Rəssamlarımız dünyaya çıxırlar

 

Kiyevdə Rasim Seydimovun, Klaypedada Dadaş Məmmədovun əsərləri sərgiləndi

 

Çox xoşdur ki, rəssamlarımız dünyaya çıxır, öz əsərlərini xarici auditoriyalara təqdim edirlər. Tanınmış rəssam Rasim Seydimovun əsərləri Kiyev İncəsənətin İnkişafı Fondunun qalereyasında sərgilənirdi. Bizim Ukrayna səfirliyimizin dəstəyi ilə keçirilən sərginin açılış mərasimində Fondun direktoru Yuri Kurilovski çıxış edərək indiyədək azərbaycanlı rəssamın bu qalereyada bir neçə sərgisinin keçirildiyini və onun əsərlərinə hər zaman maraq olduğunu söyləmişdir.

Səfir Eynulla Mədətli Ukraynada yaşayan azərbaycanlıların hər sahədə olduğu kimi, incəsənətdə də özünü göstərdiyini, Ukrayna Rəssamlar Milli Birliyinin üzvü Rasim Seydimov, Xalq artisti Qurban Abbasov, Xalq rəssamı Seyfəddin Qurbanov kimi şəxslərin ölkəmizin mədəniyyət və incəsənətini bu ölkədə layiqincə təmsil etmələrinin sevindirici olduğunu söyləyib. Mərasimdə rəssamın yaradıcılıq manerası barədə xoş sözlər söylənmişdir.

37 yaşlı Rasim Seydimov Şəkidə doğulub, Ukrayna Milli Rəssamlar Birliyinin üzvüdür, etno-modern stilində əsərlər yaradır. Əsərləri Ukraynada və bir sıra ölkələrdə müxtəlif sərgilərdə nümayiş etdirilib. Rəssamın "Xocalıya Rekviyem" solo sərgi turu Kiyev, Xarkov, Dnepropetrovsk, Donetskdə uğurla nümayiş olunub. Seydimovun əsərləri Kiyev Müasir İncəsənət Muzeyində, Krivorizsk muzeyində, Vladimir-Volinsk tarixi muzeyində, Azərbaycan səfirliyində, Ukrayna, Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniyada şəxsi kolleksiyalarda saxlanılır.

Başqa bir xəbər Klaypedadan gəldi. Azərbaycanlı rəssam Litvada keçirilən sərgidə iştirak etmişdir. "Trend"in məlumatına görə, bu sərgi "Crossings" layihəsi çərçivəsində Litvanın Klaypeda əyalətinin Rəssamlar İttifaqının, şəhər bələdiyyəsi və "Baroti" qalereyasının dəstəyi ilə dəniz bayramı günü, Klaypeda şəhərinin 760-cı ildönümünə, "Baroti" qalereyasının isə 20 illiyinə həsr olunub. Məqsəd - mədəni əməkdaşlığı dəstəkləmək və şərq tərəfdaşları ilə təcrübə mübadiləsi aparmaqdır.

Layihədə 6 ölkənin (Qazaxıstan, Tacikistan, Litva, Azərbaycan, Gürcüstan və Ukrayna) rəssamları iştirak edirlər. Bu sərgidə Azərbaycanı istedadlı rəssam Dadaş Məmmədov təmsil edir. Layihənin tərəfdaşları Klaypeda şəhərinin mədəni əlaqələr mərkəzi və "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatıdır.

 

 

Ayna.- 2012.- 4 avqust.- S.20.