Alim Qasımov: Cavanlara qulaq asıram"

 

Eləsi var ki, xanəndənin əhvalını korlayır

 

Dünyanın dörd bir yanını qarış-qarış gəzən xalq artisti Alim Qasımov artıq uzaq səfərlərə adi baxdığını deyir. Sadəliyi mükəmməl ifası ilə tamaşaçısının qəlbində taxt-tac quran sənətkarı artıq bütün dünya dinləyir. Onun kimi dinlədiyi isə çox maraqlıdır. Bəzən deyirlər ki, Alim Qasımov hər oxuyanın ifasını bəyənmir. Lakin o, sadəliyini bir daha sərgiləyərək hər bir ifaçının sənətinə hörmətlə yanaşdığını söylədi:

"Bütün ifaçılara qulaq asıram. Eşitdiyim hər xalq musiqisindən özümə isə götürməyə çalışıram. Eləsi olur əhvalımı tamam korlayır, bu, başqa məsələdir. Amma hamıya, xüsusən cavanlara diqqətlə qulaq asıram. Mən muğamı öyrənəndə ustadlara müraciət etmişəm. Qədir Rüstəmov, Rübabə Muradova, Yavər Kələntərli hal əhli olan xanəndələrdir. Əvvəlki ustadların hərəsindən bir az sənət götürmüşəm. İndi muğam oxuyan cavanlar çoxdur. Kim yaxşı oxuyursa, onun ifasına hamı əl çalır, o cümlədən mən".

Alim Qasımov barədə səslənən fikirlərdə onun özünü Qədir Rüstəmova oxşatdığı deyilir. Bənzətmənin heçdən yaranmadığını deyən xanəndə belə bir fikir irəli sürdü:

"Qədir müəllim maraqlı insan olmaqla yanaşı, bir sənətkar kimi köləlikdən azad olmağa çalışır. Ola bilsin bizim oxşarlığımız buradan yaranır.

 Onun da özünəxas sənəti var. Vacib deyil ki, bir xanəndənin saatlarla lent yazısı olsun. Qədir Rüstəmov heç az da oxumayıb, amma yüz mahnı içində onun "Sona bülbüllər"ini eşidəndə gərək ayaq saxlayasan. Keçib getmək olmur, gərək o mahnının, ifanın enerjisini alıb sonra yoluna davam edəsən. Hər ifaçıdan nişanə qalan bir gül xalqın gülzarına çevrilir".

Söhbəti Alim Qasımovun qastrol səfərlərinə yönəldib bir məsələdən xəbər tutmaq istədik. Onun haqqında həm bunu deyirlər ki, xanəndə xaricdə məşhurlaşandan sonra Azərbaycanda qəbul olundu. Bu fikrə münasibətini bildirən Alim Qasımov bir qədər düşünüb sözünə davam etdi:

"Belə şey ola bilməz ki, ifaçı Azərbaycanda sevilməsin, dünyada bəyənilsin, sonra Azərbaycana qayıdanda hamı onu çox istəsin. Bu, bəlkə də başqa peşələrdə ola bilər, amma muğamda yox. Söz düşmüşkən, onu da deyim ki, qızım Fərqanə ilə birgə "Leyli və Məcnun"dan ifa etdiyimiz parçalar tərəddüdlə qarşılanmışdı. Amma sonradan qəbul olundu. Tarix boyu belə hadisələrə çox rast gəlinib. Bəzən sənətkar dünyasını dəyişəndən sonra onun hansısa əsərinin əslində çox mükəmməl olduğu ortaya çıxıb. Bu cür yanaşmalara normal baxıram. Xatırladım ki, sözügedən milli operadan yazılan ayrı-ayrı parçalar xaricdə lentə alınmışdı. Bu yaxınlarda onu bir az genişləndirmək istəyirik. Fikirləşirəm ki, operadan müəyyən səhnələr ifa olunsun və arada müxtəlif musiqilər səslənsin. Hələ ki, bu layihə üzərində çalışırıq. Bəzən deyirlər ki, bu ifanı niyə dövlət teatrında göstərmirsiniz? Xatırladım ki, mən Opera və Balet Teatrında eyni adlı tamaşada çıxış etmişəm. Sadəcə, son illər mən teatr çərçivəsində deyil, sərbəst çalışıram. Bir çox layihələri öz ideyamla həyata keçirmişəm. Bu da həmin qəbildəndir. Qismət olsun, gələcəkdə bu kimi bir sıra işlər görməyi planlaşdırmışıq".

 

 

Z.Rüstəm 

 

Ayna.- 2011.- 10 sentyabr.- S.20.