"İslahatlar
dərinləşmədikcə NATO ilə əməkdaşlıq
genişlənməyəcək"
Türk TV kanallarının şərhçisinin
fikrincə, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının
çərçivəsi genişləndirilməlidir
"Sülh
naminə tərəfdaşlıq" əlavəsinin
müsahibi beynəlxalq münasibətlər üzrə
jurnalist, Türk TV kanallarının şərhçisi Mayis Əlizadədir.
- Bu gün Azərbaycanın beynəlxalq
təşkilatlarla siyasi, iqtisadi və təhlükəsizlik
sahəsində əməkdaşlıq vəziyyətini
ümumilikdə necə qiymətləndirmək olar? Azərbaycan
beynəlxalq inteqrasiyaya meyilli və açıq olan dövlət
kimi qiymətləndirilə bilərmi?
- Mənzərə
hər kəsin gözünün qabağındadır. Ölkənin
beynəlxalq təşkilatlarla münasibətlərini
xarakterizə edərkən "əməkdaşlıq"
sözünün yerinə "sürəkli
çatışma" ifadəsini tədavülə daxil etmək
daha yaxşı olardı. Bunun iki tərəfi vardır:
birincisi, məsələn, beynəlxalq təşkilat olan BMT
Azərbaycanın işğal altındakı
torpaqlarının işğaldan azad edilməsi
üçün bir neçə qətnamə qəbul edib. Amma
qətnamələr yerinə yetirilmir və bu, nə BMT-nin, nə
digər beynəlxalq təşkilatların vecinədir. Azərbaycan
isə qətnamələrin həyata keçirilməsi
üçün BMT üzərində lazımi təzyiqi qura
bilmir.
Erməni
işğalı altındakı torpaqların aqibəti Avropa
Şurası və ATƏT-in də gündəmində
olmasına baxmayaraq, bu təşkilatlar da öhdələrinə
düşən əsas işi yerinə yetirmir. Bir neçə
gün əvvəl Angela Merkel "Kipri işğal edən
Türkiyənin Avropa Birliyinə üzv ola bilməyəcəyini"
söyləyib. Bəs Azərbaycan torpaqlarını
işğal edən Ermənistan Avropa Şurasına necə
üzv ola bilir? Şuranın əsas prinsipi "hüquq"dursa,
erməni işğalçılığına göz yummaq
hansı hüquq kitabında yazılıb? ATƏT-in Minsk
Qrupunun fəaliyyətini müasir Türk jurnalistikasında
tez-tez işlədilən "zart-qurtçuluq"
("içi boş" mənasında) sözləri ilə
ifadə etmək olar.
Məsələlərə
Azərbaycanın nöqteyi-nəzərindən baxanda isə
münasibətləri "Bakının üzv olduğu beynəlxalq
təşkilatlara meydan oxuması" sözləri ilə
xarakterizə etmək olar. ATƏT-in Astanadakı sammitinin
fiasko ilə nəticələnməsindən sonra Nazarbayevin
özünü hakimiyyətə əbədi olaraq pərçimləməsi
paytaxtı Vyanada olan bu qurumun tragikomik durumunu ortaya qoymurmu?
Üzv
olduğu Avropa qurumları qarşısında Azərbaycanın
təzyiq gücü əldə etməsi üçün
öhdəlikləri nöqsansız şəkildə yerinə
yetirməsi lazım idi. Əgər Azərbaycan Strasburqa desəydi
ki, mən demokratik islahatları sənin tələblərinlə
deyil, öz xalqıma daha çox azadlıq və rifah vermək
üçün həyata keçirirəm, önəmli dərəcədə
nüfuz qazanaraq həm torpaqların işğaldan azad edilməsi,
həm də erməni separatçılarının
Dağlıq Qarabağda qurduqları oyuncaq rejimin tarixə
qarışmasında qəti addımlar ata bilərdi. Bunun əvəzində
Bakının səlahiyyətli nümayəndələri istənilən
beynəlxalq raport və analizə standart cavablar vermək
yolunu seçdilər. Onların nöqteyi-nəzərindən
baxanda "ətraf düşmənlə doludur". Bu durumda
"niyə doludur?" sualına obyektiv və qənaətbəxş
cavab vermək lazım gəlməzmi? Allahın hamıya
verdiyi bir cüt gözü açıb dünyaya baxanda cərəyan
edən proseslərə verilən reaksiyaların tamamilə
yanlış olduğu görünmürmü?
Gəlinən
nöqtə bunu deməyə imkan verir: Azərbaycan beynəlxalq
qurumlarla münasibətlərini təbii sərvətlərin
verdiyi iqtisadi gücün paradiqması üzərində
qurmağa üstünlük verir və bu prosesdə Avropa
qurumlarının prinsiplərini vecinə də almır.
İş o qurumları tərk etmək nöqtəsinə gələrsə,
Bakının heç ruhunu da incitmədən bu addımı
atacağı görünməkdədir.
Avropa
təşkilatları isə yorğun və prinsiplərini
üzv ölkələrin bir qisminə qəbul etdirə bilməyən
qurumlara çevrilmişdir. Türk parlamentar Mevlut
Çavuşoğlunun sədr olduğu bir Avropa Şurası
Parlament Assambleyasını gözünüzün önünə
gətirin...
- Regional vəziyyət Azərbaycan
üçün hansı çətinlikləri yaradır? Gürcüstanın
Rusiya ilə münaqişə vəziyyətində
olması, Ermənistanın Azərbaycan torpaqlarını
işğal etməsi, İranın nüvə məsələsinə
görə Qərblə ziddiyyətli münasibətlərdə
olması, İran və Türkmənistanın Xəzər dənizinin
hüquqi statusunun müəyyən olunması məsələsində
qeyri-pozitiv mövqe sərgiləməsi və s. kimi durumlardan
uğurla çıxmaq üçün Azərbaycanın
xarici hərbi siyasətində hansı dəyişikliklər
edilməlidir? Balanslaşdırma siyasəti işə
yarayırmı?
-
Tarixi təcrübə göstərir ki, "regional vəziyyət"
kimi ifadələrdən çox vaxt bəhanə kimi istifadə
edilir."Dövlətçiliyin qorunması" da həmçinin.
ABŞ-ın Türkiyə Cümhuriyyətindəki ilk səfiri
Con Krou Lozanna konfransının açılışından
bəhs edərkən yazır ki, lord Kerzonun
açılış nitqindən sonra axşam ziyafəti nəzərdə
tutulmuşdu. Türk heyətinin başçısı
İsmət paşanın Lozanna konfransını təşkil
edənlərə təşəkkür bildirəcəyini
gözləyərkən o, sərt bir çıxış edərək
ilk andan etibarən ölkəsinin şərtlərini diqtə
etməyə başladı. Proqram alt-üst olmuşdu.
İsmət
paşanın bunu hansı cəsarətlə etməsinin səbəblərini
axtararkən bu nəticəyə vardım: onun arxasında
Mustafa Kamal paşa durmuşdu və Ankaradan aldığı təlimatları
həyata keçirirdi. Lozanna konfransına gedərkən
Mustafa Kamal paşa Sevr təslimçilik müqavilsini
cırıb atmışdı. İşğal
altındakı Anadolu torpaqları və İstanbul azad
edilmişdi. İsmət paşanı daha da güclü
qılmaq məqsədilə konfransın düyün məqamlarından
birində Mustafa Kamal paşa ona Ankaradan bu teleqramı göndərmişdi:
"Son təkliflərimizi də qəbul etməsələr,
heyəti də götür, geri qayıt. Biz bu işi
başqa yollarla da həll edərik. Ordumuz savaşa hazır və
hətta səbirsizdir".
Ölkələr
"regional vəziyyət" bəhanəsinə
sığınsalar, onda gərək heç yerlərindən
tərpənməyələr. "Regional vəziyyəti"
öz lehinizə çevirmək istiqamətində hansı
işləri görməlisiniz - bir ölkəni
maraqlandıran əsas sual bu olmamalıdırmı? "Regional
vəziyyət" ifadəsini gündəliyə gətirərkən,
hər şeydən əvvəl, o "vəziyyət"in
naturasını düzgün müəyyənləşdirmək
lazımdır.
2008-ci ilin avqustunda Rusiya Gürcüstanı işğal
etdi. Avqustun 12-də Moskvaya gedən Türkiyənin
baş naziri Ərdoğan Rusiyaya "Qafqaz sabitlik və əməkdaşlıq
platforması" yaratmağı təklif etdi. Avqustun 31-də İstanbuldakı Dolmabağça
sarayında o vaxtın xarici işlər naziri Əli Babacan
gürcüstanlı həmkarı Eka Tkeselaşvili ilə
görüşdü. Mətbuat konfransında Babacana bu
sualı vermişdim: "Rusiya 200 ildən bəri
Qafqazdakı siyasətinə uyğun olaraq kiçik
xalqları böyük xalqlara qarşı qoyur. Sizin
"platforma" yaratmaq təklifiniz Rusiyanın 200 illik siyasətindən
vaz keçməsinə səbəb olacaqmı? Babacan suala qətiyyən aidiyyəti olmayan cavab
vermişdi. "Röyter" agentliyinin müxbiri, dostum
Tom Qrov Eka xanıma başqa məzmunlu bir sual verincə,
gürcü nazir Tomdan üzr istəyərək mənim
sualıma cavab vermək istədiyini bildirmiş və
demişdi: "Bəli, bugünkü
sıxıntılarımızın mənşəyində
Rusiyanın bölgədə 200 ildən bəri həyata
keçirdiyi və bu gün də davam etdirməyə
çalışdığı siyasətdir".
Rusiyanın Gürcüstanı işğal edərək
Abxaziya və Cənubi Osetiyanı tanıması dar çərçivədə
dəyərləndirilsə, hansı nəticə əldə
edilər, bu məsələ uzun möhlət perspektivində
analiz edilsə, hansı ehtimallar ortaya çıxar? Qafqaz
"balans siyasəti" yürütmək üçün
nə dərəcədə uyğun məkandır? Torpaqlarımızın işğalına dəstək
verən, işğalçı ilə ən yaxın
münasibətləri olan, işğalçını ovcunun
içində bəsləyən ölkələrlə
"balans siyasəti" yürütməyin məntiq və
riyaziyyatını nə dərəcədə dəqiq
hesablamaq mümkündür? Dekabrın
sonlarında EKO ölkələri daxili işlər nazirlərinin
İstanbuldakı toplantısından bir gün qabaq
keçirilən heyətlərarası iclasda Azərbaycan
işğal altındakı torpaqlarda narkobiznesin son dərəcə
narahatlıq doğurmasını və nazirlər
toplantısının yekun bəyannaməsinə bununla
bağlı maddə daxil edilməsini gündəliyə gətirmişdi.
İran tərəfi bunun müzakirəsinə
qətiyyən qarşı çıxaraq bir gün
sonrakı toplantının gündəliyinə daxil edilməsinə
də mane oldu. Mövqelər bu qədər
açıq-aşkar ikən kimlərlə nələrin
"balans"ının yaradılmaq istənilməsini
anlamaq mümkün deyildir. Hələ
"balans" yaratmaq istədiyiniz ölkələrdən
biri dünyəvi rejiminizi daim təhdid edirsə, nəyin
"balans"ını yaradırsınız? İş o yerə çatıb ki, dünyəvi
rejim konstitusiyası ilə idarə edilən bir dövlətə
qonşudan müraciət edilir ki, hicabı sərbəst buraxın.
Bu cür "balans"lar dünyəvi
rejiminizi içəridən oyursa, hər şeyi yenidən dəyərləndirmək
qaçınılmaz olur...
- Rusiya 2010-cu ilin fevralında yeni Hərbi
Doktrina qəbul etdi. Bu sənəddə NATO-nun
Şərqə doğru genişlənməsi Rusiyanın təhlükəsizliyi
üçün ciddi təhdid hesab edilir. Bir qədər
sonra, iyunda Azərbaycan parlamenti Hərbi Doktrina qəbul etdi. Bu sənəd Azərbaycanın xarici hərbi siyasətinin,
ümumiyyətlə, strateji prioritetlərinin qeyri-dəqiqliyi
ilə yadda qaldı. Noyabrda isə NATO-nun
Yeni Strateji Konsepsiyası təsdiq olundu. Sənəd
Rusiyanı rəqib tanımır və tərəfdaş
ölkələrlə əməkdaşlığın
gücləndirilməsini nəzərdə tutur. Siz ümumilikdə bu prosesə necə şərh
verərdiniz? Bütün bu sənədlərin
qarşıdakı dövrü əhatə edəcəyini nəzərə
alsaq, nə gözləyirsiniz? Konkret olaraq
NATO-nun Yeni Strateji Konsepsiyası dünyanın təhlükəsizliyi
üçün hansı perspektivləri açır? Rusiyanın Hərbi Doktrinası isə hansı
preventiv addımlara yol aça bilər? Bu
gərgin prosesdə Azərbaycanın yeri haradadır?
- NATO-nun
Şərqə doğru genişlənmə planı barədə
qərar təşkilatın 2004-cü ilin iyununda İstanbulda
keçirilən zirvə toplantısında qəbul
edilmişdi.
NATO-nun o
zamankı sözçüsü Ceyms Appaturay Tbilisiyə və
Daşkəndə mülki təmsilçi təyin edəcəklərini
açıqlayanda "İzvestiya" müxbirinin bunu tənqid
edən sualına Appaturayın sərt cavab verdiyini
yaxşı xatırlayıram. NATO-nun müxtəlif
səpkili əməkdaşlıq proqramları ilə
dünyaya yayılma cəhdlərinə qarşı Rusiya MDB
çərçivəsində adekvat addımlarla cavab verməyə
çalışsa da, Moskvanın bu cəhdləri çox
vaxt kağız üzərində qalır. Bunun səbəbi
də açıq-aşkardır: Rusiya NATO-nun planlarına
cavab vermək üçün kimlərlə müttəfiqlik
qurmağa çalışır? Ermənistan,
Orta Asiya ölkələri və s. Elə isə 2004-cü
ildəki İstanbul zirvəsinin əsas qərarlarından
biri də NATO-nun hərbi əməllərdən əlavə,
demokratikləşmə proseslərinə önəm verəcəyi
ilə bağlı idi. Rusiya Şanxay protokolu çərçivəsində
də hansısa addımlar atmağa çalışır:
ancaq iş dönüb-dolaşıb yenə eyni nöqtəyə
gəlir: NATO üzvü olan ölkələrdə
adambaşına düşən milli gəlirin və
demokratiyanın səviyyəsinə baxın və bunu
Şanxay protokoluna daxil olan ölkələrlə müqayisə
edin.
NATO-Rusiya Şurası hər zirvə toplantısında
ayrıca toplanaraq öz aralarındakı məsələləri
müzakirə edir. Əgər məsələ
qarşıdurma dərəcəsində ciddidirsə, Rusiya bu
şuradan niyə çıxmır? Rusiyanın
yeni hərbi doktrinası onun NATO ilə qarşıdurmaya getməsinə
kifayət etməz. NATO-nun yeni strateji konsepsiyasına gəlincə:
əgər təşkilat ABŞ-ın maraqları naminə
müxtəlif səpkili çatışmaların içinə
çəkilərsə, bu, dünyanın təhlükəsizliyi
üçün heç bir şeyə xidmət etməyəcəkdir.
Əfqanıstan təcrübəsi buna ən
yaxşı örnəkdir. Yox, əgər
NATO öz fəaliyyətində əməkdaşlıq etdiyi
ölkələrdəki demokratiya məsələsini ön
plana çəkməyi bacararsa, dünyanın təhlükəsizliyinə
daha çox xidmət etmiş olacaqdır.
Özünüz deyirsiniz ki, Azərbaycanın qəbul
etdiyi sənəd qeyri-dəqiqliyi ilə yadda qaldı. Bir neçə il əvvəl Milli Məclisin vitse-spikeri
demişdi ki, NATO-nun bizi öz sıralarına qəbul etmək
qabiliyyəti olub-olmadığını biz qiymətləndirəcəyik.
Bu cür yanaşma tərzi ilə "gərgin
proses"lərin harasında olmaq olar? Yadıma
"Cümhuriyyət" qəzetinin yazarı Bekir
Coşkunun sözü düşür: "Biz AB-nin
harasına girmişik?"
- NATO-nun tərəfdaş ölkələrlə
əlaqələri gücləndirmək istəyi Azərbaycan
üçün hansı üstünlüklər vəd edir?
Azərbaycan tərəfi bir sıra beynəlxalq təşkilatların,
xüsusilə də NATO-nun Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında ədalətli mövqe
tutmadığını, Ermənistana təzyiq göstərmədiyini
bəyan edib. Sizcə, NATO bu prosesdə hansı
rolu oynaya bilər? Perspektiv gözləntiləriniz
varmı?
- Pyer Leluşdan Vahid Ərdəmə qədər dəfələrlə
söhbət etdiyimiz NATO-nun yüksək səviyyəli təmsilçiləri
Azərbaycanı "NATO-nun Orta Asiyaya açılan
qapısının qıfılı" kimi xarakterizə edib
əməkdaşlığı gücləndirmək
arzularını vurğulamışdılar. "Sülh
Naminə Tərəfdaşlıq" planı çərçivəsində
müəyyən işlər görüldü. Ancaq bunun xüsusilə Brüsseli qane etmədiyini
hamı görür.
2008-ci il Buxarest zirvəsində Gürcüstanın
NATO-ya üzv olmağa nə qədər
yaxınlaşdığını gördük. İslahatlar dərinləşmədikcə əməkdaşlığın
çərçivəsinin genişlənməyəcəyini
bilməyən varmı? Azərbaycanın
yüksək səviyyəli idarəçiləri ölkənin
nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) üzv
olacağını bəyan edirlər.
Hər hansı beynəlxalq təşkilatla əməkdaşlığın
çərçivəsi geniş olmalıdır ki, öz dərdinə
çarə tapmaq üçün ona umu-küsü edə
biləsən.
İşğalçı bir ölkəyə
bütün beynəlxalq təşkilatların təzyiq
göstərməsini istəməkdə Azərbaycan
haqlıdır, ancaq bu haqlılığı daha da
güclü qılmaq üçün o təşkilatla əməkdaşlıq
perspektivlərini açmaq və oraya üzv olmağa
çalışmaq ən məntiqli yol deyilmi?
Gürcüstan NATO-ya üzv olma yolunda qətiyyətli
addımlar atmasaydı, öz ərazi
bütövlüyünü qoruyacağına dair nikbin ola bilərdimi? NATO-ya üzv olan
Gürcüstan orada bu məsələni daha qətiyyətlə
gündəmə gətirmə imkanı əldə etməyəcəkmi?
- Azərbaycan və Türkiyə
arasında imzalanmış strateji tərəfdaşlıq və
qarşılıqlı yardım haqqında müqaviləni
necə qiymətləndirirsiniz? Bu müqavilədən
çıxış edərək tərəflər hərbi-siyasi
sahədə əməkdaşlığı hansı istiqamətlər
üzrə gücləndirəcəklər? Bu müqavilə tərəflərə hansı
üstünlükləri vəd edir?
-
Keçən il sentyabrın 15-də
İstanbuldakı Çırağan sarayında
imzalanmış müqaviləni gecikmiş də olsa, müsbət
qiymətləndirmək lazımdır. "Bir
millət, iki dövlət" ibarəsi uzun müddət
konkret sazişlərlə dəstəklənməyərək
havadan asılı qaldı. Müqavilənin
şərtlərinə uyğun şəkildə atılacaq
olan addımlar bir tərəfdən Azərbaycanın bölgədəki
mövqeyini gücləndirəcək, o biri tərəfdən
isə regionda cərəyan edən proseslərdə Türkiyəni
söz sahibi edəcəkdir.
1918-ci ilin təcrübəsini xatırlayın. Süleyman Dəmirəl
mənə demişdi ki, Azərbaycan-Türkiyə
qardaşlığının dünyada əmsalı yoxdur.
Əməkdaşlıq istisnasız olaraq
bütün sahələrdə gücləndirilməli və
hətta inteqrasiya səviyyəsinə
çatdırılmalıdır.
Bu yaxınlarda Türkiyənin yüksək vəzifəli
məmurlarının biri ilə söhbətimdə öyrəndim
ki, ən gec 3 ildən sonra Türkiyə öz təyyarələrini
tədavülə çıxaracaq. 1500 nəfərin
işlədiyi bu layihənin uğurla başa
çatdırılması, digər tərəfdən, Azərbaycanın
öz silah sənayesini gücləndirməsinə dair gələn
xəbərlər iki ölkə arasındakı əməkdaşlığın
üfüqlərini daha da açacaqdır. Burada tərəflər arasındakı
üstünlükdən çox, əməkdaşlığın
gücləndirilməsi önəmlidir.
Türkiyə Azərbaycanın güclənməsinə
hərbi dəstəyi heç vaxt əsirgəməyib. Müstəqilliyin
ilk ilində Türkiyədən gələn generalların fəaliyyətini
xatırlayın. Türkiyənin Bakıya
göndərdiyi hərbi attaşelərdən olan Engin Alan
terrora qarşı mübarizənin ən önəmli
fiqurlarından biri idi, general-polkovnik rütbəsi ilə
istefaya çıxandan sonra MHP-də siyasətlə məşğuldur.
Keçmiş hərbi attaşe Saldıray Berk
indi ordu generalıdır. 3-cü orduya
komandanlıq edəndən sonra Baş Qərargahın təhsil
və doktrina komandanlığına gətirildi.
Unutmayaq ki, Türk ordusu üçün Qafqazdakı ən
mühüm strateji yer Zəngəzurdur. Xarici işlər naziri Əhməd
Davudoğlu "Strateji dərinlik" kitabında yazır ki,
soyuq müharibədən sonra Türkiyənin ən
böyük itkisi Qarabağdır...
- Yaxın illərdə Dağlıq
Qarabağ münaqişəsi zonasında irimiqyaslı hərbi
əməliyyatların baş verməsini gözləyirsinizmi?
Ümumiyyətlə, münaqişənin
hansı yolla həll imkanları və perspektivləri
artmaqdadır?
- Öz
torpaqlarını separatçılardan təmizləmək Azərbaycanın
ən təbii haqqıdır. İşğalçılar
1992-ci ildən bəri Minsk Qrupunun himayəsinə
sığınıblar. Bunun
qırılma nöqtəsi, əlbəttə ki, olacaqdır.
Azərbaycanda əziz vətən
torpaqlarının işğaldan azad edilməsi duyğusunun
getdikcə yüksəlməsinin bu işi çözülmə
nöqtəsinə aparacağına inanıram. Münaqişənin həll yollarında
bütün variantlara müraciət etmə haqqı Azərbaycanın
əlindədir. Vətəndaşların
birlik və bərabərliyi bu işdə ən önəmli
rolu oynayacaqdır. Dünyadakı
yalançı və saxtakar erməni təbliğatlarına
qarşı hamının gücündən səmərəli
şəkildə istifadə edilməlidir.
Şəxsi iş
Mayis Əlizadə
1961-ci ildə Sabirabad
rayonunun Ulacalı kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib.
1991-ci ildə filologiya elmləri namizədi
alimlik dərəcəsi alıb. 1993-cü
ildən Türkiyədə yaşayır. Əcnəbi media qurumları ilə
çalışır. Türk TV kanallarına Qafqaz,
Rusiya və Orta Asiya ilə bağlı şərhlər
verir. Sky Turk kanalındakı "Kiosk"
proqramının daimi şərhçisidir.
Ayna.- 2011.- 22 yanvar.- S.9; 16.