"İşıq" - qadın azadlığının bayraqdarı

 

qadınlar üçün ilk mətbu orqan

 

Rusiyada ilk qadın nəşri hələ 18-ci yüzildə knyaginya Daşkovanın redaktorluğu ilə çıxan "Nevinnoye uprajneniya" ("Məsum təlimlər") dərgisi olsa da, qadın hüquqlarını müdafiə edən dərgi - "Soyuz jenşin" 1907-1909-cu illərdə işıq üzü görmüşdü. Onun yazıları əsasən qadınların seçki hüququ, cinslərin hüquq bərabərliyinə həsr olunurdu. Rusiya türklərinin ictimai həyatında isə ilk qadın dərgisi 1906-cı ilin yanvarında Baxçasarayda (Krım) nəşrə başlamışdı. "Aləmi-nisvan" adı ilə çıxan bu nəşrin redaktoru "Tərcüman" qəzetinin redaktoru İsmayıl bəy Qasprinskinin qızı Şəfiqə xanım idi. Nəşr bir il davam etmiş, 40-a yaxın sayı işıq üzü görmüşdü. Bu ərəfədə Osmanlıda qadınlar üçün iki nəşr - həftəlik illüstrasiyalı - "Qadınlar qəzetəsi" və "Nisvan" dərgiləri çıxırdı.

Azərbaycanın sovetləşməsindən sonrakı ilk illərdən Bakıda "Şərq qadını" ("Azərbaycan qadını") dərgisi nəşr olunmuş və bu nəşr ölkədə qadın mətbuatının bayraqdarı kimi təqdim olunmuşdu. Halbuki ondan öncə belə bir yöndə ayrıca nəşr - "İşıq" qəzeti olmuşdu. Lakin bu nəşr mətbuat tarixində öz yerini tuta bilməmişdi, bu səbəbdən ki, sovet dönəmində "burjua mətbuatı" kimi qiymətləndirilirdi.

Onun meydana çıxmasında ötən əsrin əvvəllərində yaranmış münbit ictimai şərait rol oynamışdı. Artıq ən müxtəlif mətbuat orqanlarında müntəzəm olaraq qadın problemlərini işıqlandırırdı. Onların arasında "Tərəqqi" qəzeti bu məsələdə xüsusilə seçilir, qadınların öz problemlərini təşkilatlar vasitəsi ilə birləşərək həll edə biləcəklərini, Osmanlı qadınlarının fəaliyyətindən nümunə götürməyi təlqin edirdi. Qəzet "Osmanlı qadınları", "Müsəlman xanımların ittifaqı", "Xatunlar ictimai", "Xanımlar arasında Osmanlı tərəqqipərvər cəmiyyəti" sərlövhəli yazılarında müvafiq cəmiyyətlərin proqramlarını da dərc etməklə azərbaycanlı qadınları təşkilatlanmağa istiqamətləndirirdi.

 

Düz 100 il öncə...

 

Bakının 14 müsəlman qadın fəalı bu kimi yazıların təsiri altında 1908-ci il oktyabrın 26-da Rübabə xanım Qasımovanın mənzilində toplanaraq "Nicat" maarif cəmiyyətinin qadın şöbəsini açmaq barədə qərar qəbul etmişdilər. Bunlar Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova, Xədicə xanım Əlibəyova, Əminə xanım Əfəndiyeva, Şərqiyyə xanım Axundova, Səkinə xanım Axundova, Səbirə xanım Əbdülrəhman, Sara xanım Vəzirova, Əminə xanım Tanrıquliyeva, Xurşud xanım Vəzirova, Səltənət xanım Əmircanova, Rəhilə xanım Hacıbababəyova, Qəribsultan xanım Xanlarova Ayşə xanım Hacıqasımova idi. Şöbə öz qarşısına təhsil almaq istəyən müsəlman qızlara kömək məqsədini qoymuşdu. Bu cəmiyyətin üzvü olan Xədicə xanım Əlibəyova 1911-ci ildə "İşıq" adlı ilk qadın mətbuatının yaradıcılarından biri redaktoru oldu.

"İşıq"ın ilk sayı 1911-ci il yanvarın 22-də çıxmış, nəşri 1912-ci ilin sonunadək davam etmiş, bu müddətdə onun 68 nömrəsi buraxılmışdır. Qəzetin bu kimi bölmələri vardı: Təlimi-nisvan (Qadınların təlimi); Vəzayefe-beytiyyə (Məişət məsələləri); Hüquqi-müslümə - (Müsəlman qadının hüququ) və ya Bacılarıma bir neçə söz; Təbabətə dair; Ədəbiyyat; Evdarlıq; Xəbərlər; Elanlar.

Redaktor Xədicə Ələddin qızı Əlibəyova Azərbaycanın ziyalı qadınlarından idi. Tiflisdə 1884-cü ildə ruhani ailəsində doğulmuşdur.

İlk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutunda oxumuşdur. Hüquqşünas Mustafa bəy Əlibəyovla ailə qurmuşdur. Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. "İşıq" qəzeti fəaliyyətini dayandırandan sonra Şəkiyə köçərək həkim-ginekoloq işləmiş, ömrünün sonuna yaxın Bakıya qayıtmışdır. 1961-ci ildə burada vəfat etmişdir.

"İşıq"ın naşiri Mustafa bəy Mirzə Cabbar bəy oğlu Əlibəyov 1872-ci ildə Şəkidə doğulmuşdur. İlk təhsilini Şəkidə almış, Tiflis gimnaziyasında oxumuşdur. Hüquqşünas, vəkil, jurnalist kimi tanınırdı. Bakıda 1937-ci ildə həbs edilmiş, bəzi məlumatlara görə, 1943-cü ildə konslagerdə həlak olmuşdur.

Pedaqoq Nabat Nərimanova, həkim Əminə xanım Batrişina, Çayqıraqlı Həyat xanım, Həlimə xatun Axundova, Xuraman Rəhimbəyzadə, onun anası Asya Axundova, Maral xanım Nəbizadə və başqaları qəzetə tez-tez məqalələr, şeirlər göndərir, qadınların acınacaqlı həyatından söz açırdılar. "İşıq" qəzetində axund, molla və qazılar da çıxış etmişlər. Mustafa bəy Əlibəyov qəzetə həm rus, həm də Azərbaycan dillərində məqalələr yazırdı.

 

Qadınlar nələrdən yazırdılar?

 

Qəzetinin səhifələrində qadın hüququna dair ziddiyyətli yazılar da, qadınları elm, təhsil ardınca gedib dörd divar arasından çıxmağa səsləyən yazılar da dərc edilirdi. Məsələn, İsmayıl bəy Əliyarov qadınlara izah edirdi ki, onlar da kişilərlə eyni mövqe tuta bilərlər. O, kişilərə üz tutub deyirdi:

"Bu vaxta qədər o biçarələri öz zülmünüz ilə söyüb onlarda olan bütün hissi-insaniyyəti öldürdüz. Dəxi bəsdir onları dili bağlı heyvan dərəcəsinə gətirdiniz. ... Nə qədər ki, arvadlar axund, hacı, molla babanın və onun kimi həzrətlərin şəriətdən xaric hökmləri ilə dolanarsa, hərgiz demək olmaz ki, müsəlman milləti tərəqqi edib qeyri-millətlər kimi saəadətə yetəcəkdir". Həlimə xatun Axundova öz məqalələrində qadının kölə vəziyyətinin köklərini axtarıb tapmğa çalışırdı. O, ailədə qızların sevilmədiyini, azyaşlı qızların ərə verilməsini tənqid edirdi.

Həlimə xatun qadınları öz hüququnu başa düşməyə çağırırdı: "Bacılarım, qeyrət vaxtıdır... Bizlərə elm lazımdır. Bundan ötrü oxuyub, oxudub, tərbiyə alıb, tərbiyə vermək lazımdır. Bizlərə elm lazımdır. Elm... Elm... Elm...". O, zülmə, haqsızlığa qarşı çıxaraq: "İnsan olduğumuz halda bizimlə insan kimi rəftar edilməlidir", - deyirdi.

"Bacılarıma bir neçə söz" başlığında Çayqıraqlı Həyat xanım alovlu məqalələrlə çıxış edirdi. "Qız xeylağının oxumaq nəyinə lazımdır, bir namaz surəsini bildi bəsdir" deyənlərə qarşı çıxaraq bacılarını "istibdad altından azad olmağa, hərəkətə gəlməyə" çağırırdı.

Qadınlar redaksiyaya göndərdikləri məktublarında öz hüquqsuz vəziyyətlərindən şikayətlənir, təhsil, məktəb tələb edirdilər.

"Dörd divar arasında elmdən, mərifətdən, insaniyyətdən bibəhrə qalıb bu dünyadan getmək bizim üçün eyib deyilmi?" - deyə Çayqıraqlı Həyat xanım qadınları fəaliyyətə səsləyirdi. Gəncəli Xuraman xanım Bəyzadə elmə yüksək qiymət verir və buna səsləyirdi: "Bacılarım, bunu da bilməlisiniz ki, hər şey çoxaldıqca ucuzlaşır, fəqət, elm çoxaldıqda bahalanır".

Zərif Əfəndiyev rus və Avropa qadınlarının öz hüquqlarını müdafiə üçün cəmiyyətlər yaratdıqlarını, oraya toplaşıb problemlərini müzakirə etdiklərini, müsəlman xanımları üçün də bu cür cəmiyyətlər yaratmağın vaxtı çatdığını qeyd edirdi.

"İşıq" qəzetinin "Təlimi-nisvan" bölməsində verilən materiallar maarifçilik baxımından diqqətəlayiqdir. Bu yazılarda doğru olaraq göstərilirdi ki, övladın tərbiyəsi valideynin tərbiyəsi ilə bağlıdır. Müsəlman qız məktəbinin türk dili müəllimi N.Nərimanova ananın öhdəsinə düşən vəzifələrin - validəlik, mürəbbiyəlik, rəfiqəlik və vərəsəlikdən ibarət olduğunu qeyd edirdi.

Müəlliflər sübut etməyə çalışırdılar ki, oxumaq, elm, təhsil almaq nəinki kişilərə, bəlkə onlardan daha çox qadınlara lazımdır. Çünki onlar uşağın tərbiyəsinə baxırlar. Əgər ananın elmi və tərbiyəsi olmasa, onda öz uşağına da tərbiyə verə bilməz.

Şamaxı qız məktəbinin müəllimi Gövhər Şövqiyyə yazırdı ki, biz hələ bu XX əsrdə belə hüquqdan məhrumuq və cəhalət məhbəsində əsirik. Millətlərin tərəqqisi kişilərin tərəqqisi ilə deyil, qadınların tərəqqisi ilə ölçülür. Ona görə də təlim-tərbiyə ocaqlarının sayını artırıb, qızları məktəbə cəlb etməliyik.

Redaktor X.Əlibəyova qəzetdə "Vəzayefe-beytiyyə" başlığı altında məqalələr verirdi. Ailə-məişət mövzusunda yazılmış bu materiallar qəzetin əksər nömrələrində dərc olunmuşdur. "Təbabətə dair" şöbəsindəki materialları çox zaman Xədicə xanım özü və həkim Əminə xanım Batrişina yazırdı.

O illərdə mətbuatın əsas mövzusuna çevrilmiş qadın azadlığı probleminə "İşıq" necə yanaşırdı?

Qəzet bir tərəfdən mədəni tərəqqi və elm öyrənməyin əhəmiyyətindən bəhs edir, digər tərəfdən çadraya haqq qazandırır, şəriət çərçivəsindən çıxmırdı. Bu da təsadüfi deyildi. Din adamları "İşıq" qəzetinə məktublar göndərərək onun işinə istiqamət verməyə, qadın azadlığı problemi ətrafında müzakirələrin, hicab məsələsinin dünyəviliyin xeyrinə həll olunmasının qarşısını almağa çalışırdılar.

Qadın ağlına, zəkasına şübhə ilə yanaşan bir çox ziyalı "övrətləri kişilərə nisbətən əql və fərasətləri zəif, qəlbləri lətif və nazik" kimi xarakterizə edərək bunun əvəzində səliqə, duyğu, səbir kimi gözəl sifətlərin onlarda qərar tapdığı fikrini yayırdılar. "Arvadlar ancaq yüngül işləri ifa etmək üçün yaranıblar", - deyə bu ziyalılar qadının səhərdən axşamacan mətbəxdə çalışmasına haqq qazandırırdı.

X.Əlibəyova qadına təlim və tərbiyənin vacib olduğunu təsdiq edir, lakin onun fikrincə, bu tərbiyə ana dili və şəriəti, evdarlıq işlərini öyrənib bilməkdən ibarət olmalıdır.

 

Hər kim "İşıq" qəzeti alsa - kafirdir!

 

Nəşrə başladığı zaman qəzetin tirajı kifayət idi. Lakin ilin ortasına yaxın müəlliflərin çoxu onunla əməkdaşlığı kəsib yazı göndərmədilər. Nəşri necə olur-olsun qoruyub saxlamağa çalışan Xədicə xanım nüfuzlu ruhanilərə məktublar yazır, onlardan məsləhət istəyirdi: "Ümidvaram ki, göstərdiyiniz xətt ilə hərəkət edib kənara çıxmayım". Göstərdiyi cəhdləri nəticəsiz qalan X.Əlibəyova ümidsiz vəziyyətə düşərək yazırdı: "...Ruhani atalarımızın bir neçəsi bihiss bir heykəl kimi etiraz edib qəzetimizi geri göndərdilər. Onlardan birisi də Bakıda minbərdən camaata: "Hər kim "İşıq" qəzetini oxusa kafirdir", "Hər kimin evində "İşıq" qəzeti olsa, o ev murdardır" - buyurmuşdur. "Çünki övrət qəzetəsinin olması qiyamət nişanəsidir", - deyə isbata çalışmışdır... Qardaşlarım, bacılarım. Bundan sonra heç kəsə ümid bağlamayıb ciddi-cəhd ilə özünüzü, qardaş və bacılarınızı qaranlıqdan işığa çıxarmağa çalışmalısınız".

Qəzet bu kimi çətinliklərlə daha bir il nəşr olunduqdan sonra fəaliyyətini dayandırdı. Lakin bu qısa vaxt ərzində məhdud imkanlara baxmayaraq, bu qəzet fikir plüralizmi şəraitində Azərbaycan qadınının qarşısında duran problemlərin və onların həlli yollarının araşdırılmasında əvəzsiz işlər gördü. Qadınların taleyini düşünməyə, maarifə, zülmətdən işığa səsləməklə, ziyalı qadınları səfərbər etdi. Həlimə xanım Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi qadın müxbirlər yetişdirdi. Onların yazıları göstərirdi ki, artıq Azərbaycan qadını oyanmışdır. Öz hüquqsuz vəziyyətini dərk edir, çıxış yolu axtarır.

 

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ağarəfi Zeynalovun dediyinə görə, vaxtilə qəzetin nüsxələri ipək parça üzərinə basılıb imperatriçaya göndərilirmiş. Bu məsələ ilə maraqlanıb faktı dəqiqləşdirmək maraqlı olardı. Heyif ki, Azərbaycan kitabxanalarında qəzetin ikinci nəşr ilinin tam nüsxələri yoxdur. Bəlkə də onları Rusiya arxivlərindən tapıb komplektini tamlaşdırmaq olardı. İlk qadın qəzet redaktoru olaraq Xədicə xanım Əlibəyovanın yaşadığı evin qarşısında barelyefini və ya xatirə lövhəsi vurmaq olar. Elmi nəşrlərdə isə "İşıq" jurnalı əvəzinə, birmənalı şəkildə "İşıq" qəzeti yazılmasına diqqət yetirilməlidir.

 

 

Amaliya QASIMOVA

 

Ayna.- 2011.- 29 yanvar.- S.19.