Fərhad Bədəlbəyli "Eurovision"da Nurlan Növrəslini görür

 

"Azərbaycanın "Eurovision-2011" yarışmasında təmsilçisi kimi hələlik ancaq Nurlan Növrəslini, daha doğrusu, Növrəslilər ailəsini görürəm. Çünki onların musiqisində bir çox janrlar, eyni zamanda da milli rənglər, caz var. Onların bu yarışmada uğur qazanacağına inanıram".

Bu açıqlamanı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, hər il "Eurovision" müsabiqəsində milli təmsilçimizin seçilməsində münsiflər heyətində yer alan Fərhad Bədəlbəyli verib. BMA rektoru əlavə edib ki, təmsilçi kim olursa-olsun, ciddi hazırlıq prosesi keçməlidir:

"Ötənilki təmsilçimiz Səfurənin təqdimatı və tanıdılması yüksək səviyyədə aparıldı. Çox yaxşı menecerlər və şirkətlərlə işlənildi. Yarışmaya qədər artıq Avropada tanındı. Bu il hələlik real bir namizəd görmürəm. Nurlan Növrəsli ilə də bu şəkildə məşğul olmaq lazımdır".

F.Bədəlbəyli qeyd edib ki, yarımfinalda yarışacaq 10 namizədin siyahısından xəbərdardır, ancaq hələlik onları dinləmək fürsəti olmayıb:

"Hələ final olmayıb deyə onları dinləməmişəm. Finalda dinləyəcəyəm, sizə ancaq şəxsi fikrimi açıqladım. Bu il münsiflər heyətinin tərkibində olub-olmayacağımı isə hələlik bilmirəm. Bəlkə də tərkib dəyişildi".

 

 

Ayna.- 2011.- 15 yanvar.- S.20.