"Dialoq Avrasiya" Platforması çərçivəsində
ailə problemləri
Ötən ilin sonlarında "Dialoq Avrasiya" Platforması çərçivəsində Türkiyə
Respublikasının Antalya şəhərində
"Ailə dini, ənənələri və
müasirliyi öz ətrafında birləşdirən dəyər
kimi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu tədbirə
dünyanın 53 ölkəsindən 650 nümayəndə
qatılmışdı. Azərbaycan
nümayəndə heyətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,
xalq yazıçısı
Anar, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Televiziya və Radio Milli Şurasının
sədri Nuşirəvan Məhərrəmli,
"Dialoq Avrasiya"
Platformasının Azərbaycan üzrə
sədri Mustafa Saatçı, professorlar İlham Məmmədzadə,
Akif Musayev, Şahlar Əsgərov, Akif
Abbasov, Qulu Məhərrəmli,
Cəfər Cəfərov, Malik Cəbrayılov,
Məhərrəm Qasımlı, ADU-nun
kafedra müdiri Samir Həmidov, Ənvər Abbasov,
Qafqaz Universitetinin prorektoru Məmmədəli
Babaşlı, Lider televiziyasının
nümayəndəsi Tofiq
Abbasov və
başqaları daxil idilər.
Konfrans
öz işinə noyabrın 26-da Antalya şəhərinin
"Rixos Tekirova" istirahət mərkəzində
başladı. Konfransın plenar iclasında
çıxış edən Jurnalistlər və Yazarlar
Fondunun başçısı Mustafa Yeşil ailə modelinin mühafizə edilib
saxlanmasının zəruriliyini vurğuladı.
"Dialoq
Avrasiya" Platformasının sədri Nurlan Orazalin diqqəti konfransın əhəmiyyətinə
yönəltdi.
Plenar
iclasda Azərbaycan Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun direktoru Rostislav Rıbakov və başqaları
da çıxış etdilər.
Plenar
iclasdan sonra tədbir üç bölmədə davam
etdirildi. İki gün ərzində həmin bölmələrdə
60-a yaxın məruzə dinlənildi. Yaxşı haldır
ki, məruzələrin müzakirəsi və münasibət
bildirilməsi üçün də vaxt müəyyənləşdirilmişdi.
Bundan başqa, bu və ya digər məruzələr qabaqcadan
ayrı-ayrı ölkələrdən olan mütəxəssislərə
rəyə göndərilmişdi. Bölmələrdə həmin
şəxslərin rəyləri də dinlənildi. Ekspertlər
kimi AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq
İnstitutunun direktoru, professor İlham Məmmədzadə, AMEA-nın İqtisad İnstitutunun əməkdaşı
Aqil Əsədov, Qafqaz
Universitetinin müəllimi Əbülfəz Süleymanov
çıxış etdilər.
Ayrı-ayrı
bölmələrdə
Türkiyədən Aytəkin
Sırın "Mənəvi nöqteyi-nəzərdən kütləvi informasiya vasitələri
və ailə", Litvadan Vanda Birute Qinevidcenin "Müasir
ailə", Rusiyadan Rostislav
Rıbakovun "Ailəyə təsir göstərən
müxtəlif ideologiyalar", Seneqaldan Fatou Sarr İfanın "Seneqalda
ailə və kasıblıq", Qazaxıstandan Mayra
Kabakovanın "Müasir qazax ailəsində dəyərlər
və ənənələr",
Hindistandan Ənvər Alamın "Dini dövlət və
qadın hüquqları", İsveçrədən Hans
Ukonun "Ənənədən müasirliyə: nəyi əldə
etdik və nəyi itirdik?", Avstraliyadan Rozmari Consonun "XXI əsrdə - informasiya əsrində
təhsil, ailə, ənənələr və dəyərlər"
və s. mövzularda məruzələri maraqla
qarşılanmışdır.
"Dialoq
Avrasiya" Platforması çərçivəsində
keçirilən beynəlxalq tədbir noyabrın 28-də
yekunlaşdırıldı.
Qazaxıstan
Yazıçılar İttifaqının sədri, qurumun
başqanı Nurlan Orazalin son
iki ildə görülmüş işlərlə
bağlı hesabat verdi. Təlimata uyğun olaraq, yeni
başqanın seçilməsi ilə bağlı təkliflər
irəli sürüldü və ukraynalı tarixçi alim və
ictimai xadim, professor Vladimir Sergeyçuk növbəti iki il
üçün qurumun sədri, Jurnalistlər və Yazıçılar
Vəqfinin sabiq başçısı Harun Tokak həmsədr
seçildilər. Platformada Avrasiya
tələbə layihəsinin on protokolu imzalandı. Həmin
protokollara uyğun olaraq, 2011-ci ildə "Dialoq
Avrasiya"nın üzvü olan ölkələr arasında
tələbə mübadiləsinin həyata keçirilməsi
qərarlaşdırıldı. Bundan başqa, növbəti
ildə Avrasiya Pedaqoji klubunun yaradılması, Avrasiya Yazarlar
Birliyinin toplantısının keçirilməsi, müasir qələm
layihəsi və "Böyüklərin dünyasında
uşaqlar" mövzusunda konfransın keçirilməsi nəzərdə
tutuldu.
Konfrans
Ailə Akademiyasının yaradılması kimi
mühüm təklifi irəli
sürdü ki, bu, gənclərin psixoloji baxımdan müdafiə
olunmasına, onların ailə həyatına
hazırlanmalarına kömək olacaqdır.
Tədbirin
sonunda çıxışlar oldu. Azərbaycanın xalq
yazıçısı Anar öz çıxışında
"Dialoq Avrasiya" Platformasının son dərəcə xeyirxah və gərəkli
istiqamətdə iş apardığını söyləyərək
əlavə etdi: "Hər savaşın sonunda bir
barış var. Ermənistan Respublikası ölkəmizin ərazisinin
xeyli hissəsini işğal etmişdir. Bu dövlətin
günahı üzündən bir milyondan artıq
qaçqınımız var. Azərbaycan dövlətinin
bütün səylərinə baxmayaraq, Ermənistan rəhbərləri
sülhə doğru addım atmaq istəmir,
işğalçılıq siyasətindən əl
götürmür, danışıqlar masası arxasında
oturmur, yaxud oturduqda da bu danışıqları pozurlar. Ermənistanın
öz məkrli siyasətindən əl götürməsi,
onun da nümayəndələrinin belə böyük bir tədbirə
qoşulması məgər pis olardı?".
Dialoq
Avrasiya" Platforması çərçivəsində
keçirilən "Ailə dini, ənənələri və
müasirliyi öz ətrafında birləşdirən dəyər
kimi" mövzusunda beynəlxalq konfrans başa
çatdı. İştirakçılar konfransın işindən və nəticələrindən
son dərəcə razı qaldılar və nikbin bir əhvali-ruhiyyə
ilə Antalya şəhərindən ayrıldılar.
Akif ABBASOV,
pedaqoji elmlər doktoru,
professor,
Mustafa SAATÇI,
"Dialoq Avrasiya" Platformasının
Azərbaycan üzrə sədri
Azərbaycan müəllimi.-
2011.- 14 yanvar.- S.14.