Azərbaycanın NATO-dan gözləntiləri var
"NATO-nun
Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq
üçün yeni imkanlar" mövzusunda konfransdan qeydlər
Dünən Bakıda "NATO-nun
Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq
üçün yeni imkanlar" mövzusunda konfrans
keçirildi. Bu toplantı NATO-nun ölkəmizdə
koordinatoru missiyasını həyata keçirən
Rumıniya səfirliyi NATO-nun mənzil-qərargahı və
Azərbaycan NATO Beynəlxalq Məktəbi (NİSA) ilə
birlikdə təşkil etmişdi. Rumıniya səfiri Daniel
Kristian Çiobanu açılış nitqində bildirdi ki,
NATO-nun Çikaqo sammiti alyans üzvləri ilə tərəfdaş
ölkələr arasında əməkdaşlıq
üçün yeni imkanlar yaradacaq. Səfir Əfqanıstan
NATO yüklərinin daşınmasına verdiyi töhfəyə
görə Azərbaycanı alqışladı. Onun sözlərinə
görə, NATO-nun tərəfdaşı olan ölkə kimi
Azərbaycan dünyada sülhün və sabitliyin təmin
olunmasında və alyansın Çikaqoda keçiriləcək
gələcək sammitinin müəyyən edəcəyi
tapşırıqların həyata keçirilməsində
daha mühüm rol oynaya bilər.
Səfirin NATO-nun Çikaqo sammitinə
həsr edilmiş konfransda dediyi kimi, indiyə qədər Azərbaycan
Asiya ölkələrində, o cümlədən Əfqanıstanda
sülhün və sabitliyin təmin olunmasında fəal
iştirak edib. O, bu əməkdaşlığın gələcəkdə
də davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Azərbaycan
MN beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin
rəhbəri, general-mayor Ramiz
Nəcəfov qeyd etdi
ki, NATO-nun Çikaqo sammiti alyansla tərəfdaş ölkələr
arasında strateji əməkdaşlıq
istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Azərbaycan-NATO əlaqələrinin
tarixinə toxunan Ramiz
Nəcəfov qeyd edib
ki, əməkdaşlığın əsas
sahələri treninqlər və təlimlərin keçirilməsi,
NATO standartlarına uyğunlaşmadır. Onun
sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin
idarə olunmasının səmərəliliyinin
artırılması məqsədi ilə 2007-ci ildən bütün strukturlar NATO-nun J strukturuna
uyğunlaşdırılıb. Onun sözlərinə görə, artıq Azərbaycanın
aerodromları, hərbi gəmiləri NATO standartlarına
uyğunlaşdırılıb. İdarə rəisi
Silahlı Qüvvələrin Akademiyasında "Müdafiə
siyasəti və strategiyası" adlı fənnin
hazırlanaraq tədrisinə başlandığını da deyib.
Nəcəfov
bildirdi ki, NATO ilə əməkdaşlıq
çərçivəsində müdafiə və təhlükəsizlik
sektorunda bir sıra islahatlar aparılıb. Silahlı
qüvvələrin NATO Qüvvələri ilə
uzlaşmasının təmin edilməsi, texniki
təkmilləşdirmə, hərbi təhsilin
uyğunlaşdırılması, ingilis dili bacarıqlarının
artırılması sahəsində də bir
sıra nailiyyətlər əldə olunub.
Cari ilin iyununda Azərbaycanın Əməliyyat
İmkanları Konsepsiyasına uyğun olaraq NATO-nun Birgə Əməliyyat
Qüvvələri (OCC) üçün
ayırdığı bölüyün
qiymətləndirilməsi keçiriləcək. Onun sözlərinə görə, birinci səviyyəli qiymətləndirmə
Bakıda NATO mütəxəssisləri tərəfindən
keçiriləcək.
Nəcəfov
onu da vurğuladı ki, rəsmi Bakı NATO-nun
Çikaqo sammitində Azərbaycanın ərazi
bütövlüyü ilə
bağlı məsələyə münasibət bildiriləcəyinə
ümid edir. Çikaqo sammitindən böyük
gözləntilərin olduğunu söyləyən
nazirlik rəsmisinin sözlərinə görə, orada qəbul edilən qərarlar gələcək
əməkdaşlığa təkan verəcək:
"Azərbaycan
ümid edir ki, NATO-nun Çikaqo
sammitində qurumun dövlətlərin ərazi
bütövlüyü ilə
bağlı əvvəlki qərarlarına sadiq
qalınaraq, yekun sənəddə Azərbaycanın
ərazi bütövlüyü ilə
bağlı məsələ də əksini tapacaq".
XİN
Təhlükəsizlik Problemləri İdarəsinin rəis müavini Qaya Məmmədov
xatırlatdı ki, Azərbaycan NATO-nun tərəfdaşı kimi
artıq bir neçə ildir
qlobal sülhün və
sabitliyin təmin olunmasına öz töhfəsini verir,
alyansın Əfqanıstandakı əməliyyatlarının
aktiv iştirakçısıdır, öz növbəsində, regional
təhlükəsizliyin təmin olunmasında mühüm
rol oynaya bilər. Onun sözlərinə görə, Azərbaycanla
NATO arasında əməkdaşlıq 3 istiqamətdə həyata
keçirilir: siyasi dialoq, Azərbaycanın NATO-nun
keçirdiyi sülhməramlı əməliyyatlarda
iştirakı və NATO standartlarının tətbiqində
alyansın köməyi. O dedi:
"Məlum
olduğu kimi, Azərbaycan
Ermənistanla münaqişədədir və bu
kontekstdə Azərbaycanın SQ-də NATO
standartlarının tətbiqində müəyyən problemlər
qarşıya çıxır, ona
görə də Azərbaycana alyans tərəfdən
yardım zəruridir".
Məmmədov
Azərbaycan NATO-nun regionda
sülhün və sabitliyin
təmin olunmasında rolunu gücləndirəcəyinə
inanır. Sonra Məmmədov bir sıra
sualları cavablandırdı. Azərbaycan Təhlükəsizlik
və Müdafiə İctimai
Assosiasiyasının (ATMİA) prezidenti Yaşar Cəfərlinin Azərbaycanla NATO
arasında imzalanmış İPAP sənədinin 3-cü mərhələsində
əksini tapan öhdəliklərin
ictimaiyyətə qapalı olmasının səbəblərinə
aydınlıq gətirilməsini istədi. Məmmədov bildirdi ki, İPAP sənədinin
detalları "dövlət sirri"
kateqoriyasına aiddir və indiki məqamda onun tam olaraq
açıqlanması Azərbaycanın milli
təhlükəsizlik maraqlarına uyğun
deyil. Eyni zamanda, sənədin detalları barədə
vaxtaşırı olaraq ictimaiyyətə
məlumatlar verilir: "Əgər siz həmin məlumatları toplasanız, elə
İPAP barədə məlumatlı olacaqsınız".
NATO mənzil-qərargahının
nümayəndəsi Stefan Elqerzma
isə bildirdi ki, Cənubi
Qafqaz ölkələri NATO üçün çox mühümdür: "Alyans
Azərbaycanla əlaqələrə çox
mühüm əhəmiyyət verir, bu münasibətlər
20 ildir düzgün
istiqamətdə inkişaf edir". S.Elqerzma bildirdi ki, Cənubi Qafqaz regionunda həlli
uzadılmış münaqişələrin mövcudluğu
bölgədə və onun
hüdudlarından kənarda qeyri-stabil vəziyyət
yaradır:
"Bundan başqa, region İranla qonşu olması nöqteyi-nəzərindən
mühümdür. NATO Avropa
təhlükəsizlik arxitekturasının mühüm
hissəsidir. Biz ATƏT məkanında sülh və stabilliyin
qorunması prinsipinə əməl olunmasında
maraqlıyıq".
Azərbaycanla
əməkdaşlıq məsələsinə toxunan S.Elqerzma qeyd etdi ki,
NATO təhlükəsizlik məsələlərində şəffaflığın
təmin olunmasına yönəlmiş islahatları dəstəkləyir:
"Bu istiqamətdə əməkdaşlıq
İPAP çərçivəsində həyata keçirilir. İPAP-ın yeni
mərhələsi Azərbaycanla növbəti iki ildə münasibətlərimizin əsaslarını
müəyyənləşdirir. Buraya praktiki əməkdaşlıq daxildir,
hansı ki biz Azərbaycanla
bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik".
O
xatırlatdı ki, alyans
ölkəmizlə müdafiə sahəsində islahatlar, minaların təmizlənməsi sahəsində
əməkdaşlıq edir. O, Azərbaycanın
Əfqanıstana hərbi yüklərin daşınması
prosesinə verdiyi töhfəni xüsusi qeyd etdi. Bununla əlaqədar
Azərbaycan gələn həftə Brüsseldə İSAF
nazirlərinin toplantısında iştiraka
dəvət olunub. S.Elqerzma
NATO-nun Çikaqo
sammitinə Azərbaycanın da dəvət
olunacağını deyib.
Yeri gəlmişkən, hərbi
mənbələrdən APA-ya verilən məlumata
görə, aprelin 9-dan Bakıda səfərdə
olan NATO ekspertləri Azərbaycanın
Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində həyata
keçirdiyi tədbirləri yüksək
qiymətləndiriblər.
Görüşlərdə Azərbaycanın müdafiə və
təhlükəsizlik sektorunda PAP çərçivəsində
götürülmüş öhdəliklərin
icrası barədə məlumatlar verilib.
Görüşün yekunlarından razı
qalan NATO nümayəndələri
qarşıdakı iki həftə ərzində
yekun sənəd hazırlayacaq və bir nüsxəsini Azərbaycana təqdim edəcək.
PAP
üzrə görüşün yekunu olaraq, iyunda Brüsseldə Azərbaycan və NATO
nümayəndələrinin iştirakı ilə 28+1 formatda görüşün
keçirilməsi planlaşdırılır. Qeyd
edək ki, Azərbaycan PAP-a
1997-ci ildə qatılıb.
Tədbirdə
daha sonra MM Beynəlxalq
Münasibətlər və Parlamentlərarası Əlaqələr
Şöbəsinin sədri Səməd Seyidov
və ABŞ səfirliyinin ikinci katibi Rayan Kempbell
"NATO - Siyasi əlaqələrin və
tərəfdaşlarla praktiki əməkdaşlığın
gələcəyi" mövzusunda
çıxış etdilər. NATO-dan gələn qonaq Guy Gerbeau, Türkiyənin
Azərbaycan səfirliyinin ikinci katibi Fatih Tigrak
və millət vəkili Asim Mollazadə
"NATO Smart Defence
(Ağıllı Müdafiə) və Raket
Müdafiəsi: üzv və tərəfdaş
ölkələrin münasibəti" mövzusunda
çıxış etdilər.
Prezident yanında Strateji
Araşdırmalar Mərkəzindən Rövşən İbrahimov və BDU-dan Bəxtiyar
Aslanbəyli üzv və tərəfdaş
ölkələrin Əfqanıstanda təhlükəsizliyə
və keçiddə inkişafa töhfələrindən
danışdılar. Xüsusilə də B.Aslanbəylinin
TAPİ (Türkmənistan, Əfqanıstan, Pakistan
və Hindistan) boru kəməri
layihəsinin regionda sabitliyin
bərqərar olmasına təsir imkanlarına dair məruzəsi maraq doğurdu.
Konfransda çoxsaylı diplomatik korpusun təmsilçiləri,
QHT və media təmsilçiləri də
iştirak edirdi.
C.Məzahiroğlu
Ayna.-
2012.- 14 aprel.- S.9.