"Bizə qədər qadın
xanəndələr dəflə oxumurdu"
Mələkxanım Əyyubova
düşünür ki, istedadların gələcəyi nəzarətdə
olmalıdır
Muğam
sənətində öz dəst-xətti ilə seçilən
xalq artisti Mələkxanım Əyyubova bu il sənət
ömrünün 30-cu ilini geridə qoyacaq. Muğam sənətində
onun öz yeri var. Mədəniyyət və İncəsənət
Universitetində onlarca tələbə yetişdirən xanəndə
gənc həvəskarlara muğamı aşılamağa
çalışır. Özünün səsi isə tez-tez səfərlərdən
gəlir. O deyir:
- Statistik
rəqəmlərə varmır, bir cümlə ilə
bütün ölkələrə getdiyimi qeyd edirəm.
Görürəm ki, əcnəbilər dilimizi başa
düşmür, qəzəl, muğam nədir, bilmir, səs
diapazonumuz, zəngulələr, boğazda etdiyimiz
xırdalıqlar, improvizələr onları təəccübləndirir,
bizi ayaq üstə alqışlamağa vadar edir.
Dünyanın heç bir ölkəsində belə musiqi
yoxdur.
- Bu 30 illik dönəmdə sənətdə
baş verən dəyişiklikləri necə dəyərləndirirsiniz?
- Hər
zaman musiqi də siyasətin bir elementi olub və olacaq.
Xatırlayıram ki, mən "İrs" Folklor
Ansamblının tərkibində çalışan illərdə
milli musiqiyə münasibət yaxşı deyildi. Hətta
"milli" sözünü işlətmək belə
qorxulu idi. Rəşid Nəsiboğlu bu ansamblı yaradanda nə
qədər əziyyətlər çəkdi. O illərdə
muğama mənfi yanaşanların sayı daha çox idi.
Muğam daha çox el şənlikləri səviyyəsində
dinlənirdi. Baloğlan Əşrəfov, Ağadadaş
Ağayev, Niyaməddin Musayev primitiv mahnılar oxuyurdu, amma
onların musiqisinə bir axın var idi. Həvəskar səviyyədə
yazılmış kasetlər yüksək tirajla
satılırdı. Yəni bütün dövrlərdə
zövqlər fərqlənib, kütlə yüngül musiqiyə
meyilli olub. Məcburən millətin beyninə yeridiblər ki,
"sizin milli musiqiniz budur, buna qulaq asın". Amma öz
dövrlərində Əlibaba Məmmədov, Arif Babayev,
İslam Rzayev, Hacıbaba Hüseynov, Alim Qasımov, Sara Qədimova,
Rübabə Muradova muğam sənətini qorudular.
- Qadın xanəndələr arasında
dəflə oxumaq ideyası kimə məxsusdur?
-
Qadın ifaçılarından mənim, Səkinə
İsmayılovanın muğamın inkişafında səylərimiz
az olmayıb. İlk dəfə biz əlimizə dəf
alıb oxuduq. Bizə qədər qadın xanəndələr
dəflə oxumurdular. Biz ucuz yolu seçib toylarda oxumadıq.
Bizdən sonra gələn nəsil - Nəzakət Teymurova,
Aygün Bayramova, Könül Xasıyeva da bizə baxıb əllərinə
dəf alıb, muğam sənətini eyni qaydada davam etdirdilər.
Ənənəni gənclər davam etdirir. Muğam müsabiqəsində
elə iştirakçıları dinləyirəm ki, onlar artıq
əsl xanəndədir. Onlar haqqında əlavə fikir
söyləməyə ehtiyac yoxdur. Amma onların gələcəyi
daim nəzarətdə olmalıdır. Əgər restoran
proqramlarına meyilli olsalar, peşəkarlıq səviyyəsini
itirəcəklər.
- Restoranlarda, toylarda dinləyicinin
yalnız bir hissəsini muğam həvəskarları təşkil
edir...
-
Çünki kütlənin çox hissəsi yüngül
musiqiyə meyillidir. Əgər mən restorana gedirəmsə,
deməli, istənilən mahnı sifarişini yerinə yetirməyə
məcburam. Burada estrada
da ola bilər, xalq musiqisi də, ara mahnıları da. Yüngül
mahnılar insanın psixologiyası ilə yanaşı, səsinə
də öz mənfi təsirini göstərir.
Fəaliyyətimi
sırf xalq mahnılarını, muğamları lentə
yazdırmaq, onları tələbələrimə
aşılamağa yönəltmişəm.
- Övladlarınızdan necə,
hansındasa muğama meyil var?
-
Kiçik qızımda var, muğama böyük həvəs
göstərir. Məsləhət görmüşəm ki, əgər
xanəndə olmaq istəyirsə, gərək indidən
bütün muğamları öyrənsin. Bu sənətə
yiyələnmək çox çətindir, muğamı gərək
illərlə mənimsəyəsən.
Z.Rüstəm
Ayna.- 2011.- 29 yanvar.- S.20.