Rənglər dünyasının sultanı

 

Səttar Bəhlulzadə çox böyük, dəyərli və qiymətli əsərlər yaratmışdır.Səttar Bəhlulzadə Azərbaycan deməkdir. Onun əsərləri Azərbaycanı təsvir edir, göstərir, əks etdirir. Bu, rəssamın öz torpağına, öz Vətəninə və xalqına nə qədər bağlı olduğunu göstərir. O, elə bir böyük sənətkardır ki, istənilən mövzuda və süjetdə əsər yarada bilərdi. Ancaq onun əsərlərinin demək olar ki, hamısı Azərbaycanı təsvir edir.

 

Heydər ƏLİYEV

 

Emalatxanasında bir gənc rəssam ondan soruşur:

- Səttar müəllim, neçənci ildə və harada anadan olmusunuz ?

Sənətkar bu suala elə həmin anda cavab verir:

- Mən iki dəfə doğulmuşam. Biri budur ki, əlim fırça tutan, ağlım rəngləri seçən, gözüm gözəlliyi görə bilən gündən rəssam Səttar doğulub. Bu tarixin gününü, ayını, ilini bilmirəm. Amma onu bilirəm ki, belə bir doğum günüm olub. Qaldı pasport tarixinə, deyim-bilin: mən, Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olmuşam...

Səttar Bəhlulzadə rəsm çəkməyə hələ uşaqlıqdan meyil salmışdı. Bu həvəs onu Bakıdakı rəssamlıq məktəbinə gətirib. Burada dörd il təhsil aldıqdan sonra müxtəlif yerlərdə rəssam işləyib. 1933-cü ildə Bəhlulzadə Moskvaya gedib və Vasili İvanoviç Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsinə daxil olub. Sonralar o, rəngkarlıq fakültəsinə dəyişib. Tələbə Səttar təhsil illərində B.Favorski, L.Bruni, Q.Şeqal kimi sənətkarlardan dərs almışdı. 1940-cı ildə təhsilini başa çatdırıb Bakıya qayıtdıqdan sonra yaradıcılıqla yanaşı, Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində dərs demişdi. S.Bəhlulzadə ilk yaradıcılıq illərindən mənzərə janrına böyük maraq göstərmiş və ömrünün sonuna kimi bu istiqamətdə misilsiz sənət inciləri yaratmışdı. Onun yaradıcılığını Azərbaycanın təbiət tablosuna bənzətmək olar.

Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adı təkcə Azərbaycanda deyil, ondan kənarda da yaxşı tanınır. S.Bəhlulzadənin YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən 100 illik yubileyinin keçirilməsi də Azərbaycan mədəniyyətinə verilən yüksək qiymətdir. Rəngkar və qrafik Səttar Bəhlulzadə Azərbaycan təsviri incəsənətində lirik mənzərə janrının banisidir.

Dahi sənətkar 1974-cü ildə 65 yaşında həyata əlvida deyib...

Bu yazıda məqsədimiz Səttar Bəhlulzadə yaradıcılığından bəhs etmək deyil. Məqsədimiz bu böyük sənətkarı yaxından tanıyan insanların danışdığı unudulmaz xatirələri qəzetimizin oxucularının da diqqətinə çatdırmaqdır.

 

***

 

Mən, Səttar Bəhlulzadənin şagirdi olmuş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əbdülağa Kazımlı ilə S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada ötən il tanış olmuşdum. O, sevimli müəllimi Səttar haqqında bir neçə maraqlı xatirə danışdı. Bu yaxınlarda Əbdülağa müəllimlə yenidən görüşmək, müəllimi haqqında danışmış olduğu xatirələrin sayını artırmaq istədim. Amma onun xəstə olduğunu eşidəndə təəssüfləndim... Ancaq o vaxt Əbdülağa müəllimdən eşidib dəftərimə qeyd etdiyim xatirələr karıma gəldi:

 

"Səttar nəcib qəlbə malik bir insan idi"

 

1942-ci ilin qışı yaxınlaşırdı. Səttar paltosunun boyunluğunu qaldırıb boğazına bürüdü.Başında da süni dəridən olan tükləri seyrəlmiş papaq var idi. Küçə ilə söhbət edə-edə gedirdik. Birdən soruşdum:

- Hara gedirik, Səttar?

- Gedək İncəsənət idarəsinə. Mühasibatda işim var...

İdarəyə çatdıq. Səttar dedi:

- 5-10 dəqiqə məni burada gözlə, gəlirəm.

Mühasibin otağından ucadan danışıq səsləri gəlməyə başladı. Səttar əsəbi halda mühasibə deyirdi:

- Yoldaş Cəfərov! Siz mənim pulumun ağası deyilsiniz! Mən dedim, qurtardı getdi! Pulumu keçirin Azdiviziya fonduna!

Qapı azca aralı idi, mülayim bir səs məsləhət verirdi:

- Ay Səttar, axı sənin zərərüvə demirik ki, heç olmasa 5-6 mini götür, bir alababat palto al özünə, qalan 10 mini keçir fonda.

Səttar qətiyyətlə:

- Qurtardıq! Orada oğullar şaxtada, qarda canlarından keçir, biz də burada paltodan dəm vururuq,-dedi.

Mən onda bildim ki, Səttar necə nəcib bir qəlbə malik insandır.

 

***

 

Tanınmış jurnalist həmkarım Möhbəddin Səmədin dünya şöhrətli rəssam Səttar Bəhlulzadə ilə uzun illər dostluq etdiyini, sənətinə vurğunluğunu, haqqında irihəcmli yazılar yazdığını yaxşı bildiyimdən bu günlərdə onunla görüşdüm. Möhbəddin müəllim mənə S.Bəhlulzadə ilə bağlı bir neçə maraqlı xatirə danışdı. Onlardan ikisini  oxucuların da nəzərinə çatdırmaq istəyirəm.

 

"Kəpəzin göz yaşları" tablosu belə yaranıb

 

Səttar Göygölə, Maralgölə tez-tez gedərmiş. Rəssam bu yerlərin yaxınlığındakı Çaykənd kəndində Kərim adlı bir müəllımlə tanış olub dostlaşır. Elə onlarin evində də qonaq qalıbmış. Kərim müəllimin həyat yoldaşı Tükəzban xanım gecənin bir aləmi itin aramsız hürdüyünü, həyət qapısının açılıb-örtüldüyünü eşidib, yuxudan oyanıb görür ki, qonaq yoxdur.Tez Kərim kişini səsləyir:

- Ay kişi, Səttar harasa gedib. Qorxuram başına bir gələ.

Kərim kişipaltarını geyinə-geyinə arvadını sakitləşdirərək:

- Ay arvad, qorxub eləmə, yəqin rəssamlığı tutub, gedib Göygölə tərəf. Narahat olma, bu saat gedib taparam.

Kərim müəllim Səttarı səhərə kimi axtarır. Nəhayət, rəssamı Günəş Kəpəzin üzərində bərq vuranda tapır. Amma rəssamın dərin hissə qapıldığını görəndə ona yaxınlaşmağa cəsarət etmir. Bir xeyli gözləyir, axırda məcbur olub onu səsləyir:

- Səttar!.. A kişi, bizim başımıza oyun açırsan?..

Rəssam səs sahibini tanıyır:

- Kərim, sənə and verirəm, mənə mane olma... Qoy işimi görüm, yoxsa başladığım bu həmişəlik yarımçıq qalacaq...

Kərim müəllim bu sözdən sonra səssiz-səmirsiz dayanır. Səttarın kətan üzərində yaratdığı ikinci bir mənzərəyə valeh olur. Bu, "Kəpəzin göz yaşları" adlı mənzərə tablosu idi.

 

"Səttarın belə məcnunluğunu görməmişdim"

 

Möhbəddin müəllim deyir ki, Səttar haqqında olan bu xatirəni mənə Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov danışıb. O deyir ki, ilini unutmuşam , ancaq o yadımdadır ki, bahar idi. Etüd üçün Şuşaya getmişdim. Qayıdan kimi emalatxanama baş çəkdim. Başım işə o qədər qarışmışdı ki, bir də ayılıb gördüm ki, gecə saat üçdür. Elə bu vaxt qəfil zəng oldu. Telefonun dəstəyini götürdüm. Səttar idi. Salamlaşıb hal-əhval tutdum. Səsindən duydum ki, qanı bərk qaradır. Kefini açmaq üçün zarafata keçdim:

- Füzuli nəvəsi, yenə nə olub belə, qanın qaradır?

Səs-səmir çıxmadı. Haçandan-haçana:

- Toğrul, yaman sıxılıram. Mənə elə gəlir ki, bu gecə şəhərdən çıxmasam, ürəyim partlayacaq.

Sərxoş olduğunu zənn edib yenə zarafata keçdim:

- Füzuli nəvəsi, narahat olma, səhərə kimi hər şey keçib gedəcək.

- Yox. Toğrul, keçib gedən deyil. Yaxşısı budur Bakı Sovetinin yanında səninlə görüşək.

- Daha niyə orda, Səttar, elə emalatxanaya gəl də... Oturub dərdləşək, dədə Füzulini yad edək.

- Əgər məni istəyirsənsə, dediyim yerə gəl...

Bilirdim ki, getməsəm, ömürlük məndən küsəcək. Ona görə də yorğunluğumu unudub şərtləşdiyimiz yerə getdim. Gördüm taksi saxlayıb məni gözləyir. Əl verib görüşdük. Nə hadisə baş verdiyi ilə maraqlandım. Maşına əyləşə- əyləşə bircə onu dedi:

- Könlümə Qızbənövşə düşüb, Toğrul. İndi səfərimiz oradır...

- Elə gecənin bu vaxtı?! Bəlkə yatıb dincələk, səhər tezdən yola düşək?

- Yox, Toğrul, elə indi gedəcəyik. Səhər tezdən orada olacağıq.

Elə oldu. Günəş  Şahdağın arxasından boy göstərəndə Qizbənövşəyə çatdıq. Maşından düşən kimi o, özünü şehli otların üstünə atıb torpağı qucaqladı...

Doğrusu, Səttarın böyük təbiət aşiqi olduğunu yaxşı bilirdim. Dəfələrlə Qızbənövşədə, Kəpəzdə, Qarayazıda, Göygöldə, Cıdır düzündə, Batabatda, Qızılağacda günlərimiz bir keçmişdi. Amma düzünü deyim, o vaxta qədər belə məcnunluğunu görməmişdim. Axır ki, görüb heyrətləndim və bu heyrətdən sonra rəssam dostum Səttar Bəhlulzadənin portreti doğuldu...

 

***

 

Bu günlər S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi İradə Məlikovadan redaksiyamiza bir məktub gəlmişdi. Həmin məktubda Səttar Bəhlulzadə haqqında kiçik bir xatirə yazılmışdı:

 

"Səttar Bəhlulzadə mənim rəsm albomuma şəkil çəkib"

 

...İndiki kimi yadımdadır. 1973-cü il idi. Birinci sinifdə oxuyurdum. Müəllimimiz bizə tapşırmışdı ki, qırx vərəqli rəsm albomu alın. İstirahət günü anamla şəhərə getdik. Albomu alıb qayıdanda bizim Şağan kəndinə gedən 36 nömrəli marşrut avtobusuna mindik. Mən anamdan bir qədər aralıdakı oturacaqlardan birində əyləşmişdim. Birdən arxadan kimsə əlini mənim çiynimə toxunduraraq albomumu istədi. Yarıkönül albomu verdim. Az sonra çevrilib arxaya baxdım. Gördüm ki, lap arxa küncdə ağ saçları çiyninə tökülmüş, arıq bir kişi mənim albomuma nə isə çəkir. Sözün düzü, qanım bərk qaraldı. Fikirləşdim ki, yəqin albomum korlandı. Çox çəkmədi ki, albomumu mənə qaytardılar. Elə həmin andaca açıb baxdım. Gözlərimə inanmadım. Flamasterlə çəkilmiş rəsm elə möcüzəli idi ki, arxa planda dağ silsilələri, ağaclar, axan çay... hamısı da göy rəngdə. Rəsmin yuxarı hissəsində "S" və "B" hərfləri ilə başlanan ad da yazılmışdı. Çox sonralar öyrəndim ki, bu, dünya şöhrətli rəssam Səttar Bəhlulzadə imiş. Hər dəfə bu dahi rəssam haqqında söhbət düşəndə və elə indi dərs dediyim şagirdlərimə də bu barədə fəxrlə deyirəm ki, Səttar Bəhlulzadə mənim rəsm albomuma şəkil çəkib...

 

***

 

Bütün bu deyilənlərə onu da əlavə edək ki, Bəhlulzadə sənətinin saf, büllur nəğmələr çeşməsinin gözünü arayıb-axtarsaq, onu xalqla, təbiətlə bağlılıqda taparıq. Rəssam Azərbaycanın təbiəti ilə o dərəcədə bağlı idi ki, özünü bir an belə bu gözəllikdən ayrı təsəvvür edə bilmirdi. Təbiəti Səttarsız, Səttarı təbiətsiz təsəvvür etmək mümkün deyil. O, vurğunu olduğu Azərbaycan təbiətinin məcnunu, qeyri-adi rənglər dünyasının sultanı idi.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2011.- 14 yanvar.- S.15.