Səhnəyə
Məcnun gəldi, Məcnun getdi
Opera solisti Baba
Mahmudoğlunun 70 yaşı onsuz qeyd olundu
Milli
operamızın unudulmaz solisti, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev)
sağ olsaydı, 70 illiyini özü qeyd edərdi. Onun
doğmaları, həmkarları, sənətini sevənlər
Muğam Mərkəzində bu əlamətdar günü
onsuz qeyd etdilər. Mühəndis idi, sonra musiqi sənətinə
gəlmişdi, operada ilk rolu "Leyli və Məcnun"da
Zeyd oldu. Sonra baş rollara kökləndi. Deyildi ki, səhnədə
Mahmudoğlu olmurdu, Məcnun olur, Kərəm olur, Qərib olur,
Şah İsmayıl olur, İbn Səlam olurdu... Dünyaya
da, səhnəyə də Məcnun gəldi, Məcnun getdi.
Bu bənzərsiz
sənətçi barədə o da deyildi ki, ömrü boyu
heç kəsin dalınca söz deməyib. Öz sənəti
ilə məşğul olub, öz sənət dünyası
ilə yaşayıb. Bir də o deyildi ki, bu mühitdə
nadir bir hal olaraq çox yüksək intellektə malik olub. Evində
böyük kitabxanası olub, hansı şəhərə
getsə, kitab alarmış, öz sahəsinə dair çox
kitab oxuyubmuş, həmkarları ilə oxuduqları barədə
saatlarca söhbət edə bilirmiş. Dünya klassiklərini,
dahi dramaturqları oxumağa onda hər zaman böyük daxili
tələbat varmış.
Bir dəfə
qəzetimizin ovaxtkı əməkdaşı, ictimai-siyasi
mövzularda yazan Kamal Əli ilə təsadüfən bir
toplantıda olmuşdu. Kamal onun etdiyi söhbətlərin dərinliyini
duyub, onunla söhbətə girişir və maraqlı bir
müsahibə ilə gəlmişdi. O müsahibəyə,
onun muğam barədə mülahizələrinin dərinliyinə
və səviyyəsinə görə redaksiyaya nə qədər
zənglər oldu.
İnstitutu
bitirib zavodda konstruktor-mühəndis işlədiyi vaxt -
1961-ci ildə Opera və Balet Teatrında "Gözəl səslər"
müsabiqəsi keçirilir. Dostları ona bu müsabiqədə
iştirak etməyi tövsiyə edirlər. Gedir. Maestro
Niyazinin rəhbərliyi altında keçirilən bu mötəbər
müsabiqədə 153 iştirakçı arasında birinci
olur... İncəsənət İnstitutuna daxil olur. Operaya dəvət
olunur və beləcə onun sənət yolu başlanır. Opera tamaşalarında onun
adı olanda, onun Filarmoniya konsertlərində bilet
tapılmazdı.
Baba
Mahmudoğlu 2006-cı ilin dekabrında həyatdan getdi. O da
deyildi ki, Baba Mahmudoğlu öz sənət həyatında
xalq mahnılarımıza öz möhrünü vurub getdi. Yəni
bu mahnıları özünə xas bir üslubda, heç kəsi
təqlid etmədən oxudu, ondan başqa heç kəs bu əzəli
mahnıları onun sayaq oxuya bilməz. Onun təşkil etdiyi
"Dastan" ansamblı böyük auditoriya
qazanmışdı. Yeganə sənətçi idi ki, öz
yaradıcılığında aşıq musiqisinə bu qədər
geniş yer verdi. Öz nikbin ovqatlı, fəlsəfi
çalarlı, ürəkləri duyğulandıran sənəti
ilə ellərimizi, dünya ölkələrini
dolaşdı, sürəkli alqışlar qazandı.
O
axşam Muğam Mərkəzinin ekranında onun
ifalarını öz səsində dinlədik. Sənət
dostları onun barəsində xoş sözlər söylədilər.
Bir zaman onun ifasında dinlədiyimiz mahnılar ifa edildi. O
axşam milli musiqi sənətimizin bir auditoriya çərçivəsində
bayramı idi. Amma onsuz... Ruhu isə orada idi.
İsmayıl
Ayna.- 2011.- 29 yanvar.- S.20.