Torontoda soydaşlarımız razı qalıb

 

Elə Nuriyyə Hüseynova da məmnundur

 

Kanadanın Toronto şəhərində yaşayan və əksəri Güneydən olan soydaşlarımız bu konsertdən razı qalıblar. Onların öz ata yurdlarında bu kimi mədəni tədbirlər yasaqdır, yaxud böyük problemlə üzləşir. İndi köçüb yaşadıqları Kanadada isə bu, onların öz arzu və istəklərinə bağlıdır. Elə Nuriyyə Hüseynova da məmnundur və hesab edir ki, onun Toronto konserti uğurla keçib. Bu barədə Torontodan APA-nın Türkiyə bürosuna konsertin təşkilatçısı olan "Azərbaycan sənəti üçün Kanada cəmiyyəti"nin prezidenti Yusif Savalan danışıb. Bu cəmiyyət 2009-cu ildən mövcuddur və Yusif Savalan Kanadada Azərbaycan mədəniyyətinin tanıdılması və Azərbaycan mənşəli vətəndaşların mədəni tələbatının təmin olunmasında indiyədək müəyyən işlər gördüyünü xatırladıb. Nuriyyə Hüseynovanın konserti ilə geniş əhatəli mədəni tədbirlər silsiləsinin təməlini atdıqlarını deyir:

"Mən Təbrizdə doğulmuşam, ancaq ailəm Təbrizə Şamaxıdan köçüb. Atam Azərbaycanın böyük şairi Məhəmməd Hadinin əmisi oğludur. Görkəmli sənətkarımız Nuriyyə Hüseynovanın cəmiyyətimizin dəvətini qəbul edərək Torontoya gəlməsi bizi hədsiz dərəcədə sevindirib, bu konsertin Kanadada yaşayan güneyli azərbaycanlılar üçün əhəmiyyəti çox böyükdür. Çünki təxminən 100 ildən bəri İranda bizim ana dilimiz qadağandır. Səməd Behrəngi demişdi ki, bizim uşaqlarımız 7 yaşına qədər "su" deyir, 7 yaşında məktəbə gedəndən sonra isə "ab" deməyə başlayır. Musiqinin Quzey Azərbaycan üçün yeri ayrıdır, bizim üçün isə musiqi dilimizin və milli kimliyimizin də pasportu sayılır. Təbrizdə "bir göz qırpımında" ifadəsini eşitməzsiniz, çünki xalq arasında belə bir ifadə qalmayıb. Biz bu ifadəni Bakıdan gələn musiqi sayəsində öyrənmişik. Musiqi, mədəniyyət bizim siyasi cəhətdən birləşməyimizin yolunda hazırda ən təsirli vasitədir. Nuriyyə xanımın uğurlu keçən bu konsertindən sonra qərara aldıq ki, hər 3 ayda bir dəfə bu kimi tədbirlər təşkil edək. Azərbaycanın korifey sənətkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi və başqaları ilə bağlı tədbirlərimiz olacaq. Dekabrın 21-də məşhur sənətkar Müslüm Maqomayevin ad gününü keçirəcəyik".

Nuriyyə Hüseynovanın Toronto konsertində çıxış edən "Xəzər" universitəsinin rektoru, professor Hamlet İsaxanlı APA-ya açıqlamasında tədbirin uğurlu keçməsindən çox məmnun qaldığını demişdir. Kanadanı yaxşı tanıdığını deyən professor bu kimi mədəni tədbirlər sayəsində həm Azərbaycanın bu ölkədə daha yaxından tanınacağını, həm də Kanadada yaşayan Azərbaycan mənşəli vətəndaşların öz mədəni ənənələrinə daha sıx bağlanacağını deyib.

Nuriyyə Hüseynova Torontodan APA-ya açıqlamasında konsertin yüksək səviyyədə təşkil edilməsindən çox razı olduğunu danışmışdır:

"15 gün qabaqdan afişalar küçələrinə asılıb, 600 nəfərlik salon tamamilə dolmuşdu. Buradakı çalğıçılarla 2 günlük məşqdən sonra zəngin repertuarımızı uğurla ifa etdiyimə inanıram. Torontonun telekanalları konsert barədə xəbərlər verdilər. Güney Azərbaycandan olan bacı-qardaşlarımızın göstərdiyi diqqət və hörmət mənim üçün unudulmazdır. İnanıram ki, dünyanın harasında olursa-olsun, bu səpkili mədəniyyət tədbirləri çoxaldıqca Təbriz Bakını daha çox sevəcək, Bakı Urmiyəni daha hərarətlə bağrına basacaq. Parçalanmış vətənimin birləşməsi üçün mədəniyyətimizin vəhdət təşkil etməsi birinci hədəfimiz olmalıdır. Bu yolda üzərimə düşən vəzifəni yerinə yetirməkdən özümü həmişə xoşbəxt hiss edəcəyəm".

Torontoda dərc olunan "Heydərbaba" qəzeti Nuriyyə Hüseynova ilə müsahibə dərc edib, "Heydərbaba TV" isə onun Toronto konserti barədə xüsusi proqram hazırlayıb.

 

 

Ayna.- 2012.- 4 avqust.- S.19.