Mamuka Tsetsxladzenin Bakıda ilk fərdi sərgisi

 

Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetsxladzenin bu gün Bakıda "Səhərlər" adlı fərdi sərgisi açılır. Sərgi Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Muzeyinin təşəbbüsü ilə təşkil edilir. Nazirliyin mətbuat xidmətindən verilən bilgiyə görə, sərgi İncəsənət Muzeyində açılır. Rəssamın Bakıda bu ilk fərdi sərgisində 50-dən artıq boyakarlıq və qrafika örnəkləri təqdim olunacaq. Sərgi Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi, SOCAR Gürcüstan, ICOM Gürcüstan (Beynəlxalq Muzeylər Komitəsi) təşkilatlarının dəstəyi ilə keçiriləcək.

Azərbaycan tamaşaçısı Mamuka Tsetsxladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, dəfələrlə Bakıda Gürcüstan təsviri sənət sərgilərinin iştirakçısı olub. Rəssamın "Konstantinopol", "Paris", "Venesiya" və digər məşhur tabloları arasında "Köhnə Bakı" əsəri də xüsusi yer tutur. Yaradıcılığa başladığı ilk gündən öz dəst-xətti olan rəssam kimi formalaşıb. Güclü və fərdi yaradıcılıq üslubuna malik olan bu fırça ustasının məharətlə yaratdığı əsərlər öz orijinallığı, ifadə yeniliyi ilə diqqəti cəlb edir.

 

 

Ayna.-  2011.- 29 yanvar.- S.20.