"Mədəniyyətimizi
rüsvay etməyə heç kimin haqqı yoxdur"
Brilyant Dadaşova savadsız
müğənnilərə fonoqramla evdə oxumağı
tövsiyə etdi
Öz
yeni albomunun hazırlıqları ilə məşğul olan
xalq artisti Brilyant Dadaşova sonuncu albomu üzərində iki
il iş getdiyini söylədi. Bunun böyük və zəhmət
tələb edən iş olduğunu deyir. Albomu hazırlayan
türk musiqi şirkəti onu tanıtmaq məqsədilə
verilişlərə dəvətini təşkil etməyə
başlayıb. Albom çıxandan sonra
saçlarının rəngini dəyişən müğənni
imicində yeniliklərin böyük rol
oynadığını söyləyir:
-
Albomum çıxandan sonra mən saçlarımın rəngini
dəyişmişdim. Əks təqdirdə gərək iki il
öncə disk hazırlanarkən olan fotosessiyadakı
saç düzümündə və rəngində
qalaydım. Yəni iki il saçlarımın rəngini dəyişməzdim.
Mən isə səhnədə olan insan kimi dəyişməyi
sevirəm. Gözləyə bilməzdim ki, disklərim
satışa çıxana qədər saçlarımın
rəngini dəyişməyim. Ona görə də indi məcburən
diskin tanıtımı məqsədilə yeni fotosessiya etməli
oldum. Çünki disklər satıldıqca hər dəfə
yeni tiraj buraxılır. Və yeni tirajlarda yeni fotosessiya
olacaq. Amma mənim üçün bu əsas deyil.
- Sizi hər zaman yeni imicdə, yeni
saç düzümündə görürük...
- Məsələ ondadır ki, bu diskdə mən əsas gücümü mahnılara vermişəm. Təbii ki, səhnədə olan müğənni kimi mənim necə göründüyüm əhəmiyyətlidir. Mən həmişə əhval-ruhiyyəmə, təbiətə, hətta mövsümə uyğun olaraq görkəmimi dəyişirəm. Və ona görə də bu yeni fotosessiya məsələsi gündəmə gəldi.Bilirsiniz, səhnədə hər şey bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Həm sənət olmalıdır, həm də yaxşı zövq. Bunlar bir-birini tamamlamalıdır. Onu da deyim ki, bütün bu işləri özüm görməli oluram.
- İşinizdə sizə kömək
edən bir kimsə yoxmu?
- Əslində
Türkiyədə mənim işlərim bir az
asanlaşdı. Asanlaşdı ona görə ki, heç
olmasa şirkət iki klipimi çəkdi, diskin üz
qabığını hazırladı. Ancaq mahnıların
aranjimanlarında şəxsən özüm iştirak
edirdim, çünki aranjimanların yüksək səviyyədə
olmasını istəyirdim. Azərbaycanda isə belə
işlə məşğul olan şirkət yoxdur.
- Son vaxtlar, elə indi də sizin
çox aqressiv olduğunuz gözlərdən yayınmır.
Bunun səbəbi?
- Deməzdim ki, son vaxtlar və hətta indi belə aqressivəm. Mən həmişə olduğum kimiyəm. Bu mənim təbiətimdir, sevinəndə gülürəm, xoşuma gəlməyən məqamlarda hirslənirəm. Bəzən ağlayıram. Niyyətimi gizləmirəm, fikirləşdiyimi dilə gətirirəm. Başqa cür ola bilmirəm. Məsələn, bu gün kefim o qədər də yoxdur. Bəlkə ona görə sizə aqressiv görünürəm. Mən mahnılarımı ifa edərkən obraza daxil olmağı bacarıram, çünki həmin an həmin sözlərin təsiri altında oluram. Ancaq həyatda obraza girə bilmirəm. Çünki həyatda olduğum kimiyəm. Albom çıxandan sonra Türkiyəyə daha tez-tez gedirəm. Orada mənə deyəndə ki, sən azərbaycanlılara bənzəmirsən, çox əsəbiləşirəm. Sən mənim burada aqressiv olduğumu deyirsən, ancaq mən orada daha çox aqressivəm. Çəkilişdən əvvəl elə cavab verirəm ki, onlar canlı efirdə bu sualı vermirlər. Onları sorğu-suala tuturam ki, bununla nə demək istəyirsiniz? Onlar deyirlər ki, səhnədəki azərbaycanlı müğənnilər ağır çəkilidir, siz isə onlara bənzəmirsiniz.
- Özünüzü eyni çəkidə
saxlamağın sirlərini açıqlaya bilərsinizmi?
-
Hamı bilir ki, mən neçə illərdir hər gün
idmanla məşğul oluram. Burada genetikanın çox
böyük əhəmiyyəti var. Mən heç bir yerimi
sonradan düzəltməmişəm.
Əvvəldən
necə olmuşamsa, indi də eləyəm. Düzdür,
ana olandan sonra beş ilə yaxın ətli qalmışam.
Sonra özümü arıqlatdım. Mən özümü
heç vaxt gözəl hesab etməmişəm.
Düzdür, gözəl olmağa çalışıram. Əlbəttə,
gözəl olmaq istəyirəm. İstəyirəm
tamaşaçıların zövqünü oxşayım.
- Bir müddət əvvəl səhnə
fəaliyyətinizə ara vermişdiniz...
-
Axı səhnə bir idarə deyil ki, çıxıb gedəsən,
sonra da ora qayıdasan. Səhnə fəaliyyətinə,
sadəcə, ara vermək olar. Mənim də belə bir qərar
verməyim səbəbsiz deyildi. Çünki həmin
müddət konsertlərin səviyyəsindən, oradakı
atmosferdən xoşum gəlmirdi, ona görə də çəkilmişdim
kənara. Düşünürdüm ki, əgər mən
istədiyim kimi olmursa, o zaman istəmədiyim kimi də
olmasın. Heç yerə getmirdim. Məsələn,
teleproqramların bir neçəsi xoşuma gəlmir, birinə
getsəm, digərləri inciyəcək məndən, ona
görə də heç birinə getmirdim. Mədəniyyət
aləmində çox pis bir atmosfer yaranmışdı. Ona
görə də Mədəniyyət Nazirliyinin təşkil
etdiyi konsertlərə də getmirdim.
- Türkiyə şou-biznesində
sizə simpatiyası və antipatiyası olan həmkarlarınız
varmı?
-
Antipatiyası olanları bilmirəm.Ancaq bilirsiniz ki, Ajda
Pekkanın bağ evində qonaq olmuşam, eyni zamanda o məni
bir neçə dəfə balıq yeməyə dəvət
edib. Orada olanda məni mütləq evlərinə dəvət
edirlər, pianoda çalıb-oxuyuruq, həmin ifanı
yazırlar. Mən görürəm ki, onlar Azərbaycan sənətçisi
olaraq məni qeyri-adi qarşılayırlar. Təvazökarlıqdan
uzaq olsa da, deməliyəm ki, Mətin Şəntürk, Mətin
və Eda Özülkü də məni evlərinə,
studiyalarına dəvət ediblər. Şükriyyə ilə
birgə proqrama çıxdıq və o məndən ona
müəllimlik eləməyi xahiş etdi.
- Ancaq sizi Türkiyə
telekanallarında daha tez-tez görürdük.
-
Çünki orada diskimi tanıtmalı idim. Siz
tanıyırsınız, orada da disklərimi
tanıtmalıyam. Türkiyədə on proqramdan birinə getməyə
razılıq verirəm. Burada da mətbəx
proqramlarını xoşlamıram, neçə dəfə
çağırıblar getməmişəm. Baxmayaraq ki,
çox reytinqli proqramlardır.
- Yaxın zamanlarda Azərbaycanda və
ya Türkiyədə konsert vermək planınız?
- Hələlik
belə bir şey planıma daxil deyil. Mən Brilyant
Dadaşova olaraq bu işə çox məsuliyyətlə yanaşıram.
- Türkiyədə
yaradıcılıqdan əlavə bir biznes işi
qurmadınız ki?
- Yox, mən,
ümumiyyətlə, nə Azərbaycanda, nə də
Türkiyədə heç bir biznes işi qurmadım.
Çox əfsuslar olsun ki bu zamana kimi qurmamışam və
heç zaman da bizneslə məşğul olmamışam. Əslində
mənim bizneslə məşğul olmağa heç vaxt
pulum çatmaz. Biznes çox bahalı məşğuliyyətdir.
- Belə nəticəyə gəlmək
olar ki, dünyada gedən iqtisadi böhran sizə də təsirsiz
ötüşməyib...
- Maliyyənin
mənə heç təsir etmədiyi vaxt var ki? Hər zaman
maddi cəhətdən əziyyət çəkmişəm.
-
Türkiyədə hər hansı bir televerilişdə
proqram aparıcısı olmaq istəmirsiniz? Eşitmişik
ki, Türkiyədə aparıcılıq və dizilərə
çəkilmək təklifi almısınız.
-
Alıb-almadığımı deməyəcəm. Hələ
bilmirəm, ola bilər. Əslində burda da, orda da ola bilər.
- Türk Müzik Birliyi ilə
işbirliyi davam edirmi?
-
İşbirliyi deyəndə, sizin fikirləşdiyiniz kimi
işləsəm, o zaman gərək təşkilati işlərlə
məşğul olum. Mənim heç başımı
qaşımağa vaxtım yoxdur. Təşkilati işlərlə
dostumuz Cenk məşğul olur. Əslində onlar çox
arzulayıblar ki, Azərbaycandakı təmsilçi mən
olum, mən də razılaşdım.
- Ehtiyac olsa, plastik əməliyyata
gedərsiniz?
- Ehtiyac
olsa... Əlbəttə, ehtiyac olacaq. Vaxtım olsa, bu dəqiqə
gedərəm. Bir ay heç bir verilişə
çıxmayım, heç bir məclisə getməyim, o
zaman əməliyyat etdirərəm. Gözlərimin çəkik
olmasını xoşlayıram, burnumda sınıq var, onu
düzəltdirərdim. Profilimdən məhz bu səbəbdən
xoşum gəlmir.
- Bir müddət əvvəl sizi
Türkiyənin TRT kanalında yayımlanan "Sən
türkülərini söylə" yarışmasında
seyrçi zalında gördük.
- Samir
Piriyevi dinləməyə getmişdim. Mahnısını ifa
etdikdən sonra çıxıb getdim. Çox kövrəlmişdim,
qəhərlənmişdim.Samirin oxumağı ilə fəxr
etdim. Əgər o müsabiqədə oxumağı bacarmayan
biri olsaydı, ayağımın altına milyon da töksəydilər,
getməzdim. Bizim mədəniyyətimizi, musiqilərimizi
rüsvay etməyə heç kimin haqqı yoxdur. Oxuya bilmirsə,
qaxılsın otursun evində. Fonoqram ilə evində oxusun,
özü bilər. Getsin toylarda camaatı aldatsın,
televiziyalarda tanış tapsın özünü
tapşırtdırsın. Ancaq xaricə çıxıb sənin,
mənim, bizim mədəniyyətimizi təmsil etməyə
qürur duya biləcəyimiz adam lazımdır. Samir Piriyev
orada türk mahnısını elə ifa etdi ki, bir türk
müğənnisi o boğazları vura bilməzdi. Onların
özündə bu mahnını bu səviyyədə oxuyan
olmamışdı. Həmin verilişə çatmaq
üçün maşını qırmızı
işıqlarda sürürdüm. Elə orada dedim ki,
"vay-vay, Samir, sənin yolunda mən cərimə verəcəm".
Ancaq onun ifasından sonra artıq bunu fikirləşmədim.
- Bir müddət tez-tez pariklərdən
istifadə edirdiniz. Buna səbəb nə idi?
- Hə,
bir ara lap çox istifadə edirdim. Müxtəlif pariklərim
var. Demək olar ki, dörd ilə yaxındır ki, istifadə
etmirəm. Bir ara saçımın rəngini açanda
yandırdım. Bir il qara saçla gəzdim ki, saçım
bərpa olunsun. Xoşuma gələn parik olsa, bu gün də
taxaram.
- Bu illər ərzində siz
yaşınızın neçə olduğunu
açıqlamadınız. Suallardan
qaçırdınız. Məgər yaş kompleksiniz var?
- Ümumiyyətlə, kişili-qadınlı hamıda bir az yaş kompleksi var. Mənim 30 yaşım olanda çox ağlamışdım. Ağlayırdım və evdə deyirdim ki, artıq hər şey bitdi. Oğlumun beş yaşı olanda ağlayırdı ki, mən qocalacağam. Onu sakitləşdirə bilmirdim. Qocalmaqdan qorxmuram, oğlumu tez evləndirmək istəyirəm ki, nəvələrim olsun. Səhnənin öz qanunları var. Mən səhnədəyəm və həmişə yaxşı görünməyə çalışmalıyam. Ümumiyyətlə, qadından yaş soruşanları başa düşmürəm. Qadına göründüyü yaşı verərlər. Mən bunu qadınların nailiyyəti kimi qiymətləndirirəm.
XATUN
Ayna.- 2011.- 8 yanvar.- S.21.