Azərbaycanın müstəqilliyinin 20 ili: xarici siyasətin formalaşması (1991-2003)

 

(Ardı. Əvvəli 11, 18, 25 iyun, 2, 9, 16, 23, 30 iyul, 6, 13, 20, 27 avqust, 3, 10 sentyabr sayımızda)

 

Azərbaycan tərəfinin təkidləri Sov.İKP MK-nın milli siyasət şöbəsində öyrənildi və bəyənildi. Sov.İKP MK-ya şöbənin təqdim etdiyi arayışda Azərbaycan prezidentinin nəticələri əsaslı hesab edilirdi. Göstərilirdi ki, münaqişənin qarşısı alınmasa, o, Ermənistan ilə Azərbaycan arasında geniş miqyaslı toqquşmaya, Azərbaycanda hakimiyyət dəyişkənliyinə gətirərdi, Azərbaycan SSR Ali Sovetinin yeni milli tərkibi DQMV-nin ləğvi və ittifaq müqaviləsindən imtina haqqında qərarlar qəbul edə bilərdi.

Həmin təkliflər Sov.İKP MK katibliyinin 1991-ci il 17 yanvar tarixli iclasında müzakirə edildi. Qəbul edilən qərara görə, SSRİ vitse-prezidenti G.İ.Yanayev Azərbaycan prezidenti ilə ittifaq şurasının iclası zamanı görüşməli idi. Bu zaman SSRİ-də milli münasibətləri kəskinləşdirməyə və ölkəni dağıtmağa çalışan xarici qüvvələr fəallıqlarını daha da artırırdılar. Yaranmış vəziyyət Sov.İKP MK Siyasi Bürosunun 1991-ci il 30 yanvar tarixli iclasında müzakirə edilərkən Özbəkistan KP MK-nın birinci katibi İslam Kərimov respublikada islamçı qüvvələrin hakimiyyətə can atdığını diqqətə çatdırdı. Bildirdi ki, Daşkənd Orta Asiyadır. Daşkəndin partlaması bütün Orta Asiyanın partlaması deməkdir. İclasda çıxış edən A.Mütəllibov partiyanın hakim mövqelərini getdikcə itirdiyini, mübarizənin ağır olduğunu, iqtisadi vəziyyətin çətinliyini, kommunistlər arasında həmrəyliyin olmadığını dedi. Digər çıxış edənlər ziyalıların partiyadan uzaqlaşdıqlarını və müxalifətin hakimiyyəti ələ keçirmək istədiyini bildirdilər.

İclasda SSRİ-nin saxlanılması üçün referendum keçirilməsi haqqında qərar qəbul edildi. Lakin ölkədə referenduma birmənalı münasibət mövcud deyildi. Onun əleyhdarları Moskvada və ölkənin digər şəhərlərində mitinqlər keçirməyə başladılar. Bu zaman, 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Respublikası adı rəsmi olaraq qəbul edildi. SSRİ Daxili İşlər Nazirliyinin 1991-ci il 14 mart tarixli məxfi məlumatına əsasən, Moskvada keçirilən mitinqlərdə əhali SSRİ-nin saxlanılmasının əleyhinə səs verməyə çağırılırdı. Martın 17-də ölkədə referendum keçirildi. SSRİ-nin saxlanılması tərəfdarları üstünlük qazandılar. Azərbaycanda isə Naxçıvan Muxtar Respublikasında referendum keçirilmədi. Əhali səsverməni boykot etdi.

Belə bir şəraitdə Azərbaycanın Dağlıq Qarabağ regionunda azərbaycanlılara qarşı silahlı hücumlar ara vermirdi. SSRİ daxili işlər nazirinin birinci müavini İ.F.Şilov Sov.İKP MK-ya yazdığı 1991-ci il 14 mart tarixli məxfi məktubunda martın 14-də saat 8:30-da Əsgəran rayonunda naməlum şəxslərin Şuşada təşkilata məxsus avtobusu avtomat atəşinə tutduğunu, üç nəfər sərnişinin öldürüldüyünü yazırdı. Onların arasında məzuniyyətdən qayıdan sovet ordusunun qulluqçusu da var idi. Üç nəfər güllə yarası almışdı. Yaralıların ikisi xəstəxanaya yerləşdirilmişdi. Zərərçəkən altı nəfərin hamısı azərbaycanlı idi. İ.F.Şilov 1991-ci il martın 16-da Sov.İKP MK-ya göndərdiyi əlavə məlumatında ittifaq müqaviləsinin bağlanmasının əleyhinə Naxçıvanda mitinqlərin keçirildiyi, Sumqayıt, Ağstafa, Şəki və b. rayonlarda SSRİ-nin saxlanılması üçün keçiriləcək referendum əleyhinə aclıq aksiyalarının keçirildiyini yazırdı.

1991-ci il martın ortalarında SİTA sovet hökumətinin mövqeyini bəyan edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu bildirdi.

Aprelin 16-da G.Yanayevin yanında SSRİ daxili işlər naziri B.Puqo, müdafiə naziri D.Yazov, DTK sədrinin müavini A.Aqeyev, daxili qoşunların komandanı Y.Şatalin, Azərbaycan prezidenti A.Mütəllibov və Azərbaycan KP-nin ikinci katibi V.Polyaniçkonun iştirakı ilə keçirilən müşavirədə DQMV-də vəziyyəti normallaşdırmaq üçün konkret təkliflər - silahlı dəstələrin çıxarılması, Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasının qarşısının alınması və s. səsləndirildi.

SSRİ DTK sədrinin müavini A.Aqeyev hadisələri Ermənistanın qızışdırdığını birmənalı olaraq dedi. Müşavirədə DQMV-də vəziyyəti normallaşdırmaq barədə qərarlar qəbul edildi. Lakin M.Qorbaçov xarici təsirlər altında həmin tədbirləri həyata keçirməkdən intina etdi. Sovet rəhbərinin DQMV-dəki vəziyyətdən həm Ermənistanda, həm də Azərbaycanda möhkəmləndirmək üçün istifadə etmək istəkləri erməni tərəfini şirnikləşdirirdi.

Qəti tədbirlərin həyata keçirilmədiyini görən Ermənistan Azərbaycanın daxili işlərinə müdaxiləsini daha da genişləndirərək SSRİ xalq deputatlarının növbədənkənar qurultayının çağırılmasına dair müraciət etdi. Bu barədə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti 1991-ci mayın 5-də etiraz qərarı qəbul etdi. Qərarda Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və ermənilər yaşayan digər məntəqələri barəsində məsələni müzakirə etmək üçün "SSRİ xalq deputatlarının növbədənkənar qurultayının çağırılmasına dair məsələ qaldırmaq haqqında" Ermənistan Respublikası Ali Sovetinin qərarı Azərbaycanın daxili işlərinə kobud müdaxilə, SSRİ konstitusiyasının 76-cı maddəsinə zidd qərar, regionda vəziyyəti yenidən kəskinləşdirmək, erməni və Azərbaycan xalqları arasında düşmənçiliyi qızışdırmaq, bu çirkin işə yenidən ittifaqın hakimiyyət orqanlarını cəlb etmək cəhdi hesab edilirdi. Göstərilirdi ki, dördüncü ildir, Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibə aparır silahlı quldur dəstələri Azərbaycanın sərhədyanı kəndlərinə basqınlar edir, dinc sakinləri, SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlarının və sovet ordusunun əsgər və zabitlərini, respublikanın hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürürlər. Azərbaycanın yaşayış məntəqələrinin raket və top atəşinə tutulması adi hal olmuşdu. Burada evlərin dağıdıldığı və yandırıldığı, bütöv kəndlərin viran qoyulduğu, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin sakinlərinin zorakılıqla qovulduğu və kəndin Ermənistan tərəfindən ilhaq edildiyi qeyd olunurdu. Vurğulanırdı ki, Ermənistandan DQMV-ə çoxlu terrorçu quldur dəstələri göndərilir, onlar adamları qətlə yetirir, soyğunçuluq edir, evlərə od vururlar. Məlum olurdu ki, erməni silahlı dəstələrinin basqınlar zonasına DQMV ərazisindən savayı, respublikanın on bir rayonu və Naxçıvan Muxtar Respublikası da daxil idi. Respublikanın sərhədyanı zonasının hər yerində yaşayış məntəqələri Ermənistan tərəfdən top atəşinə tutulurdu. Yaxşı təlim görmüş quldur dəstələri SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlarının, sovet ordusu əsgər və zabitlərini tərksilah edirdilər. Ölkə rəhbərliyi isə qanunsuz yaradılmış silahlı dəstələrin tərksilah edilməsi üçün uzun müddət tədbirlər görməmişdi.

1988-1989-cu illər ərzində Ermənistandan azərbaycanlı əhali əsrlər boyu yaşadığı ərazidən qəddarcasına qovulmuşdu.

Azərbaycanlılar kütləvi surətdə qovulub çıxarılarkən onların bir çoxu qətlə yetirilmiş, qış vaxtı neçə-neçə qaçqın dağlarda soyuqdan ölmüşdü. Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdı. Erməni yaraqlıları Dağlıq Qarabağ Muxtar Vilayətində də xeyli azərbaycanlını evlərindən qovmuşdu. Azərbaycanda isə ermənilər yaşayır işləyirdilər. Belə şəraitdə ermənilərin həyatı üçün azərbaycanlılar deyil, erməni quldur dəstələri təhlükə törədir, onları girov vəziyyətinə salırdılar. Qanunsuz yaradılmış silahlı dəstələrin tərksilah edilməsi haqqında SSRİ prezidentinin fərmanına Ermənistan rəhbərliyi açıq-açığına etinasızlıq göstərirdi.

Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal etmək niyyətini ümumittifaq dünya ictimaiyyətindən gizlədirdi. Təcavüz, terror zorakılıq hərəkətləri Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirmək haqqında Ermənistan Ali Sovetinin qanunsuz, konstitusiyaya zidd qərarı ləğv edilməmişdi. Azərbaycan tərəfi SSR İttifaqından konstitusiyaya sadiq qalaraq hər bir respublikanın, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edirdi. Qərarda Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha bəyan edilir, "Dağlıq Qarabağ problemi" adlandırılan problemin Azərbaycan Respublikasının konstitusiyası əsasında həll ediləcəyi bildirilirdi.

Bununla bağlı olaraq Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin qəbul etdiyi qərarda deyilirdi:

"1. SSRİ xalq deputatlarının növbədənkənar qurultayının çağırılmasına dair məsələ qaldırmaq haqqında" Ermənistan Respublikası Ali Sovetinin qərarı suveren dövlət olan Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə sayılsın və bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında məsələyə baxmağa SSRİ Ali Sovetini yenidən vadar etmək və SSRİ xalq deputatlarının buna dair növbədənkənar qurultayını çağırmaq üçün göstərilən hər hansı cəhdə qarşı qəti etiraz bildirilsin.

2. SSRİ Konstitusiyasının 81-ci maddəsinə əsasən SSRİ prezidentindən və SSRİ Ali Sovetindən tələb edilsin ki, Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzünə son qoymaq üçün qəti tədbirlər görsünlər, Ermənistanda qanunsuz yaradılmış silahlı dəstələrin buraxılmasına və DQMV-ni Ermənistana birləşdirmək barəsində Ermənistan Respublikası Ali Sovetinin konstitusiyaya zidd qərarının ləğvinə nail olsunlar".

Lakin SSRİ rəhbərliyi Ermənistanın təcavüzünün qarşısını ala bilmədi. Bu isə erməni silahlı dəstələrini şirnikləşdirir və basqınlarının artmasına rəvac verirdi. Belə ki, Dağlıq Qarabağ regionunda hərbi əməliyyatları genişləndirməklə yanaşı, Ermənistan silahlı dəstələri 1988-ci ildən 1991-ci ilin sonunadək Azərbaycanın Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə silahlı hücum etmiş, 1249 kütləvi artilleriya atəşinə tutmuşdular. Bunların nəticəsində 411 nəfər öldürülmüşdü. Hücumlar Naxçıvan, Sədərək və Ordubad istiqamətlərində də edilmişdi.

Belə bir şəraitdə baş verənlərin nə qədər təhlükəli olduğunu dərk edən mərkəzi hakimiyyət müəyyən addımlar atdı. 1991-ci ilin aprelində SSRİ-nin mərkəzi hüquq-mühafizə orqanları Dağlıq Qarabağ regionundan kənarda, erməni silahlı qrupları tərəfindən cinayətkar mərkəzə çevrilmiş Azərbaycanın Xanlar rayonunun Çaykənd kəndində silahlı qrupları həbs etdi. Məhz buradan qonşu kəndlər və yollar mütəmadi olaraq bombardman edilir və top atəşinə tutulur, yerli azərbaycanlı əhali qorxu və vahimə içində saxlanılırdı. Qeyd etmək lazımdır ki, 1989-cu ildən 1991-ci ilədək Çaykənddə və ətraf ərazilərdə 54 nəfər yerli sakin erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmişdi. Çaykənd əməliyyatından bir müddət sonra, 1991-ci il sentyabrın 8-də A.Mütəllibov prezident seçildi.

Dünyada və ölkədə baş verən obyektiv proseslərin təsiri altında SSRİ-nin dağılması sürətləndi. 1991-ci il avqustun 19-da M.Qorbaçovun devrilməsi məqsədi ilə edilən çevriliş cəhdi iflasa uğradı. Dünya birliyi və SSRİ xalqları çevrilişi müdafiə etmədilər. Bundan sonra xarici işlər naziri A.A.Bessmertnıx vəzifəsindən azad edildi. Avqustun 28-də xarici işlər naziri vəzifəsinə Boris Pankin təyin olundu. Noyabr ayında Xarici İşlər Nazirliyinin əvəzinə SSRİ Xarici Əlaqələr Nazirliyi yaradıldı. Xarici İqtisadi Əlaqələr Nazirliyinin funksiyalarının bir hissəsi ona verildi. Noyabrın 19-da E.Şevardnadze yenidən xarici əlaqələr naziri təyin edildi. Lakin SSRİ-nin dağılması ilə həmin qərar yerinə yetirilmədi.

Çevriliş cəhdinin boşa çıxması ölkənin dağılmasını sürətləndirdi. Azərbaycan 1991-ci il avqustun 30-da dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul etdi. Ermənistan isə sentyabrın 21-də müstəqilliyini elan etdi. Həmin hadisələrə qədər əgər Ermənistanın Azərbaycanın daxili işlərinə qarışması və təcavüzü SSRİ tərkibində iki müttəfiq respublika arasında baş verirdisə, bundan sonra onun xarakteri dəyişdi.

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru,

professor     

 

Ayna.- 2011.- 17 sentyabr.- S.19.