Uşaqların səhvlərinə
qarşı səbirli olmaq lazımdır
Axı
insan səhvlər üzərində öyrənir
Uşaqlarda liderlik keyfiyyətinin
inkişafına erkən yaşlardan başlamaq tövsiyə
olunur. Çünki bu keyfiyyətlərin bir çoxunun təməli
körpəlik yaşlarında qoyulur. BDU psixologiya
kafedrasının dosenti Lalə Cabbarova hesab edir ki, lider
üçün zəruri olan təşəbbüskarlıq,
qətiyyətlilik, məqsədyönlülük, məsuliyyətlilik,
özünəinam və müstəqillik kimi xüsusiyyətlərin
formalaşdırılması əsasən mühit və tərbiyənin
psixoloji təsirləri ilə mümkün olur. Psixoloq bu məsələ
ilə bağlı mülahizələrini bizimlə
bölüşərkən dedi:
- Valideynin buna laqeyd yanaşması gələcəkdə
övladın taleyində həlledici rol oynaya bilir.
Uşağın nailiyyətinə böyüklərin
emosional şəkildə rəğbəti onda özünəinam
hissini, təşəbbüskarlığı artırır,
öz etdiyinə görə qürur hissi yaşamasını
şərtləndirir. Əksinə, uşağın nəticələrinə
laqeyd və ya mənfi münasibətə uşaq emosional
baxımdan neqativ yaşanır. Bu faktın özü isə
gələcəkdə onu hansısa təşəbbüslərdən
çəkindirərək, onda özünəinamsızlıq
formalaşdıra bilər. Özünəinam hissi zəif
olan uşaqlarda özünüqiymətləndirmə
aşağı, özünə tənqidi münasibət isə
yüksək səviyyədə olduğundan nədəsə
uğur qazanmaq, mübarizə aparmaq üçün onlar o qədər
cəhd göstərmirlər.
Hər
bir addımı, fəaliyyəti təşviq
edilən, tez-tez "Afərin!",
"Sən bunu düz
etdin!", "Bu səndə
çox yaxşı alındı!" kimi ruhlandırıcı ifadələr
eşidən uşaq daha
aktiv, özünəinamlı, cəsarətli
olur, qarşısına yüksək məqsədlər
qoya bilir. Lakin burada da, hər bir şeydə olduğu kimi, rəğbətləndirmənin yerində
və düzgün həddə işlədilməsinə
diqqət yetirilməlidir. Çünki özünü, öz
imkanlarını qeyri-adekvat, həddən
artıq çox yüksək qiymətləndirən
uşaqlarda da bəzən
arxayınçılıq hissi
formalaşır, müvəffəqiyyət qazanmaq
üçün lazımi səy göstərmirlər.
İnsan fəaliyyətinin əsasında
tələbatların durduğunu nəzərə
alaraq, uşaqda
aktivliyə, yüksək məqsədlərə tələbat
yaratmaq lazımdır. Yəni
uşaqdakı liderlik potensialını inkişaf etdirmək məqsədilə onun aktivliyi üçün şərait
yaradılmalıdır.
Uşaqlarda "Mən özüm" dövrü,
müstəqillik hissi 2-3 yaşdan
inkişaf etməyə başlayır. Bu vaxt uşaq
ətraf mühiti "özüm
yeyim", "özüm
edim", "özüm
baxım" və s. kimi
ifadələrlə sərbəst öyrənməyə cəhd
edir. Bu məsələdə
valideynin vəzifəsi uşağa
aktivlik üçün
təhlükəsiz şərait yaratmaqdır. Hiperhimayə
və yaxud onun sərbəstliyi
üçün kifayət qədər təhlükəsiz
şərait yaratmaq onda
qətiyyətsizlik, özünəinamsızlıq, tez-tez köməyə ehtiyac
hissi formalaşdırır ki, bu da
sonradan həmin uşaqda
asılılıq, tabelik mövqeyində
durmağa meyli artırır.
Valideynlərin
uşağa yalnız o
vaxt əl tutması tövsiyə olunur ki, uşaq
özü köməyə ehtiyac hiss etdiyini
bildirsin. Uşaq kiçik bir maneə ilə
rastlaşdıqda tez köməyə can atıb, onun yerinə nəyisə
etməyə cəhd etmək yaxşı deyil.
Bunun əvəzinə, onun
bu vəziyyətdən necə
çıxması üçün fikirlərini
soruşmaq, maneələrin dəfinə
cəhdlər göstərməsinin vacibliyini
ona anlatmaq daha məqsədəuyğundur.
Uşaqların səhvlərinə qarşı səbirli olmaq, onların sərbəst qərarlar verməsi,
öz fikirlərini irəli sürməsi
üçün mümkün
şəraitin yaradılması valideynlərə tövsiyə
olunur.
Hər
birimiz həyatda səhvlər üzərində
nəyisə öyrənirik. Buna görə
də həyatda ilk addımlarını atan insanın büdrəməsi,
yıxılması normal
qarşılanmalıdır. Burada ən əsası,
büdrəyən uşağı tez
qaldırıb ayaq üstünə qoymaq deyil, onun
yanında olub, özünün
durması, addım atması üçün
ruhlandırılmasıdır. Uşağı hər an səhvlərdən və onun
nəticələrindən qorumağa
çalışmaqdansa, onda
qarşıya çıxan maneələri dəfetmə, gördüyü işi sona çatdırması üçün
inadkarlıq, qətiyyətlilik təlqin etmək zəruridir.
Uşağın
arzularına, maraqlı fikirlərinə hörmətlə
yanaşılması da tövsiyə olunur. Burada valideynin əsas vəzifəsi
- uşağı öz arzu
və xəyallarını reallaşdırması üzərində
fikirləşməyə təhrik etmək, ona
istəklərini gerçəkləşdirmək üçün qarşıya real
məqsədlər qoymaq və bütün bunlara necə
nail olacağı ətrafında
düşündürməkdir.
Beləliklə,
liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün
valideyndən uşağa aciz,
daim köməyə ehtiyacı olan, heç nə bacarmayan kiçicik bir varlıq kimi deyil, formalaşmaqda olan, özünəxas keyfiyyətlərə
və zəngin potensiala malik
bir şəxsiyyət kimi
yanaşma tələb olunur. Burada
ən əsas məsələ - uşaqdakı potensialın
inkişafında ona dəstək olmaq, onda özünə,
öz bacarıq və qabiliyyətlərinə
inam hissi
formalaşdırmaqdır.
- Psixoloji
baxımdan uşaqların 6, yoxsa 7
yaşında məktəbə getməsi daha
düzgündür?
- Bu suala birmənalı cavab yoxdur. Bu, uşağın
sağlamlıq vəziyyətindən,
psixi inkişaf səviyyəsindən, ünsiyyət
vərdişlərindən asılıdır. Fiziki cəhətdən zəif,
müxtəlif somatik problemləri olan, tez-tez xəstələnən,
yorulan uşaqların
7 yaşdan tez məktəbə getməsi
məqsədəuyğun deyil.
Qarşıdakı bir
ildə valideyn bütün diqqətini uşağın sağlamlığını
möhkəmlətməyə, ehtiyac olarsa, loqopedə, psixoloqa müraciət etməklə
nitqinin inkişafına,
onun psixoloji cəhətdən məktəbə
hazırlığına yönəltməlidir.
Məktəbə hazırlıq
üzrə ixtisaslaşmış
müxtəlif dərnəklər,
klublar fəaliyyət
göstərir ki, həftədə bir neçə dəfə uşaqların burada iştirakı gələcəkdə
onların məktəbə
adaptasiyasında faydalı
ola bilər.
Bəzən belə fikirlərə rast gəlinir ki, uşaqların məktəbə qədər
hazırlığına, ona
həftənin, rəqəmlərin
və s. öyrədilməsinə
ehtiyac yoxdur. Onsuz da uşaq
bütün bunları
məktəbdə öyrənəcək
və ona belə şeyləri erkən öyrətmək
gələcəkdə dərsə
marağının zəifləməsinə,
"uşaqlığının əlindən alınmasına"
gətirib çıxarar.
Lakin qeyd etməliyəm ki, hazırda mövcud ibtidai təhsil proqramı uşaqların
minimum səviyyədə də
olsa, müəyyən
biliklərə malik olmasını tələb
edir. Hətta bəzi məktəb-liseylərdə
tədris proqramlarının
xüsusiyyətlərini nəzərə
alaraq, uşaqları xüsusi testlərdən keçirərək qəbul
edirlər. Buna görə
də, istənilən
halda, uşaqların məktəbə hazırlığı
məsələsinə diqqət
yetirilməsi zəruridir.
Lakin uşağa hansısa biliklər aşılanarkən onun yaş və psixoloji xüsusiyyətləri
nəzərə alınmalıdır.
Belə ki, məktəbəqədər yaşlı
usaqlara istənilən
biliklərin aşılanması
əsasən oyun formasında həyata keçirilməli və hər dəfə 10-15 dəqiqədən artıq
davam etməməlidir.
6 yaşından məktəbə gedən
uşaqların məktəbəqədər
hazırlıq proqramlarını
keçməsi zəruridir.
Yəni burada söhbət yalnız təlim proqramlarından deyil, eyni zamanda
sosial-psixoloji hazırlıqdan
da gedir. Uşaqların uşaq bağçalarına getməsi
önəmlidir. Burada
uşaq həm kollektivdə fəaliyyət
göstərməyi öyrənir,
həm də sosial rolların, cəmiyyətdə mövcud
qayda-qanunların mənimsənilməsi
baxımından da ilkin bilikləri, vərdişləri mənimsəyir.
Müşahidələr göstərir
ki, uşaq bağçalarından məktəbə
gələn uşaqlar
evdə ana, nənə, dayə tərbiyəsi görüb
məktəbə ayaq
basan uşaqlara nisbətən məktəb
mühitinə, qayda-qanunlarına
və kollektivə daha yaxşı adaptasiya olunur.
Valideynlərə tövsiyə olunur ki, uşağın hansı yaşdan məktəbə getməsi
ilə bağlı psixoloqla uşağın hazırlıq səviyyəsini
müəyyənləşdirdikdən və onun məsləhətini
aldıqdan sonra qərar qəbul etsinlər. Lakin valideyn əgər uşaqda erkən yaşlarından oxumağa,
yazmağa, xarici dillərə və s. maraq müşahidə edirsə, onu fiziki və
psixoloji baxımdan məktəbə hazırlıqlı hesab
edirsə, onun 6 yaşından məktəbə getməsi məsləhətdir.
- İnternetdən istifadənin
kiçikyaşlı uşaqların
psixikasına necə təsir göstərdiyi barədə
fikirlərinizi bilmək istərdik...
- Mətbuatda uşaqların texnikaya, kompüterə həddən çox meyil
göstərməsi nəticəsində onların ünsiyyət
sferasında, sağlamlığında ciddi problemlər
yaranması ilə bağlı mülahizələrə rast gəlinir.
Əlbəttə, XXI əsr insanı
üçün kompüterdən istifadə, onun dərinliklərinə
varmaq qaçılmazdır. Məhz buna
görə də valideyn uşağın gələcəyini
düşünərək kiçik yaşlarından ona
kompüter alır, onu kurslara aparır və bunu faydalı
hesab edir. Lakin bu bəzən onunla nəticələnir
ki, kompüter uşağın əsas "ünsiyyət tərəfdaşına"
çevrilir və valideynlərilə, yaşıdlarıyla
ünsiyyətini əvəzləməyə başlayır.
Uşaq əksər vaxtını
"hissiyyatsız", "cansız" maşınla təklikdə,
kompüter oyunlarının fantastik aləmində, internet
labirintində keçirir. Buradan onun
"qazandıqları" isə, əksər hallarda
heç də ürəkaçan olmur.
Valideynlər internetə "bağlanan" uşaqlarının
yaşıdları ilə ünsiyyətdən
qaçdığını, onlarda kitab oxumağa meylin
azaldığını deyirlər.
Psixoloji tədqiqatlarda da, internetə hədsiz aludə olan
uşaqlarda aqressivliyə, zorakılığa meylin yüksək
olması, fantaziyalara, yaradıcılığa meylin zəifləməsi,
onlarda təfəkkürün analiz-sintez fəaliyyətinin
çətinliklə getdiyi müəyyən olunub. Ümumiyyətlə,
uşaqların məktəb yaşına qədər
kompüterdən istifadəsi məqsədəuyğun deyil. Əvvəla,
təcrübə onu göstərir ki, uşaqlar məktəb
dövründə kompüterdən istifadəni öyrəndikdə
belə yüksək nailiyyətlər əldə edə
bilirlər. Digər tərəfdən, 3-4 yaşından həddən
artıq kompüterdən istifadə edən uşaqların
böyüyəndən sonra bu müddət ərzində elə
bir şey öyrənmədiyinin şahidi oluruq.
Çünki erkən dövrdə uşağın əqli
qabiliyyətləri onu ətrafda, real həyatda baş verənlərdən
ayıran hansısa texnikanın köməyi ilə deyil, ətraf
mühitlə qarşılıqlı əlaqədə, onun
aktiv qavranılmasında inkişaf edir. Hansısa
informasiyanı uşağa aşılamaq üçün onu
kompüter arxasında oturtmaqdansa, əlindən tutub gerçək
həyatda onu göstərmək daha faydalı olar. Məsələn,
heyvanlar haqqında heyvanxanaya, bitkilər haqqında botanika
bağına və ya adi parklara gəzintiyə
çıxarmaq, mədəni inkişafı üçün
kukla teatrına apararaq, onunla gördüklərini müzakirə
etmək uşağın əqli qabiliyyətinin
inkişafı baxımından əvəzedilməz rol oynaya
bilər.
Valideyn unutmasın ki, uşağın normal psixi inkişafı üçün ünsiyyət
və kollektiv oyunlar, onunla gördükləri və
eşitdiklərini müzakirə
etmək faydalı olduğu qədər vacibdir. Belə ki,
internetdən nə qədər gözəl informasiyalar götürməsindən
asılı olmadan, uşağın inkişafı
və tərbiyəsində
valideynin təsirini, uşağın istiqamətləndirilməsini
heç bir texnika əvəz edə bilməz.
Hər yaşda olan uşaqların kompüterdən istifadəsinə
böyüklər tərəfindən
nəzarət olunmalıdır.
Onlara evdə, məktəbdə
kompüterdən istifadə
mədəniyyəti aşılanmalı,
müasir texnologiyalardan
sui-istifadənin nəticələri
haqqında bilgi verilməlidir. Bəzi hallarda
böyüklərin nəzarəti
altında, məhdud vaxt çərçivəsində
uşaqların kompüter
arxasında vaxt keçirməsinə imkan
vermək məqsədəuyğun
olardı.
- Yeniyetmələrlə ünsiyyətdə
hansı psixoloji məqamlar nəzərə
alınmalıdır?
- Yeniyetmə ilə ünsiyyətdə
bizim diqqət edə biləcəyimiz ən vacib məqam
- onların şəxsiyyətinə
hörmət göstərilməsi,
səbir və təmkinimizi qoruya bilmə bacarığımızdır.
Onların fikrinə hörmətlə
yanaşılması, vacib
məsələlərin, qərarların
qəbulunda fikirlərinin
nəzərə alınması
vacibdir. Bu yaşda onları biz hələ "uşaq"
adlandırsaq da, onlar özlərinə şamil olunan bu ifadə ilə
barışmaq istəmirlər.
Odur ki, onlarla ünsiyyətdə
"Sən hələ
uşaqsan!", "Sən
hələ belə şeyləri başa düşməzsən!", "Böyüyərsən, bilərsən!"
kimi ifadələrdən
qəti şəkildə
qaçmaq lazımdır.
Çünki bu ifadələr
onlarla ünsiyyətdə
potensial konfliktlərə
gətirib çıxara
bilir.
Əgər yeniyetmə sizə nə isə danışır və ya ürəyindəkiləri
deməyə çalışırsa,
ona diqqətlə qulaq asmaq lazımdır.
Onu qınamaq, danlamağa çalışmaq yolverilməzdir.
Yeniyetmə ailəsi tərəfindən
dəstəkləndiyinə əmin olmalı, ailəyə, valideynlərinə
arxalana bilməlidir.
Bunun üçün çox vacibdir ki, uşağın
hər probleminə qınayıcı tonla deyil, istiqamətləndirici
tərzdə yanaşasınız.
O hiss etməlidir ki, evdə onu sevir,
anlayırlar.
Əgər övlad-valideyn münasibəti artıq ciddi şəkildə pozulubsa, mütləq psixoloqa müraciət edin. Lakin bu zaman unutmayın ki, psixoloqun məsləhətinə yalnız
uşağın deyil,
sizin də ehtiyacınız var. Psixoloq
valideyn və uşaqla paralel işləməlidir. Əgər
siz də özünüzdə dəyişiklik
etməyə çalışmasanız,
bunun heç bir faydası olmaz..
Aynurə
Ayna.-
2011.- 17 sentyabr.- S.6.