Qəbələ festivalının London təəssüratları

 

Simfonik incilər səsləndi, fərqli dirijor təfsirləri öz yaradıcı həllini tapdı

 

Qədim tarixin izlərini yaşadan ecazkar Qəbələ torpağında klassik musiqi festivalının yay fəslində, isti iyulun sonunda keçirilməsi musiqi həyatımızda artıq bir ənənəyə çevrilmişdir. Bu festival həm Qəbələ sakinlərinin dərin marağını doğuran, həm də buraya vətənimizin və dünyanın müxtəlif diyarlarından gəlib toplaşan musiqisevərlərin səbirsizliklə gözlədiyi möhtəşəm musiqi bayramıdır.

Bu il 24 iyuldan başlanan IV festival artıq 2-ci həftəsinə qədəm qoyur. Xatırladaq ki, festivalın ilk həftəsi bir sıra maraqlı kamera əsərləri, xor və opera musiqisi ilə çıxış edən azərbaycanlı ifaçıların, Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin, Dövlət Akademik Xor Kapellasının, Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin konsertləri ilə əlamətdar oldu. Bayramın uğurlu gedişatı rəngarəng əsərlərin aşıladığı müxtəlif ovqatların səlis düzümü, eləcə də dinləyici diqqətini ən xoş ülvi duyğulara kökləyən Azərbaycan musiqiçilərinin zəngin ifaları sayəsində keçir.

Ovqatı xoş duyğulara kökləyən konsertlərdən biri də Ü.Hacıbəyli adına BMA Kamera Orkestrinin öncə Qəbələ, sonra Qax şəhərlərində keçən çıxışları idi. Dahi alman Barokko sənətkarı İ.S.Baxın klavir konsertlərinin aşıladığı pak mənəvi, zərif aləm və onun parlaq emosional qarşılaşmaları dirijor, Əməkdar incəsənət xadimi Azad Əliyevin rəhbərliyi altında və tanınmış pianoçularımız - Gülşən Ənnağıyeva, Yeganə Axundova və Murad Hüseynovun incə ifalarında canlandı. Orkestrin yaradıcısı və bədii rəhbəri kimi bir çox ifa nailiyyətlərini qazanmış, onun başlıca ifaçı zəminini hazırlamış BMA professoru Tofiq Aslanov tələbələrlə bahəm tərtib etdikləri Avropa və Azərbaycan kamera incilərindən ibarət rəngarəng proqram səsləndirdilər.

Əlbəttə, qısa həcmli məqalədə böyük və əlamətdar konsertlər barədə fikirləri bütün genişliyi ilə bölüşmək qeyri-mümkündür. Odur ki, bizi ilhamlandıran, yüksək professionallıq nümayiş etdirən musiqiçilərimizin konsertlərinə xüsusi yazılar həsr etmək ümidi ilə, bu kiçicik resenziyada London Royal Simfonik Orkestrinin çıxışlarından söz açmaq istərdim.

Orkestrin iştirakı ilə 29 iyulda Açıq səhnədə keçən ilk musiqi axşamı dahi Niyazinin 100 illik yubileyinə həsr edilmişdi. Azərbaycan klassik musiqi mədəniyyətinin yeganə Maestrosu adını qazanmış bu sənətkarın həm bəstələdiyi, həm də misilsiz təfsirlər qazandırdığı əsərlər konsertin proqram əsasını təşkil edirdi. Dirijorlar Yalçın Adıgözəlov, Əyyub Quliyev və Fuad İbrahimovun məharətli rəhbərliyi ilə səslənən "Qaytağı", "Vətən haqqında mahnı", "Rast" simfonik muğamı konsertə məxsusi nikbinlik verərək dinləyiciləri Niyazi ruhuna xas qəhrəmani-bahadır və vətənpərvəranə ovqata köklədi. Gördüyümüz kimi, Azərbaycan simfonik incilərinin səslənməsi ilə yanaşı, fərqli dirijor təfsirləri də öz yaradıcı həllini tapdı.

İyulun 30-da həmin səhnədə keçən "Viva İtalia" başlıqlı ikinci simfonik musiqi axşamı bütünlüklə XIX yüzil italyan opera incilərinə - C.Rossini, C.Verdi, F.Çilea, U.Cordano, P.Maskanyinin, istisna olaraq fransız bəstəkarı J.Bizenin opera fraqmentlərinə həsr edilmişdi. Qeyd edək ki, orkestrin məxsusi italyan ekspressivliyinə, aydın dinamik nüanslar və səlis frazirovkalara malik ifası təsadüfi deyildi: hələ keçənilki festivalda dinləyicilərin böyük rəğbətini qazanmış dirijor Klaudio Vandellinin pult arxasına keçməsi orkestrin dolğunşux səslənməsinə tam şərait yaratdı.

Konsertin dörd başlıca solisti - bariton Marko Kinqari, dramatik messo-soprano Françeska Patane, bizim vokalçılar - ifadəli messo-sopranoya malik Səbinə Əsədova və lirik tenor Yusif Eyvazov italyan romantikverist operalarının dərin nikbinlik və ülviliklə dolu lirik hisslərə malik aləmini, verist operalarının isə çılğın və cəsarətli obrazlarını canlandırdılar. Bu sırada Yusif Eyvazovun böyük lirizmlə ifa etdiyi Radamesin romansı və Səbinə Əsədova ilə birgə böyük ustalıqla canlandırdıqları Bizenin "Karmen" operasından son həlledici səhnənin ekspressivliyi xüsusi vurğulanmalıdır.

Və nəhayət, Çaykovski musiqisinə həsr edilən musiqi gecəsi London Kral Simfonik orkestrinin iştirakı ilə ilk konsert triptixi tamamladı. 31 iyulda orkestr polyak dirijoru Mixal Nesteroviçin rəhbərliyi altında Çaykovskinin simfonik incilərini dinləyicilərə təqdim etdi. İstedadlı violin ifaçısı Sergey Krılov bəstəkarın xüsusi nur ovqatlı incilərindən biri olan Violin konsertini səsləndirərək, ruhən bu əsərə çox yaxın 5-ci simfoniyanı hazırladı. Simfoniyanın ifası zamanı biz Çaykovski musiqisinin aşıladığı səmimiyyəti, oxunaqlı lirik hissələri, parlaq dramatik münaqişələri dərindən duyan daha bir istedadlı təfsirçini dirijor M.Nesteroviçin simasında tanıdıq.

Haqqında bəhs etdiyimiz London Royal Simfonik orkestrinin çıxışları bununla məhdudlaşmır: festivalın 3-5 avqust tarixində planlaşdırılan son üç günü, o cümlədən bağlanma mərasimi məhz bu orkestrə həvalə edilmişdir. Bu isə bizi çox sevindirir: belə ki, Qəbələ Klassik Musiqi Festivalı kimi maarifləndirici və bizim musiqi həyatımız, musiqi cəmiyyətimiz üçün olduqca əhəmiyyətli olan ənənə yalnız özü kimi layiqli və möhtəşəm sonucla tamamlanmalıdır.

 

 

Turan MƏMMƏDƏLİYEVA,

musiqişünas, sənətşünaslıq namizədi

 

Ayna.- 2012.- 4 avqust.- S.19.