Arxeoloji
qazıntılar mövsümü
başlanır
İsmayıllı və Ağsudan iki xəbər
Arxeoloji qazıntılar
mövsümündən ilk xəbərlər gəlir. AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri
tərəfindən İsmayıllı rayonunun Çərmədil
kəndində aparılan arxeoloji qazıntılar müsbət
nəticə verib. Arxeoloji ekspedisiyanın rəhbəri tarix
üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov APA-ya
bildirib ki, Girdiman çayının sağ sahilində yerləşən
Çərmədil kəndində 10 gün ərzində
aparılan tədqiqat işləri zamanı eramızın
III-V əsrlərinə aid nekropol aşkar edilib.
Arxeoloqlar son antik və ilk orta əsrlər
dövrünə aid 3 ədəd küp və 12 ədəd
torpaq qəbir, eləcə də tunc, şüşə və
saxsı qablar, dəmir xəncər, məişət əşyaları,
Sasani hökmdarı Firuzun gümüş draxması, mineral
daşlardan hazırlanan bəzək əşyaları
tapıblar.
Qəbirlərin və əşyaların
Albaniya dövləti ərazisində xristianlıqdan əvvəl
yaşayan insanlara məxsus olduğu bildirilir. Tarix üzrə
fəlsəfə doktoru Akif Quliyev və Müzəffər
Hüseynovun da yaxından iştirak etdiyi qazıntı işləri
bir həftə ərzində başa çatdırılacaq və
tapılan maddi-mədəniyyət nümunələri
müayinə edildikdən sonra İsmayıllı rayon
Tarix-Diyarşünaslıq Muzeyinə veriləcəkdir.
Arxeoloqlar nekropolun tapılmasını yaxın ərazidə
böyük yaşayış məntəqəsinin olması
ilə əlaqələndiriblər. Gələcəkdə
bununla bağlı kəşfiyyat işləri nəzərdə
tutulur.
MEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun Şamaxı-Ağsu arxeoloji
ekspedisiyasının rəhbəri Akif Quliyev onu da bildirib ki,
Ağsuda da Sasanilər dövrünə aid tarixi eksponatlar
tapılıb. Ağsuda aşkar edilən
döyüşçü qəbri təxminən V əsrə
aid edilir. Qəbirdəki döyüşçünün
sağ əlində şüşə cam, belində dəmir
qılınc, ayaqlarının altında isə Sasani
draxması (pulu) olub. Quliyev deyib ki, indiyədək Azərbaycanda
Sasanilər dövrünə aid Şirvanda,
Şamaxının Göylər kəndində dəfinə
tapılıb. Ötən
il Azərbaycanda aşkarlanmış pullar
arasında ən qədimi Bizans imperatoru Konstantinə aid olub.
Muradxan dəfinəsi tədqiq edilir
Akif Quliyev vurğulayıb
ki, Arxeologiya və Etnoqrafiya İnstitutu Kürdəmir
rayonunun Muradxan kəndində aşkarlanmış
pul dəfinəsinin tədqiqi zamanı Azərbaycan tarixi üçün maraqlı
olan yeniliklər üzə çıxarıb
("Trend").
Sözügedən dəfinədə ümumilikdə 1134 ədəd
sikkə qeydə alınıb. Muradxan dəfinəsinə daxil olan pulların ən qədimi Əmir Teymurun ölümündən sonra,
təqribən 1405-1410-cu illər
arasında Şirvanşah
I İbrahim tərəfindən
zərb olunduğu güman edilən anonim sikkədir. Dəfinənin tədqiqatı zamanı
Şirvanşahlar dövründə
pulların Şamaxı,
Dərbənd, Bakı,
Qəbələ və
Ərdəbil şəhərlərində
zərb olunduğu müəyyənləşdirilib.
Tədqiqatçı hesab edir
ki, dəfinənin tədqiqatı zamanı ən maraqlı məsələ Ərdəbildə
Şirvanşahların adından
zərb edilən bir nüsxə pulun aşkarlanması olub. İndiyədək elm aləmində belə bir fakt yox
imiş. Bu pulun aşkarlanması ilə Ərdəbil şeyxlərinin Şirvanşahlar
dövlətinə hücum
etməsinin səbəbləri
də ehtimal kimi üzə çıxarılıb. Məlum olub
ki, Şirvanşahlar dövləti tərəfindən
Ərdəbil zəbt
edilib və burada Şirvanşahların
adından pullar zərb olunub. Bu da Ərdəbil
şeyxləri ilə
Şirvanşahlar dövləti
arasında münasibətləri
pisləşdirib.
Quliyevin sözlərinə görə, Ərdəbil
şeyxlərinin Şirvanşahlara
hücumlarının səbəblərindən
biri bu dövlətin
Ərdəbilə qarşı
ərazi iddiası irəli sürməsi olub. Tədqiqatçı deyib ki, 1382-1417-ci illərdə hakimiyyətdə
olmuş Şirvanşah
I Şeyx İbrahim Əmir Teymurun ölümündən sonra
Cənubi və Şimali Azərbaycan torpaqlarını birləşdirmək
niyyətinə düşübmüş.
O, 1406-cı ildə Təbrizi də ələ keçirib. Lakin Cənubi Azərbaycan feodalları Şirvanşahlar
dövlətinin tərəfində
durmadığı üçün
bu niyyət baş tutmayıb.
Quliyev bildirib ki, Azərbaycan tarixi üçün çox əhəmiyyətli
olduğundan Muradxan dəfinəsinin kataloqu da hazırlanır.
Bu kataloq Azərbaycan
numizmatikası tarixində
ilk nümunə kimi hər hansı bir dəfinənin bütövlükdə nəşr
olunduğu ilk kitab/albom olacaq.
İsmayıl
Ayna.- 2012.- 5 may.- S.20.