Əbülfəs Qarayev: "İşğal olunan ərazilərdəki abidələrin vəziyyətinə nəzarət edə bilmirik"

 

Nazir bunu "bizim ağrılı yerimiz" adlandırıb

 

Bu gün işğal altındakı Azərbaycan torpaqlarında qalmış abidələr məhv edilir, mənimsənilir, tarixi tikililərdə heyvan bəslənir. Bakıda isə erməni kilsəsi qorunur, Ermənistan katolikosu Azərbaycana səfəri zamanı kilsəyə baş çəkdi. Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünən Bakıda "İrs təhlükə altında - Şəhərin tarixi landşaftının perspektivləri" mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib. Nazir xüsusilə qeyd edib:

"Azərbaycanda müxtəlif millətlər dinc yaşayır və öz adətlərini qoruyurlar. Burada təəccüblü bir şey yoxdur, bu, bizim ənənəmiz, həyat tərzimizdir".

Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanları olan İCCROM və İCOMOS-un təşkilatçılığı ilə keçirilən bu konfrans məhv olmaq təhlükəsi ilə üzləşən və ya münaqişə zonasında olan mədəni irs abidələrinin qorunmasına həsr olunub.

Mədəniyyət naziri konfrans iştirakçılarını mayın 28-dən iyunun 1-dək Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq üzrə foruma dəvət edib.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov mədəniyyət abidələrinin qorunmasının çox aktual olduğunu bildirib. O, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun qorunmasını bu istiqamətdə mühüm addım adlandırıb. Mikayıl Cabbarovun sözlərinə görə, Kazandan gələn heyət İçərişəhərin nümunəsində abidələrin qorunması təcrübəsini öyrənir.

Konfransda çıxış edən İCCROM baş direktoru Stefan de Karo rəhbərlik etdiyi Afrikanın mədəni irsinin qorunmasına 50 min dollar yardım göstərən Heydər Əliyev Fonduna və fondun rəhbəri Mehriban Əliyevaya təşəkkürünü bildirib.

İCOMOS prezidenti Qustavo Aravos Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün saziş imzalanacağına ümidvar olduğunu deyib: "Mədəni İrs ayırıcı deyil, birləşdirici faktor olmalıdır". Konfrans aprelin 29-da başa çatacaq.

Əbülfəs Qarayev konfransda deyib ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərində 350-dən çox mədəniyyət abidəsi, qəbiristanlıqlar, ibadətgahlar qalıb. Nazir qeyd edib ki, "bu gün işğal olunan ərazilərdə qalan abidələrin vəziyyətinə nəzarət edə bilmirik, bu, bizim ağrılı yerimizdir".

Nazir vurğulayıb ki, işğal olunmuş ərazilərdə tarixi Azərbaycan abidələri kobud şəkildə, vəhşicəsinə dağıdılır, hətta onlara qarşı dini baxımdan hörmətsizlik edilir: "Bunu keçirilən bütün beynəlxalq konfranslarda dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır".

 

 

Ayna.- 2012.- 28 aprel.- S.20.