"Yaradıcılıq
illərim filmlərin kasad vaxtına təsadüf
etdi"
Nicat
Kazımov istedadının görünməyən tərəfindən
danışdı
Gənc
Tamaşaçılar Teatrında 21 ildir
çalışan aktyor Nicat
Kazımovu son illər rejissor
kimi də təqdim edirik.
Sənətçi rejissorluğa
başlamasını təsadüfi sayır. Söhbətinə
yaradıcılıq yolunun ilk pilləsindən başlayan
aktyor deyir:
- Hər
şey təsadüfün nəticəsidir.
Hələ 1989-1990-cı illərdə xalq
artisti Lütfi Məmmədbəylinin
xalq teatrında dərnəyinə gedirdim. Hər zaman deyirdi ki, mən Gənc
Tamaşaçılar Teatrının aktyoruyam.
Əvvəllər bu söz
pisimə gəlir, onun sözündən
alınırdım. Sonralar həmin teatrda "Ərizə" tamaşasına
baxdım və çox xoşuma
gəldi. Elə o zamandan
məni oraya dəvət etdilər. "Romeo və Cülyetta"
tamaşasında baş rola
dəvət aldım. 17-18 yaşında gənc olaraq bu rolda
oynamağı çox istəyirdim. Ancaq müəyyən səbəblərdən
o tamaşa
alınmadı, buna baxmayaraq,
həmin teatrda qalası oldum.
Tamaşaların məşqində olurdum,
ancaq tamaşalarda
oynamırdım. Teatrın əvvəlki direktoru
Kamal Əzizov məni yanına
çağırdı ki, buradan
maaş alırsan, ancaq
tamaşalarda oynamırsan. Bunun
cavabında isə "burada rejissor tanımıram", - dedim.
Təbii ki, bu da gəncliyin şıltaqlığından
irəli gəlirdi. Bəxtiyar Xanızadə,
Vaqif Əsədov və teatrın direktoru oturub söhbət
etdik. Səhəri gün isə Pantomima Teatrı
açıldı. Sonra isə bir müddət orada
çalışdım. 1996-cı ildə həmin teatrdan
çıxdım. O zaman televiziyada aparıcı kimi
çalışırdım. Daha sonra yaradıcılıq
işlərimdə 4-5 ay fasilə oldu. Bir müddətdən
sonra yenidən Gənc Tamaşaçılar Teatrına
qayıtdım. Elə o zamandan da rejissor olaraq
çalışıram.
-
Aktyorluq fakültəsini bitirmişsiniz. Rejissor kimi
çalışmaq həvəsi necə yarandı?
- Deyim ki, ikinci dəfə teatra
qayıdanda direktor məni işə götürmək istəmirdi.
Heç vaxt rejissor arzusunda olmamışam. Direktora təklif
etdim ki, tamaşa hazırlayıb təhvil verəcəm, əgər
xoşunuza gəlməsə, haqqımda istənilən qərarı
verin. 1 həftə mənə vaxt verildi. O zaman
"Tıq-tıq və tuk-tuk" tamaşasını
hazırladım. Həmin gündən də məni işə
götürdülər. Uzun zaman aktyor ştatında
qaldım. 6-7 il olar ki, rejissor olaraq ştatdayam. Bununla
yanaşı, həm də aktyor kimi işlərim var.
Dünyanın ən məşhur rejissorları da peşələrinə
məhz aktyorluqdan başlayıblar. Aktyorluğu bacarmayan,
aktyorluğun bütün sirlərini bilməyəndən
rejissor olmaz.
- Aktyor, rejissor, dublyaj - hamısı bir arada çətin
deyil ki?
- Bütün bunlar rejissuranın qollarıdır. Aktyor, rejissor, dublyaj
və eyni zamanda yazdığım pyeslər - "Ələddinin
sehrli çırağı",
"Tıq-tıq xanım"
kimi səhnələşdirdiyim
pyeslər teatr tamaşalarında oynanılır.
Aktyor rəqs etməyi, oxumağı da bacarmalı, plastikadan anlayışı olmalıdır.
Görünməyən tərəfim isə
tikişi bacarmağımdır.
Tamaşalara kostyum hazırlandığı
zaman bütün aksessuarlara özüm diqqət yetirirəm.
- Son vaxtlar ekran həyatı
görən filmlərdə
aktyor oyununuza rast gəlinmir. Kino həyatına qatılmırsız?
- Filmlər azdır. Sonuncu çəkildiyim 3 il əvvəlki "Sirat körpüsü", "Daş
atan" filmi olub. Yaradıcılıq illərim filmlərin kasad vaxtına təsadüf etdi. Daha çox teletamaşalara çəkildim.
Ən çox sevdiyim işlər də məhz dövlət televiziyasında
çəkilən tamaşalardır.
"Mən sənin dayınam" buna misal göstərilə bilər.
- Rejissor olaraq film çəkmək istəyiniz
olub?
- Belə təklif olub. Ancaq özümü hələ buna hazır saymıram. Kameranın qarşısında
dayanmağı nə
qədər gözəl
bacarsam da, arxasında bir o qədər naşıyam.
Əgər mən bir işi görürəmsə,
o, mütləq təqdirəlayiq
olmalıdır.
- Mətbuatda səs-küyə səbəb
olan teatrın baş rejissoru Cənnət Səlimova ilə iş münasibətiniz necədir?
- Atam rəhmətə
getdikdən sonra gözümdə hər şey dəyişdi. Anladım ki, bu dünyada heç nə dava-dalaşa dəymir. Ümumiyyətlə, hər
zaman özümə deviz götürmüşəm
ki, "Yaxşılıq
etməyi bacarmıramsa,
pislik etməyim". İndi Cənnət xanımla münasibətlərimiz
normaldır, heç bir intriqadan söz gedə bilməz. Sadəcə, ola bilər ki, yaradıcılıqda bəzi nüansları bəyənməyək.
- Eşitmişik bir vaxtlar sizə teatrda tamaşalara quruluş vermək yasaq edilibmiş...
- Bəli. Münasibətlərimiz normallaşandan
sonra mənə "Yatmış gözəl"i
verdi. Hətta yeni teatr mövsümündə
yeni tamaşa da verilir. Sadəcə,
öyrənmişəm ki,
öz istədiyim əsərlərə müraciət
edim, Cənnət Səlimova isə öz istədiyi əsərlərə üstünlük
verir. Bu məsələlərdə
fikirlərimiz üst-üstə
düşməyə bilər.
- Belə bir deyim
var ki, Gənc
Tamaşaçılar Teatrının
aktyorları qocalmır. Siz necə düşünürsünüz?
- Əslində aktyor daxilən heç
vaxt qocalmamalıdır. Qocalan aktyor artıq aktyor deyil. 80-90
yaşı olsa belə, daxilən uşaq qalmalıdır.
İstər Milli Akademik Dram Teatrının aktyoru, istər Gənc
Tamaşaçılar Teatrının aktyoru, istərsə də
Kukla Teatrının aktyoru olsun.
-
Eşitmişik övladlarınızın tamaşalarda
oynamasına baxmayaraq, gələcəkdə onların aktyor
olmağını istəmirsiniz. Səbəb?
- Cənnət xanımın xahişi ilə
birinci dəfə böyük oğlum Mirsənan "Məkkəyə
gedən yol" tamaşasında oynayıb.
Övladlarımın hər ikisinin aktyorluğa böyük həvəsi
var. Buna baxmayaraq, Azərbaycanda aktyor olmalarını istəmirəm.
Keçdiyim çətin yolları istəmirəm ki, onlar da
keçsin. Aktyor məvacibi ilə dolanmaq çox çətindir.
Misal olaraq bu gün ailəmi saxlamaq üçün məcburən
bir çox sahələrdə işləyirəm. Bizim
aldığımız məvaciblə ailə saxlamaq
mümkün deyil. Doğrudur, övladlarımın
arxasında mən olacağam, baxmayaraq ki, mənim arxamda
heç kim olmayıb.
- Bu
yaşda səhnədə olması onları sənətə
bağlamayacaq ki?
- Artıq yavaş-yavaş bu istəklərini
söndürməyə, fikirlərini yayındırmağa
çalışıram. Uşaqlarımın heç birinin
aktyor olmasını istəmirəm. Əslində, atam da istəmirdi
ki, mən bu sənətə üz tutum. Amma qismətimə
aktyorluq yazıldı. Ona görə uşaqlar haqqında
çox uzun danışmaq istəmirəm. Bəlkə eyni
aqibət onları da gözlədi.
Xatun
Ayna.-
2011.- 17 sentyabr.- S.20.