Yaqub
Zurufçu: "Bəxtim gətirdi ki, sənətimi sevən auditoriya qazana bildim"
Bu
şöhrətli ifaçı Bakıda özünü
xoşbəxt sayır
"Sənətçi harada
yaşamağından asılı olmayaraq, əvvəlcə
özünə məxsus bir səviyyə tutmalıdır.
Sonra böyük konsertlər, planlar, səfərlər barədə
danışmaq olar. Mənim bəxtim gətirdi ki, Azərbaycanda
ifamı, sənətimi sevən auditoriya qazana bildim.
Amma xaricdən bura gəlib, daha sonra
başqa bir ölkəyə gedib konsert vermək bir qədər
riskli işdir. Çünki başqa ölkədə məni
yaxşı tanımırlar" - bu sözləri əməkdar
artist Yaqub Zurufçu deyir. Danışır ki, dəfələrlə
ona xarici səhnədə çıxış etmək təklifləri
olur. Amma o düşünür ki, konsertdən əvvəl həmin
ifaçının piarı aparılmalı, gedəcəyi
ölkədə onu tanımalıdırlar. O deyir ki, ən
başlıcası, yerli telekanal müğənninin
yaradıcılığını təbliğ etməlidir.
Amma belə bir kampaniya olmadığı üçün risk
etməyə dəyməz. O, "hələ ki məni
tanıyan publika üçün oxuyuram" deyir. Oxuduğu
mahnıların çoxunun bəstəkarı özü olan
sənətçi Qarabağa da bir neçə kompozisiya həsr
etdiyini bildirdi. Amma başqa sənətçilərə bu bəstədən
pay düşmür. Musiqilərini "öz ifası
üçün" bəstələdiyini və heç
kimlə bölüşmək fikrində
olmadığını sözünə əlavə etdi. Məşhur
"Ayrılıq" mahnısını iki variantda səsləndirən
Yaqub Zurufçu dedi ki, ikinci ifaçı Ququş ləqəbi
ilə tanınan əslən azərbaycanlı Faiqə Atəşindir.
"Bu mahnını bir musiqiçi
aranjiman etmişdi və o zaman ikimiz də məşhur xanəndə
olduğumuza görə belə qərara gəldilər ki, bir
dəfə o oxusun, bir dəfə mən. O zaman mənim
yadıma gəlir ki, məşhur türk sənətçi
Emel Sayın da Tehrana gəlmişdi, orda konsert verirdi. Bir
variantı da o oxudu. Emel Sayının "Ayrılıq"
mahnısını oxuduğu yazı məndə var və
başqa bir sənətçi də var, o da oxumuşdu,
adını çəkmək istəmirəm. Və elə
oldu ki, Ququşla mənim ifamızı bəyəndilər və
mən də Azərbaycanda məşhurlaşdım, gəldim
bura. Özümü burada xoşbəxt hiss edirəm".
Xatırladaq ki, bir vaxtlar
"Ayrılıq" mahnısının müəlliflərinin
adı ətrafında mübahisə yaranmışdı. O
zaman Yaqub Zurufçu açıqlama verdi ki, mahnının əsl
müəllifləri Fərhad İbrahim və Əli Səlimidir.
Müğənni təəssüflə qeyd edir ki, Güney
Azərbaycandan şair söhbəti düşəndə təkcə
Şəhriyarı xatırlayırlar. Sadalayır ki, Fərhad
İbrahim, Səhənd kimi güclü ədiblər var.
Sosial şəbəkələrdən istifadə edən
Zurufçu deyir ki, tez-tez güney azərbaycanlı gənc
yazarlardan məktublar alır, şeirlərini oxuyur. O, həmin
istedadlı gənclərin də Azərbaycanda geniş
auditoriyaya tanınmasını arzuladığını
bildirdi.
Ailə üzvlərindən söz salan
Yaqub Zurufçu övladlarının hələ də xaricdə
yaşadıqlarını xatırlatdı:
"Mən ailəmlə yaşamaq üçün Azərbaycana
gəldim. Amma təəssüflər
ki, nə oğlum, nə qızım qala bilmədi burada, bir az çətinlik çəkdilər.
2 il əvvəl
yenə qızım gəldi, burada ona gözəl şərait yaratdıq, işə düzəldi. Amma təəssüf, yenə
qala bilmədiyini söylədi. Onlar Amerikada
dünyaya gəliblər
və oranın mühitinə alışıblar.
Ona görə də burada yaşaya bilmədilər. Amma bir məqamı qeyd edim ki, Azərbaycanda
yaşamasalar da, dili çox gözəl bilirlər, hətta bəzən məndən də yaxşı danışırlar.
Eyni zamanda musiqini dərindən anlayır və sevirlər".
Sonda planlarından söz salan həmsöhbətim qeyd etdi ki, bu
ilin oktyabrında Muğam Mərkəzində
geniş konsert proqramı ilə çıxış edəcək.
Yeni mahnılarını konsert
repertuarına daxil edən sənətçi
tamaşaçılara maraqlı
gecə vəd edir. Bundan başqa, onun
xaricdə yeni diski işıq üzü görəcək.
Xatırlatdı ki, bu, onun xaricdə çıxaracağı 34-cü diski olacaq. Bunların əksəriyyətini hazırlamaqda
şirkətlər özü
maraq göstərib.
Azərbaycanda isə onun cəmi 3 diski işıq üzü görüb.
"Bir də onu qeyd
edim ki, o tayda yaşayan gənc ədiblərin sözlərinə silsilə
mahnılar bəstələmək
niyyətindəyəm.
Bundan başqa, Vahid Əzizin sözlərinə
yeni "Arkadaş"
adlı mahnı bəstələmişəm. Bu il Şəhriyarın
105 yaşı tamam olur. Qərara gəlmişəm ki, onun sözlərindən
ibarət mahnılar bəstələyib disk şəklində
hazırlayım" - bu,
Yaqub Zurufçunun başqa bir arzusudur.
Xatun
Ayna.-
2011.- 24 sentyabr.- S.20.