Loğman Kərimov: "Rejissorun
xarakteri onun
hazırladığı tamaşadan bəlli olur"
Teatrlarımızın dramaturgiya
materialı problemi yoxmuş
Gənc
Tamaşaçılar Teatrının Azərbaycan və rus
bölmələrində 100-dən çox aktyor
çalışır. Teatrın baş rejissoru Loğman Kərimov
etiraf edir ki, bu qədər aktyorla işləmək çətindir.
Onun sözlərinə görə, baş rejissor həm də
inzibatçıdır:
"Yəqin
mənimki onlarla tutur ki, birgə işləyirik. Şükürlər
olsun, işlər qaydasında gedir. Ümumiyyətlə,
hansısa aktyorun rejissoru və yaxud rejissorun aktyoru bəyənmədiyi
təbii haldır. Əsas odur ki, rejissor istədiyini aktyordan
almağı bacarsın. Mən bu qənaətdəyəm ki,
rejissor xeyirxah olmalıdır".
Teatrların
repertuarından söhbət açan L.Kərimovun söylədiyinə
görə, əslində mədəniyyət ocaqlarında dramaturgiya
materialı problemi yoxdur. Çünki əsərlər kifayət
qədər çoxdur. Rejissorun fikrincə, Məhəmməd
Füzulidən, Nizamidən tutmuş Elçinin, Anarın və
digər xalq yazıçılarımızın maraqlı əsərləri
var. Deməli, klassiklərin və müasirlərin əsərlərinə
müraciət etmək lazımdır. O deyir ki, əsər
qıtlığı barədə söylənənlər bəhanədir.
"Adil İsgəndərov deyib ki, rejissor rejissor olarsa,
ütünün pasportu ilə tamaşa hazırlayar. Maraqlıdır
ki, dünya teatrları Elçinin, Anarın əsərlərini
səhnələşdirir. Tofiq Kazımov İlyas Əfəndiyevin
"Sən həmişə mənimləsən" əsərini
1967-ci ildə səhnələşdirib. Buna baxmayaraq, teatrlar
vaxtaşırı bu əsərə müraciət edir.
Sadəcə,
istək, təşəbbüs göstərmək
lazımdır", - deyə rejissor söyləyir. O əlavə
edir ki, Azərbaycan klassikləri ilə yanaşı, rejissorlarımız
Şekspirin, Şillerin, Balzakın
yaradıcılığına müraciət edə bilərlər.
Loğman
Kərimova gəldikdə, ona həm hisslər, həm də fəlsəfi
dramaturgiya yüklü əsərlər yaxındır. Onun
son tamaşalarından biri Elçinin "Hamının
günahı"dır ki, rejissor bu əsərin fəlsəfi
məna kəsb etdiyini söyləyir.
Aktyorlarla
iş prinsipindən danışan baş rejissor deyir ki,
istedadlı, nizam-intizamlı, öz işinə can yandıran
aktyorları xoşlayır. Zəhmətkeş aktyorlarla
işləməkdən zövq aldığını dilə
gətirən müsahibim "əgər söhbət insani
münasibətlərdən gedirsə, ola bilər ki, mən hər
hansı aktyoru insan kimi bəyənmirəm. Ancaq o, mənə
bir aktyor kimi çox lazımdır", - dedi. Öyrəndik
ki, rejissorun belə tələbkar olması təsadüfi
deyil. Belə ki, o, çox işlək adamdır və sənətini
sevir. Bunun müqabilində qazandığı isə mənəvi
ehtiyaclarının ödənməsidir. Bəzi aktyorların
rejissordan daha böyük gözləntilərinin olduğunu
vurğulayaraq "bilirsiniz, stəkanda fırtına yaratmaq
olmur. Əgər aktyorda istedad yoxdursa, rejissorun ondan nəyisə
çıxarması çox müşkül məsələdir.
Unutmaq olmaz ki, raketin öz sürəti var, təyyarənin
öz". Rejissor onu da etiraf edir ki, heç vaxt tamaşadan
tamamilə razı qalmır. Dediyinə görə, aktyorlardan
yalnız istədiyinin 80 faizini ala bilib.
Quruluş
verdiyi tamaşaların ünvanına deyilən tənqidi qəbul
etdiyini söyləyən L.Kərimov onu da qeyd edir ki,
yalnız obyektiv tənqidi qəbul edir. Dediyinə görə,
tənqidin deyilmə qaydası da var.
Vaxtilə
səhnəyə aktyor kimi gəldiyini xatırladan L.Kərimov
söyləyir ki, məktəbdə oxuduğu illərdə
rejissor olmaq istəsə də, bu arzusuna sonralar
çatıb. Hazırda peşəkar teatr rejissorluğu ilə
məşğul olan müsahibim xatırladır ki, aktyor
tamaşada bir rol, rejissor isə 10 rol oynayır. Odur ki,
aktyorluq etmədiyi üçün peşmançılıq
hissi keçirmir. Xatırladır ki, hər bir rejissorun, bəstəkarın
xarakteri onun çəkdiyi filmdə, hazırladığı
tamaşada, yazdığı əsərdə
görünür.
Xatırladaq
ki, L.Kərimov "Qəzəlxan" filmində
yaratdığı obrazına görə yaddaşlarda bir
aktyor kimi qalıb. Həmin filmin ardınca daha iki filmə
çəkilən müsahibim söyləyir ki, sonralar filmə
çəkilmək dəvəti alsa da, ssenarini bəyənmədiyindən
imtina edib. Kinonu sevdiyini dilə gətirən L.Kərimov
"bəziləri kinonu teatrdan ayırır. Mənim
üçün isə kino ilə teatr eynidir", - deyir və
əlavə edir ki, yaradıcı insanlar bir az utopiyadan uzaq
olmalıdır.
Teatrların
tamaşaçı qıtlığı məsələsinə
toxunan L.Kərimovun qənaətincə, hər bir
tamaşanın, şounun, teatrın öz
tamaşaçısı var. Odur ki, heç kimi güclə
hansısa tamaşaya baxmağa vadar etmək olmaz. Yəni hər
məkanın öz tamaşaçısı var və
heç vaxt futbol azarkeşini gimnastikaya baxmağa məcbur
etmək olmaz. Deməli, hər bir şəxs öz
zövqünə görə tamaşa salonu seçir.
Xatun
Ayna.- 2011.- 15 yanvar.- S.20.