ADU-da hind dili günü qeyd edildi

 

Yanvarın 11-də Azərbaycan Dillər Universitetində Dünya Hind Dili Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou  iştirak etdi. Səfir ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla İnformasiya Resurs Kompleksində (İRK) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin təşkil etdiyi hind mədəniyyətinə həsr olunmuş tədbirə qatıldı.

 

Tədbiri giriş sözü ilə açan rektor Səməd Seyidov qonaqları salamlayaraq ADU-da Hind Dili Mərkəzinin fəaliyyət göstərdiyini  tələbələrə hind dilini öyrənmək üçün şərait yaradıldığını qeyd etdi. Bütün dünyada və Azərbaycanda Hind dili günü qeyd olunduğunu bildirən rektor vurğuladı ki, ADU-nun tələbələri, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində təhsil alan tələbələr hind dilini öyrənirlər. O, hind dilini tədris etmək üçün professor Mukeş Qarjini Azərbaycana dəvət etməkdə göstərdiyi köməyə görə səfir Debnat Şouya təşəkkürünü bildirdi.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou öz çıxışında hər il yanvarın 10-da Dünya Hind dili gününün qeyd olunduğunu və bu gün ADU-da keçirilən tədbirdə iştirak etməkdən son dərəcə məmnun qaldığını söylədi. Bu mövzuda Azərbaycanda artıq ikinci tədbirin keçirildiyini deyən səfir 2010-cu ilin oktyabrında ADU-da Hind dili kafedrasının fəaliyyətə başladığını qeyd etdi. Tələbələrin hind dilini, mədəniyyətini və tarixini daha yaxından mənimsəyəcəklərinə əminliyini bildirdi. Səfir ADU-nun  rektoru Səməd Seyidova, beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribovaya hind dilinin tədris olunmasında və universitetdə Hindşünaslıq mərkəzinin açılmasında göstərdikləri təşəbbüslərə görə minnətdarlıq etdi.

ADU-nun Hind dili kafedrasının müdiri Mukeş Qarji çıxışında hind dilini öyrənən tələbələrin bunun öhdəsindən müvəffəqiyyətlə gəldiklərini dedi.

Hind dilində qısametrajlı filmin nümayişindən sonra tələbələr hind rəqsi və  mahnısı ifa etdilər.

Tədbirin sonunda iştirakçılar hind mətbəxi ilə də yaxından tanış oldular.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 14 yanvar.- S.4.