"NATO ilə təhlükəsizlik sahəsində əməkdaşlıq strateji həddə qaldırılmalıdır"

 

Niyaz Yaqublu: "Hər hansı balans siyasətinin aparılması effektiv deyil"

 

Şirvan şəhərində 1969-cu ilin 28 noyabrında doğulub. 1993-cü ildə BDU şərqşünaslıq fakültəsini, 2009-cu ildə Ayova Universitetində (ABŞ) Visitng scholar proqramını (2009) bitirib. Hazırda BDU-da müəllim, Azərbaycan MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda elmi işçi, Odlar Yurdu Universitetində müəllim olaraq çalışır. "İnkişafa Baxış" Araşdırmalar Mərkəzinin sədridir. "Siyasi islam və onun ərəb ölkələrinin xarici siyasətinə təsiri" mövzusunda PhD dissertasiyası üzərində işləyir. Ərəb, ingilis, fars, rus, türk, tacik, dəri, cığatay və s. dilləri bilir.

 

"Ordunun Aynası" əlavəsinin budəfəki qonağı politoloq, "İnkişafa Baxış" Araşdırmalar Mərkəzinin sədri Niyaz Yaqubludur. Onunla regional təhlükəsizlik problemləri, Azərbaycan - NATO münasibətləri və s. mövzularda söhbət etdik.

- Azərbaycanın yerləşdiyi regionun təhlükəsizlik mühitini necə qiymətləndirirsiniz? Hansı təhdidlər və perspektivlər mövcuddur?

- Regional təhlükəsizlik mahiyyətinə görə beynəlxalq təhlükəsizliyin tərkib hissəsi olub konkret bölgədə hərbi, iqtisadi təhdidlər və digər amillərin, eləcə də həm ümumilikdə konkret regiona, həm də oradakı dövlətlərin suverenliyi və müstəqilliyinə xarici müdaxiləni, təcavüzü önləməklə bağlı durumun məcmusudur. Regional təhlükəsizlik eyni zamanda müvafiq bölgədəki ayrı-ayrı dövlətlərin, həmçinin bu bölgədə fəal olan beynəlxalq aktyorların millikorporativ maraqlarının uzlaşma səviyyəsi ilə də müəyyən olunan münasibətlər sistemidir. Bu baxımdan Azərbaycanın yerləşdiyi Güney Qafqaz subregionu, eləcə də bilavasitə qonşu olduğu Yaxın Şərq bölgəsi və Şərqi Avropadakı fəaliyyət teatrı kifayət qədər dinamikeyni zamanda konfliktlər üçün kifayət qədər həssaslığı ilə seçilir. Bu qeyri-stabil təhlükəsizlik matrisi bölgənin daxili aktyorlarının arasındakı müxtəlif sahələrdə inteqrasiya proseslərinin əsas maneəsi kimi dondurulmuş münaqişələrin həlli ilə yanaşı, yeni potensial münaqişə ocaqlarının çoxluğu ilə əlaqədardır.

Güney Qafqazda etnik münaqişələrin əsas iştirakçısı kimi Rusiyaonun strateji, hərbi müttəfiqi Ermənistan çıxış edir. Üç Güney Qafqaz ölkəsindən Gürcüstan və Azərbaycan arasında müəyyən mübahisəli məsələlərin olmasına baxmayaraq, hər hansı bir münaqişə xarakterli maraqlar toqquşması müşahidə olunmur. Lakin Ermənistan bölgənin bilavasitə iştirakçısı olmasına baxmayaraq, Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bu ölkənin qoşunlarının Güney Qafqazda iştirakını legitimləşdirir və bu qoşunları öz milli təhlükəsizliyinin başlıca qarantı kimi təqdim edir. Bu faktor Rusiyanın Azərbaycan torpaqlarında dolayı yolla hərbi iştirakını, Gürcüstan ərazisinin işğalı zamanı isə birbaşa hərbi müdaxiləsini təmin etmişdir.

Bu sadalanan məqamlar arasında bu bölgənin təhlükəsizlik perspektivində əsas təhdidin Rusiyanın regional münasibətlərə və özünün milli təhlükəsiziliyinə baxışı və məzmunundan irəli gəldiyi nəzərə çarpır.

Münasibətlərə aqressiv yanaşma və qaba güclə maraqların yeridilməsi kursu Rusiya üçün strateji planda uğur vəd etməsə də, bölgənin tam təhlükəsizlik mənzərəsinə başlıca təhdid olaraq qalır.

Eyni zamanda İranın Güney Qafqaz və Xəzər hövzəsi regionunda həm xarici, geosiyasi rakursdan, həm də Tehranın daxili siyasi durumundan qaynaqlanan yanaşmaları və siyasi kursu burada regional təhlükəsizliyin əsas təhdidlərindən biridir. Bu təhdid bir yandan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını uzatmaqda və bölgədə sabitliyin qurulmamasında maraqlı olan İranın Azərbaycanın güclənməsini rəsmi Tehranın özünün milli təhlükəsizliyi və ərazi bütövlüyünə başlıca təhdid faktoru hesab etməsindən, başqa yandan regiondakı daxili inteqrasiya proseslərinin bölgə ölkələrinin Qərb strukturlarına inteqrasiyasına müsbət təsir göstərəcəyinin NATO-nun sərhədlərinin onun şimal hüdudlarına dirənməsi kimi perspektiv vəd etməsindən irəli gəlir.

- Cənubi Qafqazda mövcud olan münaqişələr regionun təhlükəsizlik mühitinə necə təsir edir? Bu münaqişələrin həlli istiqamətində beynəlxalq təşkilatların rolu vacibdirmi? Nizamlanma prosesində hansısa irəliləyişlər varmı?

- Bayaq qeyd etdiyimiz kimi, regionun təhlükəsizlik mühitinin əsas təhdidləri mövcudpotensial münaqişə ocaqlarının həll perspektivlərinin sual altında olmasından doğur. Bu münaqişələr həll olunmadıqca yeni ocaqların ortaya çıxması qaçılmaz kimi görünür. Qarabağın işğalının davam etməsi, bu münaqişənin və işğal halının davam etməsi münaqişənin başlıca müəllifi kimi Rusiyanın, eləcə də Ermənistanın eynilə Qarabağın işğalı ssenarisi əsasında Gürcüstanın Cavaxetiya bölgəsində yeni milli münaqişə zonası yaratmaqla torpaqlara iddia və hərbi müdaxiləyə meyiletmə ehtimalını gücləndirir. Bu cür münaqişə potensialının diri saxlanılması bölgənin inkişaf perspektivlərini əngəlləməklə regional təhlükəsizliyin əsas elementi olan millətlər və fərdlərin tam inkişafının qarşısını alır. Bunun üçün beynəlxalq təşkilatların münaqişələrin nizamlanma prosesində effektiv mexanizmlərə malik olması və münaqişə tərəflərindən bərabər məsafədə olması başlıca şərtdir. Lakin göstərilən yanaşma zamanı milli təhlükəsizliyin keçilməz həddi olan ərazi bütövlüyünün şübhə altına alınmasına yol verilməməlidir. Bu baxımdan bölgədəki nizamlanma prosesinin yeganə uğurunun atəşkəs rejimlərini uzatma olması son məqsədə çevrilməməlidir. Status-kvodan çıxış edilərək münaqişə həllinə yanaşılması daha genişmiqyaslı hərbi münaqişənin bərpası ilə nəticələnə bilər. Münaqişələrin həllində təcavüzkarın təşviqi xətti ağır nəticələr verə bilər. Bunun acı təcrübəsini isə Avropanın 1938-ci ildə Sudetin Almaniya tərəfindən işğalı zamanı verdiyi güzəştlər ucbatından bütün bəşəriyyət II Dünya müharibəsi kimi böyük bir faciə yaşamışdır.

- Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə də NATO ilə təhlükəsizlik sahəsində əməkdaşlığının vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpası ərəfəsində və ondan sonra qarşılaşdığı ağır problemlər, eləcə də ərazisinin 20%-nin Ermənistan və Rusiya qüvvələri tərəfindən işğalı faktının özü, cənubdan İranın Azərbaycan dövlətinin siyasəti və milli təhlükəsizliyinə təhdidləri açıq müstəviyə çıxarması ölkəmizin strateji seçiminin Qərb strukturları ilə daha yaxın əməkdaşlıq yaratmaq məntiqini ortaya qoyur. Bu əməkdaşlığın mövcud sərt geostrateji reallıqlar qarşısında Azərbaycan üçün həyati əhəmiyyəti nəzərə alınmaqla NATO və digər əlaqədar qurumlarla təhlükəsizlik sahəsində əməkdaşlığın strateji həddə qaldırılması zəruridir. Bu zaman hər hansı balans siyasətinin aparılmasının effektiv olmaması diqqətdə saxlanılmalıdır.

- NATO ilə əməkdaşlıq sənədləri üzrə ölkədə siyasi, iqtisadi və hərbi islahatların aparılma prosesini necə qiymətləndirirsiniz?

- NATO ilə əməkdaşlıq sahəsində tələb olunan standartların siyasi, iqtisadi və hərbi sahədə tətbiqi ölkənin özünün idarəedilməsində müsbət nəticələr verə bilər. Həmin standartların tətbiqi və bu istiqamətdə islahatlara gedilməsi sırf strateji xətt kimi həyata keçirilməli, kampaniya mahiyyəti daşımamalıdır. Sadaladığınız hər üç istiqamət əslində yaxşı dövlət idarəetməsinin tərkib hissəni nəzərdə tutan islahatları əhatə etməlidir. Bu sahədə yarımçıq addımlar, özəlliklə hərbi sahədə NATO standartlarının sovet-rus standartları ilə yanaşı davam etdirilməsi ordunun idarə edilməsində problemləri dərinləşdirə bilər. Eyni zamanda təchizat sahəsində addımlar və strateji qərarlar və doktrinanın qəbulu da bir-biri ilə bağlı olduğu üçün bir tərəfdən NATO ilə əməkdaşlıq üzrə müqavilələrə tərəf olub, digər yandan bitərəflər hərəkatına qoşulmaqRusiyaya strateji planda yaxınlıq göstərmək balansdan çox "hamıya güzəşt" təsiri yaradacaq və dövlətin təhlükəsizlik gücünü və qabiliyyətini zəiflədəcək.

 İranın nüvə proqramı, ümumilikdə bu ölkənin hərbi və siyasi rəhbərliyinin fəaliyyəti regionun təhlükəsizliyinə necə təsir edir?

- İranın regionda fəaliyyəti onun qonşu dövlətlərlə birmənalı şəkildə problemlərin qabardılması ilə səciyyələnir. Təkcə Ermənistanla strateji əməkdaşlığa malik olan və Ermənistanın da öz milli təhlükəsizlik konsepsiyasında qeyd etdiyi kimi, onun varlığının təminatında həyati vacib əhəmiyyət daşıyan İranın digər qonşularına münasibətdə aqressiv, münaqişə yaratma xətti bu ölkənin dini-ideoloji doktrinaya deyil, ekspansiya xəttinə sadiq qalmasından qaynaqlanır. Nüvə proqramı doktrinası əslində Pəhləvilər dönəmində başlayan və İranın "böyük dövlət" olmaq planlarının tərkib hissəsidir. Milli siyasət və regional genişlənmə sahəsində Pəhləvi dövrünün xəttini davam etdirən "vilayəti-fəqih" rejimi indi dini kartla hərəkət etməklə bir yandan nüvə proqramı faktorundan təzyiq amili kimi yararlanır.

Yaxın Şərqdə Fələstin amilinə bölgəyə nüfuz məqsədilə əl atan Tehran Qafqazda müsəlman həmrəyliyini bir anlığa unudur və təzyiq siyasətinin əsas hədəfi kimi Azərbaycanı seçir. Bu xətt də əslində İranın daxili gərginliyini xarici siyasət müstəvisinə çıxarmaq istəyi ilə bağlıdır. Bölgədən kənar qüvvələrin Güney Qafqazda iştirakının əleyhinə siyasi kursu izləyən İran əslində Azərbaycanın Qərb strukturlarına inteqrasiyasına qarşı xətti ümumiləşdirilmiş şəkildə ifadə etməkdədir.

İranın nüvə proqramının qarşısının alınması Azərbaycanın da milli maraqlarının prioritetlərindən olmalıdır. Əlində nüvə silahı olan bir rejimin Şimali Azərbaycana qarşı açıq işğalçılıq kursu üçün qorxulu bir zəmin yaratmış olar. Bu baxımdan İranın bölgədəki təxribat və pozuculuq fəaliyyətinin qarşısının alınmasının ən yaxşı və səmərəli yolu Azərbaycanda dövlət strukturlarının qanunun üstünlüyünə əsaslanan fəaliyyətinin gücləndirilməsi olardı. Bu isə həm də NATO ilə əməkdaşlığı nəzərdə tutan islahatların həyata keçirilməsini nəzərdə tutur.

- Xəzərin təhlükəsizlik problemlərinin həlli perspektivlərini necə görürsünüz?

- Xəzərin hövzəsindəki təhlükəsizlük problemlərinin xarakteri sahilyanı dövlətlərin siyasi kursu ilə müəyyən olunur. Bu baxımdan Azərbaycan üçün karbohidrat ehtiyatları baxımından əhəmiyyətinə görə çox mühüm olan Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı məsələ İranın göstərdiyi cığal və öncədən bəlli olan barışmaz mövqeyi nəticəsində mübhəmlik pərdəsinə bürünür. Burada Türkmənistanın elan etdiyi tam bitərəflik xətti, eləcə də hövzədə hərbi sahədə onun tərəfindən hər hansı ciddi təhdidin törədilə biləcəyi mümkün olmadığından başlıca problem İranın mövqeyindən irəli gəlir.

İranın diplomatik idarəsinin, eləcə də bütünlüklə müxalif və ya hökumətdə təmsil olunmasından asılı olmayaraq, siyasi qüvvələrinin Xəzərin statusu məsələsinin həllini uzatmaqla istər dənizdə hərbi təzyiq göstərməklə, istərsə də bu vəziyyətin davamı kimi buradakı investisiya mühitini qeyri-sabit hala gətirməklə Qərb kapitalının bölgədə iştirakına qarşı müqavimət və Azərbaycanın müstəqilliyinin bərkiməsinə əngəl olmaq xəttini yürüdür.

Eyni zamanda, Xəzərdə hərbi qüvvələrin məhdudlaşdırılmasına dair müqavilələrin işləmədiyi Rusiya tərəfindən hövzəyə hərbi nəzarəti gücləndirmək planlarının intensivləşdirilməsinə səbəb olur ki, bu da bölgəni hərbi münaqişə üçün çox həssas edir. İranın bu dövlət formatında Xəzər dənizinin statusunun müəyyənləşdirilməsində heç bir məntiqi mövqe qoymayacağı aydın olduğu və Rusiyanın da bölgədə hərbi nəzarətini artırmaq meyillərini gücləndirdiyi üçün bu hövzədə təhlükəsizlik problemlərinin çox kövrək biçimdə gərginləşmə potensialının böyük olaraq qalacağı qaçılmaz görünür. Qərb təhlükəsizlik strukturlarının, eləcə də NATO-nun burada iştirakına qarşı İran və Rusiyanın həssaslığı Azərbaycanın strateji Qərbə inteqrasiya kursunda maneə olmamalıdır. Çünki qeyd etdiyim qüvvələrin regionda gücü yalnız beynəlxalq konyunkturun gedişindən asılı olaraq önəm kəsb edir və özlüyündə böyük və ya regional qüvvə olmaqdan uzaqlaşmaqdadır.

- Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq perspektivləri varmı? Qəbələ RLS-in Rusiyanın hərbi və siyasi marağı baxımından istifadə olunması Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab verirmi?

- Azərbaycanın KTMT ilə əməkdaşlığı bir dövlətin öz milli maraqlarının əleyhinə fəaliyyətinin bəlkə də dünyada ilk nümunəsi olardı. KTMT Rusiyanın maraqları üçün yaradılmış bir mexanizmdir. Burada yürüdülən siyasət Rusiyanın maraqlarının ifadəsidir və burada heç bir kollektiv qərardan söhbət getmir. Rusiya üçün vitrin xarakteri daşıyan bu qurum əslində postsovet məkanındakı planlarını yaratmaq üçündür. Bu siyasət Rusiyanın Ermənistanla əlbir şəkildə Azərbaycan torpaqlarının işğalına gətirib çıxarmış və Moskvanın Güney Qafqazda varlığının təminatı üçün başlıca məqamlardandır. Moskva Ermənistana özünün kreaturası və forpostu kimi istinad etməklə bölgədə hərbi gəlişmələrin müstəvisini də bu strateji əməkdaşlıq çərçivəsindən çıxara bilmir və belə bir niyyət də yoxdur. Bu baxımdan Qəbələ RLS-dən bərabər istifadə şərtlərinə əməl edilmədiyi (alınan informasiyanın bölüşdürülməsi), bu strateji obyektin Azərbaycan ərazisindən onun özünə qarşı istifadə ehtimalını da çox yüksəldir.

Ona görə də Azərbaycanın Rusiya himayəsindəki strukturların dayanıqlı olmamasını və milli maraqlarına qarşı olduğunu nəzərə alıb Moskvanın orbitindən uzaqlaşması milli təhlükəsizliyimizə böyük töhfə olardı.

- Azərbaycanın NATO ilə əməkdaşlıq perspektivlərini necə görürsünüz?

- Azərbaycanın NATO ilə əməkdaşlığının Bakı ilə bərabər Brüssel tərəfindən də qətiyyətli addımlar çərçivəsində gerçəkləşməsi mümkündür. Hər hansı bir dövlət müəyyən bir beynəlxalq qurumda təmsil olunarkən bu qurumda üzvlüyün onun maraqlarını necə müdafiə edəcəyi və milli təhlükəsziliyi baxımından hansı təminatlar verəcəyini götür-qoy edir. Bu baxımdan NATO-ya inteqrasiya Azərbaycanın milli təhlükəsizliyinə və ümumilikdə milli varlığına ciddi təhdidlər fonunda optimal görünür. Lakin NATO tərəfindən də Azərbaycanın, eləcə də Gürcüstanın ərazi problemlərinin həlli üçün işlək mexanizmlərin ortaya qoyulmaması, Rusiya ilə hərbi-strateji blokda olmasına baxmayaraq, Ermənistanla Azərbaycana eyni məsafə saxlanması, bundan əlavə, ermənilərə tərəfdaşlıq proqramları çərçivəsində daha artıq yardımlar yatırması Bakının Şimali Atlantika Alyansı ilə münasibətlərində əvvəlki dinamizmin olmamasına gətirib çıxaran amillər arasında dəyərləndirilə bilər. Bununla belə, bölgədə baş verən tarixi dəyişikliklər hər bir tərəfin özünün strateji seçimini etmək üçün aydın mənzərə verəcək. Bu zaman Azərbaycanın da NATO ilə əməkdaşlığı genişləndirmək üçün öz maraqlarından çıxış etməklə daha konkret addımlara gedəcəyi və alyansın da öz üzvlərinə dəstək üçün motivasiyanı gücləndirməklə bağlı yeni yanaşmalar və mexanizmlər ortaya qoyacağı ehtimal edilir.

 

 

Ayna.- 2011.- 17 sentyabr.- S.15.