Çağırış
və səfərbərlik sistemində islahatlar: problemlər
və perspektivlər
ATMİA
prezidenti yeni yaradılmış qurumun fəaliyyətinə
qiymət verir
Bu il
fevralın 11-də prezident İlham Əliyevin imzası ilə
"Hərbi vəzifə və hərbi xidmət
haqqında" qanun qüvvəyə mindi. Bu qanunun qüvvəyə
minməsi ilə "Hərbi xidmətə
çağırışın əsasları
haqqında" və "Hərbi xidmət haqqında"
qanunlar (bu qanunlar 1992-ci ildə qüvvəyə minmişdi)
artıq öz qüvvəsini itirdi.
9 fəsildən
54 maddədən ibarət yeni qanunda əsas olaraq 3 istiqamət:
1) hərbi vəzifələr, 2) hərbi xidmət və 3)
ehtiyatda xidmət məsələləri əksini tapıb. Sənəddə
4 növ hərbi xidmət növünün
mövcudluğundan danışılır. Bunlar müddətli
hərbi xidmət, xüsusi təyinatlı təhsil müəssisələrinin
kursantlarının hərbi xidməti, müddətdən artıq
hərbi xidmət və zabitlərin hərbi xidmətidir. Yeni qanuna istinadən Azərbaycanda Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti yaradıldı. Aprel
ayında Azərbaycan Silahlı Qüvvələrinə və
qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi
birləşmələrə çağırış
prosesini yeni xidmət həyata keçirir və bu səbəbdən
mövzunun aktuallığı qalmaqdadır.
Bu və
digər məsələlərə Azərbaycan Təhlükəsizlik
və Müdafiə İctimai Assosiasiyasının (ATMİA)
prezidenti Yaşar Cəfərlinin "Ordunun Aynası"na
müsahibəsində aydınlıq gətirməyə
çalışdıq.
- Bəlli idi ki, Azərbaycan
Silahlı Qüvvələrinin NATO standartlarına keçidi
hərbi qanunvericilikdə də əhəmiyyətli dəyişikliklər
aparılmasına səbəb olacaq. Necə
düşünürsünüz, yeni qanun hərbi
çağırış və səfərbərlik sistemində
ciddi dəyişikliklərə səbəb olacaqmı?
-
Araşdırmalarımız göstərir ki, yeni qanunda bir
sıra müsbət məqamlar əksini tapıb. Birincisi, cəmiyyətin
məlumatlandırma imkanları artıb və əsas hərbi
qanunvericilik aktlarının vahid sənəddə cəmləşməsi
müsbət imkanlar yaradır. Bu qanun orta məktəbdə
çağırışaqədərki hazırlıq fənnindən
başlamış ehtiyatda səfərbərlik
hazırlığına qədər prosesi özündə əks
etdirir. Bu qanun ölkə vətəndaşının
Konstitusiyanın 76-cı maddəsinin 1-ci hissəsinə
uyğun vəzifələrini ("Vətəni müdafiə
hər bir vətəndaşın borcudur") əhatə
edir. Eyni zamanda yeni qanunda bir sıra dəqiqləşdirmələr
əksini tapıb. Misal üçün, təhsilini
yarımçıq qoyaraq hərbi xidmətə yollanan
kursantın xidmət müddəti burada dəqiqliklə əksini
tapır. Hərbi təhsil müəssisəsində
oxuduğu hər 4 gün həqiqi hərbi xidmətdə 1
gün hesab olunur.
Yeni
qanunun ortaya çıxardığı bir çox
mühüm istiqamətlər mövcuddur. Misal
üçün, 2-ci maddədə hərbi xidmətin
dövlət qulluğunun xüsusi növü olduğu qeyd
edilir. Bu isə yaxın perspektivdə hərbi qulluqçulara
dövlət qulluqçusu statusunun verilməsinin
mümkün olduğunu ehtimal etməyə imkan verir. Eyni zamanda 3-cü maddədə vətəndaşların
alternativ xidmət keçmə mümkünlüyü qeyd
olunur ki, bu da yaxın perspektivdə ölkədə
"Alternativ xidmət haqqında" dövlət qanununun qəbul
olunması zərurətini ortaya çıxarır.
Daha diqqətçəkən bir məqam
45-46-cı maddələrlə bağlıdır. Bu maddələrdə
ölkədə hərbi toplanışların keçirilməsi
qaydaları əksini tapır. Bu, çox mühüm hesab
olunur. Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra ölkədə nizamlı hərbi
toplanışlar keçirilməyib. 47-ci maddədə
ehtiyatda olan zabitlərə növbəti rütbələrin
verilməsi qaydaları əksini tapır ki, bu da vacib hesab
olunur.
Araşdırmalar göstərir ki, yeni
qanun Azərbaycanın iqtisadi və hərbi resurslarının
insan ehtiyatları ilə birgə səmərəli şəkildə
istifadəsi baxımdan vacibdir. Belə
ki, yeni qanunun qəbulunun zərurəti
aşağıdakı məsələlərlə
bağlıdır:
1) Əvvəlki
qanunların sovet dövründən qalma olması və daha
çox köhnə iqtisadi münasibətlər sisteminə
uyğunluğu;
2) Hərbi
xidmətə çağırış sistemində kütləvi
neqativ halların, rüşvət və korrupsiyanın
mövcudluğu;
3) Azərbaycan Silahlı Qüvvələrinin
NATO standartlarına uyğunlaşdırılması prosesi;
4) Silahlı Qüvvələrə
çağırış sistemində və səfərbərlik
prosesində idarəetmənin təkmilləşdirilməsi və
s.
- Necə
düşünürsünüz, hazırda Azərbaycanda hərbi
çağırış sistemində hansı problemlər
mövcuddur? Yeni yaradılmış Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti həmin problemləri həll
edə biləcəkmi?
- Bu barədə qəti fikir söyləmək
hələlik çox tezdir. Çünki yeni
xidmətin strukturu, fəaliyyət istiqamətləri və
qaydaları hələlik yekun olaraq təsdiq olunmayıb.
Amma bəzi ehtimallarımı irəli sürə
bilərəm. Araşdırmalarımız göstərir
ki, Azərbaycanda hərbi xidmətə
çağırış sistemində mövcud olmuş əsas
problemlər aşağıdakılar idi:
1. Hərbi xidmətə
çağırış prosesində
çağırışçıların xidmət yerləri
üzrə bölüşdürülməsində problemlər.
Azərbaycan Silahlı Qüvvələrində və digər
hərbi birləşmələrdə xidmət etmək
üçün müəyyən qeyri-qanuni məbləğlərin
istənildiyi barədə məlumatlar vardı. İctimai rəydə
mövcud olan məlumatlara görə, bu məbləğlər
min manatdan 10 min manata qədər dəyişirdi. Buraya
xüsusilə çağırışçıların
tibbi müayinəsi zamanı ortaya çıxan problemləri
də əlavə etmək lazımdır.
2. Hərbi xidmətdə
çağırışdan möhlət alma hüququndan
sui-istifadə edilməsi. Ötən dövrdə əldə
olunan məlumatlar onu deməyə əsas verdi ki, Azərbaycanda
çağırışçılara qanuni möhlət
hüququnun verilməsi ilə də bağlı ciddi problemlər
mövcuddur. İctimai rəydə mövcud olan məlumatlara
görə, çağırış prosesində möhlət
verilmə hüququ üçün 1000-5000 manat arasında
qeyri-rəsmi ödənişlər istənilirdi.
3. Azərbaycanda güc
strukturlarının sayının çox olması
çağırışçı ehtiyatlarının
sayının çoxaldılması zərurətini
yaradır. Bu da getdikcə problematik xarakter daşıyır.
Araşdırmalar göstərir ki, bir əsrə
yaxın yaşı olan hərbi komissarlıq sistemi artıq
özünü doğrultmurdu. Müdafiə Nazirliyinə
daxil olan hərbi komissarlıq sisteminin digər güc
strukturlarını şəxsi heyətlə təmin etməsi
düzgün idarəetmə sistemi deyildi. Eyni zamanda Müdafiə
Nazirliyinin tərkibində olan hərbi komissarlıq sistemində
baş verən qanunsuzluq, korrupsiya və rüşvət
hallarına göz yumulurdu.
Bütün bu və digər problemlər
hərbi xidmətə çağırışı tənzimləyəcək
yeni mexanizmin yaradılmasını zəruri edirdi. Ümid edə
bilərik ki, yeni xidmət yuxarıda sadalanan və digər
problemləri öz işində nəzərə alacaq.
- Siz
inanırmısınız ki, çağırış
prosesi şəffaf aparılacaq, hər hansı qeyri-qanuni əməllərə
imkan verilməyəcək?
- Hər halda inanmaq istəyirəm. Verilən
məlumatlara görə, hərbi xidmətə
çağırış sistemində vahid elektron informasiya
sistemi yaradılacaq. Bu sistem vasitəsi ilə
çağırışaqədər yaş həddində
olan vətəndaşların,
çağırışçıların və hərbi vəzifəlilərin
qeydiyyatının və uçotunun aparılmasının nəzərdə
tutulduğu bildirilir. Bunlar hamısı müsbətdir. Amma
çağırışçıların hərbi hissələrə
paylaşdırılma prosesinin necə
Fikrimcə, buna son qoymaq üçün
şəffaf çağırış sistemi təşkil
olunmalıdır, eyni zamanda ictimaiyyət nümayəndələrindən,
xüsusilə də QHT və KİV təmsilçilərindən
ibarət qurumlar təşkil olunmalı və onlar
çağırış prosesinin əvvəlindən sonuna
qədər müşahidə etməlidirlər. Xüsusilə
də həmin qrupun
çağırışçıların hərbi hissələrə
bölüşdürülmə prosesinə
qatılmasını çox vacib hesab edirəm.
Nəzərinizə çatdırım
ki, çağırış prosesində ortaya çıxa
biləcək problemləri aydınlaşdırmaq, valideynlərin
və çağırışçıların özlərinin
narazı qaldığı məqamları bilmək və
onların həllində yardımçı olmaq məqsədilə
ATMİA daxilində "qaynar xətt" yaradılıb. Bu
günə qədər bizə çağırış
prosesi ilə bağlı ciddi şikayətlər daxil
olmayıb. Bir neçə valideyn həmin nömrəyə zəng
edərək övladlarının xidmət edəcəyi hərbi
hissələr barədə məlumat əldə etmək istəyiblər.
Onlara müvafiq təlimatlar verilib. Üzümü yenə
çağırış prosesində çətinliklərlə,
qeyri-qanuni hərəkətlərlə üzləşmiş
çağırışçılara, onların valideynlərinə
tutaraq xahiş edirəm ki, ATMİA-da yaradılmış
aşağıdakı nömrələrə zəng etsinlər:
(050) 537 27 84, (012) 436-87-23.
- Hərbi
komissarlıqlarda çalışanlar hazırda sərəncamdadırlar.
Sizcə, onların taleyi necə olacaq?
- Əldə olan məlumatlara görə,
4-5 il öncəyə qədər Azərbaycanda hərbi
komissarlıq sistemində təxminən 4 minə yaxın
şəxs çalışıb. Onların yarısından
çoxu hərbi qulluqçu olub, qalanlarını isə
mülki işçilər təşkil edib. Son 2 il ərzində
onların təxminən 25 faizi ixtisar olunub. Prezidentin fərmanı
təxminən 3 min nəfər hərbi komissarlıq
işçisinin taleyini ortaya çıxarır. İndi
onların hamısı sərəncama göndərilib və
qarşılarında 4 yol var. Birincisi, onların əksəriyyətinin
tərxis olunması gözlənilir, yəni ehtiyata
buraxılacaqlar. İkincisi, onların bir çoxu Silahlı
Qüvvələrin hərbi birləşmələrində hərbi
xidmətlərini davam etdirə bilərlər.
Üçüncüsü, onların bir hissəsi yeni
yaradılmış Dövlət Xidmətinin yaxın
perspektivdə yaradılması planlaşdırılan regional
bölmələrinin işinə cəlb oluna bilərlər.
4-cüsü isə, ləğv olunmuş hərbi
komissarlıqlarda çalışan hərbi qulluqçular
qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi
birləşmələrdə xidmətə cəlb edilə
bilərlər.
Ümumilikdə hesab edirəm ki, hərbi
komissarlıq sistemində çalışmış təcrübəli,
qeyri-qanuni əməllərdən uzaq zabitlərdən yeni
xidmətin işində faydalanmaq gərəklidir. Eyni zamanda,
keçmiş hərbi komissarlıq sistemində
aparıcı mövqeyə malik olmuş şəxslərin
yeni strukturda vəzifələrə təyin olunması
prosesin sağlamlaşdırılması baxmından qənaətbəxş
hesab olunmur. Yeri gəlmişkən, bir sıra məlumatlara
görə, rayonlarda yaradılacaq xidmətlərin tərkibi
və formatı əvvəlki komissarlıq sistemi ilə
müqayisədə daha geniş olacaq. Rayonlardakı xidmətlərin
rəislərinin statusunun rayon polis idarələrinin rəislərinin
səviyyəsində olacağı bildirilir. Beləliklə,
indidən bəllidir ki, yeni xidmətə xeyli sayda peşəkar
zabit, gizir, müddətdən artıq hərbi xidmət
qulluqçusu və mülki işçilər lazım
olacaq. Fikrimcə, Xidmət rəhbərliyi kadrlarla
bağlı seçimdə düzgün siyasət
yürüdəcək və bu zaman qeyri-qanuni əməllərə
yol verilməyəcək.
Hesab edirik ki, yeni yaradılmış
strukturda maksimum şəkildə mülkiləşmənin
olması vacibdir. Söz yox ki, müharibə dövrü
olduğu üçün əsas aparıcı vəzifələri
hərbçilər tutmalıdır. Amma aşağı heyət
əsasən mülki şəxslərdən ibarət
olmalıdır. Yeni struktur daxilində formalaşan rayon
bölmələrində rəhbər vəzifələrə
təyin olunan şəxslərin müəyyən olunmuş
müddətdə dəyişdirilməsi siyasəti
olmalıdır və bu, çağırış sisteminin
daim sağlam vəziyyətdə saxlanılmasına gətirəcək.
- Bəs
səfərbərlik ehtiyatlarının tənzimlənməsi
istiqamətində aparılacaq işləri necə
görürsünüz?
- Bu, doğurdan da, əsas
ağrılı məsələlərdən biridir. Nəzərə
alınmalıdır ki, Azərbaycanın səfərbərlik
ehtiyatı, xüsusilə də əhali resursu uzun illərdir
hərbi təlimlərdən kənardır və bu da
torpaqlarını işğaldan azad etməyə
hazırlaşan dövlət üçün müsbət
hal deyil. O səbəbdən hesab edirəm ki, təxirəsalınmadan
əhalinin səfərbərlik hazırlığı üzrə
işlərin görülməsi vacibdir.
Bir sıra məlumatlar artıq
ortadadır. Xidmətdən verilən məlumata görə,
bu ilin iyul ayınadək Nazirlər Kabineti tərəfindən
xidmətin vəzifələri, həyata keçirəcəyi
tədbirlər də daxil olmaqla fəaliyyətini tənzimləyən
bir sıra mühüm sənədlərin qəbulu gözlənilir.
Xidmətin rayon bölmələrinə ilk növbədə
Qarabağ müharibəsində iştirak etmiş şəxslərin
problemlərinin öyrənilməsi, sənədləşmə
prosesinin dəqiq və qərəzsiz aparılmasına dair
tapşırıqlar verilib. Bununla yanaşı, hazırda Xidmət
tərəfindən orta ümumtəhsil müəssisələrində
çağırışa qədərki hazırlıq fənnini
tədris edən müəllimlərin uçotunun dəqiqləşdirilməsinə
başlanıb. Xidmət tərəfindən ümumi təhsil,
ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində
çağırışa qədərki hərbi
hazırlığın təşkili və keçirilməsi,
fənn otaqlarının yaradılması və maddi-texniki təchizatı,
tədris proqramlarının və dərsliklərin
hazırlanması, fənn müəllimlərinin seçilməsi,
hazırlığı, ixtisaslarının
artırılması və attestasiyası üzrə tədbirlərin
həyata keçirilməsi kimi kompleks tədbirlər nəzərdə
tutulur. Xidmət tərəfindən ali təhsil müəssisələri
tələbələrinin zabitlər hazırlanan xüsusi
proqram üzrə hərbi hazırlığının təşkili,
habelə yaxın vaxtlarda həkimlər, orta tibb heyəti və
texniki personalın toplanışlarının təşkili və
onlara təcrübi məşğələlərin
keçirilməsi planlaşdırılır.
Ümid edirəm ki, bu ilin sonu və gələn
ilin əvvəllərinə artıq qeyd edilən məsələ
üzrə kompleks tədbirlərin aparılacağını
görə biləcəyik.
- Nə gözləntiləriniz və
proqnozlarınız var? Azərbaycanda
çağırış sistemində yenilik ümumilikdə
güc strukturlarının fəaliyyətinə necə təsir
göstərəcək?
- Müşahidələrimiz göstərir
ki, yeni xidmətin yaradılması Müdafiə Nazirliyi
sistemində müəyyən sağlamlaşma proseslərinin
getməsinə səbəb olacaq. Qeyd edək ki, indiyə qədər
hərbi xidmətə çağırış prosesi ilə
bağlı müdafiə naziri və baş qərargah rəisi
arasında mövqe toqquşmaları olmasına dair məlumatlar
vardı. Bir sıra məlumatlara görə, sözügedən
islahat barədə Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa
dair Əməliyyat Planında (İPAP) tövsiyələr əksini
tapıb. Bu fərmanın ardınca yeni qərarların qəbul
olunacağı istisna deyil.
Araşdırmalar göstərir ki, yeni
xidmətin yaradılması ilə əlaqədar Azərbaycanda
hərbi xidmətə çağırış sistemində
rüşvət və korrupsiyanın hiss ediləcək dərəcədə
azalacağı istisna deyil. Bu, bir növ
çağırış sistemində vaxtilə təhsil
sistemində Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının yaratdığı inqilaba bənzər
yeniliklərə oxşar olacaq. Eyni zamanda, böyük
ehtimalla, 2012-ci ilin sonlarından etibarən hərbi
toplanışların həyata keçirilməsi perspektivləri
barədə real proqnozlar verilməsi mümkün olacaq.
Əgər ciddi niyyətlər varsa, ortaya
siyasi iradə qoyulubsa, onda:
- Hərbi xidmətə
çağırış prosesində şəffaflaşma və
açıqlıq müşahidə olunacaq;
- Xəstə
çağırışçıların hərbi xidmətə
yola salınmasına, qanunsuz möhlət
hüquqlarının verilməsinə son veriləcək;
- Çağırışaqədərki
hazırlıq prosesi güclənəcək;
- Səfərbərlik sistemi işə
düşəcək, ehtiyatda olanlara müasir silahlar,
döyüşün aparılmasının müasir
qaydaları öyrədiləcək;
- Səfərbərlik planı üzrə
ehtiyat qüvvələrin yaradılması prosesi sürətlənəcək;
- Hərbi vətənpərvərlik tərbiyəsi
güclənəcək;
- Bütün dövlət strukturları hərbi
əməliyyatların aparılması qaydaları üzrə
hazırlığa başlayacaqlar;
- Hərbi hissələrin, briqadaların nəzdində
sıravi heyəti olmayan, ehtiyatda olan zabitlərlə əlaqəli
hissələr yaradılacaq və s.
Yeri gəlmişkən, bir sıra məlumatlara
görə, yeni Dövlət Xidmətində bir sıra
strukturlar cəmləşdiriləcək. Bu strukturlar
sırasında Könüllü Hərbi Vətənpərvərlik
Texniki İdman Cəmiyyəti (KHVTİC), bu Cəmiyyətin
rayonlardakı tədris müəssisələri, digər
obyektləri mövcuddur. Yeni Xidmət həmçinin gənclərin
çağırışaqədərki
hazırlığı prosesinə nəzarəti həyata
keçirəcək. Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
hərbi xidmətə çağırış və
uçotun aparılması ilə yanaşı, ölkə ərazisində
digər səfərbərlik resurslarının (ehtiyat zabitlərin,
tibb işçilərinin, həmçinin döyüşə
yararlı yük və minik avtonəqliyyat vasitələrinin)
uçot-qeydiyyatını aparacaq.
ARAYIŞ:
Azərbaycanda hərbi xidmətə
çağırış sistemində islahatlar
Ümumilikdə, hərbi xidmətə
çağırış prosesində son illər bir sıra
islahatlar həyata keçirilib. 1998-ci ildə Azərbaycan
parlamenti çağırışın ildə 2 dəfədən
4 dəfəyə keçidi ilə bağlı qərar qəbul
etdi. Belə fikirlər vardı ki, ildə iki dəfə
çağırış ordunun tam olaraq komplektləşdirilməsinə
imkan vermir. 1998-ci ildən sonra orduya
çağırış əks-ərazi (100 km) prinsipi ilə
gerçəkləşdirildi. 1998-ci ilin ortalarında birləşmiş
hərbi komissarlıqların ləğvi prosesinə
başlanıldı. Hər bir rayon üçün hərbi
komissarlıq formalaşdırıldı. 1999-cu ilə qədər
həqiqi hərbi xidmət 2 il, ali təhsillilər
üçün 18 ay olduğu halda, 1999-cu ildən isə
ümumi hərbi xidmət 18 aya, ali təhsillilər
üçünsə 12 aya endirildi. 2001-ci ildə dövlət
başçısının təşəbbüsü ilə
parlament hərbi xidmətə çağırışla
bağlı qanunvericilikdə dəyişikliklər etdi. Yeni dəyişikliklə
hərbi xidmətə çağırılmanın maksimum həddi
27-dən 35-ə artırıldı. 2006-cı ilin
dekabrında Milli Məclis "Hərbi xidmətə
çağırışın əsasları
haqqında" Qanuna bir sıra dəyişiklik etdi. Bu dəyişikliklər
magistraturaya və aspiranturaya sənəd verənlərin, 2-ci
qrup əlillərə himayədarlıq edən şəxslərin
möhlət hüququnu ləğv edir,
çağırış müddətini 20 gündən 30
günə qaldırırdı. Daha bir düzəliş ondan
ibarət idi ki, artıq
çağırışçılara bildiriş vərəqəsi
göndərilməyəcəkdi. Prezidentin həqiqi hərbi
xidmətə çağırış və müddətli
hərbi qulluqçuların ehtiyata buraxılması barədə
fərmanı çıxdıqdan sonra 20 gün ərzində
çağırışçılar özləri yerli hərbi
komissarlığa gəlməli idilər. 2007-ci ildən
çağırışçıların hərbi hissələrə
Biləcəri toplanış məntəqəsindən yox,
rayon hərbi komissarlıqlarından hərbi xidmətə
göndərilməsinə başlandı. Xatırladaq ki,
ötən əsrin 70-ci illərində Biləcəri
toplanış məntəqəsi mövcud olmayan dövrlərdə
Azərbaycanda hərbi xidmətə
çağırış da məhz rayon hərbi
komissarlıqları tərəfindən həyata
keçirilib. 2009-cu ilin martından başlayaraq
çağırışçıların hərbi hissələrə
göndərilməsi səlahiyyəti hərbi
komissarlıqlardan alınaraq SQ Baş Qərargahının Təşkilat
Səfərbərlik İdarəsinə verildi. Respublika Hərbi
Komissarlığında və rayon hərbi
komissarlıqlarında ixtisarlar prosesinə
başlanıldı, Respublikanın Hərbi Komissarı
general-leytenant Əliağa Hüseynov və onun tabeliyində
olan bir neçə yüksəkrütbəli zabit vəzifələrindən
çıxarılaraq ehtiyata göndərildi. 2010 və
2011-ci illərdə onlarla hərbi komissarlıq
işçisi barədə cinayət işi
qaldırıldı və bu proses hazırda da davam edir.
C.Sümərinli
Ayna.-
2012.- 21 aprel.- S.9-10.