Sağlam
ailə qurmaq istəyirsənsə...
Nikah
öncəsi tibbi müayinədən
keçmək məcburi olacaq
Belə bir düşüncə var ki, gələcək
nəslin sağlamlığının qayğısına
qalmaq üçün lazımi üsullardan istifadə qəbahət
deyil. Doğrudur, Orta Asiya ölkələrində nikahdan
öncə tibbi müayinə kimi məsələ aktual olmasa
da, gənclərin sağlamlığı barədə
onlardan formal məlumat tələb olunur. Qərb ölkələrində
məsələyə çox ciddi yanaşılır. Məsələn,
ABŞ-da nikahdan öncə qohum olub-olmamasından
asılı olmayaraq, qan analizi mütləqdir. Amma bütün
hallarda nikaha heç kim mane ola bilməz, həkim, sadəcə,
xəbərdarlıq edə bilər. Başqa bir AB ölkəsində
- Fransada bu məsələ artıq qanuniləşdirilib.
Ukraynada tibbi müayinədən
keçmədən evlilik rəsmən yasaqdır. Qanuna əsasən,
bəy və gəlin nikahdan öncə tibbi müayinədən
keçməli və öz səhhətləri barədə
bir-birlərinə mütləq bilgi verməlidir. Bu zaman
dövlət onların tibbi müayinəsi üçün
şəraiti təmin edəcək, müayinənin nəticələri
isə sirr kimi saxlanacaq və yalnız gənclərin özlərinə
açıqlanacaq. Nikah bağlayanlardan birinin öz səhhətinin
vəziyyəti barədə məlumatı gizlətməsi
nikahın etibarsız hesab edilməsi üçün əsas
ola bilər.
Bir çoxları belə fikirləşir
ki, ortada sevgi olduqdan sonra gənclərdə hər hansı xəstəlik
aşkarlansa belə, onlar sevgilərindən vaz keçməzlər.
Hətta məcburi müayinəni mümkün hesab etməyənlər
də var. Amma gələcək nəslin
sağlığı və artımı ilə bağlı
gün-gündən çoxalan problemlərin fonunda məsələnin
vacibliyi gözardı edilə bilməz. Ölkədə belə
bir qanun olmadığından günümüzdə həkimlər
müayinələrin vacibliyini yalnız məsləhət
şəklində çatdıra bilirlər. Mütəxəssislər
hesab edir ki, evlilikdən öncə aparılan müayinələr
gələcəkdə daha xoşbəxt ailənin təməlinin
qoyulmasına yardımçı olar.
Elə bu səbəbdəndir ki,
hazırda Ailə Məcəlləsinə əlavələr
və dəyişikliklər edilməsi müzakirə olunur. Əsas
diqqət isə ailə quran zaman nikaha daxil olan şəxslərin
vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı orqanlarına tibbi müayinədən
keçmələri haqqında arayış təqdim etməsinə
yönəlib.
Deyəsən, tezliklə Azərbaycanda
da nikaha daxil olan şəxslər məcburi tibbi müayinədən
keçiriləcək. MM Sosial siyasət komitəsinin üzvləri
hesab edirlər ki, nikaha daxil olan şəxslər bir-birlərinin
sağlamlıq vəziyyəti barədə məlumat əldə
etmək məqsədilə vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı orqanlarına tibbi
müayinədən keçmələri haqqında
arayış təqdim etməlidir. Nikaha daxil olan şəxslərin
tibbi müayinəsinin nəticələri barədə
peşə və xidməti fəaliyyəti ilə
bağlı məlumata malik olan şəxslər bu məlumatları
sirr olaraq saxlamalıdırlar.
Həmin şəxslər bu məlumatları
açıqlayacaqları halda, qanunvericilikdə müəyyən
olunmuş qaydada məsuliyyətə cəlb olunacaqlar.
"Hazırda mövcud qanunvericilikdə nikaha daxil
olanların sadəcə bir-birini məlumatlandırması ilə
bağlı müddəa var. Lakin təklif olunan dəyişikliklə
bu maddə ciddiləşəcək və icbari xarakter
daşıyacaq", - deyə MM Sosial siyasət komitəsinin
sədri Hadı Rəcəbli bildirir. Onun sözlərinə
görə, hazırda yalnız şizofreniya və ruhi xəstəliyi
olanların nikaha girməsi yasaqdır, lakin nəzərə almaq
lazımdır ki, cəmiyyət üçün bilərəkdən
xəstə uşaq dünyaya gətirmək özü də
cinayətdir. Hadı Rəcəbli əlavə etdi ki, əlavə
və dəyişikliklər qəbul olunarsa, mövcud
qanunvericilikdə olan müəyyən müddəalar daha da
ciddiləşəcək və inzibati xarakter alacaq.
Ailə
Məcəlləsinə olunan dəyişikliklərdə
bu var ki,
nikaha daxil olan şəxslərin tibbi
müayinəsi, ailə planlaşdırılması məsələləri
üzrə məsləhətlər tibb
ocaqlarında pulsuzdur. Qeyd
olunur ki, nikaha daxil olan
şəxslərdən biri özündə
müəyyən edilmiş xəstəlikləri
gizlətdikdə, digər tərəf nikahın etibarsız
sayılması tələbi ilə məhkəməyə
müraciət edə bilər.
Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi də müvafiq
qanunvericilikdə nikaha girənlərdən
tibbi arayış tələbi ilə
bağlı nəzərdə tutulan deklorativ normanın imperativ
norma ilə əvəzlənməsinin tərəfdarıdır.
Komitədə hesab edilir
ki, nikaha girənlərdən
ailə qurmazdan öncə tibbi arayış tələb
olunmalıdır. Qurumun
apardığı araşdırmadan məlum olub
ki, Fransada, Ukraynada və digər ölkələrdə nigaha girənlərdən tibbi
arayış tələb olunması icbaridir.
Komitə
tərəflərin nikaha girməzdən
öncə tibbi müayinədən
keçməsi və bu barədə vətəndaşlıq
vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələrinə
arayış təqdim etməsini labüd
sayır. Xatırladaq ki, məhz komitənin
təklifi əsasında Ailə Məcəlləsinə əlavə
və dəyişikliklərlə bağlı layihə
hazırlanıb.
Komitənin sədr müavini Aynur
Sofiyevanın bildirdiyinə görə, Azərbaycanda nikaha girən
şəxslərin tibbi müayinəsinin nəticəsi nikah
bağlamağa təsir etməyəcək. O qeyd edir ki, xəstəliklər
barədə tərəflərin bir-birini məlumatlandırması
Azərbaycan reallığı üçün daha uyğun
olardı. Sofiyevanın dediyinə görə, kənd yerlərində
insanlar bir-birlərini tanıdığı üçün
başqalarının onların xəstəliklərindən xəbərdar
olmasını istəməzlər:
"Ona görə də belə təklif
irəli sürülüb ki, tərəflər nikah
üçün müvafiq orqana (VVAQ) müraciət edəndə
tibbi müayinədən keçmələri barədə sənəd
təqdim etsinlər. Tərəflər xəstəliklər
barədə məlumatı üçüncü tərəfə,
yəni müvafiq icra hakimiyyəti orqanına deyil, bir-birlərinə
təqdim etməlidir. Nəticə isə heç vaxt nikah
bağlamağa mane olmur. Məqsəd odur ki, hər hansı xəstəlikdən
tərəflər məlumatlı olsun. Nəticədən
asılı olaraq tərəflər nikaha girib-girməyəcəklərinə
özləri qərar verəcəklər". Komitənin belə
bir təkliflə çıxış etməsinə bu
istiqamətdə aparılan araşdırmalar, quruma vətəndaşlar
tərəfindən müraciətlər və beynəlxalq təcrübə
səbəb olub. Sofiyeva qeyd edir ki, bu gün Azərbaycan ailələrində
bu sahədə ciddi problemlər var:
"Nikaha girənlər xəstəlikləri
barədə məlumatları gizlətdiyindən, nikah
dövründə ciddi problemlərlə
qarşılaşıblar. Belə ailələrin 80 faizi
uğursuz ailələr olub. Hətta yaxın qohumlar
arasında nikah bağlanır, amma tərəflər digərinin
xəstəliklərindən xəbərsiz olurlar. Müəyyən
xəstəliklər var ki, bunları gizlətmək
mümkün deyil. Qısa müddətdə onun fəsadları
üzə çıxır. Ailədə məişət
zorakılığı zəminində hadisələr baş
verir, xəstə uşaqlar doğulur".
Sofiyevanın sözlərinə görə,
ötən il komitə tərəfindən Azərbaycan ailələri
ilə bağlı aparılan araşdırmalarda respondentlərin
nikahdan öncə tərəflərin tibbi müayinədən
keçməsi ilə bağlı rəyi öyrənilib və
onların 80 faizdən çoxu bu təklifin lehinə olub.
Onun sözlərinə görə, müayinə olunacaq xəstəliklərin
siyahısı Səhiyyə Nazirliyi tərəfindən
müəyyənləşdiriləcək:
"Təcrübəmizə istinadən
deyə bilərəm ki, ailələrdə daha çox psixi
xəstəliklər, narkomaniya, yoluxucu xəstəliklər,
qan qohumluğu ilə əlaqədar xəstəliklərə
rast gəlinir. İlkin olaraq bütün xəstəliklər
üzrə müayinələri siyahıya salmaq düzgün
olmazdı. İlk mərhələdə daha təhlükəli
və geniş yayılmış xəstəliklər
siyahıya daxil edilməlidir. Tədricən bu siyahını
təkmilləşdirmək lazımdır".
Komitə rəsmisi nikahdan öncə tərəflərin
tibbi müayinədən keçirilməsi tələbinin
qoyulmasının nikahsız ailələrin sayının
artmasına səbəb olacağı fikri ilə
razılaşmır:
"Məncə, bu bəhanədir.
Sağlam ailə qurmaq istəyənlər bu addımı
atacaq. Bu məsələdən bəhanə olaraq istifadə
edən də tapılacaq".
Mamalıq və Ginekologiya İnstitutunun
həkimi, tibb elmləri namizədi Faiq Namazov nikahdan əvvəl
həyata keçiriləcək müayinələrin gələcək
ailə üçün yalnız müsbət nəticələr
verə biləcəyini deyir. Həkimin fikrincə, son illər
həm də sonsuzluğun ciddi problem kimi ortaya
çıxması qanunvericiliyə dəyişikliyi zəruri
edir:
"Gənclərin əvvəlcədən
müayinə olunması, qeyd olunan məsələ ilə
yanaşı digər problemləri də aradan
qaldırmış olar. Hazırda hepatit, QİÇS və bəzi
xəstəliklər var ki, bu zaman əvvəlcədən
müayinə çox yaxşı olar. Gənclər əvvəlcədən
bu barədə bilər və ailə qurmazdan öncə
müalicə olunarlar. Bəzi genetik səbəblər ola bilər
ki, bu da qohumla nikaha daxil olan insanların sonradan
uşaqlarının olmamasına gətirib çıxara bilər.
Ona görə də yoxlamalardan keçmək məsləhətdir".
Müsahibimin fikrincə, yoxlamalardan sonra
gənclərin nə qərar verəcəkləri artıq
onların şəxsi işləridir. Bakı Nikah Evində də
hesab edirlər ki, ailə quranlar nikahdan öncə məcburi
tibbi müayinədən keçməlidir. Qurumun
hüquqşünası Səbinə Ədilovanın sözlərinə
görə, nikaha girənlər özləri bu işdə
maraqlı olmalıdır:
"Bizim məcburən nəsə etmək,
kimisə tibbi müayinəyə göndərmək səlahiyyətimiz
yoxdur. Lakin nikaha girənlərin tibbi müayinədən
keçirilməsi vacibdir. Tibbi müayinədən keçməyin
məcburi olması barədə qanunvericiliyə dəyişiklik
vacibdir".
Bakı Nikah Evində bununla belə,
tibbi arayış tələbetmənin icbariliyi məsələsinin
daha geniş çərçivədə müzakirə
olunmasını istəyirlər:
"Bu məsələdə xoşagəlməyən
məqamlar da ortaya çıxa bilər. Adətən xarici
ölkələr misal göstərilir, amma əksər Avropa
ölkələrində bu icbarilik aradan qaldırılıb.
Xatırladaq ki, hər il Azərbaycanda
nikaha girənlərin sayı təxminən 160 min olur. Onların
hardasa yarısı - 70-75 mini bölgələrin payına
düşür. Eyni zamanda, qanundankənar nikaha girənlərin
sayı təxminən 15 min nəfər olur ki, bu da rəsmi
nikaha daxil olanların təxminən 20 faizini təşkil
edir. Əgər tibbi arayışla bağlı məsələdə
icbarilik nəzərdə tutularsa, o zaman qanundankənar nikaha
daxil olanların sayı daha da arta bilər. Ona görə
də bir sıra ekspertlər hesab edirlər ki, daha optimal bir variant tapılmalıdır..
A.Akif
Ayna.-
2011.- 17 sentyabr.- S.5.