Arxeoloqlar Şamaxıda
böyük bir bina aşkar ediblər
Ehtimala
görə, bu, Şirvanşahlar sarayının alt hissəsidir
Arxeoloqlar hər addımda qədim tarixin
izlərini yaşadan Şamaxıda torpaq altından
böyük bir bina aşkar ediblər. Ehtimala görə, bu
böyük bina Şirvanşahlar sarayının alt hissəsidir.
MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
Şamaxı Arxeoloji Ekspedisiyasının rəhbəri
Şirzad Əhmədov APA-ya bildirib ki, şəhərdəki
1 saylı orta məktəbin ərazisində yeni tədris
binası inşa edilərkən ağır texnikanın
apardığı qazıntı işləri zamanı təsadüf
nəticəsində yerin altından tarixi abidənin
qalıntıları üzə çıxıb. Ərazidə
aparılan arxeoloji tədqiqat işləri zamanı müəyyən
edilib ki, həmin tikili məhz Şirvan şahlarının
XI-XII əsrlərdə inşa etdirdiyi saraydır. Bu günədək
900 kvadratmetr ərazidə aparılan arxeoloji qazıntı
işləri zamanı məişət və təsərrüfat
qabları, sikkələr, su xətləri aşkar edilib.
Torpağın altından aşkara çıxarılan və
dəfələrlə dağıntıya məruz qalan
sarayın divarlarının qalınlığı 2,5,
hündürlüyü 4 metrdir.
Şirzad Əhmədov sarayın 7-8 metrlik
qalan hissəsinin isə müxtəlif illərdə zəlzələ
və ya müharibələr zamanı
dağıldığını, yaxud sonralar məqsədyönlü
şəkildə söküldüyünü bildirib. Kəşfiyyat xarakterli
qazıntıların nəticələrinə əsaslanaraq,
sarayın daha 100 kvadratmetrlik bir hissəsinin şəhər 1
saylı məktəbin binasının altında
qaldığı müəyyən edilmişdir. Arxeoloqun
sözlərinə görə, 1939-46-cı illərdə bu
tikili qalıqları ərazisində məktəb
binasının inşasına qərar verilib. Məktəbin
inşası zamanı qədim divarlar sökülüb, onun
daşlarından material kimi istifadə edilib. Bundan əlavə,
binaya daxil olan 13 içməli su xəttindən (tüng) 7-ni
sökərək məktəbin tüstü borusunun
inşasında istifadə ediblər...
Arxeoloq
xatırladıb ki, 1192-ci ildə Şamaxıda baş verən
güclü zəlzələ zamanı Beyləqanda səfərdə
olan Şirvanşah I Axsitanın ailə üzvləri məhz
bu sarayın dağılması nəticəsində məhv
olub.
İndi
isə Şirzad Əhmədov yeni tapılan bu tikili
qalıqlarında restavrasiya və konservasiya işlərini
mümkün sayır. Qədim Şamaxı şəhər ərazisində
Şirvanşahlar dönəmində inşa edilən məscidlər,
körpülər, hamamlar, karvansaralar, "Gündəyməz"
müdafiə istehkamı, "Gülüstan",
"Quşçu", "Başıbağlı"
qalaları və digər tarixi abidələr mövcuddur.
Ayna.- 2012.- 4 avqust.- S.20.