Şahin
Növrəsli ilə caz söhbəti
Vaqif
Mustafazadə ilə müqayisəni isə özünə fəxr
bilir
Şahin Növrəslini dünya cazının yeni
ulduzlarından biri adlandırırlar... Belə deyirlər ki, qısa
müddət ərzində caz musiqisinin məğzini və onun
çoxobrazlı imkanlarını o qədər
dərindən mənimsəmiş ki, özünün Amerika və
Avropada festivallarda
çıxışı ilə ən mahir
biliciləri və professionalları belə heyrətə
salmışdır.
Məsələn,
Rusiya paytaxtında
çıxışı ərəfəsində Moskva cazmenləri onu bu kimi təmtəraqlı
epitetlərlə qiymətləndiriblər. "Dahi həmvətəni Vaqif
Mustafazadənin davamçısı", "Dünya
caz səhnəsinin yeni
ulduzu", "bu gün üçün Azərbaycan
cazının vizit kartı"... Belə
bir fikir yürüdülür ki,
ona Azərbaycan muğam
melodiyaları ilə ənənəvi caz
ritmlərinin əlverişli sintezi müyəssər
olub.
Hətta
deyirlər ki, öz
musiqisində iki böyük
mədəniyyəti - Qərb və Şərq mədəniyyətini
birləşdirə bilib. Ekzotik
melodiyaların sakit-sakit fırlanaraq toxunuşu, iti harmoniya, şıltaq Şərq ritmləri və
elə oradaca döngədə super sürətli qaynar amerikan cazı - bu, Şahin Növrəslinin musiqisidir.
Bioqrafiyasından
bəllidir ki, Şahin
Növrəsli 1977-ci ildə Bakıda doğulub.
Musiqi ilə çox
erkən yaşlarından məşğul olmağa
başlayıb və hələ 11 yaşında ikən Azərbaycan
Dövlət Filarmoniyasında sinfonik orkestrin solisti kimi çıxış edib.
Müəllimlərin israrına görə öz təhsilini Bülbül
adına orta ixtisas musiqi məktəbində davam
etdirmiş və oxuduğu
illərdə klassik musiqi
ilə dərindən və ciddi məşğul
olmuşdur. 18 yaşında Raxmaninovun İkinci Konserti ilə çıxış edib və münsiflər heyətinin ən
yüksək qiymətinə layiq görülüb. Bakı Musiqi
Akademiyasında oxuyarkən musiqiçi özünü tamamilə klassik
və caz musiqisinə həsr edib. Elə o vaxtdan daimi qastrollar, turlar, beynəlxalq festivallar onun həyatının ayrılmaz
hissəsi olub.
Səfərlərdən və konsertlərdən
sonra nadir istirahət dəqiqələrində Şahin
yeni layihələr üzərində işləyir.
Caz triosu ilə xalq çalğı
alətlərinin sintezi
nəticəsində Neytn
Pek, Aleksandr Masin, Nurlan və
Arslan Növrəslilərin
iştirakı ilə
yaranan "Əbədi
yol" adlı layihə belə ərsəyə gəlib.
Daha bir proyekt isə
caz solo proyekt və klassik solo proyekt "Slajamu"dur (proqram Mosart və Bax kimi
klassik bəstəkarların
əsərləri əsasında
tərtib olunub).
Şahin Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek,
Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə
çıxışlar edib
və albomlar yazdırıb.
İndi Türkiyə, Fransa, Rusiya və Azərbaycanda, konsertlərlə çıxış
etdiyi universitetlər və məktəblərdə
ustad dərsləri verir. Son işlərindən
söz açan cazmen bunları danışır:
- Bildiyiniz kimi, bir müddət
əvvəl Avropa turnesindən qayıtmışam.
Sonuncu konsert Londonda idi. Bizi çox gözəl
qarşıladılar. Planda isə ABŞ-ın əsas ştatlarında, Nyu-York, Las-Veqas, Los-Anceles və s. şəhərlərdə 20 konsert
proqramı ilə çıxış etmək
var. Bu, ayyarımlıq turnedir.
Proqrama gəlincə, yenə də öz əsərlərimi ifa edəcək və konsertlərdə bir xanəndə kimi iştirak edəcəyəm.
- Bəs muğamda, cazda ustadlarınız kimlər olub?
- Mən hər şeyi əsasən lent yazılarından
öyrənmişəm. Muğamla Əbülfət
Dərya ilə məşğul olmuşam.
Və əlbəttə,
Vaqif Mustafazadənin cazda qoyduğu muğam ocağından bəhrələnirəm və
mən də bir yenilik yaratmağa
can atıram. Vaqif Mustafazadənin
elə əsərlərini
ifa etmişəm, hansıların ki, heç notu olmayıb və ondan başqa bu əsərləri heç kəs ifa etməyib.
- Bəs sənətçilər
sizə "Vaqif Mustafazadəni yamsılayırsan"
iradını tutublar?
- Mən yalnız fəxr edə bilərəm, əgər məni belə bir sənətkarla
müqayisə etsələr.
- Siz dörd qardaş,
dördünüz də
musiqiçi, verilişlərin
birində qeyd etdiniz ki, gündə
14 saat royal arxasında
məşq etdiyiniz hallar olub. Sizcə,
sənətdə sizə
bu qədər çalışqanlıq, yoxsa
istedadınız kömək
etdi?
- Sonuncu dəfə mən 14 saat hardasa bir
10 il əvvəl
məşğul olmuşam,
son illərdə isə
mənə 2-3 saat məşq etmək kifayət edir. Çünki nə əldə
edirsən, elə məktəb illərində
əldə edirsən.
Düşünürəm ki, hər bir musiqiçidə istedad 10% olur, qalanı zəhmətlə
qazanılır.
- Sizə hansısa bir konsertdə, məclisdə
iştirak etmək dəvəti gələndə
onu o dəqiqə qəbul edirsiz, yoxsa seçim edirsiniz?
- Dəvətləri, əlbəttə, qəbul
edirəm, böyük
layihələrdə iştirak
edirəm. Sadəcə, son zamanlar çıxışlarım,
konsertlərim daha çox xaricdə olduğu üçün
Bakıda çıxış
etməyi çatdırmırdım.
Artıq buna da nail olmuşam.
- Artıq yetərincə təcrübəniz var, bəs tələbələriniz
necə, varmı?
- Hələ onun üçün hövsələm yoxdur, amma bəlkə biz az gec tələbələrim də
oldu.
- Səhv etmirəmsə, baxmayaraq ki, oğlunuz balacadır, musiqiyə heç meyli var?
- Bəli, iki aylığından musiqiyə diqqət ayırır. Yoldaşım Natavan Növrəsli
də vokalçıdır.
Görünür, musiqiçi
ailəsində böyümək
onu indidən həvəsləndirib...
XATUN
Ayna.-
2012.- 4 avqust.- S.21.