NATO-nun
Strateji Konsepsiyası.
Hüquqi təhlil
Portuqaliyanın paytaxtı Lissabonda 2010-cu
ilin noyabrında keçirilmiş NATO üzv-dövlətlərinin
Zirvə Toplantısında alyans üçün yeni Strateji
Konsepsiya təsdiq edildi. NATO-nun
Strateji Konsepsiyası təşkilatın müvafiq dövr ərzində
fəaliyyətini istiqamətləndirən əsas sənəd
hesab olunur. Hüquqi qüvvə
baxımından bu sənədin NATO sənədləri
iyerarxiyasındakı yeri ilə bağlı tam
aydınlıq olmasa da, siyasi nüfuz baxımdan bu sənədin
yalnız Şimali Atlantika Müqaviləsindən (Vaşinqton
Müqaviləsi) geri qaldığı bildirilir. Yeni Konsepsiya növbəti onillik dövr
üçün nəzərdə tutulur. Bu
təhlildə NATO-nun 1999-cu ildə qəbul edilmiş Strateji
Konsepsiyası ilə müqayisə əsasında yeni sənəddə
əks olunan hüquqi əhəmiyyətli
məqamları, müşahidə
olunan meyilləri göstərməyə çalışmışıq.
Vaşinqton Müqaviləsinin
5-ci maddəsinə əsasən, müdaxilə halları
Yeni Konsepsiyada əks olunan ən
böyük dəyişikliklərdən biri Vaşinqton
Müqaviləsinin 5-ci maddəsinə əsasən,
alyansın üzv-dövlətlərini müdafiə/mühafizə
etmək üçün fəal hərəkətə
keçmək hüququnu şərtləndirən halların
kəmiyyət və keyfiyyətcə genişlənməsidir.
Belə ki:
- sənədin
girişində və
sənədin 5-ci maddəyə istinad
olunan digər hissələrində bu maddədə və Birləşmiş
Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin
51-ci maddəsində yazıldığı kimi,
"silahlı hücum" (armed attack) deyil,
"hücum" (attack) yazılıb. Bununla da
Konsepsiyanın özündə də təhlil edildiyi kimi, bu
anlayışın əhatəsinə silahlı hücum ilə
yanaşı, kiber hücum (12-ci bənd), enerji infrastrukturlarına
hücum (13-cü bənd), hətta iqlim dəyişikliyi, su
resurslarının azalması və s. kimi iqtisadi və ətraf
mühit yönümlü digər məhdudiyyət və ya
zorakılıqlar (15-ci bənd) daxil edilə bilər. Konsepsiyanın 4.a və 16-cı bəndlərində
də "silahlı hücum" əvəzinə
"hücum" yazılıb. 1999-cu il
Konsepsiyası NATO-nun 5-ci maddəyə əsasən yalnız
"təcavüz təhdidi" (threat of aggression) halında
müdaxiləsini ehtiva edirdi.
- Konsepsiyanın girişində "...bir-birini vətəndaşlarımızın
təhlükəsizliyinə qarşı yeni təhdidlər də
daxil olmaqla, hücumdan müdafiə etmək..." ifadəsi
alyansa özünün təfsir etdiyi istənilən təhdidə
qarşı əməliyyat aparmağa imkan verir. Bir tərəfdən "yeni təhdidlər"in əhatə
dairəsi Konsepsiyada göstərilmir, digər tərəfdən
sənəd NATO-nun istənilən vaxt və istənilən məkanda
əməliyyat apara biləcəyini ifadə edir. Fikrimizcə, "istənilən məkan" ifadəsi
BMT Nizamnaməsinin aşağıda izah edilən 52-ci maddəsinin
1-ci bəndinin müəyyən etdiyi məhdudiyyətlərlə
harmoniya tapmalıdır. Konsepsiyanın alyansın əsas
vəzifələrinin əks olunduğu 4.a. bəndində
"təcavüz təhdidi" ilə yanaşı,
"meydana gələn təhlükəsizlik
çağırışları" zamanı NATO-nun
müdaxiləsi qeyd olunur. Konsepsiyanın təhlili nəticəsində
bu yeni təhdid və ya çağırışları belə
təsnifləşdirmək olar: NATO və ya müttəfiq
dövlətlərinə qarşı ənənəvi
(silahlı) hücum, silahların yayılması, terrorizm, NATO
sərhədlərindən kənarda baş verən və
ekstremizmi, terrorizmi, silah, insan və narkotik vasitələrin
qaçaqmalçılığını gücləndirən
sabitsizliklər və münaqişələr, kiber hücum və
mühüm enerji infrastrukturlarına qarşı hücum,
NATO-nun planlaşdırma və əməliyyatlarına
maneçilik törədə bilən texnoloji inkişaf.
Müqayisə nəticəsində 1999-cu il Konsepsiyasında 5-ci maddəyə əsasən,
müdaxilənin şərtlərinin daha məhdud olduğu və
beynəlxalq hüququn rolunun daha çox
tanındığı qənaətinə gəlmək olar.
Belə ki:
- sənəddə
müdaxiləyə yalnız
"təcavüz təhdidi" və ya
"silahlı hücum" halında yol verilirdi;
- "təcavüz"
ifadəsi 5-ci maddədə
qeyd olunan silahlı hücumu tam əhatə edirdi;
- digər
hallarda, o cümlədən
terrorizm, sabotaj, mütəşəkkil cinayətkarlıq
hallarında 4-cü maddəyə əsasən məsləhətləşmə
nəzərdə tutulurdu. Bununla belə, 5-ci maddənin istinad
etdiyi BMT Nizamnaməsinin 51-ci maddəsinin dili "təhdid"
halında müdaxiləyə icazə vermir. Çünki bir
tərəfdən sülh və təhlükəsizliyə təhdidin
olduğunu yalnız BMT Təhlükəsizlik Şurası
(TŞ) müəyyən edə bilər, digər tərəfdən
isə Nizamnamənin 51-ci maddəsi yalnız silahlı
hücum baş verdiyi təqdirdə müdaxiləyə icazə
verir.
Bir sözlə, beynəlxalq hüquq alimləri
arasındakı fikir ayrılıqlarına rəğmən,
51-ci maddənin mətninin literal təfsiri ilkin
özünümüdafiə (preemptive self defence) hüququnu
istisna edir. NATO və BMT TŞ Konsepsiyada NATO BMT
Nizamnaməsinin prinsip və məqsədlərinə sadiq
qaldığını qeyd edir və sülh və təhlükəsizliyin
təmin edilməsində Təhlükəsizlik
Şurasının əsas məsuliyyətini təsdiq edir.
Bununla belə, BMT Nizamnaməsinin prinsip və məqsədlərinə
Nizamnamənin VIII bölməsinin də daxil olduğunun
müəyyənləşdirilməsi maraqlı ola bilər.
Belə ki, bu bölmədə aşağıdakı məqamlar
diqqət çəkir:
- Nizamnamənin 52-ci maddəsinin 1-ci bəndi NATO-ya yalnız
regional fəaliyyət üçün münasib olan sülh
və təhlükəsizlik tədbirlərinin həyata
keçirilməsi üçün mövcud olmağa icazə
verir;
- Nizamnamənin
53-cü maddəsinin 1-ci bəndində
regional təşkilatların TŞ-nin razılığı
olmadan əməliyyat apara bilməməsi qeyd olunur. Lakin
Konsepsiyada əməliyyatlar üçün TŞ-nin icazəsinin
alınmasının zəruri olduğu qeyd olunmur. 1999-cu il
Konsepsiyasında TŞ-nin rolu daha geniş tanınır və
TŞ-nin icazəsi ilə keçirilən əməliyyatlarda
NATO-nun iştirak arzusu ifadə edilir;
- Sənədin 4.c. bəndində
alyansın beynəlxalq təhlükəsizliyə töhfəsinin
3 yolu göstərilir: o başqa dövlətlərlə tərəfdaşlıq;
o silahlara nəzarət, yayılmama və tərksilaha töhfə;
o Avropa demokratiyaları üçün açıq qapı
siyasəti ilə. Bununla belə, sənəddə TŞ tərəfindən
mandat verilən əməliyyatlarda iştirak göstərilmir.
1999-cu il Konsepsiyasında da beynəlxalq sülh və təhlükəsizliyin
təmin edilməsində TŞ-nin əsas məsuliyyəti
tanınır. Avroatlantik məkanında təhlükəsizliyə
isə töhfə verdiyi qeyd olunur. Yeni Konsepsiya isə məkanından
asılı olmayaraq böhran, münaqişə və
situasiyaların qarşısının alınması
üçün NATO-nun BMT ilə yalnız birgə fəaliyyətini
nəzərdə tutur.
Böhranlar - Prevention Sənəddə NATO
sərhədlərindən kənarda baş verən böhran
və münaqişələrin NATO-nun təhlükəsizliyinə
birbaşa təhdid yarada biləcəyi qeyd edilir.
Lakin qiymətləndirmənin hansı meyarlar əsasında,
kim tərəfindən aparılacağı qeyd olunmur.
Münaqişənin radiusuna gəlincə, bunun da digər
hissələrdə göstərildiyi kimi, istənilən məkan
ola biləcəyi qənaətinə gəlmək olar. NATO-nun
"zəruri hallarda" müdaxilə edə bilməsi ifadəsi
"mümkün hallarda" ifadəsinin hüquqi mandatı
deyil, NATO-nun özünün imkanını nəzərdə
tutduğuna işarə vurur.
Konsepsiyanın 22-ci bəndi böhranların qarşısının
alınması üçün
NATO tərəfindən beynəlxalq
mühitin monitorinqini və qiymətləndirilməsini
və müvafiq hallarda onların tam münaqişələrə çevrilməsinin
qarşısının alınması
üçün aktiv
müdaxiləni nəzərdə
tutur. Burada aktiv müdaxilə dedikdə həm də silah tətbiqi
ilə həyata keçirilən tədbirlər
başa düşülür.
Burada silahlı hücumun baş vermədiyi halda gücün tətbiqinin hüquqiliyi məsələsi ortaya çıxır. Belə ki,
qeyd edildiyi kimi, BMT Nizamnaməsinin
51-ci maddəsi yalnız
silahlı hücumun faktiki baş verdiyi halda özünümüdafiəyə
icazə verir. Bir sözlə, "gözlənilən"
və ya "ilkin" özünümüdafiəyə
yol verilmir.
NATO Tərəfdaşlığı
Yeni Konsepsiya
əvvəlki AATŞ, MD, İCİ kimi tərəfdaşlıq
mexanizmlərlə yanaşı,
"yeni tərəfdaşlar",
"dünya boyunca tərəfdaşlar" kimi
əlavə terminologiyaya
müraciət edir. Sözsüz
ki, bu yalnız
terminologiya məsələsi
deyil, söhbət tərəfdaşların coğrafiyasının
genişlənməsindən, daha doğrusu, tərəfdaşlığa coğrafi
məhdudiyyətin qoyulmamasından
gedir. Digər tərəfdən bu genişlənmənin yalnız kəmiyyət deyil, məzmun meyarı da vardır. Belə ki, sənəd böhranların aradan qaldırılmasında tərəfdaşlarla
daha yaxından işləmə, tərəfdaşların
iştirak etdiyi NATO əməliyyatlarının qurulmasında
tərəfdaşların iştirakı,
qlobal təhlükəsizliyin
təmin edilməsində
iştirakı, terrorçuluğun
qarşısının alınması,
enerji təhlükəsizliyi
sahəsində məsləhətləşmələrin
genişlənməsini nəzərdə
tutur.
Göründüyü
kimi, NATO-nun tərəfdaşlara
"məsləhətləşmək",
"daha yaxından işləmək", "NATO əməliyyatlarının qurulmasına
cəlb etmək" kimi imkanları verməsi onların qərar qəbul etmək prosesinə cəlb olunması, yəni səsvermə hüququ verilməsi demək deyildir. Tərəfdaşlara beynəlxalq təşkilatlarda
müşahidəçi statusuna
bənzəyən belə
bir statusun verilməsi anlaşılandır.
Daha vacib məsələ, başlıca məqsədi
yalnız öz üzvlərinin təhlükəsizliyini
təmin etmək olan NATO-nun daxili (28 dövlətin) qiymətləndirməsi
və qərarlarına
(xüsusən də bunlar əsasında başlanacaq əməliyyatlara)
tərəfdaşların bağlılığının
tərəfdaşlara verdiyi
təhlükəsizlik vədlərini
müəyyənləşdirməkdir.
Bu zaman NATO-nun beynəlxalq sülh və təhlükəsizliyin
təmin edilməsi üzrə məsul qurum olmadığı - məcburedici faktor, digər tərəfdən
NATO-nun öz tərəfdaşlarının
təhlükəsizliyinə təminat vermədiyi - həvəsləndirici faktor
nəzərə alınmalıdır.
Ərazi bütövlüyü
prinsipi 1994-cü ildə
qəbul olunmuş SNT
Çərçivə Sənədində
əks olunan əsas prinsiplərdən
biri olsa da, bu sənədə
qoşulan birinci dövlətlərdən olan
Azərbaycanın ərazi
bütövlüyünün bərpası üçün
NATO-dan bu günədək real addım
yoxdur. Halbuki Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən
işğalı zamanı
qəbul olunan BMT
TŞ-nin məlum qətnamələrində vəziyyətin
Avroatlantik məkana daxil olan bu
regionun sülh və təhlükəsizliyinə
təhlükə törətdiyi
qeyd edilir və bu vəziyyət
indiyə qədər
davam edir.
Nəticə
Konsepsiyada əks olunan müddəalar növbəti onillik ərzində NATO-nun fəaliyyət
istiqamətləri və
məkan radiusunun genişlənməsinin əsaslarını
müəyyən edir.
Bu, ilk növbədə Konsepsiyada 5-ci maddənin tətbiq dairəsinin genişlənməsi və
dərinləşməsi, o cümlədən hazırkı
beynəlxalq münasibətlər
sistemində meydana gələn və ya mövcud olan bir sıra
digər təhdidləri
də əhatə etməsi ilə izah edilə bilər.
Digər tərəfdən, Konsepsiyanın
təhlili NATO-nun qarşısına
qoyduğu bu və digər vəzifələri, o cümlədən
tək regional, Avroatlantik
deyil, bütün dünya boyunca böhranlar üzrə fəaliyyətinin (qarşısını
alma, idarə etmə və nəticələrini
aradan qaldırma) hüquqi baxımından avtonom şəkildə, lakin digər aidiyyəti faktorlarla, o cümlədən BMT ilə
birgə əməkdaşlıq
şəraitində quracağı
nəticəsinə gəlməyə
əsas verir. Sənəddə Vaşinqton Müqaviləsində
əks olunan mövqe bir daha təkrarlanaraq, NATO-nun
sülh və təhlükəsizliyin təmin
edilməsində BMT TŞ-nin
əsas məsuliyyətini
tanıdığı təsdiqlənir.
Qeyd: Bu məqalədə
əks olunan fikirlər müəllifin
şəxsi fikirləridir
və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ya Azərbaycan
Respublikasının NATO yanında
Nümayəndəliyinin rəsmi
mövqeyinin ifadəsi
deyildir.
Azad Aslanov
Ayna.- 2011.- 17 sentyabr.-
S.10-16.