Xəstələnmiş torpaqlara düzgün diaqnoz qoyurdu
Görkəmli torpaqşünas alimi
xatırlayarkən
Torpaq da insan kimidir. Onun da sağlamı və
xəstəsi olur. Sağlam
torpaqlar bəzən "xəstələnir".
Torpağın da həkimi olur,
ona diaqnoz qoyur və müalicə yolunu
göstərir. Professor Muxtar
Abduyev ömrünü
torpaqlarımızın dərd-sərini anlamağa,
"xəstələnmiş" torpaqlarımızın
yarasını sağaltmağa həsr etmişdi. Kənd təsərrüfatı
elmləri doktoru, professor
M.R.Abduyev yüksək intellektual
səviyyəsi və elmi ümumiləşdirmə
bacarığı olan bir
alim kimi onu tanıyan insanların və
dostlarının xatirində daima
qalacaqdır.
...Muxtar Abduyevin əsli-nəsəbi
Qəbələnin Bum kəndindən idi, 1926-cı ildə Ağdaşın Üçqovaq kəndində bağban
Rzaqulu bəy Abdu bəy
oğlunun ailəsində dünyaya
göz açmışdı. Bəlkə
də bu tərəflərin
torpaqlarında özünü daha çox göstərən
şoranlaşma onu bu sahəni seçməyə sövq
etmişdi.
M.R.Abduyev 1951-ci ildə isə Azərbaycan
Dövlət Universitetinin Geoloji-coğrafiya
fakültəsini bitirmiş və o vaxtdan EA
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işləmişdi. Burada görkəmli torpaqşünas,
akademik V.R.Volobuyevin elmi rəhbərliyi altında "Şirvan düzünün
şərq hissəsi torpaqlarının su-duz
dinamikası" mövzusunda elmi işini uğurla müdafiə etmişdi.
Bu iş üzərində
çalışarkən Şirvan
düzündə tədqiqatlar aparmışdı. Onun "Şirvan düzü torpaqlarının
şorlaşması və onunla mübarizə
tədbirləri" adlı monoqrafiyası 1957-ci ildə
"Elm" nəşriyyatında çapdan çıxıb. Respublikamızın
suvarılan ərazilərində 10 ildən artıq
apardığı çöl-torpaq tədqiqatlarının
nəticələrini ümumiləşdirərək,
1966-cı ildə "Azərbaycanda delüvial
formada şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri"
adlı doktorluq işini
müdafiə etmişdir. Akademik V.R.Volobuyevin redaktəsi
ilə professor M.R.Abduyevin
1968-ci ildə "Delüvial formalı
şorlaşmış torpaqlar və
onların meliorasiyası məsələləri", 1977-ci
ildə isə "Azərbaycanın gilli
şoranlıqlarının sürətli meliorasiyası"
adlı kitabları rus dilində nəşr
edildi.
M.R.Abduyev dünyada
ilk dəfə delüvial
şorlaşmış torpaqlar, onların
xüsusiyyətləri, əmələ gəlmə şəraiti,
torpaqlara duzların daxil
olması, duzların mənşəyi və s.
kimi məsələlərin ətraflı
izahını vermişdir. Bundan başqa,
Muxtar müəllim Şərqi Şirvan düzünün
Siyəzən-Sumqayıt massivinin və Mil düzünün delüvial şorlaşmış
torpaqlarının su-duz rejiminin
öyrənilməsi, onların
yaxşılaşdırılmasına dair
bu və ya digər təcrübə
sahələrində apardığı elmi-tədqiqat işlərinin
metodikasını və nəticələrini təqdim etmişdi.
M.R.Abduyevin "Azərbaycanın gilli şoranlıqlarının sürətli
meliorasiyası" monoqrafiyasında respublikanın
suvarılan ərazilərində ağır mexaniki
tərkibə malik olan
şoran torpaqların duzlardan
asan yuma
üsullarını göstərmişdi.
Görkəmli
torpaqşünas alim M.R.Abduyevin 130-dan artıq elmi
məqaləsi və 6 monoqrafiyası çap
olunmuşdur. Şorlaşmış
torpaqların meliorasiyasına dair
apardığı tədqiqatlar kənd təsərrüfatı,
meliorasiya və su təsərrüfatı
nazirliklərinin mütəxəssisləri tərəfindən
yüksək qiymətləndirilib.
M.R.Abduyev V.V.Dokuçayev
adına mükafata təqdim olunmuşdur.
M.R.Abduyev ömrünün
sonunadək (1979) Azərbaycan Elmlər Akademiyasının
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda müxtəlif vəzifələrdə
- kiçik elmi işçi, baş elmi işçi, direktorun elmi işlər
üzrə müavini və rekultivasiya laboratoriyasının müdiri işləmişdir. Torpaqşünasların
beynəlxalq qurultaylarında delüvial
formalı şorlaşmış torpaqların
meliorasiyasına və torpaqşünaslığın başqa problemlərinə dair
məruzələrlə çıxış etmişdi.
Muxtar müəllim təbiəti
çox sevirdi. Elmi-tədqiqat
işləri ilə əlaqədar ilin çox vaxtını çöllərdə
olurdu. Şirvan
düzündə torpaqların şoranlaşması onu məyus edərdi. Ən böyük
arzusu şoranlaşmaya
məruz qalmış torpaqların tezliklə duzlardan
yuyulub dövriyyəyə daxil
edilməsi idi. Axı biz
kiçik ölkəyik və
torpaqlarımızın hər qarışına qənaətlə
yanaşmalıyıq...
R.NAĞIYEV
Ayna.-
2012.- 7 aprel.- S.19.