Elmira Şabanova: "İtirdiyim illərə görə peşmanlıq çəkmirdim"

 

İndi analıq qayğısını səhnədə oynayır

 

Ana obrazı ilə müxtəlif filmlərdə özünəməxsus obrazlar yaradan xalq artisti Elmira Şabanova yaddaşlarda elə o cür də qalıb. Valideynlərinin ən ərköyünü olan aktrisa deyir ki, balaca Elmiranın yerini heç kim verə bilməz, o, könül dünyasında hər an hökmranlıq edə bilir. Elə buna görə də sağlığında ailə üzvləri onun doğum gününü bir həftə ərzində ayrı-ayrı məkanlarda qeyd edirdilər. Amma onlar ilk övladlarının aktrisa olmağına qarşı imişlər:

"El qınağından ehtiyatlanırdılar. Çünki o vaxtlar sənətə çox az qadın gəlirdi. Amma sənətə olan həvəsi heç nə söndürə bilmədi. İlk dəfə kinoya 17 yaşımda çəkilmək qismət olub. Bir gün dərsdə xəbər yayıldı ki, "Səhər" filmində Sevda roluna çəkmək üçün rejissor Ağarza Quliyev və Tofiq Kazımov məktəbimizə gəlib qızların aktyorluq bacarığını yoxlayacaqlar. O yaşda mən orta məktəbin sonuncu sinfində oxuyurdum. Bu xəbər ürəyimcə olsa da, səsimi çıxarmamağa çalışırdım. Lakin qismətdən elə həmin obraza məni seçdilər. Üç gündən sonra çəkiliş meydançasına dəvət olunmuşdum. Amma atamın qorxusundan hansı addımı atacağımı bilmirdim. Evə gəlib sirri ona açdım. Amma kişi ayağını bir başmağa dirəyib razı olmadı. Filmin yaradıcı heyəti, anam və bibilərimin təkidindən sonra onu razı sala bildik. Filmdən aldığım ilk qonorarla valideynlərimə hədiyyə aldığım hələ də xatirimdədir. Filmdəki obrazım ailə üzvlərimin çox xoşuna gəlmişdi. Atamın razılığı ilə sənədlərimi həmin il İncəsənət Universitetinə verdim və daxil oldum".

Bir müddətdən sonra ailə quran Elmira xanım bu dəfə öz xoşu ilə sənətdən uzaq düşməli olur. Baxmayaraq ki, onun da həyat yoldaşı kino adamı idi. Onların tanışlığı aktrisa "Səhər" filminə çəkilən ərəfələrdə olub. Hər səhər kinostudiyaya gələn həvəskar aktrisa bir gün gələcək həyat yoldaşı ilə qarşılaşır. Film çəkilişləri başa çatdıqdan sonra Rüfət Şabanov Elmira xanımı "Əsl dost" filminə dəvət edir. Onların gələcək ailə münasibətlərinin təməli həmin vaxtdan qoyulur. Elmira xanımın etirafına görə, elə o ərəfələrdə gənc həmkarı Hamlet Qurbanov da ona aşiq olubmuş. Lakin ürəyini çox gec açdığından ömrü boyu bu məhəbbəti ürəyində daşıyıb:

"Nişan mərasimimdən üç gün öncə Hamlet fikrini mənə söylədi. Amma gec idi. Ona vəziyyəti başa saldım. Məyus olub, geri çəkildi. Ölümündən bir neçə il sonra yaxın sənət dostlarından biri mənə dedi ki, ömrünün sonuna kimi bu məhəbbəti ürəyindən çıxara bilməyib. Rüfət ailə başçısı kimi çox gözəl insan olub. Lakin anasının tələbi ilə uzun illər məni səhnədən uzaq salıb. Halbuki ailə qurarkən çalışacağıma razılıq vermişdi. İtirdiyim illərə görə peşmanlıq çəkmirdim. Əsl aktrisa özünü bir filmdə təsdiq edə bilər. Bu ümidlə düz 20 il gözlədim. yoldaşım, qayınanam inadından dönürdü. Nəhayət, uşaqları böyüdüb boya-başa çatdırdıqdan sonra bir gün Rüfət özü mənə filmdə çəkilmək təklifi verdi. Özümdə bir qəribəlik hiss edirdim. 20 ildən sonra yenidən səhnəyə qayıtmaq üçün özümdə güc axtarırdım. Bu, 1978-ci ilə təsadüf edir. O vaxtdan ta bu günə kimi səhnədəyəm. Arzuladığım əksər obrazları oynamışam. Lakin yaşla bağlı gənc qadın rolu oynaya bilməyəcəyimi düşünüb çox təəssüflənirdim. Məndə çılğın qadın obrazları daha uğurlu alınırdı. Səhnəyə dönüşümdən sonra mənə ana obrazları həvalə olundu. Arzuladığım obraz "Ötən ilin son gecəsi"ndə Həmidə oldu. Bir sirri açım ki, burada sanki öz taleyimi oynamışam. Bundan sonra ailəmdə uşaqlarıma göstərdiyim analıq qayğımı səhnədə oynamağa başladım. Artıq özümü başqa obrazda görə bilmirəm. Rejissorlar da buna alışıb. Hər yeni ekran işində Elmira Şabanovanın adı hallandırılarsa, deməli, filmdə ana obrazı var...

 

 

Z.Rəhimqızı   

 

Ayna.- 2012.- 21 aprel.- S.20.