ala bilmədi. M.Qorbaçov Bakıda
fövqəladə vəziyyət elan edilməsi barədə
dekret imzaladı. Elə həmin gecə əsasən Rostov,
Krasnodar və Stavropoldan gətirilmiş ehtiyat əsgər və
zabitlərdən komplektləşdirilmiş ordu hissələrinə
M.Qorbaçov başda olmaqla sovet rəhbərliyi etirazları
yatırmaq üçün Bakıda dinc əhaliyə
qarşı silah işlətmək əmrini verdi. Ordunun
Bakıda və Azərbaycanın digər ərazilərində
görünməmiş vəhşiliklə həyata
keçirdiyi hərəkətlər nəticəsində dəhşətli
qətliam baş verdi. 130 nəfərdən çox dinc azərbaycanlı
güllələndi, 700 nəfər yaralandı, 12 nəfər
itkin düşdü.
20 yanvar
hadisəsi nəticəsində Əbdürrəhman Vəzirov
respublikadan qaçdı. Yanvarın 25-də Azərbaycan KP
MK-nın birinci katibi vəzifəsinə Ayaz Mütəllibov
gətirildi.
Bu zaman sərt
nəzarət altında olan Heydər Əliyev Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gəlib bəyanat
verərək sovet rəhbərliyinin hərəkətlərini
ittiham etdi, baş verən hadisəni hüquqa zidd, demokratiyaya
yad, humanizm prinsiplərinin əleyhinə olan kimi qiymətləndirdi.
20 yanvar
hadisəsi sovet hakimiyyətinin vətəndaşlarına
qarşı törətdiyi ağır cinayət idi. Həmin
hadisənin mahiyyətini təhlil edən akademik Ramiz Mehdiyev
yazır: "Totalitar kommunist rejimin XX əsrdə həyata
keçirdiyi ən qanlı terror aktlarından biri olan bu təcavüz
Azərbaycan xalqına qarşı, bəşəriyyətə
və humanizmə qarşı dəhşətli cinayətdir".
20 Yanvar
hadisəsi SSRİ-nin mövcudluğuna son qoyan amillərdən
biri oldu. Bu, SSRİ siyasi sisteminin böhranını və
M.Qorbaçovun yenidənqurma siyasətinin iflasını
göstərdi. Azərbaycan xalqı ilə
hakimiyyət arasında uçurumu daha da dərinləşdirdi.
Həlak
olanların xatirəsinə ehtiram olaraq Azərbaycanda fabrik və
zavodlar 40 gün işləmədi. 20 Yanvar hadisəsi Azərbaycan
xalqının həyatında bir siyasi dönüş mərhələsi
oldu. Xalq mərkəz ilə yolunun bir
olmayacağını, keçmişə
qayıdışın mümkünsüzlüyünü dərk
etdi, yerli hakimiyyətə də etimad bəsləmədi.
Müstəqillik və milli-azadlıq mərhələsi
başladı. Xalq nicat yolunu yalnız
müstəqillikdə gördü.
Hakimiyyətə
gələn Ayaz Mütəllibov da xalqı birləşdirə
və Ermənistanın Azərbaycanın daxili işlərinə
qarışmasının qarşısını ala bilmədi. Belə şəraitdə təkcə
Azərbaycanda deyil, bütün SSRİ-də böhranın dərinləşdiyi
bir zamanda M.Qorbaçov 1990-cı ildə prezident kreslosuna yiyələndi.
Lakin münaqişənin
dayandırılması istiqamətində təsirli tədbirlər
görə bilmədi. Ermənistanın Azərbaycana
təcavüzü dayandırılmadı. Ermənistan təkcə Dağlıq Qarabağ regionunda
deyil, Azərbaycan ilə sərhəd rayonlarda da azərbaycanlı
əhaliyə qarşı silahlı hücumları genişləndirdi.
Belə ki, təkcə 1990-cı il
martın 23-24-də Azərbaycanın Qazax rayonunun sərhəd
kəndlərinə hücum edən erməni silahlı dəstələri
9 nəfəri öldürdülər. Həmin gün
Bağanıs Ayrım kəndində 7 nəfər dinc sakin
diri-diri yandırılmaqla və doğranmaqla vəhşicəsinə
qətlə yetirildi, 1 nəfər yaralandı, əmlakları
talan edilməklə 13 yaşayış evi
yandırıldı. Bu, dəhşətli bir
cinayət idi.
SSRİ Ali
Sovetinin Rəyasət Heyəti 1990-cı il
3 aprel tarixli qərarı ilə Azərbaycan SSR və Ermənistan
SSR arasındakı sərhədlərin və konstitusiya ilə
müəyyən edilmiş milli-ərazi
bölgüsünün dəyişdirilməsinin yolverilməz
olduğunu bəyan etdi. Qərarda Azərbaycan SSR-in
razılığı olmadan Ermənistan SSR və
Dağlıq Qarabağın birləşdirilməsinin
SSRİ Konstitusiyasının 78-ci maddəsinə zidd
olduğu birmənalı göstərilirdi.
M.Qorbaçovun
ölkədə və dünyada baş verən hadisələri
doğru qiymətləndirməməsi, səriştəsizliyi
və qətiyyətsizliyi əhalinin ovqatına mənfi təsir
edirdi. Ermənistanın Azərbaycanın daxili işlərinə
kobud müdaxilələri artırdı. Vəziyyət
yaxşılaşmır, böhran isə getdikcə dərinləşirdi.
Belə bir vaxtda 1990-cı il
mayın 18-də Ayaz Mütəllibov Azərbaycan parlamenti tərəfindən
respublika prezidenti seçildi. Bir tərəfdən Ermənistanın
hərbi təcavüzünün qarşısının
alınmaması, digər tərəfdən iqtidar-müxalifət
münasibətlərinin kəskinləşməsi Azərbaycanda
vəziyyəti daha da gərginləşdirirdi.
Bu zaman beynəlxalq
münasibətlərdə yeni hadisə baş verdi.
1990-cı il avqustun 2-də başlayan Körfəz müharibəsi
bütün beynəlxalq münasibətləri silkələdi.
Sovet rəhbərliyi əsas diqqətini Körfəz
müharibəsi ilə bağlı diplomatik səylərə
yönəltdi. Bu isə Ermənistanın işinə
yaradı. Şəraitdən istifadə edən Ermənistan
xeyli silah əldə etdi. Həmin silahlardan həm
Dağlıq Qarabağ bölgəsində, həm də Azərbaycanla
sərhəd kəndlərdə yaşayan azərbaycanlılara
qarşı istifadə edildi.
Azərbaycana
isə Ermənistandan qaçqınlar gəlməkdə davam
edirdi. 1990-cı ilin sentyabrında artıq Azərbaycanda Ermənistandan
qovulan 201 min azərbaycanlı, 2,5 min kürd, 1,5 minə qədər
rus, Özbəkistandan qovulan 29 min Ahıska türkü var
idi.
Yaranmış
şəraitdə müxalifətin hakimiyyətə can
atdığı bir zamanda ölkə rəhbərliyi
Sov.İKP-nin hakim rolunun ölkə konstitusiyasından
çıxarılması məsələsini müzakirə
edirdi. Sov.İKP MK Siyasi Bürosunun 1990-cı il 13 sentyabr
tarixli iclasında ölkədə yaranmış vəziyyət
müzakirə edilərkən Ayaz Mütəllibov Kommunist
Partiyasının rəhbər xətti olmadan hakimiyyətdə
qala bilməyəcəklərini bildirdi. Açıq şəkildə
dedi: "Əgər Kommunist Partiyasının rəhbər
rolundan uzaqlaşsaq, onda nə pambıq olacaq, nə
üzüm, nə də heç nə".
A.Mütəllibov
Kommunist Partiyasının hakim rolunun saxlanılmasının tərəfdarı
idi. M.Qorbaçov isə partiyanın heç yerə getmədiyini
və yeniləşdiyini düşünürdü. A.Mütəllibov
respublikada müxalifətin gücləndiyini diqqətə
çatdırdı. Cavabında M.Qorbaçov dedi: "Onlar
necə hərəkət edirlər? Bizim əlimizdə hər
şey var, amma biz hərəkət edə bilmirik".
A.Mütəllibov mövqeləri getdikcə itirdiklərini,
müxalifətin hər yerə adamlarını yerləşdirdiklərini
deyərək əlavə etdi ki, Azərbaycanda müxalifət
vərəqələrinə və müxalifətə cavab
verən jurnalist tapa bilər, amma onlar qorxur, partiya aparatı
qorxur. Sabah nə olacağını bilmirlər. Qeyd etdi ki,
bütün strukturların siyasətsizləşdirilməsi
kommunistlərin olmaması deməkdir, bundan sonra hər şey
kortəbii baş verəcəkdir. Onun fikrincə, partiya
orqanlarında islahatlar mərhələlərlə
aparılmalı idi. Çünki belə dəyişikliklərə
kommunistlər hazır deyildilər. Cəmiyyət isə tərəddüd
keçirirdi.
M.Qorbaçov
yeni şəraitdə işləməyi öyrənməyi təklif
edirdi. A.Mütəllibov müxalifətin Azərbaycan
xalqına rəhbərlik edəcəyi təqdirdə nə
olacağını soruşdu. Eyni zamanda bildirdi ki, Azərbaycan
fundamentalizmin bir addımlığındadır, islam
İranı və Türkiyə vardır. O,
respublikada kommunistləri öldürmək üçün
siyahı hazırlandığını da söyləyərək
M.Qorbaçovun mövqeyi ilə razılaşmadı.
Mübahisələrdən sonra M.Qorbaçov A.Mütəllibova
"kart blanş" verdiyini və "istəyirsinizsə, sərbəst
işləyin" deyərək məsələni bitirmək
istədi. Lakin A.Mütəllibov "dövlət
strukturları işləməsə, biz hüquqi dövləti
necə qura bilərik?" - dedi.
1990-cı il sentyabrın 30-da Azərbaycanda parlament
seçkiləri keçirildi. Deputat mandatı
qazanan müxalifət nümayəndələri Demokratik Blok yaratdı.
Lakin mərkəzdə
qəbul edilən qərarların yerinə yetirilməməsi
vəziyyəti daha da pisləşdirirdi. Ölkədə ordu əleyhinə
kampaniya getdikcə artırdı. Bu prosesləri
dayandırmaq və vəziyyəti sağlamlaşdırmaq
üçün Sov.İKP MK katibliyi 1990-cı il
noyabrın 15-də qərar qəbul etdi. Tədbirləri
müəyyənləşdirdi. Lakin həmin
qərar da həyata keçirilmədi.
Ölkədə
yaranmış vəziyyət Sov.İKP MK Siyasi Bürosunun
noyabrın 16-da keçirilən iclasında müzakirə
edildi. Bu zaman Siyasi Büronun başlıca
qayğısı ölkədə siyasi və ümumi vəziyyəti
sabitləşdirməkdən ibarət idi. İclasda hətta ölkədə mitinq,
nümayiş və qarşıdurmanın 6 ay müddətində
dayandırılması üçün SSRİ Ali Sovetinin
müfaviq qərar qəbul etməsi barədə təklif də
səsləndirildi. Milli münasibətlər
sahəsində hakimiyyətin siyasətinin yerlərdə
doğru başa düşülmədiyi qeyd edildi. Yerlərdə yanlış olaraq belə hesab edirdilər
ki, sərhədlərin dəyişdirilməsi dövrü gəlib
çatmışdır. Milli münasibətlər
mücərrəd səviyyəyə qalxmışdı.
Belə vəziyyətdə Sov.İKP MK Siyasi
Bürosu üzvlərinin bəziləri hesab edirdi ki,
Sov.İKP-nin hakim rolu ləğv ediləcəyi təqdirdə
bütün mövqelər əldən gedəcəkdir.
Onların fikrincə, ölkədə prezident
hakimiyyəti güclü olmalı və İttifaq müqaviləsi
bağlanmalı idi. İqtisadi müqavilənin
bağlanması isə lazım deyildi. SSRİ
nüvə dövləti olduğundan İttifaq müqaviləsi
imzalanacağı təqdirdə nüvə silahının
necə olacağı narahatlıq doğururdu. Çünki bir sıra müttəfiq
respublikaların ərazisində həmin silah yerləşdirilmişdi.
İclasda
çıxış edən Siyasi Büro üzvləri
DTK-dan şikayətləndilər.
Bildirdilər
ki, əvvəllər DTK Siyasi Büro üzvlərinə məlumat
verirdi. İndi DTK-dan informasiya almaq olmur. B.V.Gidaspov hətta istehza ilə DTK sədri
Kryuçkovu "Kryuçkom" adlandırdı.
Qazaxıstan
prezidenti Nursultan Nazarbayev ölkədə Prezident
Şurası yaradılmasının əleyhinə
çıxaraq İttifaq müqaviləsi
bağlanmasını vacib hesab etdi.
M.Qorbaçov
ölkədə referendum keçirilməsini təklif etdi. Onun fikrincə,
yaranmış şəraitdə dövlət üç vəzifəni
öhdəsinə götürməli - müdafiə obyektlərini,
dövlət mülkiyyətini və rusdilli əhalini
qorumalı idi.
İclasda
hətta ölkədə fövqəladə vəziyyət
elan edilməsi barədə təklif də səsləndirildi. Onun əleyhinə olanlar 2-3
istiqamətdə fövqəladə vəziyyət elan edilməsini
zəruri sayırdılar. Dəmir
yollarının gündəlik işləməsi təmin
edilməli, cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi üçün hüquq-mühafizə
orqanlarının rolu artırılmalı və Prezident
Şurası buraxılmalı idi.
Çoxlu
qərarların qəbul edilməsinə baxmayaraq, ölkədə
vəziyyət normallaşmırdı. Kommunist Partiyası hakim
partiya olsa da, əslində ölkəni idarə edə
bilmirdi. Ərzaq malları
çatışmırdı. Hakimiyyətdən
narazı olan xalq baş verən hadisələrin nə ilə
qurtaracağını bilmirdi. M.Qorbaçov
ilə Boris Yeltsin arasında hakimiyyət uğrunda gedən
mübarizə ölkədəki vəziyyəti daha da
ağırlaşdırırdı.
SSRİ
daxilində və beynəlxalq münasibətlərdə
baş verən mürəkkəb və ziddiyyətli proseslərin
gedişində 1990-cı il dekabrın 20-də
xarici işlər naziri E.Şevardnadze istefa verdi. Həmin vəzifəyə
1991-ci il yanvarın 15-də
A.A.Bessmertnıx təyin edildi. Yeni nazir müttəfiq
respublikaları, o cümlədən Azərbaycanı daha fəal
şəkildə xarici siyasət məsələlərinin həllinə
cəlb etməyə başladı. SSRİ
Xarici İşlər Nazirliyində müttəfiq
respublikaların xarici işlər nazirlərinin keçirilən
görüşündə əsas məqsəd xarici siyasət
məsələlərində müttəfiq respublikaların
maraqlarını üzvi surətdə əlaqələndirmək
idi.
Yaranmış
vəziyyətdə Azərbaycan prezidenti, Azərbaycan KP
MK-nın birinci katibi A.Mütəllibov Sov.İKP MK-ya teleqram
göndərərək respublikada yaranmış vəziyyətə
qiymət verdi, baş verənlərin Ermənistanın
DQMV-yə əsassız iddiaları ilə bağlı
olduğunu bildirdi. O, vəziyyəti sabitləşdirmək
üçün konkret təkliflərini irəli
sürürdü. Buna görə də SSRİ Ali Soveti DQMV-də
yaranmış vəziyyətə dair xüsusi bəyanatla
çıxış etməli, SSRİ Müdafiə Nazirliyi,
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi
Komitəsi silahlı dəstələrin tərksilah edilməsi
üçün Ermənistan və Azərbaycan orqanları ilə
birgə əməliyyatlar həyata keçirməli, SSRİ
Baş Prokurorluğu millətlərarası münasibətləri
qızışdıranlar barəsində cinayət işi
açmalı idi.
Azərbaycan
tərəfinin təkidləri Sov.İKP MK-nın milli siyasət
şöbəsində öyrənildi və bəyənildi. Sov.İKP MK-ya şöbənin
təqdim etdiyi arayışda Azərbaycan prezidentinin nəticələri
əsaslı hesab edilirdi. Göstərilirdi ki,
münaqişənin qarşısı alınmasa, o, Ermənistan
ilə Azərbaycan arasında geniş miqyaslı
toqquşmaya, Azərbaycanda hakimiyyət dəyişkənliyinə
gətirərdi, Azərbaycan SSR Ali Sovetinin yeni milli tərkibi
DQMV-nin ləğvi və ittifaq müqaviləsindən imtina
haqqında qərarlar qəbul edə bilərdi.
Həmin təkliflər
Sov.İKP MK katibliyinin 1991-ci il 17 yanvar
tarixli iclasında müzakirə edildi. Qəbul
edilən qərara görə, SSRİ vitse-prezidenti
G.İ.Yanayev Azərbaycan prezidenti ilə ittifaq
şurasının iclası zamanı görüşməli
idi. Bu zaman SSRİ-də milli münasibətləri
kəskinləşdirməyə və ölkəni
dağıtmağa çalışan xarici qüvvələr
fəallıqlarını daha da artırırdılar.
Yaranmış vəziyyət Sov.İKP MK Siyasi Bürosunun
1991-ci il 30 yanvar tarixli iclasında müzakirə edilərkən
Özbəkistan KP MK-nın birinci katibi İslam Kərimov
respublikada islamçı qüvvələrin hakimiyyətə
can atdığını diqqətə çatdırdı. Bildirdi ki, Daşkənd Orta Asiyadır. Daşkəndin partlaması bütün Orta
Asiyanın partlaması deməkdir. İclasda
çıxış edən A.Mütəllibov partiyanın
hakim mövqelərini getdikcə itirdiyini, mübarizənin
ağır olduğunu, iqtisadi vəziyyətin çətinliyini,
kommunistlər arasında həmrəyliyin
olmadığını dedi. Digər
çıxış edənlər ziyalıların partiyadan
uzaqlaşdıqlarını və müxalifətin hakimiyyəti
ələ keçirmək istədiyini bildirdilər.
İclasda
SSRİ-nin saxlanılması üçün referendum
keçirilməsi haqqında qərar qəbul edildi. Lakin ölkədə
referenduma birmənalı münasibət mövcud deyildi.
Onun əleyhdarları Moskvada və ölkənin
digər şəhərlərində mitinqlər keçirməyə
başladılar. Bu zaman, 1991-ci il fevralın
5-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan
Respublikası adı rəsmi olaraq qəbul edildi. SSRİ
Daxili İşlər Nazirliyinin 1991-ci il 14
mart tarixli məxfi məlumatına əsasən, Moskvada
keçirilən mitinqlərdə əhali SSRİ-nin
saxlanılmasının əleyhinə səs verməyə
çağırılırdı. Martın 17-də
ölkədə referendum keçirildi. SSRİ-nin
saxlanılması tərəfdarları üstünlük
qazandılar. Azərbaycanda isə
Naxçıvan Muxtar Respublikasında referendum keçirilmədi.
Əhali səsverməni boykot etdi.
Belə bir
şəraitdə Azərbaycanın Dağlıq Qarabağ
regionunda azərbaycanlılara qarşı silahlı
hücumlar ara vermirdi. SSRİ daxili işlər
nazirinin birinci müavini İ.F.Şilov Sov.İKP MK-ya
yazdığı 1991-ci il 14 mart tarixli məxfi
məktubunda martın 14-də saat 8:30-da Əsgəran rayonunda
naməlum şəxslərin Şuşada təşkilata məxsus
avtobusu avtomat atəşinə tutduğunu, üç nəfər
sərnişinin öldürüldüyünü
yazırdı. Onların arasında məzuniyyətdən
qayıdan sovet ordusunun qulluqçusu da var idi. Üç nəfər güllə yarası
almışdı. Yaralıların ikisi xəstəxanaya
yerləşdirilmişdi. Zərərçəkən
altı nəfərin hamısı azərbaycanlı idi.
İ.F.Şilov 1991-ci il martın 16-da
Sov.İKP MK-ya göndərdiyi əlavə məlumatında
ittifaq müqaviləsinin bağlanmasının əleyhinə
Naxçıvanda mitinqlərin keçirildiyi, Sumqayıt,
Ağstafa, Şəki və b. rayonlarda SSRİ-nin
saxlanılması üçün keçiriləcək
referendum əleyhinə aclıq aksiyalarının
keçirildiyini yazırdı.
1991-ci il martın ortalarında SİTA sovet hökumətinin
mövqeyini bəyan edərək Dağlıq Qarabağın
Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu bildirdi.
Aprelin 16-da
G.Yanayevin yanında SSRİ daxili işlər naziri B.Puqo,
müdafiə naziri D.Yazov, DTK sədrinin müavini A.Aqeyev,
daxili qoşunların komandanı Y.Şatalin, Azərbaycan
prezidenti A.Mütəllibov və Azərbaycan KP-nin ikinci katibi
V.Polyaniçkonun iştirakı ilə keçirilən
müşavirədə DQMV-də vəziyyəti
normallaşdırmaq üçün konkret təkliflər -
silahlı dəstələrin çıxarılması, Ermənistanın
Azərbaycanın daxili işlərinə
qarışmasının qarşısının
alınması və s. səsləndirildi.
SSRİ DTK sədrinin
müavini A.Aqeyev hadisələri Ermənistanın
qızışdırdığını birmənalı
olaraq dedi. Müşavirədə DQMV-də vəziyyəti
normallaşdırmaq barədə qərarlar qəbul edildi.
Lakin M.Qorbaçov xarici təsirlər
altında həmin tədbirləri həyata keçirməkdən
intina etdi. Sovet rəhbərinin DQMV-dəki
vəziyyətdən həm Ermənistanda, həm də Azərbaycanda
möhkəmləndirmək üçün istifadə etmək
istəkləri erməni tərəfini şirnikləşdirirdi.
Qəti
tədbirlərin həyata keçirilmədiyini görən
Ermənistan Azərbaycanın daxili işlərinə
müdaxiləsini daha da genişləndirərək SSRİ
xalq deputatlarının növbədənkənar
qurultayının çağırılmasına dair
müraciət etdi. Bu barədə Azərbaycan Respublikası Ali Sovetinin
Rəyasət Heyəti 1991-ci mayın 5-də etiraz qərarı
qəbul etdi. Qərarda Azərbaycanın Dağlıq
Qarabağ Muxtar Vilayəti və ermənilər yaşayan digər
məntəqələri barəsində məsələni
müzakirə etmək üçün "SSRİ xalq
deputatlarının növbədənkənar
qurultayının çağırılmasına dair məsələ
qaldırmaq haqqında" Ermənistan Respublikası Ali
Sovetinin qərarı Azərbaycanın daxili işlərinə
kobud müdaxilə, SSRİ konstitusiyasının 76-cı maddəsinə
zidd qərar, regionda vəziyyəti yenidən kəskinləşdirmək,
erməni və Azərbaycan xalqları arasında düşmənçiliyi
qızışdırmaq, bu çirkin işə yenidən
İttifaqın hakimiyyət orqanlarını cəlb etmək
cəhdi hesab edilirdi. Göstərilirdi ki, dördüncü
ildir, Ermənistan Azərbaycana qarşı elan
olunmamış müharibə aparır, silahlı quldur dəstələri
Azərbaycanın sərhədyanı kəndlərinə
basqınlar edir, dinc sakinləri, SSRİ Daxili İşlər
Nazirliyi daxili qoşunlarının və sovet ordusunun əsgər
və zabitlərini, respublikanın hüquq-mühafizə
orqanlarının əməkdaşlarını
öldürürlər. Azərbaycanın yaşayış məntəqələrinin
raket və top atəşinə tutulması adi hal olmuşdu. Burada evlərin dağıdıldığı və
yandırıldığı, bütöv kəndlərin
viran qoyulduğu, Naxçıvan Muxtar Respublikasının Kərki
kəndinin sakinlərinin zorakılıqla qovulduğu və kəndin
Ermənistan tərəfindən ilhaq edildiyi qeyd olunurdu.
Vurğulanırdı ki, Ermənistandan DQMV-ə çoxlu
terrorçu quldur dəstələri göndərilir, onlar
adamları qətlə yetirir, soyğunçuluq edir, evlərə
od vururlar. Məlum olurdu ki,
erməni silahlı dəstələrinin basqınlar
zonasına DQMV ərazisindən savayı, respublikanın on bir
rayonu və Naxçıvan Muxtar Respublikası da daxil idi.
Respublikanın sərhədyanı zonasının hər
yerində yaşayış məntəqələri Ermənistan
tərəfdən top atəşinə tutulurdu. Yaxşı təlim görmüş quldur dəstələri
SSRİ Daxili İşlər Nazirliyi daxili
qoşunlarının, sovet ordusu əsgər və zabitlərini
tərksilah edirdilər. Ölkə rəhbərliyi
isə qanunsuz yaradılmış silahlı dəstələrin
tərksilah edilməsi üçün uzun müddət tədbirlər
görməmişdi.
1988-1989-cu
illər ərzində Ermənistandan azərbaycanlı əhali
əsrlər boyu yaşadığı ərazidən qəddarcasına
qovulmuşdu. Azərbaycanlılar kütləvi surətdə
qovulub çıxarılarkən onların bir çoxu qətlə
yetirilmiş, qış vaxtı neçə-neçə
qaçqın dağlarda soyuqdan ölmüşdü. Ermənistanda bir nəfər də azərbaycanlı
qalmamışdı. Erməni
yaraqlıları Dağlıq Qarabağ Muxtar Vilayətində
də xeyli azərbaycanlını evlərindən qovmuşdu.
Azərbaycanda isə ermənilər
yaşayır və işləyirdilər. Belə şəraitdə ermənilərin həyatı
üçün azərbaycanlılar deyil, erməni quldur dəstələri
təhlükə törədir, onları girov vəziyyətinə
salırdılar. Qanunsuz
yaradılmış silahlı dəstələrin tərksilah
edilməsi haqqında SSRİ prezidentinin fərmanına Ermənistan
rəhbərliyi açıq-açığına
etinasızlıq göstərirdi.
Ermənistan
Azərbaycan ərazilərinin bir hissəsini işğal etmək
niyyətini ümumittifaq və dünya ictimaiyyətindən
gizlədirdi. Təcavüz, terror və zorakılıq hərəkətləri
Ermənistanda dövlət siyasəti səviyyəsinə
qaldırılmışdı. Azərbaycan
Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini
Ermənistana birləşdirmək haqqında Ermənistan Ali
Sovetinin qanunsuz, konstitusiyaya zidd qərarı ləğv edilməmişdi.
Azərbaycan tərəfi SSR İttifaqından
konstitusiyaya sadiq qalaraq hər bir respublikanın, o cümlədən
Azərbaycanın ərazi bütövlüyünün təmin
olunmasını tələb edirdi. Qərarda
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi
olduğu bir daha bəyan edilir, "Dağlıq Qarabağ
problemi" adlandırılan problemin Azərbaycan
Respublikasının konstitusiyası əsasında həll ediləcəyi
bildirilirdi.
Bununla
bağlı olaraq Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət
Heyətinin qəbul etdiyi qərarda deyilirdi:
"1.
SSRİ xalq deputatlarının növbədənkənar
qurultayının çağırılmasına dair məsələ
qaldırmaq haqqında" Ermənistan Respublikası Ali
Sovetinin qərarı suveren dövlət olan Azərbaycan
Respublikasının daxili işlərinə kobud müdaxilə
sayılsın və bununla əlaqədar olaraq Azərbaycan
Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti
haqqında məsələyə baxmağa SSRİ Ali Sovetini
yenidən vadar etmək və SSRİ xalq deputatlarının
buna dair növbədənkənar qurultayını
çağırmaq üçün göstərilən hər
hansı cəhdə qarşı qəti etiraz bildirilsin.
2. SSRİ
Konstitusiyasının 81-ci maddəsinə əsasən
SSRİ prezidentindən və SSRİ Ali Sovetindən tələb
edilsin ki, Azərbaycan Respublikasına qarşı Ermənistan
Respublikasının təcavüzünə son qoymaq
üçün qəti tədbirlər görsünlər,
Ermənistanda qanunsuz yaradılmış silahlı dəstələrin
buraxılmasına və DQMV-ni Ermənistana birləşdirmək
barəsində Ermənistan Respublikası Ali Sovetinin
konstitusiyaya zidd qərarının ləğvinə nail
olsunlar".
Lakin
SSRİ rəhbərliyi Ermənistanın təcavüzünün
qarşısını ala bilmədi. Bu isə erməni
silahlı dəstələrini şirnikləşdirir və
basqınlarının artmasına rəvac verirdi. Belə
ki, Dağlıq Qarabağ regionunda hərbi əməliyyatları
genişləndirməklə yanaşı, Ermənistan
silahlı dəstələri 1988-ci ildən 1991-ci ilin sonunadək
Azərbaycanın Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Kəlbəcər,
Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə
silahlı hücum etmiş, 1249 kütləvi artilleriya atəşinə
tutmuşdular. Bunların nəticəsində
411 nəfər öldürülmüşdü.
Hücumlar Naxçıvan, Sədərək və Ordubad
istiqamətlərində də edilmişdi.
Belə
bir şəraitdə baş verənlərin nə qədər
təhlükəli olduğunu dərk edən mərkəzi
hakimiyyət müəyyən addımlar atdı. 1991-ci ilin aprelində SSRİ-nin
mərkəzi hüquq-mühafizə orqanları Dağlıq
Qarabağ regionundan kənarda, erməni silahlı qrupları tərəfindən
cinayətkar mərkəzə çevrilmiş Azərbaycanın
Xanlar rayonunun Çaykənd kəndində silahlı
qrupları həbs etdi. Məhz buradan qonşu kəndlər
və yollar mütəmadi olaraq bombardman edilir və top atəşinə
tutulur, yerli azərbaycanlı əhali qorxu və vahimə
içində saxlanılırdı. Qeyd etmək
lazımdır ki, 1989-cu ildən 1991-ci ilədək Çaykənddə
və ətraf ərazilərdə 54 nəfər yerli sakin erməni
silahlı dəstələri tərəfindən qətlə
yetirilmişdi. Çaykənd əməliyyatından bir
müddət sonra, 1991-ci il sentyabrın 8-də
A.Mütəllibov prezident seçildi.
Dünyada
və ölkədə baş verən obyektiv proseslərin təsiri
altında SSRİ-nin dağılması sürətləndi. 1991-ci il avqustun 19-da
M.Qorbaçovun devrilməsi məqsədi ilə edilən
çevriliş cəhdi iflasa uğradı. Dünya
birliyi və SSRİ xalqları çevrilişi müdafiə
etmədilər. Bundan sonra xarici işlər
naziri A.A.Bessmertnıx vəzifəsindən azad edildi. Avqustun 28-də xarici işlər naziri vəzifəsinə
Boris Pankin təyin olundu. Noyabr ayında
Xarici İşlər Nazirliyinin əvəzinə SSRİ
Xarici Əlaqələr Nazirliyi yaradıldı. Xarici İqtisadi Əlaqələr Nazirliyinin
funksiyalarının bir hissəsi ona verildi. Noyabrın 19-da E.Şevardnadze yenidən xarici əlaqələr
naziri təyin edildi. Lakin SSRİ-nin
dağılması ilə həmin qərar yerinə yetirilmədi.
Çevriliş
cəhdinin boşa çıxması ölkənin
dağılmasını sürətləndirdi. Azərbaycan 1991-ci il
avqustun 30-da dövlət müstəqilliyinin bərpası
haqqında bəyannamə qəbul etdi. Ermənistan
isə sentyabrın 21-də müstəqillyini elan etdi. Həmin hadisələrə qədər əgər
Ermənistanın Azərbaycanın daxili işlərinə
qarışması və təcavüzü SSRİ tərkibində
iki müttəfiq respublika arasında baş verirdisə, bundan
sonra onun xarakteri dəyişdi.
(Ardı var).
Musa QASIMLI,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru,
professor
Ayna.- 2011.- 10 sentyabr.- S.19.