Kərpic memarlığının öz gözəlliyi var

 

Ağsuda bu məsələ alimlərin diqqət mərkəzində idi

 

Kərpicin öz gözəlliyi var, daş plastikasının öz gözəlliyi. Azərbaycanda tarixən daş memarlığı ilə yanaşı, kərpic memarlığı da inkişaf etmişdi və bunun bir çox gözəl örnəkləri günümüzədək gəlib çatıb. Ağsu şəhərində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Tarixi şəhərlərimizdə kərpic memarlığı" mövzusunda respublika konfransı bu məsələyə dair mütəxəssis alimlərin mülahizələrini bölüşdükləri sanballı elmi toplantı idi (APA).

Mədəniyyət və Turizm Nazirliyi, Ağsu Rayon İH və "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən bu elmi konfrans iştirakçıları əvvəlcə 2010-cu ilin martından orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntıların nəticələri, burada görülən konservasiya işləri və sərgi ilə tanış olublar.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin sektor müdiri Arif Əliyev kərpic memarlığının əhəmiyyətindən danışaraq qeyd edib ki, Çin səddi qədər əhəmiyyətli abidəmiz olan Gilgilçay səddi də məhz çiy kərpicdən tikilib. Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev Şirvan memarlıq məktəbinin daş memarlığı olmasına baxmayaraq, son arxeoloji qazıntılar zamanı burada kərpic memarlığının da geniş yayıldığını bildirib.

MEA müxbir üzvü Vəli Əliyev Azərbaycanda erkən şəhər mədəniyyəti haqqında danışaraq kərpic memarlığının qədim dövrdə geniş yayıldığını xatırladıb. MEA müxbir üzvü Cəfər Qiyasi Səlcuq memarlığında bəzək elementlərinin hazırlanmasında kərpicdən ustalıqla istifadənin örnəkləri haqqında məlumat verib. "Arxeologiya və sənət" jurnalının (Türkiyə) redaktoru, professor Mustafa Nezih Başgelen son arxeoloji tədqiqatlar zamanı dünyada çiy kərpicdən istifadənin ən qədim örnəyini Anadoluda aşkar etdiklərini və bunu radiokarbon analizlərlə müəyyən etdiklərini bildirib.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli son orta əsr (XIV-XVIII əsrlər) şəhərlərində nəinki adi yaşayış binalarının, hətta qala divarları, saraylar, məscidlərin də çiy kərpicdən tikildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Memarlıq və İnşaat Universitetinin doktorantı Uğur Qiyasi son zamanlar bərpa və konservasiya olunan kərpic memarlığı abidələrindən və gələcək layihələrdən danışıb.

 

 

Ayna.- 2012.- 21 aprel.- S.20.