Baba Vəziroğlu planlarından danışdı

 

Nostalgiya ovqatı onu özünə çəkir

 

Bu həftə əməkdar incəsənət xadimi Baba Vəziroğlunun doğum günü idi. Əlamətdar günü ailəsi və yaxınları ilə qeyd edən şair qəzetimizə qarşıdakı planlarından söz açdı. Tezliklə onun "Səndən nigaranam" adlı şeirlər toplusu işıq üzü görəcək. Hazırda "Şirvan" Nəşriyyat Evində çapa hazırlanan toplu ikihissəli olacaq. Birinci hissə onun köhnə və təzə şeirlərindən ibarətdir. "Qoşa qanad" adlanan ikinci hissədə isə şairin bəstəkar Kamal müəllimlə birgə yazılan mahnılarının sözləri cəm olacaq.

B.Vəziroğlu yaradıcılığının bir qolunu yenidən teleaparıcı kimi efirə yönəldib. Yaxın vaxtlarda ATV telekanalında "Zəmanə" adlanan nostalgiya xarakterli verilişə aparıcılıq edəcək. Hazırda verilişin dekorasiyası hazırlanır. Baba Vəziroğlu:

"Burada milli mədəniyyətimizin unudulmaqda olan inciləri təqdim olunacaq. Verilişdə təkcə mədəniyyətdən yox, eyni zamanda Azərbaycan xalqının həyatından, tarixindən danışılacaq, həyatımızın digər sahələrində aktual mövzuya çevrilən məsələlər müzakirə predmeti olacaq. Proqramda dünənimiz və bu günümüzün kontrastı özünü qabarıq şəkildə göstərəcək. Canlı musiqi ilə müşayiət olunan verilişi bəstəkar, xalq artisti Faiq Sücəddinov bəzəyəcək".

Nəğmələri ilə sevilən şair onu da bildirdi ki, tezliklə onun "Mən və sən" adlanan mahnısı xalq artisti Aygün Kazımovanın ifasında səslənəcək. Şair qeyd etdi ki, mahnını Aygün xanım Namiq Qaraçuxurlu ilə münasibətlərinə həsr edib. Eyni addımı bu günlərdə Namiq də Aygün xanım üçün atıb.

 

 

Xatun 

 

Ayna.- 2011.- 15 yanvar.- S.20.