Olimpiya lisenziyalarının sayı 50-yə çatdı

 

Bu rekord rəqəm medalların sayında da əksini tapacaqmı?

 

Ölkəmizin olimpiya yığma komandası London Yay Olimpiya Oyunlarında iştirak hüququ verən lisenziyaların sayını bu həftə 50-yə çatdırdı. Beləliklə də, idmançılarımız say baxımından minimum vəzifənin öhdəsindən gəldilər. Çünki London Olimpiadasında Azərbaycanı təmsil edən idmançıların sayı haqqında proqnozlar səsləndirilərkən məhz 50 rəqəmi dilə gətirilirdi. Hərçənd idmançılarımız lisenziyaların sayını artırmaq üçün hələ yaxşı imkanlara malikdirlər. Çünki lisenziya xarakterli yarışlar davam edir.

Olimpiya lisenziyalarının sayının çox olması, əlbəttə, vacib məsələdir. Çünki oyunlarda idmançılarımızın sayı nə qədər çox olarsa, mükafat qazanmaq şanslarımız bir o qədər artar. Həm də nəzərə alsaq ki, lisenziyalar idmanın 16 növündə qazanılıb, deməli, London Olimpiadasında uğur qazanmaq şanslarımız əvvəlki oyunlara nisbətən daha yaxşıdır.

Qazanılan lisenziyaların sayına görə güləşçilərimiz hamıdan irəlidədir. Pəhləvanlarımız ümumilikdə oyunlarda iştirak etmək hüququ verən 13 vəsiqə əldə ediblər ki, bu da son hədd deyil. Qeyd edək ki, Xetaq Qazyumov (96 kq), Rövşən Bayramov (55 kq) və Mariya Stadnik (48 kq) kimi tanınmış və titullu pəhləvanlarımız olimpiya medallarına əsas namizədlər sırasındadır. Həm də güləşçilərimizdən bir çoxu oyunlar ərəfəsində yaxşı təsir bağışlayır. Bu mənada əvvəlcə Avropa çempionatının qızıl medalını qazanan, ardınca isə Bolqarıstanda lisenziya turnirinin qalibi olan Toğrul Əsgərovu (60 kq) xüsusilə qeyd etmək olar. Odur ki, təkcə cari idman nəticələrini deyil, həm də güləş keyfiyyətini nəzərə alsaq, güləşçilərimizin olimpiya gələcəyinə ümidlə baxmaq olar.

Londona yollanacaq boks yığmamızın heyəti də kifayət qədər güclüdür.

Əgər sonuncu oyunlarda - Pekin Olimpiadasında vur-tut 2 boksçumuz iştirak etmişdisə, Londonda medallar uğrunda 7 dəri əlcək ustamız mübarizə aparacaq. Əsas "qızıl ümidimiz", dünya çempionu Məhəmmədrəsul Məcidov (+91) və Bakıda keçirilən dünya çempionatının finalçısı Teymur Məmmədov da komandanın heyətindədirlər. Statistika da boks yığmamızın uğur qazana biləcəyini vəd edir. Belə ki, Azərbaycan boksçuları son üç oyunlarda 4 gümüş medala sahib olublar.

Cüdoçularımız da London Oyunlarına kifayət qədər güclü heyətlə yollanacaqlar. Xatırladaq ki, cüdo millimiz Pekin oyunlarında dördüncü yerə çıxmaqla Avropa komandaları arasında ən yaxşı nəticə göstərmişdi. Bu idman növündə ən tanınmış idmançımız Elnur Məmmədov güman ki, olimpidanın qızıl medalını ikinci dəfə boynundan asmaq arzusu ilə alışıb-yanır. "World Masters" kimi nüfuzlu turnirdə ardıcıl iki qələbə qazanan Elnur 81 kq çəki dərəcəsində dünyanın ən güclülərindəndir. Odur ki, Elnurun Olimpiya zirvəsini fəth etməyə yaxın olduğunu bu başdan söyləyə bilərik. Uğura aparan yolda daha bir idmançımız ona "yol yoldaşlığı" edə bilər. Bu, dünya çempionatının bürünc mükafatçısı İlqar Müşkiyevdir (60 kq).

Taekvondoçularımızın London Olimpiadasında çıxışını izləmək maraqlı olacaq. Çünki onlardan biri medal qazanmağa ən real namizədlərdəndir. Söhbət son vaxtlar özünün birbaşa rəqiblərini məğlub edərək ən mötəbər turnirlərin qalibi olan Ramin Əzizovdan (80 kq) gedir. Bu idmançının beynəlxalq yarışlarda sabit çıxış etməsi taekvondo növündə də yığmanın medal şanslarını artırır. Onu da qeyd edək ki, Azərbaycan taekvondoçuları Olmpiya Oyunlarında indiyə kimi medal qazana bilməyiblər. Halbuki Niyaməddin Paşayev və Rəşad Əhmədov kimi tanınmış idmançılar Olimpiya Oyunları təcrübəsinə malikdir.

Əvvəlki illərdən fərqli olaraq, Azərbaycan taekvondo yarışlarında qadın idmançı ilə də təmsil olunacaq. Gənclər arasında dünya çempionu olan Fəridə Əzizova qadınların yarışında ilk dəfə Azərbaycanın adından çıxış edəcək.

London Oyunlarında ağır atletlərimizin də medal qazanmaq imkanları var. Ağırlıqqaldıranlardan söz düşəndə ilk növbədə Valentin Xristovun (56 kq) adını qeyd etmək lazımdır. Məşhur türkiyəli ağır atlet, üçqat Olimpiya çempionu Xəlil Mutlunun idmançımız haqqında - "şübhəm yoxdur ki, Valentin Olimpidada medal qazanacaq" deməsindən sonra mükafatın hansı əyardan olacığını görmək maraqlıdır. Bolqar əsilli Valentindən savayı komandamızda son Avropa çempionatının qalibi olan Əfqan Bayramov da var. Odur ki, ağır atletlərimizin də Londonda uğur qazanacağına ümid etmək olar.

Azərbaycan idmançılarının uğur qazana biləcəkləri idman növlərindən biri də avarçəkmədir. Azərbaycan London Oyunlarında avarçəkmədə ilk dəfə təmsil olunacaq. Həm də, çox ola bilsin, Azərbaycan avarçəkənləri Londonda təkcə sadəcə çıxışla kifayətlənməyəcəklər. Avarçəkənlərimiz də planetin 4 ildən bir keçirilən ən mötəbər yarışının vacibliyini anlayırlar. Ölkəmizi avarçəkmədə dəfələrlə Avropa çempionu olmuş Valentin Demyanenko, Sergey Bezuqlıy və Maksim Prokopenko təmsil edəcəklər. Bu idmançılar uğurun düsturunu bilirlər.

Bir sözlə, Londonda bir çox idman ulduzlarımızın parlamaq imkanı olacaq. Bədii gimnastikada Aliyə Qarayeva, atçılıqda Camal Rəhimov və bir çox atletlərimizdən uğur gözləyirik. Yığmanın qarşısında minimum 9 medal qazanmaq vəzifəsi dayanır. Buna nə dərəcədə nail olacağımızı isə 82 gündən sonra başlayacaq oyunlar zamanı görəcəyik.

 

 

İlham

 

Ayna.- 2012.- 5 may.- S.22.