20 YANVAR - bizim üçün itkilər və qan yaddaşı

 

SSRİ üçünsə sonun başlanğıcı

 

Azərbaycanlıların ədalət tələbi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən bir millətə qarşı Mixail Qorbaçovun ordu hissələri yeritməsi bizim üçün böyük itkilər, SSRİ-nin isə süqutunun başlanğıcı oldu. Həmin faciəli günlərdə öz ölkəsinin şərəf və ləyaqətini hər şeydən uca tutan, rəsmi Moskvanın Azərbaycana gözgörəsi xəyanət etdiyinə dözməyən Vətən övladları şəhidlik zirvəsinə ucaldılar. Mübarizlik, əyilməzlik, məğrurluq nümayiş etdirdilər. O qanlı hadisənin tarixi məsuliyyəti isə Qorbaçovun və Kremlin boynunda qaldı.

 

Faciənin planlaşdırılması barədə aparılan danışıqlar...

 

18 noyabr 1987-ci il. Mixail Qorbaçov akademik A.Aqambekyanla Kremldə görüşərək, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə daxil edilməsi barədə müzakirələr aparır. Qorbaçov bu məsələnin tezliklə həllinə söz verir.

20 fevral 1988-ci il. Ermənistan "Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkib hissəsindən çıxarılaraq Ermənistanın tərkibinə daxil edilməsi" barədə Azərbaycan hökuməti qarşısında vəsatət qaldırır və Azərbaycan parlamentinin qərarını gözləmədən avtomat gücünə Ermənistandan və Qarabağdan azərbaycanlıların deportasiyasına başlayır.

9 dekabr 1989-cu il. Rəsmi Yerevan "Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşməsi haqda" qərar qəbul edir.

10 yanvar 1990-cı il. Nəhayət, SSRİ Ali Soveti Rəyasət Heyəti rəsmi olaraq bəyan edir ki, "Azərbaycanın razılığı olmadan Ermənistanın Dağlıq Qarabağla birləşməsi SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən kobud qanun pozuntusudur".

 

"Udar" əməliyyat planı

 

Rəsmi Moskva bununla Azərbaycanın gözündən pərdə asmağa çalışırdı. Lakin Ermənistandan məcburi şəkildə qovulmuş 200 minə yaxın azərbaycanlını görən xalq bu cəfəngiyata məhəl qoymadı. Xalq "Azadlıq" meydanında toplaşaraq soydaşlarının pozulmuş hüquqlarının bərpası, dədə-baba yurdlarına qayıtması tələbi ilə mitinqlərə başladı. Qorbaçovun göstərişi ilə SSRİ MN, DİN və DTK-nın rəhbərləri Azərbaycana qarşı "Udar" əməliyyatı hazırladı. Bu əməliyyata rəhbərlik general Aleksandr Lebedə həvalə edildi. Əməliyyata Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınmış 50 minə yaxın qarışıq milli tərkibli əsgər, zabit və kursantlarla yanaşı, DTK-nın xüsusi təyinatlı "Alfa" və "A" diversiya qrupları da cəlb olundu. M.Qorbaçovun qərarı ilə 1990-cı il yanvarın 19-da SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

Bakıda və Azərbaycanın bir çox yaşayış məntəqələrində komendant saatı elan olundu. SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn "təcili yardım" maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 07:00-da respublika radiosu ilə çatdırıldı. Daha sonra isə... 137 şəhid, 744 yaralı, 800-ə yaxın qanunsuz həbs olunanlar və onlarca itkin...

Bu davranış insanlığa qarşı vəhşi terror aktı idi. Bu ağır cinayət bəşər tarixində ən qanlı hadisələrdən biri kimi qalacaq. Ölkəsinin milli şərəfi uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyi Bakıya qoşunu "hərbi qulluqçuların ailələrini qorumaq üçün yeritdiklərini" bildirmişdi. Lakin bunun uydurma ağ yalan olduğu çox tez üzə çıxdı. Çünki şəhərdə qorumaq istədikləri rus millətindən olan ailələr özləri onlara qarşı çıxdı. Bu gün Azərbaycan az-çox dövlətlərdən biridir ki, ruslar tam sərbəst şəkildə yaşaya bilirlər.

 

"Şit" təşkilatı ekspertlərinin hesabatından:

 

- adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur; - xəstəxanalar, "təcili yardım" maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; - adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var; - "Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər vardır...

Qorbaçovun və ətrafındakıların "millətçi ekstremistlər" adlandırdıqları bunlar idimi? Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:

"Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır"...

 

Milis xalqla birgə mübarizəyə qoşuldu

 

Kommunist Partiyasında çalışan azərbaycanlıların hamısını günahlandırmaq düzgün deyil. Çünki onların bir çoxu hələ noyabr ayında xəbərdarlıq etmişdilər ki, Bakıya qoşun yeridiləcək. Azərbaycan milisinin şücaəti misilsizdir. Qətliam günü tərksilah edilmiş milislər xalqa qoşulub mücadilə etdilər. Onlar paqonlarını cırıb, papaqlarının emblemlərını qoparıb, partiya biletlərini tikə-tikə edib xalqla çiyin-çiyinə dayandılar. Neçə-neçə Azərbaycan milisi şəhid oldü. Nizami ordu yaradılmazdan öncə, məhz elə milislərimiz erməni toqquşmalarında qəhrəmancasına vuruşdular, şəhid oldular, kişilik salnaməsi yaratdılar.

 

Dənizçilər tarana getdilər

 

Yanvar dəhşətləriylə bağlı dənizçilərimizi də layiqincə qiymətləndirməliyik. Həmin gün "Sabit Orucov" gəmisi körfəzə çıxmışdı. Azərbaycan gəmilərinin radioqramlarını indi oxuyanda adamın gözü yaşarır. Onlar rus hərbi gəmilərinin üstünə tarana gedirdilər. Radioqramlarla bütün dünyaya xəbər verirdilər ki, "Biz tarana gedirik. Biz imkan verməyəcəyik ki, şəhidlərin meyitlərini dənizdə göməsiniz". Dəfn gününün səhəri mülki gəmilər top atəşlərinə tutuldu...".

 

Şəhidlər... qəhrəmanlar...

 

20 Yanvar yeni bir hadisə deyildi. Ondan əvvəl də xalqımız dəfələrlə bu kimi qanlı hadisələri yaşamışdı. Bu həmin hadisələrin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırım, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən qayçılanması, nəticədə ölkənin tarixi ərazisinin 125 min kv.kilometrdən 87 min kv.kilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin səhifələridir.

1990-cı ilin yanvar qırğını millətimizin iradəsini, milli ruhunu, mübarizə əzmini qıra bilmədi. Canından keçən, həyatını itirən Vətən övladları tariximizə yeni bir parlaq səhifə yazdılar, milli azadlığa, müstəqilliyə gedən yolu göstərmiş oldular. İllər keçməsinə baxmayaraq, o müdhiş gecə bizim üçün unudulmayan bir təqvim günüdür. Bu bir qan yaddaşıdır. Və unudulmayacaq.

 

 

Eldəniz Elçin 

 

Ayna.- 2011.- 22 yanvar.- S.6.