Zahid Xəlilov anıldı

 

Böyük riyaziyyatçının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi

 

Böyük riyaziyyatçı, milli riyaziyyat məktəbinin yaradıcısı, akademik Zahid Xəlilov anıldı. Onun 100 illik yubileyi münasibətilə Milli Elmlər Akademiyasında beynəlxalq konfrans keçirildi. AMEA prezidenti Mahmud Kərimov öz çıxışında onu "ziyalılığın simvolu" adlandırıb.

Deyim ki, Zahid Xəlilovun Azərbaycanda riyaziyyat elminin inkişafındakı rolu, onun necə alicənab bir insan olduğunu ilk dəfə 90-cı illərin sonlarında mərhum riyaziyyatçı professor Şamil Vəkilov - onun sabiq tələbəsi danışmışdı. İş elə gətirdi ki, 2000-ci ildə MEA Riyaziyyat və Mexanika İnstitutuna ad qoyulması üstündə yaranmış fikir ayrılığı zamanı bu böyük riyaziyyatçının fəaliyyəti və irsi ilə maraqlandıqda mərhum Zahid Xəlilov barədə təsəvvürlərim daha da genişlənmişdi. O vaxt riyaziyyatçı alimlər deyirdilər ki, institut adsız daha yaxşıdır, lakin ad qoyulacaqsa - buna daha çox Zahid Xəlilovun haqqı var.

Akademik Zahid Xəlilov dünyada tanınan nüfuzlu riyaziyyatçı, dünya şöhrətli Bakı funksional analiz məktəbinin təməlini qoyan, Azərbaycan nəzəri mexanikasının yaradıcısı kimi tanınır və qeyd-şərtsiz qəbul olunur. İndi BDU və Riyaziyyat və Mexanika İnstitutunun yerləşdiyi küçə onun adını daşıyır.

Ona ehtiram bəsləyənlənlərin tərtib etdikləri bioqrafiyasından öyrənirik ki, Zahid İsa oğlu Xəlilov Tiflisdə 1911-ci il yanvarın 14-də doğulub, əslən Borçalının Saraclı kəndinə bağlıdır. Ailə əsrin əvvəllərində kənddən şəhərə köçmüşdü. Tiflisdə rus məktəbini və Türk Pedaqoji Texnikumunu bitirdikdən sonra 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olub. Ali təhsilini başa vurub Tiflisə qayıdır, burada Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda çalışır. 1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olur, 1940-cı ilin aprelində burada professor S.Berqmanın rəhbərliyi altında "Kleb məsələsi onun ümumiləşməsi" mövzusunda elmi işini müdafiə edərək riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır. Elə həmin vaxtlar Bakıya dəvət olunur onun ömrünün sonrakı dönəmi Bakı ilə bağlıdır.

1945-ci ildə respublika Elmlər Akademiyası yarandıqda onu fizika və riyaziyyat sektorunun müdiri təyin etmişdilər. 1946-cı ildə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda doktorluq işini müdafiə edir. Onda onun 35 yaşı vardı. Zahid Xəlilov Qafqaz türkləri arasında ilk fizika-riyaziyyat elmləri doktorudur.

Artıq 1950-ci illərin əvvəllərindən onun elmi əsərləri Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, hətta Birləşmiş Ştatlarda dərc olunaraq ona böyük şöhrət qazandırır. Bu gün Zahid Xəlilov nəinki Bakı funksional analiz məktəbinin banisi, həm də keçmiş SSRİ-də bu sahənin yaradıcılarından biri kimi qəbul olunur. SSRİ-də ilk "Funksional analiz" dərsliyinin müəllifidir.

Zahid Xəlilov 1950-ci ildə Riyaziyyat və Mexanika İnstitutuna direktor təyin edilir. 1955-ci ildə EA-nın həqiqi üzvü seçilir. 1957-59-cu illərdə akademiyanın vitse-prezidenti, 1962-67-ci illərdə EA prezidenti, 1967-ci ildən vəfat edənə qədər (1974) bir vaxt özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib.

Riyaziyyat elitar elm sayılır. Zahid müəllim isə bu sferada böyük işlərə imza atmışdı. Əsas tədqiqatları funksional analiz, onun inteqral və differensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir. Bundan başqa, poliharmonik tənliklər sistemi üçün ümumi sərhəd məsələsini həll etmiş, Furye sıralarının analoqunu və qarışıq tipli model tənlikləri üçün şəbəkə üsulunu verib. Mücərrəd sinqulyar operatorlar nəzəriyyəsini yaradıb və s.

 

Zahid Xəlilov 63 il - peyğəmbər ömrü yaşayıb. Bu gün onun 100 illiyi riyaziyyatçıların bu münasibətlə toplaşdıqları beynəlxalq məclisdə anıldı. O hələ çox yaşayacaq.

 

 

İ.Umudlu 

 

Ayna.- 2011.- 15 yanvar.- S.19.