Elza Seyidcahan: "Kütləni öz səviyyəmə qaldıracam"

 

Bu fikirdədir ki, əsl istedad sonradan əli çıraqla axtarılır

 

Özü yazıb, özü oxuyanlar çoxalır. Musiqi təhsili alıb, özünü peşəkar kimi təqdim edənlər isə azdır. Söhbət mahnı ifaçılarından deyil, bəstəkarlardan gedir. Amma bəstəkarlardan söhbət düşəndə peşəkarlarla qeyri-peşəkarlar bir tərəzinin gözünə qatılır. Əməkdar artist Elza Seyidcahan ali musiqi təhsili alıb, çoxlu mahnılar, əsərlər yazsa da, nədənsə onun adı çox vaxt tənqid olunanların "siyahı"sına düşür. Həmkarları, adi insanlar, musiqiçilər onun musiqisinin dilini anlamadıqlarını deyirlər. Bu kimi nüansları nəzərə alan gənclər bir gecədə məşhurlaşan mahnını ali təhsildən üstün tuturlar. Elza Seyidcahan isə düşünür ki, istedadla təhsil bir arada olanda insanın bəxti gətirir, ulduzu parlayır:

- "Çox nadir hallarda elə bir ifaçıya rast gələrsən ki, təhsili olmasın, amma fitri istedadı olsun. Musiqi təhsili olmayan ifaçıya kənardan nə desələr, ona inanacaq. Çünki təhsili yoxdur və sözün nə dərəcədə düzgün olub-olmadığını bilmir. Oxuduğundan da heç vaxt əmin olmur.

Mənə də bir ifaçı kimi iradlar olur. Çünki təhsilim bəstəkarlıq üzrədir. Bəstələrim də fərqlidir deyə, yazdığımı yalnız özüm ifa edirəm. O qədər musiqi təhsili alanlar var ki, mahnını ürəksiz oxuyurlar. Mahnıya "can qoymaq" başqa şeydir. Bu artıq fitri istedaddır.

- Mahnılarınızı, dediniz, ancaq özünüz oxuyursunuz, çünki fərqlidir. Yəni peşəkarlar da bu fərqliliyi anlaya bilmirlər?

- Etiraf edim ki, bəstəkarlığım mahnı ifaçılığımdan daha güclüdür. Amma özünü peşəkar adlandıranların çoxundan daha ürəklə oxuyuram. Oxuduğum bütün mahnılarım hit olub. Elələri olub ki, məndən sonra mahnımı oxuyub, sevilməyib. Mənim öz dəst-xəttim var və onu necə düşünərək yazmışamsa, eləcə də ifa edirəm. Bu hissi mənim qədər heç kim yaşaya bilmir.

Onu da qeyd edim ki, irihəcmli əsərlərim, partituralarım, simfonik poemam, klavirlərim var. Bəstəkarlar İttifaqına da məhz belə əsərlərimə görə qəbul olunmuşam. "Azərbaycan Odası" əsərimi Firəngiz Əlizadə, Arif Məlikov, Ramiz Zöhrabov, Faiq Nağıyev kimi görkəmli insanlar dinlədikdən sonra rəy yazıb, məni ittifaqa üzv qəbul ediblər. Əsərlərimdən ibarət konsert isə mənim ən böyük arzumdur. Amma hələ buna imkan yoxdu. Zəmanəyə uyğunlaşmaq məcburiyyətindəyəm. Toylara getməyə başlamışam, toylar üçün mahnılar yazdırmışam. Vaxt keçir və mənim kimi istedadlı insanlar itib-batır. Azərbaycana milyonlar gətirə bilərəm. Musiqi festivallarına gedib, ən yüksək yerləri tuta bilərəm.

- Ehtiyac üzündən toya getdiyinizi söylədiniz. Niyə tələbata uyğun olan mahnılar bəstələyib, pul qazanmaq istəmirsiniz. Söylədiniz ki, toy tələbatı səbəbindən bu üslubda mahnılar bəstələmişsiniz. Yəni sifarişlə mahnı yaza bilməzdiniz?

- İndiyədək bir neçəsinə mahnılarımı pulsuz vermişəm. Halal xoşları olsun. Bu yaxınlarda bildim ki, Leyli adlı gənc ifaçıya verdiyim mahnı Türkiyədə hit olub. Tamaşalara musiqilər yazıram, adım heç yerdə qeyd olunmur. Yazdığım mahnılara görə müğənnilər toylarda pul qazanır, amma o pullardan mənə heç nə çatmır. Məsələn, Nazpəri Dostəliyeva üçün "Qadasın aldığım" adlı mahnı yazmışdım. Hər dəfə məni görəndə deyir ki, "Elza, bu mahnıdan bilirsən nə qədər pul qazanmışam". Amma bir dəfə görmədim ki, qapımı döyüb, mənə pul versinlər. Mən müğənnidən pul istəməyi özümə sığışdırmıram. Müğənni gərək özü anlasın ki, bəstəkarın pulu ancaq mahnı yazmaqdan çıxır.

- Qeyri-adi görünən layihələr, açıqlamalarla gündəmdə yerinizi qoruya bilirsiniz. Bunu məqsədli şəkildə edirsiniz?

- Bu saat bütün televiziyalar, qəzetlər, jurnallar istəyir ki, onlara maraq olsun. Mənim layihələrimə də müxtəlif adlar verilir, bəzəyirlər, ironiya ilə qarşılayırlar. Şama konsert verməyim haqda bəzi fikirlər yazmışdılar. Axı mən şamı qarşıma qoyub, onun üçün oxumamışam. Bu, sadəcə, Füzulinin bir qəzəli ilə bağlı layihə idi. Əlbəttə, belə yazanda insanlar bunu normal qarşılamayacaq. Layihələrimi belə bəsitləşdirən insanlar, sadəcə, işlərində qeyri-peşəkardırlar. Bilənlər bilir ki, bu layihələr ilə nə demək istəyirəm. Mən bütün bunlara təmkinlə yanaşıram. Yenə də öz işlərimi görürəm, əsərlərimi yazıram. Çünki vaxtında pomidor, daş, yumurta atəşinə tutulan musiqiçiləri, qəbul olunmayan istedadları sonradan əli çıraqlı axtarıblar.

Teatrlara, tamaşalara getsəniz, orada 40-50 nəfər güclə tapmaq olur. İncəsənəti yalnız yüksək təbəqə anlayır. Kütlə tərəfindən bu qəbul olunmur. Ona görə də həmişə dahi Qara Qarayevin sözünü xatırlayıram. O deyib ki, "Sənətkar kütləyə enməməlidir. Kütləni öz səviyyəsinə qaldırmalıdır". Mənim də əsas məqsədim kütləni öz səviyyəmə qaldırmaqdır və bunu bacaracağıma əminəm. Vaxt gələcək barəmdə ironiya ilə danışanlar səhvlərini və musiqilərimin dəyərini anlayacaqlar..

 

 

ŞƏMS

 

Ayna.- 2011.- 24 sentyabr.- S.21.