"Müasir caz ifaçıları çox həssasdırlar"

 

Şahin Növrəsli bu sənətə xələl gətirilməsini istəmir

 

Müsahibimiz piano ifaçısı, bir müddət əvvəl Bakıya Beynəlxalq Caz Festivalının qran-prisi ilə qayıdan Şahin Növrəslidir. 29 yaşında adını Azərbaycan caz tarixinə yazdırıb. Bəstələdiyi caz kompozisiyaları, royaldakı ifası ilə əcnəbi tamaşaçıları da ovsunlamaqda davam edir. Bülbül adına musiqi məktəbi, Bakı Musiqi Akademiyasının məzunu olan cazmenin ilk uğuru 11 yaşında olub. Dövlət Filarmoniyasında Faiq Mustafayevin rəhbərlik etdiyi simfonik orkestrlə Azər Rzayevin konsertini ifa edən azyaşlı ifaçı 1999-cu ildə "Sevda şəlaləsi" kompozisiyası ilə caz dünyasında özünü təsdiqləyə bilib. Onun bir çox xalq mahnılarını caz üslubunda interpretasiyasının da musiqidə xüsusi yeri var:

"Özümü xatırlayandan caza bağlanmışam. Yadımdadır, ilk dəfə cazı 5 yaşımda ifa etmişdim. Valideynlərim çox sevinirdi. Uğurlarımı kiçik barmaqlarımın hərəkəti ilə səslənən ağ-qara dillərdən görməyə başlayıblar. Onlar bu yolda mənə böyük dəstək olublar. Daha sonra bu ifa ABŞ, İtaliya, Rusiya, Hollandiya və dünyanın bir çox səhnələrindən eşidilməyə başladı. Hər dəfə piano arxasında oturanda özümü müqəddəs yerdə hiss edirəm. Kədərimi də, sevincimi də onunla bölürəm. Musiqiyə bağlanandan bəri sirrimi daha çox qarşımdakı alət bilib. Bəlkə də bu, sizə qəribə görünər. Kiməsə sirr verib, kiminsə arxasınca danışmıram. Röyal mənim ən yaxın dostumdur. Qardaşlarım da özləri üçün belə düşünürlər. Ailədə 4 qardaşıq, hərəmiz musiqinin müxtəlif sahələrində çalışır və bir-birimizə dəstək oluruq".

Cazmenin məlumatına görə, musiqiyə həvəs onun ulu babası Mirzə Ələsgər Növrəsdən qaynaqlanıb. O, şair olub və Xurşudbanu Natəvanın məclislərində şeir söyləyib. Musiqini çox sevir və ailə çərçivəsində kiçik konsertlər verərmiş, - "sonra bu həvəs atama keçib. Anam da onu meydanda tək qoymurdu. Gözəl səsi olub. Valideynlərim arzuladığı sənəti bizdə tapıblar. Məndən balaca qardaşım Tərlan peşəkar musiqiçi olmasa da, arabir oxuyur. Arslan Bakı Musiqi Akademiyasında təhsil alıb, istedadlı tarzəndir. Nurlan da Musiqi Akademiyasının vokal şöbəsini bitirdi. Onu da səhnədən tanıyırsınız".

Cazmenin etirafına görə, neçə illər qabaq caz ifaçılarının çalışmağa yeri olmayıb. Kiçik məkanlarda çıxış edən Şahin Növrəsli sənətə marağın əvvəlki illərdə ürəkaçan olmadığını xatırlatdı. Geniş səhnələrdə sərhəddən kanara çıxarkən eşidilib. İndi bu münasibətin artıq geridə qaldığını deyir:

"Bakı Caz Mərkəzi açılandan sonra imkanlarımız artdı. Bundan başqa, son illər caz festivalları, gənc musiqiçilər üçün müsabiqələr keçirilir. Televiziyada caz konsertlərinə efir vaxtı ayrılır, mətbuat bizi işıqlandırır. Bütün bunlar son illərə təsadüf edir".

Bizim günlərin Vaqif Mustafazadəsi adlandırılan Şahin Növrəsli bu adı qazanmaqdan ötrü çox əziyyətlərə qatlaşdığını da etiraf edir. Ailədə ilk olaraq Musiqi Akademiyasına daxil olub və hələ o illərdən özünütəsdiq üçün gecəli-gündüzlü çalışıb. O illərdə maddi sıxıntılar keçirən cazmenə təkliflər çox olsa da, təşkilatçılar maddi maraq güdürdülər. Söyləyir ki, o vaxt pul tapıb kompozisiyalar yazıb, disk buraxa bilsəydi, ifası xaricdə daha da tez eşidilə bilərdi, - "əgər problemlərlə üzləşməsəydim, artıq 19-20 yaşımda musiqimizi xaricdə təmsil edə bilərdim. İlk dəfə İtaliyada konsert verəndə 25 yaşım vardı. Amma onadək Azərbaycanda çıxış edə bilmirdim. Daha doğrusu, çıxışım üçün imkan yaradılmırdı. İtaliya konsertindən sonra tilsim qırıldı. Bir neçə aydan sonra burada möhtəşəm konsertim oldu. Baxmayaraq ki, əvvəlki caz festivallarına dəvət almırdım, bu konsert üzümə bir çox qapıları açdı".

Əcnəbi ilə Azərbaycanlı tamaşaçı arasında böyük fərq görmədiyini deyən cazmenin fikrincə, sanballı musiqi hər yerdə eyni ahəngdə dinlənir. O, fərqi yalnız amerikalı dinləyicilərdə görür. Bu da ondan irəli gəlir ki, Amerika cazın vətənidir. Onları təəccübləndirmək üçün cazmen daima axtarışlar, sintezlər etməlidir. Təəssüflə deyir ki, bəzi təşkilatçılar, yaxud dinləyicilər cazda şou axtarmağa çalışırlar, - "Hər cür təkliflər alıram. Amma bunların əksəriyyətini dəyərləndirməməyə çalışıram. Çünki caz sanballı şouların əhatəsində səsləndirilməlidir. Bizim günlərin caz ifaçıları çox həssasdırlar. Biz istəmirik ki, sənətimizə hər hansı formada xələl gətirilsin. Çünki indiki zəmanədə heç nəyə çərçivə yoxdur. İnsanları pul gücünə özünə ram edən şəxslər var. Düşünürlər ki, böyük sənətkarı istədiyi məkanda oxutdurmaq üçün pulu kifayət qədərdir. Dəyərlər getdikcə aşağı düşür. Bunları heç cür qəbul edə bilmirəm".

Şahin Növrəsli əcnəbiləri yalnız muğamla, bir də cazla təəccübləndirmək olar, deyir. Hesab edir ki, dövrün estradası yalnız insanları əyləndiriməyə xidmət edir. Onunla böyük səhnələri fəth etmək mümkün deyil:

"Televizoru açarkən mexaniki olaraq xarici kanalları axtarıram. Yerli kanallara xüsusi proqramlar olanda baxıram. Efir daha çox primitiv çıxışlara yer ayırır. Eyni zamanda seriallar insanın psixilogiyasına həddən ziyadə təsir edir. Mən bu qədər serialın nümayişinin əleyhinəyəm. Gənclər yüngül məşğuliyyətdənsə, bir yerə yığışıb ölkəyə xeyir verəcək işlər barədə düşünməlidirlər. Bu, ilk öncə özlərinin xeyrinə olacaq. Yadınızdadırsa, bir müddət əvvəl əcnəbi musiqiçi dostlarımla trio yaratmışdım. Onlarla çıxışım zamanı bir çox musiqiçilərin etirazını eşidirdim. Amma musiqiçi dostlarımı seçərkən, onların kimliyi barədə qətiyyən düşünməmişəm. Ya yerli olsun, yaxud da amerikalı. Amerikalı Hatan Pek (bas gitara) Elisson Miller (zərb alətləri) mənim ifamı daha yaxşı hiss etdikləri üçün onlarla işləməyə qərar verdim. Böyük işlər gördük. Bir məsələni qeyd edim ki, Azərbaycanda musiqi aləti ifaçısına hörmət ürəkaçan deyil. Halbuki onların musiqidə zəhmətləri çox böyükdür. Onlarda olan bilik savadsız, not bilməyən müğənnilərin heç birində yoxdur. Amma nədənsə ictimaiyyət həmin müğənnilər barədə informasiyaya daha çox ehtiyac görür, nəinki peşəkar musiqiçilər barədə. Əvvəllər xaricdə çıxışımı tək hallarda mətbuat işıqlandırırdı. Buna onların özündə marağın yaranmasını istəmişəm. Caz festivallarında həmin marağı mətbuat televiziyada görə bildim".

 

 

Şəms

 

Ayna.- 2012.- 28 aprel.- S.20.