NATO-nun Çikaqo sammiti
öncəsi
Alyans və tərəfdaşlar
arasında cərəyan edən proseslər
Müttəfiq
və tərəfdaş ölkələr mayda Çikaqoda
keçiriləcək alyansın növbəti sammitinə
hazırlaşırlar. Bu dövrdə alyansın Brüsseldəki
mənzil-qərargahında və eyni zamanda, ayrı-ayrı
ölkələrdə, o cümlədən tərəfdaş
ölkələrdə əhəmiyyətli tədbirlər
davam edir. "Ordunun Aynası" əlavəsinin bu
sayında NATO-nun Çikaqo sammitinə hazırlıqla
bağlı baş verən hadisələrin, səslənən
fikirlərin, ortaya qoyulan yanaşmaların icmalını
hazırlamağa qərar verdik.
Əfqanıstan
Bütün
addımlar ona yönəldilib ki, Əfqanıstan 2014-cü
ilin sonuna qədər öz təhlükəsizliyini tam təmin
etmək imkanında olsun. "Həmin məqsəd
dəyişilməzdir, bizim cədvəlimiz dəyişilməz
olaraq qalır və bizim Əfqan xalqı ilə 2014-cü ildən
sonra da tərəfdaşlığa dair öhdəliyimiz
ciddidir", - deyə NATO baş katibi Anders Foqh Rasmussen aprelin
12-də Əfqanıstan prezidenti Həmid Karzayi ilə Kabulda
görüşündən sonrakı mətbuat
konfransında bəyan edib. Onun sözlərinə görə,
Əfqan təhlükəsizlik qüvvələri hər
gün daha güclü, daha bacarıqlı olur. "Onlar İSAF-ın bütün xüsusi əməliyyatlarında
iştirak edir və həmçinin getdikcə rəhbərliyi
daha böyük səviyyədə ələ alırlar. Əfqan
təhlükəsizlik qüvvələri Əfqanıstan ərazisində
aparılan xüsusi əməliyyatların 28 faizinə, ənənəvi
əməliyyatların isə 42 faizinə rəhbərlik
edirlər. Onlar təlimlərin 85 faizini yerinə yetirirlər.
Onlar Əfqanıstan əhalisinin
yaşadığı ərazinin 50 faizinə nəzarət
edirlər. Ümid edirəm ki, tezliklə biz onların daha
böyük rayonlara və əyalətlərə nəzarət
edə biləcəklərini görəcəyik.
Çünki biz hamımız eyni məqsəd - sabit və
dinc Əfqanıstan uğrunda çalışırıq
", - deyə NATO baş katibi bildirib.
Araşdırmalar
göstərir ki, Əfqanıstanda bir sıra
çağırışlara baxmayaraq, irəliləyişlər
əldə olunub. Belə ki, bu ilin yanvar və
fevral aylarında Taliban tərəfindən edilən
hücumlar ötən ilin müvafiq dövrü ilə
müqayisədə 22 faiz azalıb. Ötən ilin
mayından başlayaraq hər ay oxşar hücumların
sayı ötən ayla müqayisədə azalmaqdadır.
Bu, İSAF tərəfindən qeydə alınan ən
uzunmüddətli aşağıdüşmə prosesidir.
Məlumatlara
görə, Çikaqoda dünya dövlətlərinin 1/4
hissəsi - İSAF-a üzv 50 ölkənin liderləri Əfqanıstanın
sabitliyə keçidinin növbəti mərhələsinin xəritəsini
hazırlayacaq. Əfqan qüvvələri ölkə boyunca təhlükəsizliyi
nəzarət altına aldıqca İSAF dəstəkçi roluna
doğru hərəkət edəcək.
Amma
İSAF zərurət olduğu halda döyüş əməliyyatlarını
aparmaq imkanını hazır vəziyyətdə saxlayacaq. Beləliklə, NATO-nun Əfqanıstana dəstəyi
2014-cü ildə başa çatmayacaq. Çikaqoda NATO-nun Əfqanıstanın
təhlükəsizlik qüvvələrinin ehtiyacı
üçün təlimləri necə təchiz etməsi,
yardım göstərməsi və dəstək verməsi
yolları razılaşdırılacaq və həmin qüvvələri
güclü etmək üçün zəruri fondun təchiz
olunması istiqamətində addımlar atılacaq.
Təsadüfi
deyil ki, Kabildə Rasmussen Əfqan xalqına, Əfqanıstanın
düşmənlərinə və qonşularına
mesajını çatdırıb: "NATO Əfqanıstanın
uzun müddətdə strateji tərəfdaşı kimi
burdadır". 2013-cü ilin sonuna qədər bir sıra əyalətlər
istisna olmaqla ərazilərə və aparılan əməliyyatlara
nəzarət Əfqan təhlükəsizlik qüvvələrinə
veriləcək. 2014-cü ilin sonuna qədərsə
ümumilikdə bütün nəzarət Əfqan təhlükəsizlik
qüvvələrinə veriləcək və beynəlxalq
qüvvələr ölkəni tərk edəcəklər.
Sammitdə üzv və tərəfdaş ölkələrin
Əfqanıstana keçid dövründə birgə dəstək
vermək barədə razılığa gəldiklərini
nümayiş etdirəcəyi gözlənilir. Bu, NATO-nun
bundan əvvəlki Lissabon sammitində əldə olunmuş nəticənin
inkişafıdır.
Qeyd edək
ki, Əfqanıstan təhlükəsizlik qüvvələrinin
şəxsi heyətinin sayının 2014-ci ilin sonuna 352 min nəfərə
çatdırılması planlaşdırılır
(hazırda 120 min nəfər - red). Gələcəkdə Əfqanıstanda
tam sabitlik bərqərar olacağı, Əfqan təhlükəsizlik
qüvvələrinin imkanlı olacağı təqdirdə
ordunun şəxsi heyətinin sayının azaldılması
mümkündür.
"Ərəb
baharı" ölkələri
Çikaqo
sammitində "Ərəb baharı" ölkələri
ilə tərəfdaşlığın bu günü və
gələcəyi xüsusi müzakirə obyekti olacaq. Əməkdaşlığın
genişləndirilmə yolları nəzərdən
keçiriləcək. Başqa tərəfdaşlıq təşəbbüsləri
də ola bilər.
Rusiya
2012-ci
il NATO və Rusiya münasibətlərində xüsusi gərginlik
olmadan davam edir. Bir müddət öncə tərəflər
Almaniyada sınaq mərkəzində raket əleyhinə
müdafiə teatrı üzrə təlim keçiriblər.
Bu, uydurma ssenariyə əsaslanan kompyuter təlimi
idi və orada hər hansı raket atəşi
olmamışdı. Amma alyans rəhbərliyi bunu Avropada raket əleyhinə
sistemin idarə edilməsi üzrə müxtəlif
seçimləri inkişaf etdirmək, araşdırmaq və
qiymətləndirmək üçün yaxşı imkan
hesab edir.
Terrorizmə
qarşı mübarizə və RƏM sistemi NATO və
Rusiyanın ümumi maraq göstərdiyi sahələr hesab
olunur. Eyni zamanda digər istiqamətlər də var. Apreldə
NATO-Rusiya Şurası təlim proqramı nəzdində Orta
Asiya ölkələrindən
hazırlaşdırılmış 2000 əks-narkotik zabitinin
iştirakı ilə tədbirlərin keçirilməsi
planlaşdırılır.
Bu ay həmçinin
NATO-Rusiya Şurası etimad fondu tərəfindən
yaradılmış Əfqan ordusu üçün helikopter
idarəetməsi mərkəzinin açılışı
baş tutacaq. Bu mərkəz Rusiyada yerləşəcək və
NATO tərəfi bu mərkəzi yüksək qiymətləndirir.
Mərkəz əfqan qüvvələrinə keçid
dövründə helikopterləri idarə etmək
qaydalarını öyrətməkdə yardımçı
olacaq.
NATO
Rusiya ilə tərəfdaşlığı gücləndirmək
niyyətindədir. Təsadüfi deyil ki, martın 26-da
Moskvadakı jurnalistlərlə canlı bağlantı
zamanı NATO baş katibi alyansın Rusiyaya qarşı hər
hansı qaydada təhlükə yaratmadığını bəyan
etmişdi. "NATO-nun Rusiya ilə tranzit razılaşması
var. Bu tranzit vasitəsilə qeyri-hərbi yüklər
daşınır. Bunlar silah deyil, biz hərbçiləri
daşımırıq və NATO-nun Rusiyada baza yaratmaq niyyəti
yoxdur", - deyə o qeyd etmişdi. Eyni zamanda, o, NATO-nun
Rusiyanın himayəsində olan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı ilə mümkün əlaqələrindən
danışıb:
"Mən
hesab etmirəm ki, bizim yeni institusional çərçivələrə
ehtiyacımız var. NATO KTMT üzvləri ilə fərdi
qaydada tez-tez görüşür və biz narkotiklərə
qarşı məsələlərdə əməkdaşlıq
edirik. Biz fərdi dövlətlərlə əməkdaşlıq
edirik və düşünmürük ki, NATO və KTMT
arasında yeni institusional strukturların yaradılmasına
ehtiyac var".
Bosniya və Hersoqovina
Bosniya
və Hersoqovina NATO-nun aspirant tərəfdaş ölkələrindən
biridir. Bu ölkə son aylarda NATO ilə əməkdaşlığın
güclənməsi istiqamətində əhəmiyyətli
addımlar atıb. Xüsusilə də martda uzun müddət
tərpənməz qalmış müdafiə əmlakının
qeydiyyatına dair suallarla bağlı siyasi qüvvələr
arasında razılaşma əldə olunması mühüm
hadisə hesab olunur. Aprelin 10-da Brüsseldə Bosniya və Hersoqovina
administrasiyasının sədri Bəkir İzzətbəyoviçlə
görüşən A.F.Rasmussen ümid etdiyini bildirib ki, müdafiə
əmlakının qeydiyyatı ilə bağlı problemin tədricən
ləğv edilməsi istiqamətində qərarın qəbul
ediləcəyinə inanır:
"Bu nə qədər tez olsa, o zaman
siz NATO XİN başçılarının iki il öncə
razılaşdırdıqları Üzvlük Fəaliyyət
Planından tam faydalana biləcəksiniz".
Bosniya və Hersoqovina isə NATO-nun
"açıq qapı" siyasətindən istifadə etməyi
arzulayır. Onlar ümid edirlər ki, tezliklə bu qapıdan
daxil olacaqlar. "Ümid edirik ki, biz Çikaqo sammitinə konkret
nəticələrlə gedəcəyik", - deyə İzzətbəyoviç
bildirmişdi.
Monteneqro
Monteneqro da Alyans üçün
mühüm aspirant ölkə hesab edilir.
Xatırladaq ki, Monteneqro siyasi və müdafiə
islahatları üzrə öhdəliklər
götürüb. Hazırda bu ölkə
ikinci Üzvlük Əməliyyat Planının (MAP -
Membership Action plan) hissəsi olan illik milli proqramı yerinə
yetirir. Birinci MAP ötən ilin
ortalarında yekunlaşdırılıb. Monteneqro
tezliklə alyansa üzv olmağa çalışır.
"Hələ də bir çox islahatlar
yerinə yetirilməlidir və biz Monteneqronu xüsusilə də
qanunun aliliyinin təmin olunması və korrupsiya və mütəşəkkil
cinayətkarlığa qarşı mübarizədə öz
səylərini davam etdirməyə təşviq edirik".
Bunu martın 21-də Monteneqronun baş naziri
İqor Luksici qəbul edərkən NATO baş katibi bəyan
edib.
Moldova
Moldova ilə əmədaşlığın
genişləndirilməsi NATO-nun taktiki hədəflərinə
daxildir. Bu il martın 27-də
Moldova baş naziri Vladimir Filatı qəbul edən Rasmussen
bildirmişdi ki, NATO Moldova ilə siyasi dialoq və praktiki əməkdaşlığı
yeni səviyyəyə gətirmək, Çikaqo sammitində
bu tərəfdaşlığa yeni impuls vermək istəyir.
Rasmussen bildirmişdi ki, Moldovada prezident seçkilərindən
sonra islahatları irəli aparmaq üçün yeni şərait
yaranıb:
"İndi Moldova xalqına fayda verəcək
bir sıra islahatları - korrupsiyaya qarşı mübarizə,
qanunun qüvvəsinin bərqərar olması, Silahlı
Qüvvələrə demokratik nəzarəti gücləndirmək
vaxtıdır".
Qeyd edək ki, Moldova NATO ilə İPAP sənədini
inkişaf etdirir. NATO isə Moldovanın
seçdiyi islahatlar sahəsində yardım göstərmək
öhdəliyini yerinə yetirir.
Ukrayna
NATO-nun Ukrayna ilə əlaqələri
sakit məcrada davam edir. "Bizim
Ukrayna ilə əla əməkdaşlığımız
mövcuddur. Biz Ukraynanın alyanslara
qoşulmama qərarına tam hörmət edirik. Amma bizim xüsusi NATO-Ukrayna komissiyası var ki, əməkdaşlığımızın
çərçivəsini müəyyənləşdirir.
Ukrayna təsdiqləyib ki, bu komissiya çərçivəsində
NATO ilə gələcək praktiki əməkdaşlığı
inkişaf etdirəcək", - deyə bu yaxınlarda NATO-nun
baş katibi bəyan edib. Eyni zamanda o gözləyir
ki, Ukrayna ilə əməkdaşlıq qarşıdakı
illərdə inkişaf edəcək.
Qeyd edək ki, Ukrayna prezidenti İSAF
koalisiyasına üzv ölkə kimi Çikaqo sammitində iştirak
etmək üçün dəvət olunub və orada Əfqanıstan
məsələsinə dair müzakirələrə
qatılacaq.
Azərbaycan
NATO Azərbaycanla da tərəfdaşlığı
yüksək qiymətləndirir. "İki ölkə çoxlu siyasi prioritetləri
və təhlükəsizlik maraqlarını
bölüşürlər. Azərbaycan Əfqanıstan
əməliyyatına böyük dəstək, qoşun
töhfəsi və tranzit imkanları verir. Dekabrda İPAP razılaşdırılıb.
Yeni sənəd iki il ərzində praktiki
əməkdaşlığı irəli aparacaq. Azərbaycan vacib regionda vacib tərəfdaşdır".
Rasmussen bunu fevralın 15-də Azərbaycan prezidenti
İlham Əliyevi qəbul edərkən bildirib.
İ.Əliyev isə öz növbəsində
bildirib ki, orduda NATO standartlarına uyğun islahatlar
aparılır. NATO ilə əməkdaşlıq
ordu islahatlarına müsbət təsir göstərir. Eyni zamanda NATO əməliyyatlarında iştirak Azərbaycan
hərbçilərinə öz imkanlarını
artırmağa və NATO həmkarlarından çoxlu məsələləri
öyrənməyə kömək edir. "Azərbaycanın
Əfqanıstana yük daşımalarında rolu artır.
Bu istiqamətdə gələcək fəaliyyəti
müzakirə etdik. Azərbaycan bu sahədə
əməkdaşlığı genişləndirməyə dair
yeni təklifləri nəzərdən keçirməyə
hazırdır", - deyə İ.Əliyev qeyd edib. Prezident deyib ki, Azərbaycan əfqan milli ordusunun
etimad fonduna ciddi töhfə vermək və gələcəkdə
bu maliyyə töhfəsini davam etdirmək niyyətindədir.
Eyni zamanda, əfqan diplomatlar Azərbaycanın
Diplomatiya Akademiyasında, Sərhəd Təhlükəsizliyi
Akademiyasında təlimlər keçirlər. Azərbaycan Əfqanıstan əməliyyatı
çərçivəsində mina təmizləmə və
digər humanitar məsələlərdə iştirak edir və
əməkdaşlığı genişləndirməyə
hazırdır.
Hazırda Azərbaycan və NATO
arasında müzakirə mövzularından biri də enerji təhlükəsizliyi
məsələləri ilə bağlıdır.
"Bu, dövlətlərin milli təhlükəsizliyi
üçün çox vacib məsələdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində
əhəmiyyətli töhfə verən ölkəyə
çevrilir" deyən İ.Əliyev qeyd edilən məsələnin
NATO baş katibi ilə müzakirə olunduğunu
bildirmişdi.
Ermənistan
"Ermənistan NATO-nun vacib tərəfdaşı
olaraq qalır. İki ölkə
çoxlu siyasi prioritetləri və təhlükəsizlik
maraqlarını bölüşürlər. Ermənistan Çikaqo sammitində Əfqanıstanla
bağlı decision-shaping prosesində iştirak edəcək".
Martın 6-da Ermənistan prezidenti Serj
Sarqsyanı qəbul edən Rasmussen belə deyib. Sarqsyan isə öz növbəsində bildirib ki,
Ermənistan müdafiə, təhlükəsizlik və
böhran vəziyyətlərinin tənzimlənməsi istiqamətində
NATO ilə əməkdaşlıq edir. İPAP
sənədi bu tərəfdaşlığın əsas
sütunu olaraq qalır. Ötən il
Ermənistan bu planın 3-cü mərhələsini təsdiqləyib,
hazırda islahatlar davam edir. "Yerevan Ermənistan - NATO
dialoqunun davam etdirilməsində maraqlıdır.
Ermənistan ötən yay İSAF-dakı
hərbi qulluqçularının sayını 3 dəfə
artırıb", - deyə Sarqsyan xatırladıb.
Gürcüstan
Gürcüstanın Cənubi Qafqazda
NATO-nun xüsusi tərəfdaşı statusunda olması təsadüfi
deyil. Bu ölkə NATO-ya tezliklə üzv olmaq niyyətindədir
və özünü Cənubi Qafqaz regionunda bütün
istiqamətlərdə model dövlət kimi görür.
Gürcüstan eyni zamanda NATO-nun Əfqanıstandakı
missiyasında qoşun sayına görə ikinci qeyri-NATO
ölkəsidir. İlin sonuna qədər Gürcüstan Əfqanıstanda
qoşun sayına görə ən böyük qeyri-NATO
ölkəsi olacaq.
Aprelin 3-də Gürcüstan prezidenti
Mixail Saakaşvilini Brüsseldə NATO mənzil-qərargahında
salamlayan Rasmussenin mesajları kifayət qədər
açıq idi:
"Biz 2008-ci ildə Buxarest sammitində
razılaşdıq ki, Gürcüstan NATO-nun üzvü
olacaq. Həmin qərar möhkəm olaraq
qalır. İcazə verin bir daha təsdiqləyim: Alyans
Gürcüstanın ərazi bütövlüyünü və
beynəlxalq tanınmış sərhədlər çərçivəsində
müstəqilliyini tanıyır. Alyans Gürcüstanın
Abxaziya və Cənubi Osetiya regionlarında bu yaxınlarda
keçirilmiş seçkiləri tanımır. Bu
seçkilərin dəstəklənməsi
Gürcüstandakı vəziyyətin dinc və uzunsürən
nizamlanmasına təhfə vermir".
Rasmussenin sözlərinə görə,
Gürcüstan NATO ilə öhdəlik, əməkdaşlıq
və əlaqə modelinə çevrilib və alyans bu yolun
davam etdirilməsinə həvəsləndirir:
"Bir ay öncə biz NATO və
Gürcüstan arasında əlaqələri gücləndirmək
və genişləndirmək qərarına gəldik.
Bu, sizin islahatlara yardım edəcək, birgə əməliyyatların
aparılması imkanlarını gücləndirəcək və
Gürcüstan institutlarının Avroatlantik gündəliyi
və məqsədlərini təqib etmək
bacarıqlarını gücləndirəcək. Bu, uzun yoldur
və biz onu irəliyə doğru aparırıq. Amma siz
artıq yaxşı inkişaf etmisiniz. Mən inanıram ki,
siz islahatları davam etdirəcəksiniz".
Rasmussen Gürcüstanın parlament
seçkilərinə hazırlaşdığını qeyd
edib. Onun sözlərinə görə, bu
seçkilər Gürcüstan demokratiyası
üçün vacib sınaq və onun nə qədər
uzağa getdiyini göstərmək üçün imkan
olacaq. "Mən bilirəm ki, müttəfiqlər onu
yaxından izləyəcəklər", - deyə o qeyd edib.
Gürcüstanı model tərəfdaş
adlandıran Rasmussen Saakaşvili ilə Çikaqoda yenidən
görüşəcəyini və NATO üzvləri və tərəfdaş
ölkələrlə birlikdə Əfqanıstan üzrə
öhdəliklərin davam etdirilməsi istiqamətində
müzakirələr aparılacağını qeyd edib.
Eyni zamanda, Çikaqoda Gürcüstanın üzvlük
istiqamətində dayanıqlı inkişafı qiymətləndiriləcək.
Mixail Saakaşvili isə öz növbəsində
Çikaqo sammitinə ümidlə baxdığını
qeyd edərək ölkəsinin üzvlüyə doğru
inamla irəlilədiyini bildirib. Onun
sözlərinə görə, Gürcüstanın regionda
islahatlarda və dəyişikliklərdə, demokratiya
quruculuğunda model ölkə adlandırılması
çox əhəmiyyətlidir:
"Bizdə bu il seçkilər
keçiriləcək və biz beynəlxalq ictimaiyyəti,
Avropa Birliyini, Avropa Parlamentini, ATƏT-i, tərəfdaş
ölkələri, alyans üzvlərini bütün
seçki dövründə ictimai fikrin öyrənilməsi,
Gürcüstan mətbuatını yoxlamaq, partiyaların
maliyyələşmə mexanizmini araşdırmaq
üçün yalnız qısamüddətli deyil,
uzunmüddətli müşahidəçilərini göndərməyə
çağırırıq. Adətən bir sıra ölkələr,
xüsusilə də mənim regionumdakı ölkələr
keçirdikləri seçkilərdə bütün növ
beynəlxalq müdaxilələri istəmirlər. Amma biz bunu
istəyirik. Biz bunu ölkəmizdəki institut quruculuğunu
dönməz etmək məqsədilə istəyirik".
Saakaşvili vurğulayıb ki, Əfqanıstanda
iştirak Gürcüstanı alyansla daha sıx əməkdaşlığa
gətirir. Saakaşvili bildirib ki, Gürcüstan əhalisinin
70 faizi ölkənin NATO üzvlüyünün tərəfdarıdır,
yalnız 9 faiz əhali bunun əleyhinədir.
Çikaqoda isə Gürcüstanla
bağlı xüsusi sənəd də qəbul oluna bilər.
Verilən məlumatlara görə, alyansın Gürcüstanla
tərəfdaşlığının 3 istiqaməti
qarşıdakı sammitdə əks oluna bilər: Birincisi,
Gürcüstan NATO-nun Əfqanıstandakı əməliyyatında
əsas töhfə verənlərdən biridir. İkincisi,
ümumiyyətlə, Gürcüstan xüsusi
NATO-Gürcüstan Komissiyası daxilində transatlantik əməkdaşlıq
üzrə əsas töhfə verən ölkədir.
Üçüncüsü, Gürcüstan aspirant ölkə
hesab olunur, bu ölkə NATO-nun gələcək üzvü
olmağa səy göstərir. "Ümumilikdə ümid
edirəm ki, sammitdə ciddi bəyannamə qəbul olunacaq. Tərəfdaşlarla
bağlı tədbirlərin keçirilməsi haqda
müzakirələr davam etməkdədir. Son qərar
hələlik yoxdur", - deyə Rasmussen bildirmişdi.
NATO, eyni zamanda, Gürcüstandakı
münaqişələrin dinc yola həllinin tərəfdarıdır.
Rasmussen bildirib ki, NATO Gürcüstan rəhbərliyinin
regional mübahisələrin sülh yolu ilə həllinin
tapılmasının zəruri olması barədə bəyanatını
qiymətləndirir. "Biz bu səyləri
dəstəkləyirik. Biz Abxaziya və Cənubi
Osetiya münaqişələrinin həlli məqsədilə
aparılan Cenevrə danışıqlarını ciddi şəkildə
dəstəkləyirik", - deyə o bildirib. Onun sözlərinə görə, Gürcüstan
nümayiş etdirib ki, o təkcə təhlükəsizliyin
istehlakçısı deyil, eyni zamanda istehsalçı, təhlükəsizliyin
təminatçısıdır. O, Gürcüstanda
aparılan demokratik islahatların NATO tərəfindən dəstəkləndiyini
bildirib. Eyni zamanda Gürcüstanın müdafiə
və təhlükəsizlik sektorunda aparılan islahatlar da
NATO tərəfindən müsbət qiymətləndirilir.
Qeyd:
"Ordunun Aynası"nın növbəti
sayında Çikaqo sammitinin gündəliyinə
salınmış aşağıdakı mövzularla
tanış olmaq imkanı əldə edəcəksiniz:
- Raket Əleyhinə
Müdafiə Sistemi;
-
NATO-2020 və daha sonra.
Cəsur
Sümərinli
Ayna.- 2012.- 21 aprel.- S.9, 15, 16.