"İstanbulda royadayam"
Fərəcoğlunun bu şəhərdə
20-ci sərgisi açılıb
Azərbaycanlı
avanqardist rəssam Əbülfəz Fərəcoğlu Bosfor
üzərindəki bu gözəl şəhərdə sanki
bir roya içərisindədir. Yaşamaq istədiyi, xəyal
etdiyi həyatı burada tapıb. Heyranı olduğu və
bizim də heyran olduğumuz bu şəhəri tablolara
köçürür. 14 ildir bu şəhərdə
yaşayır və buradan başqa bir yerə getmək fikrində
də deyil - özü belə deyib.
İstanbulun
Levent səmtindəki Alta Sənət Qalereyasında onun bu
yanvar ayında açılmış fərdi rəsm sərgisi
fevralın 4-dək fasiləsiz davam edəcək. Növbəti
sərgisində rəssamın son illərdə
yaratdığı yağlı boya tabloları nümayiş
etdirilir. İstanbul mediası və sənətsevərlərin
sərgiyə böyük maraq göstərdiyi qeyd olunur.
Əbülfəz
Fərəcoğlu bildirib ki, bu onun qardaş ölkədə
açılan 20-ci fərdi sərgisidir. Bunun özü
özəl bədii zövqə malik, böyük sənət
ənənəsi olan İstanbulda uğurlu rəssam
sayıldığının bir göstəricisidir. Fərəcoğlunun
fırçasından çıxmış tablolar bu gün
Almaniya, Ukrayna, ABŞ, Yaponiya, İran, Bolqarıstan və daha
neçə-neçə ölkələrdə şəxsi
kolleksiyaları bəzəyir. Rəssam deyir:
"İstanbulda
14 illik yaradıcılığımın hər dönəminə
aid tabloları burada nümayiş etdirirəm. Türkiyənin
sənət bazarında mövqe əldə edə bilməyin
bir sıra çətinlikləri var. Burda bəzən kənardan
gələn rəssamlara qarşı süni əngəllər
də yaradılır. Ancaq buna baxmayaraq, mən həm
yaradıcılığıma, həm də pedaqoji fəaliyyətimə
davam edirəm".
Naxçıvanda
1956-cı ildə doğulan Əbülfəz Fərəcoğlu
Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin
məzunudur. İncəsənət İnstitutunu bitirib.
Üç il Naxçıvanda Rəssamlıq Məktəbində
dərs deyib. Ukraynanın Lvov şəhərində
üç aylıq rəsm simpoziumunda iştirak edib və birinciliyi qazanıb. Rusiya şəhərlərində
qarışıq sərgilərdə iştirak
edib və sonra üzünü İstanbula tutub. İstanbulun Yeşilköy
səmtində "Ekim" Sənət Məktəbini
yaradıb, həvəskarlara və tələbələrə
rəsm sənətinin sirlərini öyrətməklə və
öz şəxsi yaradıcılığı ilə məşğuldur.
Belə görünür, olduqca
məhsuldar çalışır.
Sənətşünaslara
görə, Əbülfəz Fərəcoğlu rəsmlərinə
ümumilikdə fantastik bir yanaşma hakimdir. Sosializm realizmini
qəbul etmir, impressionistləri də təqib etmir. Azərbaycan
avanqardizminin öncülləri sayılan Cavad Mircavadov,
Toğrul Nərimanbəyov və Rasim Babayev ruhən ona daha
yaxındırlar. Bu üç rəssamın istanbullu Nahit
Kabakçının şəxsi kolleksiyasında yer alan
tablolarını izləmiş yerli sənətşünaslar
belə bir fikrə gəliblər. Onların verdiyi qiymətə
görə, Fərəcoğlunun tabloları rəngi və
cizgiləri, seçilmiş kompozisiyaları ilə fərqlidir,
bu rəssam daim bir yenilik axtarışındadır. Klassik
formaları dəyişdirməsi, ənənələ
qarşı bir üslub izləməsi bəzən sənətşünaslar
tərəfindən tənqid olunsa da, onun öz yanaşma tərzi
var. Onun tablolarında impressionizmdən başlayaraq modern sənətə
qədər bütün cərəyanlara xas üslubları -
kubizm, sürrealizm, fovizm və s. görənlər var.
Fəqət
bircə şey aşkardır - onun üçün
İstanbulun hər bucağı bir ilham qaynağı, sonsuz
bir zənginlikdir. "Burada bir royadayam" deyir. Və əlavə
edir: "İnsan başqa harada yaşaya bilər ki?"
İ.BALIOĞLU
Ayna.- 2011.- 22 yanvar.- S.19.