"Maddiyyat baxımından uduzdum"
Cavanşir Quliyev Quzey Kiprdə mənəvi
dincliyə qovuşub
Uzun illərdir fəaliyyətini
Quzey Kipr Türk Cümhuriyyətində davam etdirən Cavanşir Quliyev hər il qış tətilində
Bakıya gəlir. Hər gəlişində maraqlı fikirləri
və müsahibələri ilə yaddaşı təzələyən
bəstəkarla bu dəfə
də söbhətimiz oldu.
Quzey Kipr və Azərbaycan
türkünün musiqisindəki
bənzərlik, yaxud fərqlərdən
başladıq:
"Xalqlar bir-birinə doğma olsa da,
musiqilər arasında fərqli cəhətlər çoxdur.
Yüzillər boyu hər ölkədə musiqi öz
kökü üstündə inkişaf edir. Osmanlı bir
imperiya olub. Bu imperiyanın ali zövqündən doğan tələblər
əsasında orijinal musiqi sənəti formalaşıb. Azərbaycan
uzun əsrlər dövlət pərakəndəliyi şəraitində
olduğundan musiqisi xeyli sərbəst inkişaf edib. Ölkələr
arasında oxşar cəhətləri ümumşərq
musiqi ənənələri birləşdirir. Mənə
görə, bizim Azərbaycan musiqisi Güney Azərbaycanda fərqli
ictimai və mədəni şəraitdə inkişaf
etmiş musiqi sənətinə daha yaxındır, nəinki
Türkiyənin klassik musiqi sənətinə. Yalnız Anadolu
və Azərbaycan aşıq sənətindən
danışarkən ümumi cəhətlərdən, bənzərliklərdən
danışmaq olar. Bunun da kökləri ozan sənətinə
gedib çıxır. Amma Türkiyənin musiqi sənətində
bizim bildiyimiz muğam anlayışı yoxdur. Arabir ona bənzər
musiqilər ifa edilir. Orada cəmiyyətin ehtiyacı tamam
başqa məzmunlu musiqiyə olub. Bu məcrada da orijinal
işkişaf yolu keçib".
Söhbət zamanı Cavanşir müəllimdən
Azərbaycanda sənətçilərin bir-birinin bəhsinə
aldığı fəxri adlara münasibətini öyrəndik.
Bəstəkar qeyd edir ki, heç bir
ölkədə havayı, qazanılmamış imtiyaz verilməz.
Buna yalnız Azərbaycanda rast gəlmək
mümkündür. Buradan getməyinin səbəbini mənəvi
rahatlığa olan ehtiyacı ilə əlaqələndirən
Cavanşir Quliyev əlavə etdi ki, burada ikən
"yazı-pozu" ilə məşğul ola bilmirdi:
"Etiraf edim ki, maddiyyat
baxımından uduzdum. Amma getmək istədiyim
üçün getdim. Digər sənət
yoldaşlarımın da ölkədən
uzaqlaşmasının buna bənzər səbəbləri
var. Məndən fərqli olaraq xaricə maddi rifahı göz
önünə alıb gedənlər çoxdur. Mənim fikrimcə, Azərbaycan kimi ölkədə
pul qazanmaq çox asandır. Hər səhər bir az vicdanı evdə qoyub gedəndə,
axşam evə çoxlu pulla qayıtmaq olar. Əyriliklə,
rüşvətlə, yalanla Azərbaycanda nə qədər
adam pul qazanır! Hər
ölkədə rüşvət halları mövcuddur, amma buradakı kimi deyil".
Axtardığı sakitliyi qonşu ölkədə
tapdığını deyən bəstəkar işinin öz
axarı ilə getdiyini söyləyir. Mənəvi
həyatının sağlam olduğunu söyləyən
Cavanşir Quliyevin sözlərinə görə, əsəb
və gərginliyi burada qoyub: "Ömür boyu
arzuladığım şəraiti tapmışam. Səhər işə gedir, axşam həmin əhval-ruhiyyədə
evə qayıdıram. Heç kim mənə
dəyib-toxunmur".
"Sənətkar
əziyyət çəkəndə daha
yaxşı əsərlər meydana çıxır". Bu deyimlə razılaşmayan bəstəkara
Çingiz Ələkbərzadənin "Zindan" əsərini
misal çəkdik. "Maddi cəhət
hamıya gərəkdir. Bu cəhət zəif
olanda yaxşı əsərlər yazılır" deyimi cəmiyyətin
durumunu düzəltmək istəməyənlər
üçün bir bəhanədir. Yəni
"sizi sıxmasaq, siz işləməzsiniz". Yaxşı sənətkar isə əsəri
maddiyyata görə yazmamalıdır. Ümumiyyətlə,
bədii sənətin maddiyyatdan asılılığı
yoxdur. Onun öz qanunları var. Abbas Tufarqanlıdan
soruşurlar ki, "niyə şeir yazırsan?".
Cavab verir: "Çünki yazmaya bilmərəm". Cavanşir Quliyev deyir:
"Əsl sənətkar
ruhundakını üzə çıxarmaya bilmir. Gəldi, onu ruhundan xaric etməlisən. Ana olmağa hazırlaşan qadına heç bir
yasaq qoya bilməzsən, o ya ölməli, ya da
dünyaya övlad gətirməlidir".
Bəstəkardan "Bakıdan sifariş almısınız?"
deyə soruşanda o suala "Sifarişçilər nəyi
sifariş verməli olduqlarını anlamırlar"
cavabını verdi. Daha sonra məmurların
musiqi yaradıcılığı ilə məşğul
olmasına münasibət bildirən bəstəkar dedi ki, hər
insan bədii yaradıcılıqda sərbəstdir:
"Amma bu, o demək
deyil ki, hər bir adamın yazdığı ifa
olunmalıdır. Vaxtı ilə
bölgələrdə özfəaliyyət dərnəkləri
mövcud idi. Həvəskarlar arzuladıqları
mahnını, əsəri orada ifa edir, sabah
da yuxudan durub zavoda, işinin dalınca gedirdilər. Bu ənənə artıq qüvvədən
düşüb. İndi bunları daha
çox telekanallar əvəz edir. İnsanlar tələbatlarını
orada ödəyirlər".
Ölkədə baş alıb gedən həvəskar musiqiçi
ordusuna münasibətini bildirərkən bəstəkar bunu bəzi
mətbuat orqanlarında və televiziyada aparılan təbliğat
kampaniyası ilə əlaqələndirdi: "Həmin
insanlara mən nə ulduz deyirəm, nə də
"meqastar". Müğənni təkidlə
onu "ulduz" adlandırmağı tələb edə bilər,
teleaparıcılar buna göz yumurlarsa, günah elə
onların özündədir. Ümumi təqdimat
qaydaları var. Müğənninin bir dəfə, iki dəfə
tələbinə əhəmiyyət verməsən, vərdişindən
əl çəkəcək. Televiziya isə
öz havasını çalır, tənqidlə
razılaşmaq istəmirlər. Başqa
sahələrdə də eyni ilə belədir. Hər
gün şəhərin tıxaclarından, zəhərli
havasından, zibilliklərindən canımızı qurtara
bilmədiyimiz kimi... Bunlar həyatımızın bir hissəsini təşkil etməkdə
davam edir".
XATUN
Ayna.- 2011.- 22
yanvar.- S.20.