Kino
işçiləri öz
bayramlarını qeyd edir
Rüstəm
İbrahimbəyov birinci Respublikadan tarixi film çəkməyə
hazırlaşır
Avqustun 2-də Milli Kino Günü qeyd olundu. Ölkəmizdə
kinonun nə az, nə
çox, 114 yaşı
var. Bu münasibətlə Kinematoqrafçılar İttifaqında
tədbir keçirildi,
Rüstəm İbrahimbəyov
kino işçilərini
təbrik etdi. Kinorejissorlar Fikrət Əliyev, Asif Rüstəmov və xalq artisti
Fəxrəddin Manafov
təltif olundular.
Elə bu gün münasibəti
ilə də Azərbaycan Kinematoqrafçılar
İttifaqının sədri,
dramaturq, ssenarist, rejissor Rüstəm İbrahimbəyovdan söz
dinləmək qərarına
gəldik. Xüsusilə də son vaxtlar rəhbəri olduğu
AKİ ətrafında yaşananları
nəzərə alsaq,
yəqin ki, müsahibə yerinə düşərdi.
Rüstəm
bəy bizə öz gələcək
planları barədə danışdı və böyük layihələrdən söz açdı. Rejissorun
sözlərinə görə, Azərbaycan Cümhuriyyəti
ilə bağlı tarixi bir
film çəkməyi
planlaşdırır.
"Bu filmdə birinci
Respublikanın taleyi ilə bağlı
müəyyən nyüanslar
açıqlanacaq", - deyə İbrahimbəyov bildirdi. Rejissorun sözlərinə
görə, artıq bir neçə ildir bu filmi
çəkmək üçün məlumatlar
yığırlar. Deyir:
"Bu film geniş panoramada çəkiləcək. Bunun
üçün külli
miqdarda vəsaitə ehtiyac
duyulur. Biz filmin çəkilişləri ilə
bağlı maddi yardım üçün
Azərbaycan Prezidentinə və Mədəniyyət və Turizm Nazirliyinə məktubla müraciət etdik. Lakin bizim
məktubumuza cavab gəlmədiyi üçün biz filmi öz şəxsi sərmayəmiz
hesabına çəkməyə hazırlaşırıq. Eyni zamanda Azərbaycanın
tarixi ilə bağlı yeni
bir serial çəkməyi
də planlaşdırırıq".
Rüstəm
İbrahimbəyov yenicə yazdığı "Ubejişe"("Sığınacaq")
adlı fəlsəfi pyesindən danışaraq söylədi
ki, bu əsərdəki
hadisələr hazırda mövcud olan yeraltı bunkerlərdən,
sığınacaqlardan bəhs edir:
"Bu pyes Bakıda tamaşaya qoyulacaq. Onu da bildirim ki, digər
əsərlərim bir
neçə xarici ölkədə, o cümlədən
Rusiyanın mədəniyyət
paytaxtı sayılan
Sankt-Peterburqda artıq
səhnələşdirilib".
O, Milli Kino Günü ilə bağlı Kino Evində keçiriləcək mərasimdə
AKİ-nin yenicə təsis etdiyi mükafatın üç
nominanta veriləcəyini
söylədi:
"Qonaqlarımız
isə xarici ölkələrin səfirləri,
cəmiyyətdə öz
mövqeyi olan bir sira ictimai-siyasi
xadimlər olacaq.
Qarşıdakı illərdə AKİ-nin Azərbaycanda festivalı olacağı gözlənilir".
Rüstəm İbrahimbəyov öz vəsaiti ilə yaratdığı
Kino Məktəbinin hazırda
fəaliyyətini dayandırdığını,
amma yaxın vaxtlarda yenidən tələbə qəbul edəcəyini söylədi.
Rejissor dedi:
"Artıq on beş nəfər diplomlarını alıb.
Biz cavanlara həmişə
dəstək oluruq.
Əgər gənclərdən kimsə bizim təşkilata yeni bir əsər, ssenari, povest gətirirsə, biz onları
geri çevirmirik.
Prespektivli gənclərə bizim ehtiyacımız var".
Xatırladaq ki, Rüstəm
İbrahimbəyovun rəhbərlik
etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı
1956-cı ildə yaranıb
və təşkilatın
hazırda 320-yə yaxın
üzvü var. Rejissor
eyni zamanda AKİ ətrafında gəzən
söz-söhbətlərə aydınlıq gətirərək
söylədi ki, təşkilat heç kimi məcburi saxlamır. Deyir:
"Mənim Azərbaycan Kinematoqrafçılar
İttifaqını tərk
edib yenicə yaranan Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqına üzv
olmaq istəyənlərin
heç birinə qarşı etirazım yoxdur".
Lakin İbrahimbəyov
bəzi kino xadimlərindən incidiyini
də bildirdi:
"Cəmil Quliyev AKİ-ni tərk edib yeni ittifaqa üzv
olduqdan sonra bizim haqqımızda yalan məlumatlar yayır. Artıq 10 ildən
çoxdur ki, bizimlə işləyən
bəzi katiblər də bizdən üzvlükdən çıxdıqdan
sonra AKİ haqqında
yersiz ifadələr işlədiblər".
Rüstəm İbrahimbəyovun sözlərinə görə,
yeni yaranmış Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı
hökumətin təklifi
ilə yaranıb.
"Buna baxmayaraq, bu yaxınlarda 16 nəfər
bizim AKİ-yə üzv olmaq üçün müraciət
edib və qəbul olunub. "Qeyd edim
ki, onların arasında Ramiz Aslanov, Vaqif Səmədoğlu, Ziya Şıxlinski kimi məşhur incəsənət
xadimləri də var".
Xatırladaq ki, bir
müddət öncə
Azərbaycan Kinematoqrafçılar
İttifaqı ətrafında
qalmaqal yaranmışdı.
Bəzi informasiya agentliklərinin yaydığı məlumata
görə, yeni təşkilata üzv olmaq istəyən bir qrup artist köhnə ittfaqı tərk etmək qərarına gəlib və buna görə
AKİ tərəfindən təzyiqlərlə üzləşiblər.
Xəbəri dəqiqləşdirmək
üçün AKİ-ni
tərk edən artistlərdən bəziləri
ilə əlaqə saxlamaq qərarına gəldik.
Aktyor Azad Şükürovun
sözlərinə görə,
verdiyi qərar özünə məxsusdur.
"Mənim yalnız adım Azad deyil, mən özüm də azad insanam və
qərarlarımı özüm
verirəm. Heç
kim mənim
qərarlarıma nə
qarışa, nə də təsir edə bilər. Ancaq təzyiqlərin olması
barədə gedən
məlumatlar yalandır.
AKİ-də heç
kim məni
nə hədələyir,
nə də təzyiq göstərməyə
cəhd edir. Mənim qərarım hörmət
və anlayışla
qarşılanıb", - deyə aktyor bildirdi.
Azərbaycan Kinematoqrafçılar
İttifaqının mətbuat
katibi Əsəd Əsədov da bu məsələyə öz münasibətini bildirərək söylədi
ki, ittifaqın üzvlüyündən çıxmaq
istəyən heç
bir artist təzyiqlə
üzləşməyib.
"Çıxan hər bir artist yalnız öz istəyi ilə bizi tərk etdi. Bu da
o deməkdir ki, biz onların nə getməsi, nə də qalması üçün bir tədbir görmüşük,
belə bir fikrimiz də yoxdur", - deyə Ə.
Əsədov bildirdi.
Z.Nuri
Ayna.- 2012.- 4 avqust.- S.20.