Təhsil menecmentinin
dəyişməsi köklü islahat tələb edir
Bu
gün islahat adı ilə "pərakəndə tədbirlər"
həyata keçirilir
Telekanallardan birində "12 illik orta təhsilə
keçid və repetitorluq" müzakirəyə
çıxarılmışdı. Ekspert qismində dəvət
aldığım bu verilişə qatılmağıma
peşman oldum. İki saatlıq verilişin qəhrəmanı
TN şöbə müdiri Aydın Əhmədov idi. O,
azı saat yarım danışdı, kobud müdaxilə ilə
mənim cəmi 10 dəqiqəlik çıxışıma
imkan vermədi. Səbir göstərdim, yaşına hörmətlə
yanaşdım və susdum. Amma deməyə sözüm
çox idi...
Nazirlik rəsmisinin etirazına səbəb
olan iki qeydimin üzərində dayanmaq istərdim.
Birincisi, idarəçilik dəyişmədiyi
halda 12 illik təhsilə keçid təhsilin keyfiyyətini
yüksəltməyəcək. Təhsil, menecmentinin dəyişməsi
isə köklü islahatlar tələb edir. Son illər
islahat adı ilə, sadəcə, pərakəndə tədbirlər
həyata keçirilir.
İkincisi, 1999-cu ildə hökumətin
qəbul etdiyi Təhsil İslahatı Proqramının "Təhsilin
idarə olunması" adlanan 1.4.5-ci bəndində qeyd olunur:
"Təhsil
sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri üstünlük
təşkil edir, idarəetmənin
dövlət-ictimai xarakterinin gücləndirilməsi,
inhisarsızlaşdırma, funksiyaların yuxarıdan
aşağı paylanması, ağırlıq mərkəzinin
aparatdan sinfə - auditoriyaya
keçməsi, əsas hədəfin təhsil verənə və
təhsil alana yönəlməsi istiqamətində
məqsədyönlü işlər həyata keçirilməmişdir".
Vurğulamaq istəyirəm ki, köhnədən qalma
orta təhsil idarəçiliyində heç nə dəyişməyib. Yenə də
orta məktəb direktorları Bakıdan
təyin olunur - pedaqoji
heyətin və yerli əhalinin hər
hansı formada rəyi nəzərə
alınmadan. Yenə də məktəblərin inzibati və maliyyə muxtariyyəti yoxdur, şagird hesabı
maliyyələşməyə keçilməyib. Yenə də
orta məktəblərin şəffaf
hesabatlılıq mexanizmi yoxdur
- yerli əhali və müəllimlər
məktəblərin fəaliyyətinin təmin olunmasına konkret xərc maddələri üzrə nə
qədər vəsait ayrıldığı, onların necə
xərcləndiyi barədə hər hansı məlumat əldə
edə bilmirlər. Yenə də müəllimlərin işə
qəbulu mexanizmi şəffaf deyil, pedaqoji kadrların
işə qəbulunu nazirlik yox, dövlət qulluğundakı kimi müstəqil qurum həyata
keçirməlidir.
Hələ
də testdən uğurla keçən
şəxslərin qeyd-şərtsiz, hər hansı təhsil
məmurunun saxta müsahibələri olmadan müəllim kimi
işə qəbulu problem olaraq
qalır. Yenə də tədris proqramlarının və dərsliklərin
yazılması bağlı qapılar arxasında, tendersiz, ictimaiyyətin geniş
müzakirəsi olmadan keçirilir.
Halbuki eyni dərsliyin
bir yox, çox sayda nümunəsini
ictimaiyyətə təqim etmək gərəkdir ki, ən yaxşı variantı maraqlı tərəflərin
hamısı bir yerdə seçsin.
Yenə də dərslik seçimində məktəblərin
muxtar haqları tanınmır. Yenə də
məktəblərin əməyin nəticəsinə görə
müəllim əməyini fərqləndirmək imkanı yoxdur, müəllim əməyinin dəyəri
iqtisadiyyat üzrə orta
aylıq əməkhaqqından azı 2 dəfə
aşağıdır. Məsələn, kimsə durub təhsil nazirindən, onun
müdafiəçilərindən soruşa
bilər: büdcəsi Azərbaycanınkından 4 dəfə
az olan yoxsul
Gürcüstanda orta
məktəb müəlliminin əməkhaqqı bizim müəllimlərin məvacibindən
necə çox ola bilir? Elə bilirsiniz, buna məntiqli cavab
tapılacaq?
Hələ
də müəllimin sağlamlığının təmini
hökumət hesabına deyil. Hələ
də dövri keçirilən attestasiylar vasitəsilə pedaqoji
heyətin biliyinin davamlı qiymətləndirilmə
mexanizmi yaradılmayıb, bu
prosesin maraqlı tərəf kimi TN-nə deyil, müstəqil
quruma həvalə olunması baş verməyib. Eyni qaydada ibtidai, əsas və
tam orta təhsil pillələri
üzrə şagirdlərin biliyinin qiymətləndirilməsi
səlahiyyəti nazirlikdə olmamalıdır. Çünki heç kim öz ayranına turş demir...
Məktəbəqədər
təhsil icbari orta təhsilin
tərkib hissəsi elan olunmalıdır.
Anlayıram ki, bu
mütərəqqi idarəçiliyi həzm etmək üçün proqressiv
təfəkkür tələb olunur. Orta məktəb menecmentinin
islahatı deyərkən bütün sivil dünyada məhz bu addımlar nəzərdə tutulur.
Amma sadalananlar
olmayacaqsa, 12 illik təhsil sistemi 11 illik təhsilin aqibətini yaşayacaq. Məlumat üçün:,
Azərbaycanda artıq
20 ildən çoxdur
11 illik orta təhsil mövcuddur və nəticələr göz önündədir.
Təhsil naziri başda olmaqla onun tabeliyindəki
məmurların əksərinin
orta təhsilin keyfiyyətini ölçmək
üçün özünəməxsus
göstəricilər sistemi
var. Məsələn, həmin
şəxslər orta
məktəbi bitirən
məzunların ali məktəbə qəbul
səviyyəsini, keçid
balını toplaya bilməyən məzun-abituriyentlərin
bütün məzunlara
nisbəti kimi göstəriciləri orta
təhsilin keyfiyyətini
qiymətləndirmək üçün
ölçü meyarları
saymırlar. Təhsil
məmurlarının ən
populyar ifadəsi budur ki, orta
məktəbin məqsədi
yalnız ali təhsil müəssisələri
üçün kadr hazırlamaq yox, vətəndaş yetişdirməkdir.
Siz savadsız vətəndaşmı yetişdirmək
istəyirsiniz?
Son illər dünyada orta təhsil pilləsində əldə olunan biliklər rəqabətli
iqtisadi sistemin tələbatını ödəmədiyindən
ali təhsil alanların sayı sürətlə artır.
Məsələn, hazırda
inkişaf etmiş ölkələrdə 20-34 yaşlı
şəxslərin orta
hesabla 35-40%-i ali təhsillə əhatə olunduğu halda, Azərbaycanda həmin göstərici
20%-dən çox deyil. Hələ mən həmin kadrların bilik və bacarıqları arasında fərqləri bir kənara qoyuram.
TN rəsmiləri Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik reytinqində
Azərbaycandakı orta
təhsilə verilən
qiyməti ciddiyə almırlar. Qlobal rəqabətliliyə dair
2011-ci il üzrə hesabatda Azərbaycan 142 ölkə arasında ibtidai təhsilin keyfiyyətinə görə
122-ci, təhsilin idarə
olunma keyfiyyətinə
görə 125-ci, məktəblərin
internetə çıxışına
görə 88-ci yerdədir.
Bu biabırçı reytinq
təhsil məmurları
üçün önəm
daşımır, axı
onların öz ölçüləri var.
İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının
PİSA (Programme for International Student
Assessment) Şagird Nailiyyətlərinin
Qiymətləndirilməsi üzrə
Beynəlxalq Proqramında
Azərbaycanın tutduğu
yer də təhsil məmurları üçün meyar deyil. Bu beynəlxalq qiymətləndirmə tədqiqatında
iştirakçı ölkələrin
15 yaşlı şagirdlərinin
oxu (qavrama, mətnlərdən məlumat
əldə edərək
əlaqələndirmə, izahetmə, təhliletmə
və dəyərləndirmə
bacarıqları), riyaziyyat
və təbiət elmləri üzrə bilikləri dəyərləndirilir.
Azərbaycan 2006-cı ildə
PİSA qiymətləndirməsində 57 ölkə arasında
55-ci, 2009-cu ildə isə
65 ölkə arasında
64-cü nəticəni göstərib...
Məzunların tam orta təhsili başa vurma əmsalı da xeyli aşağıdır.
TQDK-nın 2011-ci ilin sonuncu buraxılışında
təqdim etdiyi rəqəmlərə görə,
ölkənin orta məktəblərini bitirən
95,5 min məzundan 19 min nəfəri
və ya 21%-i attestat ala bilməyib. Maraqlıdır
ki, attestat alan və ali
məktəblərə sənəd
verən 57 min məzundan
29 min nəfəri (50%-dən
çoxu) 200-dən aşağı
bal toplayıb. 5 ballıq
qiymətləndirmə sistemi
üzrə 200-dən aşağı
balın "2"yə bərabər
olduğunu nəzarə
alsaq, deməli, məzunların azı
50%-nin attestat ala biləcək səviyyədə
bilik qazanması şübhə doğurur.
Bu fakt TN-in təşkil
etdiyi mərkəzləşdirilmiş
imtahanların şəffaflığını
və obyektivliyini şübhə altına alır.
Yeri gəlmişkən,
ayrı-ayrı rayonlarda
məzunların attestat
alma faizi son dərəcə
pis olub. Məsələn, Sabirabad
və Astarada məzunların 50, Bərdədə
42, Hacıqabul, İmişli,
Ağcabədi, Ağsu,
Gədəbəy, Füzuli,
Salyan, Şamaxı, Saatlı, Lerik və Qusar rayonlarında
30-40%-i attestat ala bilməyib. Bu rayonlarda abituriyent-məzunların orta
hesabla 55-60%-i 200-dən
aşağı bal toplayıb.
TQDK rəqəmlərinin təhlili
göstərir ki,
2011-ci ildə Bakı,
Gəncə və Sumqayıt kimi iri şəhərlərdə
məzunların orta hesabla 35-40, rayon mərkəzlərində
15-30, kəndlərdə isə
5-10%-i ali məktəbə daxil ola bilir. Məsələn,
2011-ci ildə kənd
məktəbləri məzunlarının
ali məktəblərə
qəbul əmsalı
Ağsu, Cəlilabad, Ucar, Yardımlı və İmişlidə
5,5-6%, Lənkəran, Hacıqabul,
Xaçmaz, Zərdab və Kürdəmirdə
7-7,5% intervalında dəyişib.
2300-ə yaxın kənd
məktəbinin təxminən
750-dən və ya hər 3 məktəbin birindən bir məzun da ali
məktəbə daxil
olmayıb. TN rəsmiləri
üçün bu kimi göstəricilər də keyfiyyət ölçüsü deyil.
Nəhayət, orta məktəblərdən
kütləvi yayınmalar
var, şagirdlər orta təhsilin müxtəlif pillələrindən
məktəbi tərk
edir. Amma rəsmi statistika həmin faktları uçota ala bilmir, TN isə problemin ictimailəşdirilməsində maraqlı görünmür.
Satistik araşdırmalar göstərir
ki, 1999-2000-ci tədris
ilində 1-ci sinfə
gedən 165 min uşaqdan
2010-2011-ci tədris ilində
cəmi 100 min nəfəri
11-ci sinfə daxil olub (azalma 65 min nəfər və ya 40%-dir). Natamam təhsil pilləsindən
(9-cu sinif) texniki-peşə
məktəblərinə və
orta ixtisas müəssisələrinə üz
tutan 12,5 min nəfəri
(o cümlədən 4,6 min nəfər texniki-peşə,
7,9 min nəfər isə
orta ixtisas məktəblərinə), məktəb
yaşlı uşaqların
müəyyən hissəsinin
təbii səbəbdən
(ölüm) azalmasını
(son 10 ildə 5-19 yaşlı
uşaqların ölüm
faizi nəzərə
alınsa, 11 il ərzində 9-9,5 min nəfər
vəfat edə bilər) nəzərə
almasaq, 40 min nəfərə
yaxın məktəb
yaşlı uşağın
orta təhsildən kənardan qalmasının
izahını tapmaq mümkün deyil.
Beynəlxalq təcrübədə bu,
tam orta təhsillə
əhatə əmsalı
adlanır. Amma təhsil məmurları bu göstəricini də öz fəaliyyətlərinin keyfiyyətini
qiymətləndirmək üçün
yararsız sayırlar.
Rövşən
AĞAYEV,
İqtisadi
Təşəbbüslərə
Yardım
İctimai Birliyinin
sədr
müavini
Ayna.-
2012.- 14 aprel.- S.16.