Ramiz Zöhrabov: "Avropa elektron
musiqidən qaçır"
Azərbaycansa öz milliliyindən
ayrılıb, Avropanın səhvini təkrarlayır
Vaxtilə Üzeyir Hacıbəyovun "Azərbaycan
musiqisini inkişaf etdirmək üçün musiqiyə yeni
beyinlər gətirmək lazımdır" kəlamından sonra
meydana Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov kimi dahilər
gəldi. Bütün Avropa xırda məkanın böyük
dahilərinə heyran qalmışdı. Bəs bu
gün?.. Millilikdən qaçıb,
süni səslərə meyil edən bəzi həvəskar
musiqiçilər artıq insanların da zövqünə hakim
kəsilib. Arabir susmayıb danışan musiqi avtoritetlərindən
biri, xalq artisti Ramiz Zöhrabov bu günün
mövzusuna işıq
salır:
- Üzeyir Hacıbəyov musiqinin, demək olar,
bütün janrlarında yarada bilib və bu günümüz
üçün bir məktəb qoyub gedib. 1926-cı ildə
xor, 36-cı ildə xorun kapellasını, dövlət
simfonik orkestri və opera kollektivini yaradıb. Bizim musiqinin əvəzolunmaz
cəhəti budur ki, operamız muğamdan bəhrələnib,
heç bir Avropa musiqisinə sığınmayıb.
Başqa ölkələrdə professional musiqi mahnıdan
başladığı halda, bizdə ilk tarixi opera olan
"Leyli və Məcnun"dan başlayıb. Çünki
orada muğam, opera, vokal, ansambl və xor var. Üzeyir bəy
Qara Qarayevlə Cövdət Hacıyevin Moskvada təhsil
almasına imkan yaradıb və hər ikisi
Şostakoviçin tələbələri
olub.
Üzeyir
bəy Boris Zeydmanı vaxtilə bura dəvət
etmişdi. Onun tələbələri Fikrət Əmirov, Əfrasiyab
Bədəlbəyli, Azər Rzayev, Süleyman Ələsgərov
olub. Arif Məlikov, Xəyyam Mirzəzadə, Vasif
Adıgözəlov və digərləri Şostakoviç və
Zeydmanın nəvələri hesab olunur. Onlardan bu gün ilk
ikisi dahi Üzeyir bəyin yolunu davam etdirirlər. Başqa
birliklərdən fərqli olaraq Bəstəkarlar
İttifaqına daxil olan üzvlərin sayı azlıq təşkil
edir. Məlumdur ki, əsl bəstəkar olmaq üçün
17 il məktəb yolu
keçmək lazımdır.
Amma bu, nəticə deyil. Onlarca bəstəkar arasından idarə
heyəti bir və ya ikisini seçir. Çünki müəllif
güclü əsərlə çıxış edə
bilmir. Musiqi yazanların artıb çoxaldığı bir
vaxtda bəzi bəstəkarlarımız aranjiman işi ilə
də məşğul olmağa başlayıblar. Yəni adi
bir şəxs notu bilmədiyindən musiqini ağzında
zümzümə edir, bəstəkarlarımız da pulun xətrinə
həmin "musiqi"nin aranjimanı ilə məşğul olur.
Bəzən yalançı bəstəkarların
səhvini tapırıq. Yəni musiqiyə qulaq asan kimi Fikrət
Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlunun mahnılarından
oğurlanmış hissələr aşkar edilir. Bəzən
alman, fars, türk ritmləri də olur. Həmin bəstəkarların
savadı olsa, anlayar ki, o - hər intonasiyaya cavabdehdir. Bu hallar
indi-indi müşahidə olunmur. 1974-cü ildən Azteleradio
bədii şurasının üzvüyəm. Hətta elə
vaxt olub ki, tanınmış bəstəkarların əsərlərini
geri qaytarmışıq. Gərək sözlə musiqi
uyğun gəlsin. İndiki ifaçılar bu kimi nüanslara
fikir vermir. Şövkət Ələkbərova hər
sözün üzərində işləyirdi, xoşu gəlməyən yerlər
əvəz olunurdu.
- Söhbət
milli televiziyadan gedirsə, o vaxt bədii şuranın işi
alqışlanırdı. Amma bu gün...
- AzTV
ittifaqın və biz bəstəkarların sözünə
az-çox qulaq asır. Yeni simfonik əsər yazılanda onu
həmin kanal səsləndirir. Digər özəl kanallar
heç bizi eşitmək belə istəmir.
Yazdığımız məktublara da cavab verirlər ki,
özəl kanaldı, özü-özünü maliyyələşdirir.
Milli televiziyada əvvəllər musiqi ilə yalnız
müvafiq redaksiya məşğul idi. Amma indi idman, gənclik,
hətta iqtisadiyyat şöbəsi də verilişlərini
musiqili qonaqlarla açır. Bir sözlə, hər şey şou üzərində köklənib.
- AzTV-də
klassik üslubda musiqi verilişləri aparırdınız.
Bu gün görünmürsünüz...
- Bunun səbəblərindən
biri tamaşaçı zövqünün
korlanmağıdır. Verilişi ərsəyə gətirmək
üçün günlərlə əziyyət çəkirsən,
amma bunun müqabilində sənə bir-iki musiqiçi
baxır. Qalanlarını isə şou-əyləncələr
maraqlandırır, başlarını ciddi söhbətlərlə
yormaq istəmirlər. Zövqləri də korlayan
elə "bekara"
musiqiçilərdir.Hərdən intellektual verilişlərə
baxıram. Texniki suallara çox asan cavab tapılır, amma
musiqi ilə bağlı ən sadə sual cavabsız qalır...
- Avropa bu gün
yenidən öz əzəli ənənəsinə can
atır, amma bizim musiqi
gün-gündən elektronlaşır...
- Bəli,
Avropa artıq elektron musiqidən qaçır, milli alətlərdən
istifadəyə üstünlük verir. Amma biz elektron varianta
uymaqdayıq. Ona görə də şou-proqramlar hər
yanı bürüyüb. Deyəsən, son vaxtlar türk
musiqisindən də təbii
səslər eşidilməkdədir.
- Müharibə
başlayandan bu günədək Opera və Balet Teatrında hərbi-vətənpərvərlik
mövzusunda opera oynanılmır. Amma xarici klassiklər yeni quruluşda təqdim olunmaqdadır...
- Böyük Vətən müharibəsi illərində
Qara Qarayevlə Cövdət Hacıyev "Vətən"
operasını yazmışdı. Opera hətta Stalin
mükafatına layiq görüldü. Daha sonra
"Koroğlu" səhnələşdirildi. Amma dediyiniz kimi, son vaxtlar opera və balet janrında
bu mövzuya toxunulmayıb. Amma kantata janrında, xor simfonik orkestri
üçün oratoriyalar
yazılıb. Opera çətin
janrdır, bir əsər bir neçə ilə yazılır. Vasif Adıgözəlovun uzun müddət üzərində
işlədiyi yeddi hissədən ibarət
"Natəvan" operası
bir neçə il opera teatrında səhnəyə qoyuldu. Əsər günümzlə
səsləşir, yəni
sizin dediyiniz hərbi-vətənpərvərlik mövzusunda yazılıb.
- "Koroğlu"nun
adını çəkdiniz.
O ki hərbi-vətənpərvərlik
mövzusundadır. Hazır
səhnə əsəri
neçə illərdir
oynanılmır...
- Çünki Koroğlunun
obrazı tapılmırdı.
Bir çox gənclərin də səsi çatmır. Bildiyiniz kimi, Üzeyir bəy bu əsəri Bülbülün boğazı
üçün ən
yüksək notlarda yazıb. Bu obrazı oynamaq üçün tək vokal səs yetmir, həm də aşıq səsi, milli boğazlar olmalıdır.
- Müşahidəmə
görə, xanəndəlik
sinfində dərs alan tələbələrə
fortepiano dərsində xarici
bəstəkarların kiçik
həcmli əsərləri
çalınır. Niyə
milli mahnılarımız
proqrama salınmayıb?
- Avropa bəstəkarına
nisbətən bizim bəstəkarlar mahnıda
fortepianonun imkanlarından
geniş istifadə edib. Xanəndəyə də bacarığına
görə böyük
əsər çalmaq
tələb olunmur.
- "Heydəri"
bildiyimə görə,
bu gün ifa olunmur. Səbəb?
- Bu ritmik muğamı ermənilər 1996-cı ildə
öz adlarına çıxmışdı. Alimin
ifasında muğamı
vokal instrumental şəklində
nota köçürmüşəm.
"Heydəri" bu
gün heç proqramlarda da yoxdur. Çap hazır olandan sonra xanəndələrin
ixtiyarına veriləcək.
ŞƏMS
Ayna.- 2011.- 8 yanvar.- S.20.