I Bakı Beynəlxalq Moda Festivalı başlayır

 

Qeyri-adi bacarığı, özünəməxsus istedadı olan gənc xanım modelyerlərin I Bakı Beynəlxalq Moda Festivalına start verilir. Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən festival qadın geyimləri modası nümayişini əhatə edir. Festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, www.fashion.az saytının və moda agentliyinin iştirakı ilə həyata keçirilir.

Gənclər İdman Nazirliyi mətbuat xidmətindən verilən bilgiyə görə, festivalın məqsədi modelyer-dizaynerlərin potensiallarının reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, diqqətin gənclərin yaradıcılığına cəlb olunmasından ibarətdir.

Festivalın vəzifələri bu sahədə fəaliyyət göstərən istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi, onların gələcək fəaliyyətlərinin stimullaşdırılması, festival iştirakçılarının öz ideya və nailiyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, müxtəlif ölkələrdən olan gənc modelyerlərin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsidir.

Festivalda yaşı 18-29 olan gənc xanım modelyer-dizaynerlər iştirak edə bilər. İştirak üçün hər ölkədən 3 nəfərlik modelyer komandası dəvət olunur. Qaydaya görə, Azərbaycanın 2 komanda ilə təmsil olunmaq imkanı var.

Festival iştirakçıları Gənclər və İdman Nazirliyi tərəfindən iştirak haqqında şəhadətnamə qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

 

 

Ayna.- 2011.- 22 yanvar.- S.20.